• cümə axşamı, 28 mart, 18:29
  • Baku Bakı 13°C

Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır

01.04.20 15:45 502
Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də qondarma "prezident və parlament seçkiləri”nin keçirilməsi oradakı cinayətkar rejimin özü kimi qondarmadır.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.
Elçin Əhmədov deyib: "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə artıq neçənci dəfədir ki, qondarma "seçkilər” keçirilir. Yəni, 2012-ci il iyulun 19-da qondarma "prezident seçkiləri”, 2015-ci il mayın 3-də qondarma "parlament seçkiləri”, 2015-ci il sentyabrın 13-də qondarma "özünüidarə orqanları”na seçkilər, 2017-ci il fevralın 20-də "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı qondarma referendum”, 2017-ci il iyulun 19-da qondarma "prezident seçkiləri”, 2019-cu il sentyabrın 8-də "yerli özünüidarəetmə orqanlarına seçkilər”in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir”.
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan nəzarətində olan və tanınmamış qanunsuz rejimin həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurum olduğunu vurğulayan E.Əhmədov qeyd edib ki, məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma "seçkilər”i heç vaxt tanımayıb. Martın 31-də qondarma "prezident və parlament seçkiləri”nin keçirilməsi isə 28 ildir münaqişənin nizama salınmasına vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar (NATO, Avropa İttifaqı, İƏT, GUAM və s.) və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirildi və tanınmadı.
Buna baxmayaraq, Ermənistan danışıqlarda Dağlıq Qarabağın "müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin Aprel döyüşləri onu da sübut etdi ki, Azərbaycanın işğal olunmuş ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki "Dağlıq Qarabağ” ordusu mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub.
XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğal edildiyini diqqətə çatdıran E.Əhmədov bildirib ki, bütün bu ərazilərdə ermənilər tərəfindən etnik təmizləmə aparılıb. Ümumilikdə, Ermənistanın bu hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.
Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib, 28 il əvvəl Xocalı soyqırımını törədib, tarixən Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşamış azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşüblər. Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Bu baxımdan, Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir.
Bununla yanaşı, 30 ildən artıqdır ki, beynəlxalq hüququn bütün fundamental prinsiplərini kobud şəkildə pozan Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, eləcə də qanunsuz fəaliyyətlərlə cinayətkar rejimin guya "tanınması” görüntüsü yaradaraq Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi bütün vasitələrlə dünyaya və Azərbaycana qəbul etdirməyə çalışır. Bu cür "seçkilər”in keçirilməsinin də əsl mahiyyəti məhz ondan ibarətdir.
E.Əhmədov qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq, habelə beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
"Bundan əlavə, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan tərəfindən yaradılan və hazırda onun nəzarətində olan Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun "tərəf” kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil "tərəf” kimi danışıqlarda iştirakı məsələsi nəinki 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Bununla yanaşı, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsidir, danışıqlar da Ermənistan ilə Azərbaycan arasında aparılır və bu, beynəlxalq formatdır. Əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan adıçəkilən bəyannaməni imzalamazdı”, - deyə E.Əhmədov əlavə edib.
İcmanın sədr müavini qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu vurğulayaraq bildirdi ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, bu, əslində onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil.
Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqının və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını, torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayaraq deyib: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Azərbaycan nəyin bahasına olursa olsun işğal olunan torpaqlarını azad edəcək”.
Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə zidd olaraq, eləcə də digər beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək, beynəlxalq birliyin ona qarşı cəzasızlığından istifadə edərək Azərbaycanın işğal altındakı ərazilərində belə qondarma "seçkilər” təşkil etməklə yanaşı, özünün digər qanunsuz hərəkətləri ilə də, yəni, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyəti ilə, xüsusilə məskunlaşdırma siyasətinin aparılması, demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur və regionda sülhün bərqərar olmasına təhlükə yaradır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır.
Elçin Əhmədov bildirib ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.
Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.
banner

Oxşar Xəbərlər