• cümə axşamı, 25 aprel, 04:34
  • Baku Bakı 19°C

Dağların qoynunda əsrarəngiz kompleks - FOTOSESSİYA

25.05.16 12:43 1051
Dağların qoynunda əsrarəngiz kompleks - FOTOSESSİYA
Mayın 22-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, "Synergy Hospitality” və "AtaTravel"-in birgə təşkilatçılığı ilə "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə info-tur təşkil olundu. İnfo-turda ölkəmizdə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkəti və media nümayəndələri iştirak edirdi. İnfo-turun keçirilməsində əsas məqsəd "Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunması idi. İştirakçılar əvvəlcə yüksək dağlıq ərazidə, tarixi bir yerdə və əsrarəngiz təbiət qoynunda yerləşən "Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi və onun təqdim etdiyi çeşidli, unikal xidmətlərlə ətraflı tanış oldular. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə eyni zamanda 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var.
Məkanla tanışlıqdan sonra "Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masa keçirildi. Konfransı giriş sözü ilə açan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev bildirdi ki, son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunmasına, ölkəmizdə turizmin inkişafına öz töhfəsini verir: "Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək və yeni innovativ sistemləri təqdim etməklə daha geniş coğrafiyada tanınmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını geniş şəkildə təbliğ etməkdir. Azərbaycanın sağlamlıq turizminin mirvarisi sayılan "Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzi Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü seçilib. Ölkədə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən məhz "Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına müsbət təsir göstərəcək. Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən əsas cəhət buranın 365 gün fəaliyyət göstərə bilməsidir. Burada gecələmə müddəti 7-21 gündür. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir”.
Daha sonra çıxış edən "Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin direktoru Turqay Arı bildirdi ki, Naftalan və Qalaaltı dünyada çox unikal turizm imkanlarına malikdir və bu baxımdan yalnız Truskavetslə müqayisə oluna bilər: "İstər Qalaaltıda, istərsə də Naftalanda son texnologiyalara dayanan unikal turizm mərkəzlərimiz var – "Qalaaltı Hotel & SPA” və "Naftalan-Çinar”. Bu mərkəzlərdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var. "Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzində hazırkı dövr üçün çox münasib qiymətə - iki nəfər üçün 130 manata bir günlük yüksək səviyyəli istirahət mümkündür. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir. Müalicə daxil olmaqla qiymətlər isə belədir: "Superior” otaqlarda 7 günlük "single” (tək) üçün 614, "double” (iki nəfər) üçün 939, 14 günlük "single” üçün 1100, "double” üçün 1669, 21 günlük "single” üçün 1562, "double” üçün 2360, "suit” otaqlarda isə müvafiq olaraq 926, 1370, 1727, 2532, 2498 və 3653 manat. Buradakı əyləncə mərkəzi çox genişdir və 5400 kvadratmetr ərazini əhatə edir”.
"Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin baş həkimi Vahid Vəliyev isə bildirdi ki, hələ sovetlər dönəmində bu yerlərə ittifaqın hər yerindən müalicə və istirahət üçün gəlirdilər: "Hələ o vaxtlar buradakı sanatoriya göstərdiyi xidmətlərə görə çox yüksək səviyyəli diplomlar almışdı, dəfələrlə ikinci yeri tutmuşdu. Qalaaltı suyu çox müalicəvidir və neft tərkiblidir. Burada iki cür bulaq-maye mənbəyi var – bir-biri ilə yanaşı olan neft və su bulaqları. Bu su müalicə üçün, əsasən də uroloji xəstəliklər üçün olduqca faydalıdır. Sidikqovucu, böyrək daşlarının çıxarılması, həzm və ifrazat sistemlərinin müalicəsində əvəzsizdir. Həmçinin mərkəzin quru iqlimli yüksəklikdə olması ürək, oynaq xəstəlikləri və digər xəstəliklərin müalicəsinə də çox ciddi imkanlar yaradır. Bundan başqa, burada yaxın zamanlarda raxit və digər xəstəliklərlə bağlı uşaqların müalicəsi üçün olduqca yüksək şərait yaradılacaq və belə xəstəlikləri olan uşaqların müalicəsini həyata keçirəcəyik”.

Həkim bildirdi ki, müalicə seksiyasına qəbul olunanlar öncə ən müasir üsullarla hərtərəfli müayinə olunurlar, nəticədə üzə çıxan xəstəliklərə əsasən müalicəyə götürülürlər. Burada böyrək daşları cərrahi əməliyyatsız düşürülür. Müalicə ilə yanaşı, xəstələrin gəzintisi və idmanı təşkil olunur. Böyrək xəstəliklərinin ölkəmizdə və dünyada çox geniş yayılmış və ağır xəstəliklərdən olduğunu nəzərə alsaq, bu mərkəzdə müalicə yolu ilə, heç bir əməliyyat keçirmədən xəstəliklərdən qurtulmaq mühüm göstəricidir: "Onu da deyək ki, "Qalaaltı” kompleksində tibbi mərkəz müasir avadanlıqlarla təchiz edilib. Laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstərilir. Kosmetoloji bölmədə prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var”.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Sərxan Rəsulov bildirdi ki, son illərdə nazirlik bölgələrə ardıcıl info-turlar həyata keçirir. Məqsəd Azərbaycan turizminin böyük imkanlarını təqdim etməkdir.

"AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova isə həyata keçirilən info-turların böyük önəmindən danışdı: "Bu cür info-turlar sayəsində turistlər ölkəmizdə müalicəvi və termal turizmlə bağlı ən yaxşı şərait və yüksək xidmətlər, çox münasib qiymətlər təklif edən mərkəzləri yaxından tanımış olacaqlar”.

Tədbirdə iştirak edən digər şəxslər də mərkəzdə turistlər üçün yaradılan yüksək şərait və imkanlarla bağlı müsbət fikirlərini bildirdilər.

Şəfa Tapdıq








banner

Oxşar Xəbərlər