• cümə, 19 Aprel, 12:06
  • Baku Bakı 25°C

Dağları başı dumanlı...

15.01.16 11:13 1571
Dağları başı dumanlı...
Şuşada hələ 1848-ci ildə teatr truppası fəaliyyət göstərib. Bu faktı o dövrün mətbuatı da təsdiqləyir. Lakin Şuşada ilk teatr tamaşasının göstərilməsi haqda dəqiq məlumat 1870-ci illərə təsadüf edir. Bu haqda 1 mart 1872-ci il tarixli “Qafqaz” qəzetində yazırdı ki: ”Teatrda göstərilən ilk tamaşalar aşağıdakılardan ibarət olmuşdur, “Əldə olan şeyin qədrini bilmirik, itirdikdə ağlayırıq”, “Evliliyin ləzzəti.”
Qarabağın mədəni mərkəzi olan Şuşada sonrakı illərdə də teatr həyatı fəal olub, yerli həvəskarlar, həmçinin buraya qastrola gələn müxtəlif teatr truppaları tamaşalar hazırlayıb göstəriblər. XIX əsrin sonu, XX əsrin əvvəllərində burada M.F.Axundzadənin “Hacı Qara”, Ə.B.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, N.B.Vəzirovun ”Yağışdan çıxdıq, yağmura düşdük”, V.Şekspirin “Otello” və.s. əsərlər tamaşaya qoyulub və həmin tamaşalarda dövrünün tanınmış ziyalıları S.S.Axundov, N.B.Vəzirov, F.Köçərli, H.B.Sarıcalinski, H.Köçərlinski, C.B.Vəzirov, S.B.Zöhrabbəyov çıxış ediblər.
Sovet hakimiyyəti illərində də Şuşa özünün mədəni mərkəz statusunu qoruyub saxladı. 1938-ci ilin fevral ayında bəzi rayonlarla yanaşı Suşada da kolxoz-sovxoz teatrı yaradıldı. Bu teatrların yaradılmasında məqsəd kolxoz quruculuğunu və kollektivləşməni təbliğ edən pyesləri tamaşaya qoymaq olsa da 1943-ci ilə kimi Şuşa Teatrının repertuarını Ü.Hacıbəylinin “Arşın mal alan”, “Əsli və Kərəm”, “Məşədi İbad”, M.F.Axundzadənin “Hacı Qara”, Z.Haçıbəylinin “Aşıq Qərib”, C.Cabbarlının “Sevil”, M.İbrahimovun “Həyat”, S.Rəhmanın “Toy”, “Xoşbəxtlər”, S. Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, M.Təhmasibin “Aslan yatağı” kimi milli əsərlər təşkil etdi.
1943-cü illdə dövlətin qərarı ilə ölkədə kolxoz-sovxoz teatrları sistemi ləğv edilsə də elə həmin il Şuşada fəaliyyət göstərən teatrın bazasında Üzeyir Hacıbəyli adına Şuşa Dövlət Musiqili Dram teatrı yaradıldı.
1949-cu ilə kimi fəaliyyət göstərən bu teatrda köhnə tamaşalarla yanaşı F.Əmirovun “Gözün aydın”, “Ürək çalanlar”, Z.Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay”, S.Rüstəmovun “Beş manatlıq gəlin” və başqa musiqili komediyaların tamaşaları hazırlandı. Bu tamaşalar teatrın repertuarında uzun müddət qaldı.
1990-cı ilə qədər, burada müxtəlif truppalar, dərnəklər, 1987-ci ildən isə Xalq teatrı fəaliyyət göstərir. Xalq teatrının fəaliyyəti uzun sürməsə də repertuarındakı A.Məmmədovun “Yadındamı”, S.M.Qənizadənin vodevilləri əsasında “Xor-xor”, “Axşam səbri xeyir olar”, “Dursunəli və Ballıbadı”, M.İbrahimovun “Yaxşı adam”, S.Rüstəmin “Gəldi gedər” əsrləri tamaşaçıların yaddaşında dərin iz buraxmışdı.
1990-cı ildə yaranan Şuşa Dövlət Musiqili Dram Teatrının da taleyinə çox çəkmədi ki, qaçqınlıq yazıldı. Şuşanın işğalından sonra məcburən doğma şəhərini tərk edən Teatr 1992-ci ilin avqust ayından Bakıda, Gənc Tamaşaçılar Teatrının binasında yerləşdirildi. Şuşa teatrı 1993-cü il feralın 12-də Bakıda Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının tamaşası ilə “öz pərdələrini” tamaşaçıların üzünə açdı. Tamaşadan sonra çıxış edən teatr ictimaiyyətinin nümayəndələri tezliklə Şuşaya qayıtmağı və belə gözəl əsərləri orada hazırlamağı arzu etdilər.
2005-ci ilin dekabr ayınadək Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrı həmin ildən Binəqədi rayonunda yerləşən Savalan kinoteatrına, 2014-cü ilin oktyabr ayından isə burada gedən təmir işləri ilə əlaqədar müvəqqəti olaraq “Dostluq” restoranına yerləşdirildi.
Şuşa Teatrı özünün sabit səhnəsi olmadığından hazırladığı bir-birindən maraqlı tamaşaları müxtəlif məkanlarda - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının, Beynəlxalq Muğam Mərkəzinin səhnələrində tamaşaçılara təqdim edir.
Ayrı-ayrı məkanlarda məskunlaşmasına baxmayaraq, teatr hazırladığı tamaşalarla bir çox Teatr Festivallarında: Kazanda keçirilən ”Novruz” XI Beynəlxalq Teatr Festivalı, Klassik tamaşalar festivalı, Boş məkanın dolğunluğu festivalı, Teatr baharı festivalı, M.F.Axundzadənin 200 illiyi ilə bağlı, Festivallar festivalı, 2+1 Eksperimental Teatr Festivalı, Birinci Şəki Beynəlxalq Teatr festivallı və s. iştirak edərək diplomlara layiq görülüb.
Teatr eyni zamanda hazırladığı uğurlu tamaşalarla tez-tez Azərbaycanın bir çox rayonlarına, həmçinin, döyüş bölgələrinə qastrol səfərinə çıxır, əsgərlərin qarşısında vətən mövzusunda, onları döyüşlərə ruhlandıran, qələbəyə səsləyən tamaşalar göstərir.
Bu gün Şuşa teatrının repertuarının əsasını Ü.Hacıbəylinin “Arşın mal alan”, S.Ələsgərovun “Nənəmin şahlıq quşu”, M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan”, S.Rüstəmin “Durna”, F.Mustafanın “Ağıllı adam”, Ü.Hacıbəylinin “Əyri oturaq düz danışaq”, N.V.Qoqolun “Dəlinin qeydləri”, A.P.Çexovun “Qu quşunun nəğməsi”, K.Kərimli “Şuşasız”, H.Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı”, E.Abdullayeva “Ağ qayıq”, A.Həsənoğlu “Çiçəklər açılanda”, Anar “Təhminə və zaur”, Elçin “Şuşa dağlarını duman bürüyüb”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, C.Cabbarlının “Solğun çiçəklər”, B.Appayevin “Gözəlləri necə qaçırırlar”və.s. tamaşalar təşkil edir.
İyirmi üç il öz vətənlərində mühacir kimi yaşayan Şuşa teatrı bir gün də olsun öz fəaliyyətini dayandırmayıb. Yarandığı 1990-cı ildən bu günə kimi 70-ə yaxın tamaşa hazırlayan Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi ...başı dumanlı doğma dağların qoynuna, doğma yurda dönmək arzusu və ümidi ilə yaşayır və yaradıcılığını davam etdirir.
Məlahət Ağayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər