Dağlar qoynunda yanan işıq - Fotolar
Lahıca -
qocaman, sıldırım dağlarla əhatələnmiş
İsmayıllı rayonunun dillər əzbəri olan bu qəsəbəsinə səfərimiz həm Birləşmiş Millətlər Təşkilatı
(BMT) Baş Assambleyasının ilk dəfə elan
etdiyi 24 Yanvar - Beynəlxalq Təhsil
Gününə təsadüf etdi, həm də Gəndov kəndində inşa edilən modul tipli ümumi
orta məktəb və Lahıc qəsəbəsində bu il
istifadəyə verilən tam orta məktəblə tanışlıq üçün fürsət oldu. Təhsil
Nazirliyinin təşkil etdiyi media-tur ümumilikdə qəsəbənin təhsil mühiti ilə
yaxından tanışlığa imkan yaratdı.
Gəndov kənd
məktəbi dağlar qoynunda yerləşir. Bu balaca kənddə istifadəyə verilən modul
tipli məktəb təkcə şagird və müəllimlərin və kənd camaatının deyil, qonşu
kəndlərdə yaşayanların da sevincinə səbəb olub. Belə ki, ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk
dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni
binalarla əvəz edilməsi çərçivəsində tətbiq edilən modul tipli məktəb təcrübəsi,
bu kənddən də yan keçməyib. Qeyd edək ki, 2017-ci ildə 40 rayonda 6 min şagird
yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli
məktəb quraşdırılıb. Ümumilikdə, keçən ilin avqust ayında qəsəbəyə qaz
veriləndən və asfalt yol çəkiləndən sonra ərazidə bir canlanma yaranıb.
Şəhərdən-kəndə axın da bu yeniliklərlə əlaqələndirilir.
Balaca Ümidin
ümidi...
Gəndov kəndi yeni inşa edilən məktəbin sevincini yaşamaqdadır. 56 şagird yerlik məktəb 7 sinif və bir
müəllim otağından ibarətdir. Yaxın
beş kəndin - Köhnə Daxar, Dərə,
Namzagah, Kənəy, Mişgəmir kəndlərinin uşaqlarının da bu məktəbdə təhsil
alacaqlarını nəzərə alsaq, onda bu sevinci təsəvvür etmək çətin deyil. Bundan
əvvəl isə onlar iki otaqlı vaqonun içərisində dərs keçiblər. İndi istilik
sistemi, kompüterlərlə təchiz olunan təmirli otaqlar onları daha yaxşı işləməyə
və oxumağa həvəsləndirir. Məktəbin dəhlizi tarixi hadisələrimizi - Milli
Ordumuzun rəşadətini, Cümhuriyyət tariximizi əks etdirən şəkillərlə, görkəmli
şəxsiyyətlərin portretləri ilə bəzədilib. Bu şəkillər şagirdlərə keçmiş və bu
günümüz haqqında məlumat vermək baxımından əhəmiyyətlidir. Məktəbdə 44 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 14
müəllimdən 7-si kişi müəllimlərdir. Müəllimlərin əksəriyyəti isə gənclərdir.
1-4 sinif
şagirdlərinin təhsil aldığı komplekt sinifdə söhbətləşdiyim uşaqların
əksəriyyəti polis olmaq istədiklərini söylədilər. Ümid Bağırlı adlı şagird "Mən
böyüyəndə cinayətkarları həbs etmək istəyirəm” deyərək, polis işçisi olmaq
istəyini belə əsaslandırdı. Parta yoldaşı
Faiq Şərifov, İdris Bağırov da
onun arzusunu təkrarladı: "Polis olmaq istəyirik”. Onlar rahat, müasir
sinif otaqlarında dərs keçmələrinin sevincini də bölüşdülər: "Əvvəllər sinfi
odun sobası ilə isidirdik. İndi isə istilik sistemi var. Sinif otaqları təmiz
və istidir. Biz də dərsə həvəslə gəlirik”.
3-cü sinifdə oxuyan Familə Bağırova isə hər gün qonşu Köhnə Dərə
kəndindən məktəbə at belində gəlir. Atası qızının təhsildən geri qalmaması üçün
4 km yolu
atla qət edərək övladını dərsə çatdırır: "Atam məni atın belində məktəbə
gətirir. Oxumağa böyük həvəsim var”- deyə Familə uşaq sevinci ilə danışır.
Köhnə Daxar
kəndindən isə məktəbin birinci sinfində Mirzə Mikayılov adlı bir uşaq oxuyur. Hər
gün bir neçə kilometr yolu gəlməyin onun
üçün çətin olmadığını deyir: "Mən hər gün dərslərimi hazırlayır və yağışda da,
qarda da məktəbə həvəslə gəlirəm”. Balaca Mirzənin yaşadığı Dərə kəndində cəmi
üç ailə məskunlaşıb.
Bu uşaqların gözlərindəki
sonsuz sevinc, ürəklərində gələcək üçün yaşatdıqları arzulara qarışıb. Bir gün
onlar böyüyəcək, məktəbi bitirəcək, bu ucqar dağ yollarından geniş məkanlara
çıxacaqlar. Bunun üçünsə onların öz hekayələri var: "Biz də müəllimlərimiz kimi
oxumaq istəyirik”- deyə balaca ürəklərinin böyük arzularından danışırlar.
"Onlar hər gün 4-5 kilometr yolu qət edərək məktəbə gəlirlər. Bu kənddə
kontingent mürəkkəbdir. Çünki uşaqlar müxtəlif kəndlərdən gəlirlər”- deyə rus dili müəllimi Seyidəli Əliyev
deyir: "Sevinirik ki, nəhayət normal siniflərdə dərs keçirik. Məktəb istilik
sistemi, texniki təchizat və avadanlıqlarla təchiz olunub. Belə bir şəraiti görən uşaqlar da,
müəllimlər də məktəbə həvəslə gəlirlər”.
30 illik
pedaqoji təcrübəyə malik ibtidai sinif
müəllimi Fayiz Şərifov da əvvəllər çox acınacaqlı şəraitdə dərs keçdiklərini
deyir: "Vaqonda, qəzalı binada çalışırdıq. İndi artıq müasir tələblərə cavab
verən məktəbimiz var. Şagirdlər IX sinfi bitirəndən sonra kollecə və ya
təhsillərini davam etdirmək üçün qəsəbə məktəbinə gedirlər. Məktəbin iki
şagirdi təhsillərini tam orta məktəbdə başa vurub bu il ali məktəbə qəbul
olublar”. Müəllim dərsliklərdəki qüsurlara da toxunur: ”Düzdür,
dərsliklərimizdə müəyyən qüsurlar var. Hesab edirəm ki, bunlar da zamanla
aradan qalxacaq”.
Ən faydalı iş - uşaqlarla işləmək
Məktəbin direktoru Xuraman Qurbanova deyir ki, müəllimlərin əksəriyyəti gənc və
vakansiya ilə gələnlərdir. Belə ki, qonşu kənddən, başqa rayonlardan da dərs
deməyə gələnlər var: "Müəllimlər əsasən vakansiya ilə gəlirlər. Onların,
müəllimlərin müsabiqəsindəki orta balı 50 üzərindədir”. V-IX siniflərdə dərs
deyən coğrafiya müəllimi Orxan Kamallı
da belə müəllimlərdəndir. Ucqar dağ kəndində müəllim işləməsindən də məmnun
görünür: "Hər kəs müəllim işləyə bilməz. Bunun üçün insanda ilk növbədə peşəsinə sevgi olmalıdır. Artıq müəllimlərin
işə qəbulu və imtahanları şəffaf keçirilir. Biz də hüquqdan yararlanmışıq” - deyir.
Məktəbin gənc
müəllimləri mənə görkəmli dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar”, "Söyüdlü
arx” romanlarının qəhrəmanlarını xatırlatdılar. Onları da gəncliyin romantikası
bu ucqar dağ kəndinə gətirib. Məktəbin Ana dili və ədəbiyyat müəllimi Ceyhun
Əsgərov Bakının Şağan qəsəbəsindəndir. Müəllimlərin
müsabiqəsində topladığı 48 balla bu məktəbdə çalışmağa başlayıb. Peşəsinə
sevgisini belə bölüşür: "Universitetin təyinatı ilə Şamaxıda müəllim kimi
fəaliyyətə başladım. Artıq 9 ildir ki, müəllim işləyirəm. Tədricən çalışdığım
rayonlara öyrəşdim. Artıq 5 ildir İsmayıllı rayonunda işləyirəm. Darıxmıram.
Asudə vaxtımda da oxuyub öyrənirəm. Əmək haqqından əlavə, bizə istiqamət pulu
verilir. Bu da kirayə haqqına və məişət xərclərinə kömək edir. Bizə göstərilən
diqqətə görə korluq çəkmirik. Mənim tapdığım ən faydalı iş uşaqlarla
işləməkdir”.
130 yaşlı məktəb
Lahıc qəsəbə tam
orta məktəbi də bu il istifadəyə verilib. Məktəbin açılışında ölkə başçısı
iştirak edib. Tikintisinə 2017-ci ilin dekabr ayında
başlanılan təhsil müəssisəsində 2018-ci ilin avqust ayında tikinti-quraşdırma
işləri başa çatdırılıb. Üç mərtəbəli, 400 yerlik məktəbin daxilində hər
mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar, idman
zalı üçün də xüsusi olaraq paltardəyişmə otağı, duş və sanitar qovşaqlar
tikilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya
sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası,
yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar
mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub.
Məktəbin keçdiyi
böyük tarixi mərhələ yalnız indi müasir və rahat şəraiti ilə bir-birini
tamamlayır. Təhsil ocağı beş, yeddiillik təhsil sistemindən keçib, Rus-müsəlman
məktəbi kimi fəaliyyət göstərib. Yaşı 130-u haqlayan məktəbin 500 nəfərdən
artıq yetirməsi tanınmış alim, yazıçı-şair,
mədəniyyət və incəsənət xadimi kimi tanınıb. 120 nəfərdən çox elmlər doktoru və
professor, 4 akademik bu məktəbin yetirməsidir. Məktəb 15 dən çox xarici ölkə
ilə əlaqə saxlayır. Qarabağ müharibəsində Vətən yolunda şəhid olan 8 nəfər də bu
məktəbin məzunu olub.
Hazırda məktəbdə
şagirdlərin təlim-tərbiyəsi ilə 44 müəllim məşğul olur. 32 ildir məktəbdə
direktor işləyən Hikmət Haqverdili bildirdi ki, müəllim
çatışmazlığı var: "Müəllimlər gəlir, müqavilə müddəti başa çatan kimi çıxıb
gedirlər. Əvvəllər müəllimlər daimi işləməyə gəlirdi. Məsələn, bizdə ingilis dili, rus dili, bədən tərbiyə
müəllimlərinə böyük ehtiyac var. Bu məsələ həll olunsa, problemimiz olmaz”.
Məktəbin gənc müəllimi Rəna Əlisəfili Sumqayıtdan gəlib. Elə bu məktəbdə qalıb ibtidai
sinif müəllimi işləmək niyyətindədir.
"Məktəbimiz
ölkənin təhsil tarixində öz sözünü demiş, layiqli alimlər yetişdirmiş təhsil
müəssisəsidir. Bizim məktəbdə texniki fənlərin həmişə yüksək göstəricisi olub”-
deyə Əməkdar müəllim Rövşən Əliyev bildirir: "Məktəbin şagirdləri hər il müxtəlif müsabiqələrdə qalib gəlir. O
cümlədən, 7 şagirdimiz olimpiadalarda qalib adını qazanıb. Təhsilin
informasiyalaşdırılması nəzərə alınaraq, məktəb texnoloji avadanlıqlarla təchiz
olunub”.
Əgər uşaq hər gün yeni nəsə öyrənirsə...
İbtidai sinif müəllimi Günay Cəbrayılovanın açıq dərsdə yeni metodla tədrisi təhsil
ekspertlərinin də diqqətini çəkdi: "Uşaqlarla işləmək daha çətindir. Kurikulum
metodu müəllimin üzərinə böyük məsuliyyət qoyur”. G.Cəbrayılova hər gün evə
gedəndə "Bu gün şagirdlər nə öyrəndilər?”- deyə formalaşdırdığı sualın cavabını
uşaqlara tədris etdiyi bilik və bacarıqla verir: "Əgər uşaq hər gün yeni nəsə
öyrənirsə, bu, müəllim üçün də, şagirdlər üçün də irəliləyiş deməkdir”. Açıq dərsdə iştirak edən professor Şahlar Əsgərov müəllimin dərsə yanaşma metodunu belə şərh
etdi: "Adətən məktəblərdə uşaqlara bilik
öyrədilir, emosiya boğulurdu. Mən dərs prosesi zamanı həm bilik, həm də
emosiyaların aşılanmasını müşahidə etdim. Uşaqlara düşünməyə şərait yaradılır
və modifikasiya onları daha yaxşı oxumağa sövq edir”. Təhsil eksperti Etibar Əliyev iki məktəbin timsalında ölkə
təhsilində keyfiyyətin, coğrafiya faktorundan götürülməyə başladığını qeyd
etdi: "Artıq bölgələrdə də istər modul tipli, istər nümunəvi məktəbin təşkil
olunması və yüksək keyfiyyətli dərslərin təşkili bunun əyani sübutudur.
Məktəblərdə yaxşı təhsil mühiti yaradılıb. Şagirdlər bu mühitdən
bəhrələnməlidirlər. Məktəblərdə yaxşı müəllim- şagird münasibətlərini müşahidə
etdik. Bu da təhsilin inkişafına kömək edən amillərdəndir”.
9-cu siniflərin
məktəbin Tarix Muzeyində keçilən dərsi
də maraq doğurdu. İndi Lahıcda
qar yağıb. Hava şaxtalı olsa da, geriyə bir dünya hərarətlə qayıtdıq. Bu, məktəb
uşaqlarının yanan gözlərindən, arzu dolu
ürəklərindən süzülən sevincin hərarəti, eşqi idi...
Təranə
Məhərrəmova
Bakı-Lahıc