• cümə axşamı, 28 mart, 15:27
  • Baku Bakı 16°C

“DAK-ı üfunət qoxulu insanların ümidinə buraxmaq istəyirlər”

08.07.15 11:12 2536
“DAK-ı üfunət qoxulu insanların ümidinə buraxmaq istəyirlər”
“Azəri-Türk Qadınlar Birliyi qadınların problemlərinin həlli və onların fəaliyyəti istiqamətində yaranan üçüncü təşkilatdır. Bu gün isə ölkədə qadın problemləri ilə məşğul olan xeyli təşkilat var. Mən cəmiyyətimizin fəaliyyətində şəffaflığa həmişə önəm vermişəm” - deyən Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüsəmxanlı “Kaspi”yə müsahibəsində həmçinin Dünya Azərbaycanlıları Konqresinin (DAK) adı ətrafında gedən söz-söhbətlərə aydınlıq gətirib:
- Bu yaxınlarda ölkəmizdə 1-ci Avropa Oyunları keçirildi. Oyunlarla bağlı təəssüratlarınız necədir?
- Birinci Avropa Oyunlarının möhtəşəmliyi hələ uzun illər danışılacaq. Dostlarımızla yanaşı, düşmənlərimiz də bu tədbiri izləyirdi. Mən Avropada yaşayan diasporumuzun bu məsələyə münasibətini xüsusilə diqqətdə saxlayırdım. Bəzi üzücü, mənfi fikirlər söylənirdi, ancaq hər şeyə rəğmən, kim olur-olsun - içində bir balaca Vətən sevgisi olanı bu hadisə yalnız sevindirə bilərdi. Mən Azərbaycanın bir vətəndaşı olaraq ölkəmlə qürur duydum. Bu tədbiri böyük zəhmət və məhəbbətlə həyata keçirənlərə yalnız minnətdar ola bilərik. Bu möhtəşəm tədbirə görə ölkə başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdaram. Üstəlik, ölkə Prezidentinə təşəkkür etmək istəyirəm ki, xanımının əməyini yüksək dəyərləndirib onu “Heydər Əliyev Ordeni” ilə təltif etdi. Bu, Azərbaycan qadını olaraq bizi çox sevindirdi. Bunu Azərbaycan uğrunda əziyyət çəkən millətimizin qadınına verilən dəyər kimi qiymətləndiririk.
Şəffaflığa həmişə önəm vermişəm
- Azəri-Türk Qadınlar Birliyinin rəhbəri kimi ictimai qurumun hazırkı fəaliyyəti barədə nə deyə bilərsiniz? Yeni layihələr hazırlanırmı?
- Bizim cəmiyyət Azərbaycanın tanıtımından savayı, düşmən işğalında olan torpaqlarımız, Qarabağ problemi, Xocalı faciəsi və s. hadisələrlə bağlı müxtəlif tədbirlər həyata keçirir. Biz bir milyon qaçqın və məcburi köçkünü, 20 faiz torpağı düşmən işğalı altında olan bir ölkənin vətəndaşlarıyıq. Kimsə deyə bilməz ki, bu cəmiyyət hansısa xarici fondlardan bir qəpik pul alaraq fəaliyyət həyata keçirib. Mən bu məsələyə həmişə ehtiyatla yanaşmışam. Çünki Azərbaycan QHT-lərinə pul ayıran Avropa təşkilatları həmişə bu ictimai təşkilatlar vasitəsilə öz məqsədlərini həyata keçirirlər. Mən QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması təklifini verənlərdən biri olmuşam. Bu təşkilatın ictimai qurumların fəaliyyətinə dəstək verəcəyinə ümid etmişəm. Bizim layihələrimiz olur və onlara aldığımız pul o qədər də böyük məbləğ deyil. Ancaq biz layihələr həyata keçiririk. Türkiyənin çox az bölgəsi və universiteti var ki, biz orada Qərbi Azərbaycan, Xocalı, İrəvanla bağlı konfranslar keçirməyək. 5 il Avropa ölkələri ilə işlədik. Belçika Senatında ilk dəfə Qarabağla bağlı konfrans keçirdik. Bu konfransların həm təşkilatçısı, həm də iştirakçısıyıq. Gələn il cəmiyyətin 20 illik yubileyini qeyd edəcəyik. Cəmiyyətin məqsədi milli məsələlərə önəm verməkdir. Əlbəttə, buna görə bizə böyük basqılar da olub. Dost kimi görünən düşmənlərimiz var. Onlar gecə-gündüz görülən yaxşı işlərimizə kölgə salmağa çalışırlar.
- Siz həmçinin Azərbaycan-Türkiyə Evinin rəhbərisiniz. İki ölkənin əlaqələri fonunda gördüyünüz işləri qənaətbəxş hesab edirsinizmi?
- Bu təşkilat çərçivəsində gördüyümüz işlər millətimizin dəyər verdiyi və mənimsədiyi məsələlərdir. ATEV olaraq Bakıda “Yavuz Sultan Səlim və Şah İsmayıl Xətai” və “Atatürk və türk milləti” simpoziumlarını keçirdik. Müxtəlif ölkələrdən alimlər, ziyalılar simpoziuma qatıldı. ATEV iki ölkə arasında əlaqələrin inkişafına xidmət edir. Təəssüf ki, gördüyümüz işlərə kölgə salmaq istəyən, ölkəmizin ziyalısına, aydınına ləkə yaxmağa çalışan insanlar var. Bəziləri özlərini hüquq müdafiəçisi kimi qələmə verib “haqqı müdafiə edirik” deyirlər. Hüquq müdafiəçilərinin hamısı xarici fondlardan maliyyələşirlər. Azərbaycan əleyhinə harada bir qərar çıxarılırsa, onlar orada var. Tənqid etmək lazımdır və təbii ki, tənqid olmayan yerdə inkişaf ola bilməz. Amma gərçəkdən bu millətin övladısınızsa, onun problemini ürəkağrısı ilə söyləmək lazımdır.
Sabir bəy sözümü dinləsəydi...
- Son vaxtlar Dünya Azərbaycanlıları Konqresi (DAK) ətrafında müəyyən qalmaqallar yaranıb. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə tərəfindən təşkilatın həmsədri Sabir Rüstəmxanlı və türk dünyası üzrə müşavir kimi sizin ünvanınıza konkret ittihamlar səsləndirilir. Bu ittihamların nə qədər əsası var?
- Dünya Azərbaycanlıları Konqresinin Vaşinqtonda keçirilən təsis qurultayından bəri mən həmin təşkilatdayam. DAK-ın birinci qurultayında iştirak etmişəm. Ulu öndər Heydər Əliyev də həmin qurultaya teleqram ünvanlamışdı. Mən həmin qurultayda “Tarixdə türk qadınının rolu” mövzusunda çıxış etmişəm. DAK-ın işində iştirak etmək üçün məndən dəfələrlə rica ediblər və “Bizim sizə ehtiyacımız var” deyiblər. DAK sədri Cavad Derəxti 10 il bundan əvvəl türk dünyası üzrə müşaviri olmaqdan ötrü məndən xahiş etdi. Mən yalnız DAK-ın fəaliyyətinə, ölkəmə bir xeyir verməkdən ötrü bu işə razı olmuşam. DAK-ın bizə gətirdiyi heç nə olmayıb, əksinə, bu təşkilat bizdən çox şeylər alıb. Ancaq sonunda Sabir bəyin şeirinin bir vergülü olmayan adamlar belə bir Xalq şairinə, belə bir el ağsaqqalına həqarətlər yağdırırlar. Sabir bəyin 50 illik yubileyi dövlət səviyyəsində keçirilib. Ulu öndər Heydər Əliyevin Sabir bəyə verdiyi ordendə “Azərbaycanın müstəqilliyinin qazanılmasında, milli şüurun oyanmasında xidmətlərinə görə” sözləri yazılıb. Həmin ordenlə təltif olunanda mən fərəhdən və qürurdan ağlamışam. Bu, Sabir bəyin əməyinə verilən qiymət idi. İndi bir millətin şairinə necə “sən kimsən” demək olar? Bəlkə Sabir bəyin 30 il əvvəl yazdığı “Vətən” şeirini indi ona həqarət yağdıran bu insanlar yazdırıb? Bəlkə milli mücadiləmizdə bizə istiqaməti siz göstərəcəksiniz? Biz bu gün erməni ilə, türkün düşmənləri ilə savaşırıq. Məni üzən budur ki, belə adamları danışdıranlar var. Cənubi Azərbaycanda xalqın hüquqlarını müdafiə etmək istəməyən, onları əzən, onları ana dilindən məhrum edən, ana dilinə hər cür yasaqlar gətirmək istəyən qüvvələrin də arzusu o cür insanların meydanda olmasıdır. Bu qüvvələr Sabir Rüstəmxanlı kimi söz və iş sahibini - Azərbaycanın Xalq şairi olan və bu adı yazdığı əsərləri ilə isbatlayan bir aydınını DAK-ın başında görmək istəmirlər. DAK-ı üfunət qoxulu insanların ümidinə buraxmaq istəyirlər. Əgər 10 il bundan əvvəl Sabir bəy mənim sözümü dinləsəydi, DAK-dan uzaqlaşardı. Mən Sabir bəyə: “Bunlar satılmış adamlardır, işimizə zərər verəcəklər”,- dedim, ancaq o, məni dinləmədi: “Bunlar işləyəcəklər, doğru-dürüst adamlardır”,- deyə iddia etdi. Sabir bəy dedi ki, bu, mənim milli qeyrət məsələmdir, mən DAK-ı onların ümidinə buraxa bilmərəm. Çünki bunlar bir-birlərini didməkdən başqa iş bilmirlər. Onlara iftira dolu müsahibələr verən - qapı qulu olan adamlar lazımdır. Onların fikirlərinə meydan verən həmin saytlarla da haqq-hesab çəkəcəyəm. Bunlar həmin adamlardır ki, həbsxanaya düşürlər, çıxdıqdan sonra yenə də çirkin əməllərindən əl çəkmirlər. Sonra da mənə istinadən “bizi hədələyir” deyə yazırlar. Mən heç kimi hədələmirəm. Sadəcə, ölkəmin qanunlarına və ölkə başçısının ədalətinə güvənirəm.
- İttihamlarla və təhqirlərlə bağlı məhkəməyə müraciət etmək fikriniz varmı?
- Mən özümə söz vermişdim ki, DAK ətrafında olan mövzuların heç birinə cavab verməyim. Ancaq bir dəfə sərt şəkildə cavab verdim. Çünki orada mənim şəxsiyyətimə toxunmuşdular. Ağlı kəsərək və bilərəkdən kimsə iftira atırsa, bunun da cavabı var. Bu cavab da üzr istəməklə bitmir. Həmçinin rəhbərlik etdiyim cəmiyyəti aşağılayıblar. Qoy əlaqədar təşkilatlar gəlib cəmiyyətin fəaliyyətini yoxlasınlar. Həyata keçirdiyimiz layihələrə görə aldığım maliyyənin hamısı güzgü kimi göz qabağındadır. Mənim haqqımda mətbuatda hədyan yazdıran, məni təhqir edən həmin adamın həbsini istəyirəm. O, mənim şəxsiyyətimi və cəmiyyətimin fəaliyyətini aşağılayıb. Cəmiyyəti qaranlıq pullar almaqda suçlayıblar – bunu sübut edəcəklər və şəxsiyyətimi təhqir etdiklərinə görə cavab verəcəklər. Bu adamlar bizim səviyyəmizə uyğun olmadıqları üçün onlarla ağız-ağıza vermək fikrimiz yoxdur. Onlarla ancaq hüquqi qaydada danışacağam.
Mən həyat yoldaşımla həmişə çiyin-çiyinə olmuşam, birgə mübarizə aparmışıq. Mən onun qoruyucu mələyiyəm. Bu, mənim birinci vəzifəmdir. Mən təkcə Sabir Rüstəmxanlının həyat yoldaşı deyiləm, həm də onun silahdaşıyam.
Söhbətləşdi: Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər