• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

Dağıstandakı koronadramdan çıxarılmalı olan nəticələr

20.05.20 15:41 820
Dağıstandakı koronadramdan çıxarılmalı olan nəticələr
Ekspertlərin fikrincə, cəmiyyət və fərd olaraq son dərəcə ehtiyatlı davranmalı, ayıqlığı əldən verməməliyik

Dünyanı təhdid edən koronavirus pandemiyası ayrı-ayrı ölkələrdə insan ölümlərinə görə dəyişən rəqəmləri özündə əks etdirir. Əgər bir müddət öncə virus təhlükəsi ilə bağlı İtaliya insan ölümlərinə sayına görə "lider” idisə, indi ABŞ, Böyük Britaniya, Rusiya kimi böyük dövlətlər daha çox insan itkisi ilə üz-üzə qalıb. Hətta Azərbaycana qonşu olan Dağıstan hazırda Rusiyanın "İtaliya”sı adlandırılır. Belə ki, Rusiya mətbuatının yazdığına görə, Dağıstan koronavirusun yayılmasına görə Rusiya regionları arasında "lider”lərdən birinə çevrilir. Dağıstan xəstəxanalarında hazırda 3500-dən çox koronavirusa yoluxmuş xəstə var. Respublikada virus mənşəli pnevmoniya diaqnozu 13 mindən çox insana qoyulub. Dağıstanın baş pulmonoloqu bildirir ki, bu halların 95 faizdən çoxu COVİD-19 virusu ilə bağlı ola bilər. Məsələ bundadır ki, pnevmoniyalı xəstələri test edib onların koronavirusa yoluxduğunu təsdiqləmək imkanı məhduddur.
Dağıstan rəhbərliyinin açıqladığı rəqəmlər də situasiyanın nə dərəcədə ciddi olduğunu təsdiq edir. Məsələn, bildirilir ki, respublikada koronavirus xəstələrinin 60 faizinin vəziyyəti ağırdır. Rusiya üzrə isə bu göstərici 20 faizdən çox deyil. Habelə Səhiyyə Nazirliyinin komissiyası aydınlaşdırıb ki, Dağıstan həkimləri xəstəxanaların "qırmızı zonası”na daxil olmağa qorxurlar, yəni ən ağır xəstələri müalicə edən faktiki olaraq yoxdur.
Yerli "Çernovik” saytının baş redaktorunun müavini Maqomed Maqomedov açıqlamasında deyib ki, ölənlərin sayı da regionda vəziyyətin nə dərəcədə dramatik olduğunu göstərir. İndiyədək Dağıstanda 700-dən çox adam koronavirusdan ölüb.
Qeyd edilən faktlar bir daha göstərir ki, koronavirus pandemiyası təhlükəsi hələ tam aradan qalxmayıb. Nəzərə alanda ki, Dağıstan Rusiyanın Azərbaycanla sərhəd bölgəsidir, deməli, burada yaranmış təhlükəli vəziyyət heç də gözardı edilə bilməz.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, düz bir addımlığımızda, Dağıstanda koronavirus pandemiyası ilə bağlı olduqca təhlükəli vəziyyət yaranıb: "Cəmiyyətlərimiz demək olar ki, oxşardır, orada da bizdəki kimi bir çoxları kimi koronavirus təhlükəsinin varlığına inanmırdılar. Ancaq şükürlər olsun ki, cəmiyyətdə pandemiyaya bu cür yanaşanaların çoxluğuna, edilən xəbərdarlıqlara məhəl qoymamalara, məsuliyyətsiz, vecsiz davranışlara, intizamsızlıqlara rəğmən, Azərbaycan dövlətinin vaxtında atdığı addımlar sayəsində biz hələ ki, koronavirusun geniş yayılmasının qarşısını ala bilirik. Ancaq Dağıstandakı vəziyyət göstərir ki, cəmiyyət və fərd olaraq son dərəcə ehtiyatlı davranmalı, ayıqlığı əldən verməməliyik. Baxın, rəsmi statistikaya görə, Dağıstanda koronavirusa yoluxaraq ölənlərin sayı artıq 700 nəfəri ötüb”.
S.Alıyev qeyd etdi ki, bir neçə həftə öncə belə bir bəlanın varlığına inanmayan Dağıstan cəmiyyəti isə indi höküməti ölənlərin sayını azaltmaqda ittiham edir: "Mediada, sosial şəbəkədə yazırlar ki, koronavirusa yoluxaraq ölənlərin çoxu sətəlcəmdən dünyasını dəyişənlər kimi göstərilir. Görün, necə bir vəziyyət yaranıb ki, Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov Moskvadan ora qayıdıb feldşer kimi işləmək istədiyini bildirir. Yeri gəlmişkən, Dağıstanda koronavirusun ən çox tüğyan etdiyi yer azərbaycanlılar yaşayan Dərbənddir. İnanıram ki, cənab Prezidentin də vurğuladığı kimi, koronavirus pandemiyası meydana çıxanda 10-dan artıq ölkəyə yardım edən dövlətimiz qonşu Dağıstanda, özəlliklə də Dərbənddə yaranmış vəziyyətə də biganə qalmayacaq. Ola da bilsin ki, bu yöndə artıq müəyyən addımlar atılıb. Ən çox da ona inanmaq istəyirəm ki, bizdə koronavirus təhlükəsinin olduğuna hələ də şübhə ilə yanaşanlar qulağımızın dibində yaşanan dramdan-qonşu Dağıstandakı vəziyyətdən xəbər tutub ehtiyatlı, məsuliyyətli, ayıq davranacaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın davamlı olaraq yaydığı təlimat və tövsiyələrə əməl edəcəklər”.
Terapevt Şəmsiyyə Namazlı bildirdi ki, koronavirus bütün dünya ölkələrini əhatə etdiyi üçün pandemiya adını alaraq qlobal problemə çevrildi: "Ona görə də hər bir dövlət öz sərhədlərini tamamilə bağladı. Çünki qonşu ölkələrlə gediş-gəliş olur, mal və məhsullar ölkəyə idxal edilir. Təbii ki, bu səbəbdən sərhədlər bağlanır. Onu qeyd edim ki, qonşu ölkələrdən ilk təhlükə kimi İranda baş verən yoluxmalar oldu. Prezident İlham Əliyev son çıxışı zamanı da vurğuladı ki, koronavirusa yoluxma halları yerli əhalidə yox, ölkəyə kənardan gələnlərdən aşkar edilir. Ona görə də xaricdən gələn həmvətənlərimiz 14 günlük karantinə alınır və yalnız bundan sonra sərbəst hərəkətlərinə icazə verilir”.
Ş.Namazlı vurğuladı ki, Dağıstan da Azərbaycanla qonşuluqda yerləşir və orada virusa yoluxanların, hətta ölənlərin sayının artması ilə bağlı faktlar var: "Əlbəttə ki, biz qabaqlayıcı tədbirlər görmüşük, ancaq bunu daha da gücləndirməliyik. Biz bilirik ki, Azərbaycan vətəndaşları ölkəyə gəlmək üçün məhz Dağıstandakı sərhəd məntəqəsinə yaxın toplanırlar. Təbii ki, səhiyyə təşkilatları bunu nəzərə alır və onlar ölkəyə keçəndə 14 günlük karantinə alınırlar. Hesab edirəm ki, qonşu ölkələrin hansı olur-olsun, orada virusa yoluxma hallarının artması bizim üçün xəbərdarlıqdır. Ona görə də biz bu ciddiyyəti nəzərə almalıyıq. Biz təlimatları gücləndirməklə yanaşı, yaranmış vəziyyətlə bağlı əhaliyə də xəbərdarlıq etməliyik. Xüsusilə, Dağıstanla sərhəd olan Quba, Qusar, Xaçmaz rayonlarda profilaktik tədbirlər aparılmalıdır. Biz bilirik ki, səhiyyə sadəcə olaraq xəstəlikləri müalicə etmir, eyni zamanda xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər də görür”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər