AZE | RUS | ENG |

Dağıstandakı həbslərin pərdəarxası məqamları

Dağıstandakı həbslərin pərdəarxası məqamları
Həbs dalğası Ramazan Abdulatipovun qardaşı Rəcəbə də çata bilər

Qonşu Dağıstanda məmurlara qarşı yönəlmiş kütləvi həbs dalğası davam edir. Gərginlik o həddə çatıb ki, məmurlara muxtar respublikanı tərk edib harasa getmək qadağan olunub. Yol nəqliyyat müfəttişləri və patrul-nəzarət xidməti əməkdaşlarını isə digər regionlardan cəlb edilən hüquq-mühafizə orqanları əməkdaşları əvəzləyib. Muxtar respublikanın hökumət başçısının həbsindən sonra baş nazir postuna Tatarıstanın iqtisadiyyat naziri Artem Zdunov təyin edilib. Baş verən hadisələrlə bağlı "Rosbalt”a açıqlama verən ekspertlər proseslərə qiymət verməyə çalışıblar. Məsələn, siyasi analitik Valeri Solovey bildirir ki, postsovet dövründə belə və yaxud buna bənzər hadisənin baş verdiyini xatırlamır. "Bu həqiqətən də presedentsiz bir hadisədir. Sovet dövründə belə hallar adətən Mərkəzi Asiya və Cənubi Qafqaz respublikalarında yaşanırdı. Səbəb də hakimiyyət daxilində korrupsiya ilə bağlı olub”, - deyən ekspert hesab edir ki, Dağıstanda baş verənlər qarşıdan gələn seçkilərlə bağlıdır: "Kreml bu vilayətdə gizli şəkildə keçirdiyi sorğudan sonra belə bir addım atmaq qərarına gəlib. Nəticələr göstərib ki, əhali Vladimir Putinin əleyhinə səs verə və müxalifətin namizədini dəstəkləyə bilər”.
RAMCOM tədqiqat mərkəzinin rəhbəri Denis Sokolov da hesab edir ki, Dağıstanda baş verənlər Rusiya üçün presendentsiz bir haldır, "lakin hesab edirəm ki, gələcəkdə də belə halların şahidi olacağıq”. Elitanın dəyişməsinin əsas səbəbi kimi əvvəlki rəhbərlikdə təmsil olunan Ramazan Abdulatipovun uğursuz siyasət aparması vurğulanır. Söhbət sosial-iqtisadi siyasətin uğursuz nəticələnməsindən, digər vilayətlərlə müqayisədə Dağıstanda korrupsiyanın yüksək həddə olmasından gedir: "Bundan əlavə, 2017-ci ildə Dövlət Dumasına keçirilən seçkilərin vilayətdə tam iflasa uğraması da mühüm rol oynayıb. O zaman seçkilərdə "Xalq korrupsiyaya qarşı” adlanan partiya liderlik əldə etmişdi. Nəticədə hakimiyyət onu seçkilərdən uzaqlaşdırdı. Kremlin nöqteyi-nəzərincə, belə vəziyyəti idarəetmə sisteminin tam iflası adlandırmaq olar. Nəticədə biz  regional elitanın federal güc bürokratiyası ilə əvəzlənməsini görürük. Mahiyyət etibarilə bu, xarici idarəetmədir. Çox böyük ehtimalla yerli məmurların total şəkildə digər regionlardan olanlarla əvəzlənməsi həyata keçiriləcək. Tatarıstan iqtisadiyyat naziri Artem Zdunovun Dağıstanın baş naziri təyin olunması bu qənaəti xeyli gücləndirib”.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov  hesab edir ki, Dağıstanda məmurların təmizlənməsi korrupsiya ilə mübarizədə pik hədd demək deyil. Respublika ərazisində "dərinlik işləri” hələ indi-indi başlayır. Ekspert ötən il Dağıstanda olduğunu və burada islahatların yetişdiyini gözləri ilə gördüyünü bildirir. "Xalq arasında narazılıq pik həddə çatmışdı. Abdulatipovun hakimiyyətə gəlişi ilə vəziyyətin dəyişəcəyinə ümidlər var idi. Lakin bu ümidlər özünü doğrultmadı – korrupsiya hər səviyyədə yüksək olaraq qalır. Bura dövlət idarələrində vəzifələrin satılması, dövlət torpaqlarının satışı, qanunsuz tikililər və qeyri-qanuni güzəşt və əhaliyə ödəmələri əhatə edir. Bir sözlə problemləri saymaqla qurtarmaq olmur. Mənşəcə rus olan Zdunov Tatarıstanda özünü uğurlu menecer kimi göstərə bilib”, - deyə əlavə edib.
Regional Siyasət Mərkəzinin direktoru İlya Qraşenko hesab edir ki, Dağıstana Tatarıstandan rəhbər gətirilməsi bu iki region arasında yeni "bağlılıq” yaratmağa xidmət edir.
Şimali Qafqaz İslam Tədqiqatları Mərkəzinin direktoru Ruslan Gereyev isə hesab edir ki, Dağıstanda əhali yeni təyin olunanlara müvəqqəti fiqurlar kimi baxır: "Onların qarşısına burada qayda-qanun yaratmaq və regionun sabit dinamikasını qurmaq vəzifəsi qoyulub. Və bunu "kampaneyşina” adlandırmaq düzgün deyil”.
Xatırladaq ki, Dağıstana göndərilmiş idarələrarası komissiyanın üzvləri federal hüquq-mühafizə idarələri mərkəzi aparatlarının əməkdaşları ilə birlikdə respublikanın, demək olar ki, bütün strukturlarında, nazirliklərində axtarışlar həyata keçirir, külli miqdarda sənədlər müsadirə olunur. Yoxlama və axtarışlar "region üçün ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi”nin araşdırılması çərçivəsində, praktiki olaraq, bütün strukturları - nazirlikləri və digər dövlət qurumlarını əhatə edir. Paytaxtdan Dağıstana gəlmiş komissiyaya baş prokurorun müavini İvan Sıdoruk rəhbərlik edir. Hətta bir qrup məmurun Rusiya ərazisini tərk edərək qaçmağa çalışdığı barədə xəbərlər də yayılıb. Lakin onlar saxlanılıb və Dağıstana geri qaytarıblar. Dağıstanda hökumət başçısı Abdusamid Həmidovun və müavinlərinin, habelə bir sıra məmurların həbsinin ardınca respublika başçısı səlahiyyətlərini icra edən Vladimir Vasilyev "qanunsuzluq dövrünün başa çatdığını” elan edib. Bildirib ki, respublikada tikilən bütün qanunsuz obyektlər söküləcək. "Mən bütün tikinti aparanlara xəbərdarlıq edirəm, qanunsuzluq dövrü başa çatdı. Qanunsuz tikintilər daha olmayacaq. Kim ki, indi tikməkdə davam edir, xəbərdarlıq edirəm, pullarını boş yerə xərcləməsinlər. Söküləcək”- deyə Vasilyev hədələyib.
Dağıstan başçısı əlavə edib ki, onun təyinatından sonra məhkəmələr bir dəfə də olsun qanunsuz tikintilərin xeyrinə qərar çıxarmayıb. Jurnalistlər bildirir ki, həbs dalğası Dağıstanın keçmiş rəhbəri, hazırda prezident Vladimir Putinin Xəzər regionu üzrə səlahiyyətli nümayəndəsi Ramazan Abdulatipovun qardaşı Rəcəbə də çata bilər. Belə ki, onun da büdcə vəsaitlərinin mənimsənilməsində əli olduğu haqda məlumatlar var. Söhbət Dərbəndin 2000 illiyi münasibətilə Narınqalanın bərpası layihəsinə ayrılan vəsaitlərin mənimsənilməsindən gedir.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000