• cümə, 19 Aprel, 21:16
  • Baku Bakı 24°C

Dağıstanda nə baş verir?

05.10.17 10:00 2007
Dağıstanda nə baş verir?
Son günlər Rusiyanın ən narahat bölgələrindən hesab edilən Dağıstanda müəyyən gərginlik yaşanır. Ramazan Abdulatipovun Dağıstan Respublikasının başçısı vəzifəsindən istefasının ardınca bu posta milliyyətcə rus - Vladimir Vasilyevin təyin edilməsi mediada əsl fırtına yaradıb. Media yazır ki, ilk dəfədir ki, burada hansısa bir klanla əlaqəsi olmayan biri rəhbərliyə təyin edilib. Düzdür, Abdulatipov özünün istefası barədə hələ sentyabrın 28-də məlumat vermişdi. Lakin hamı gözləyirdi ki, bu posta Dağıstandan olan birisi təyin ediləcək. Abdulatipov istefasında Moskvada olan insanları günahlandırıb. "Həmin insanlardan biz 90-cı illərdə əziyyət çəkmişik. Ən pisi odur ki, onlar prezidentə o qədər də düzgün olmayan qərarları çatdırırlar. Lakin prezidentin qərarı bizim üçün qanundur”,- deyə o əlavə edib. Sabiq rəhbər bildirib ki, Moskva universitetlərindən birində professor kimi təhsil layihələri ilə məşğul olacaq. "Əslində, ideyalar çoxdur. Buna görə də işsiz qalmayacağam”, - deyə Dağıstanın keçmiş rəhbəri RİA-ya açıqlamasında deyib. "Vladimir Vasilyevə çatdırılası çox şey var, çünki 4 il ərzində respublikada çox işlər görülüb. Federal səviyyədə çox təcrübəli bir insan olan Vladimir Vasilyev Dağıstanın inkişafı üçün əlavə və perspektivli istiqamətləri müəyyən edə biləcək. Düşünürəm ki, Vladimir Vasilyev hər şeyin öhdəsindən gələcək”, - deyə Abdulatipov bildirib.
"Moskovski komsomolets” qəzeti hakim "Vahid Rusiya” Partiyası parlament fraksiyasının sədri Vladimir Vasilyevin təyinatı ilə bağlı məqaləsinə belə bir başlıq verib: "Vrangeldən sonra ilk rus: Dağıstan Moskvanın adamını necə qarşılayacaq”. İnqilabdan sonra Rusiyanın ağqvardiyaçı hərəkatının komandanlarından biri olan baron Pyotr Nikolayeviç Vrangel keçmiş imperiyanın Şimali Qafqaz da daxil cənubuna hakim idi. Qəzet yazır ki, bir tərəfdən Vasilyevin əlində Kremllə birbaşa əlaqə və güc nazirliklərinin dəstəyi olacaq, digər tərəfdən isə o, qaçılmaz şəkildə yerli elitanın və əhalinin bir hissəsinin müqaviməti ilə qarşılaşacaq. Ekspertlər bu təyinatı birmənalı qiymətləndirmirlər. "Siyasi ekspert qrupunun” rəhbəri Konstantin Kalaçovun fikrincə, Dağıstanda Vasilyevin gəlişinə şad olacaqlar. Politoloq deyir ki, orada insanlar klanlardan və başçının müxtəlif milli azlıqlardan seçilməsindən beziblər. Kalaçov bu təyinatı "tarixin yeni mərhələsində general-qubernatorluğun davamı” adlandırıb. Lakin Siyasi Texnologiyalar Mərkəzinin prezidenti İqor Bunin bu təyinatı general-qubernatorluğun davamı yox, Putinin "tarixi ənənələrdən kənar eksperimenti” hesab edir. O bildirir ki, Vasilyev yerli klanlardan heç biri üçün "uduş variantı” olmayacaq.
Başqa bir Rusiya politoloqu – Mixail Vinaqradovura.ru saytına deyib ki, Vasilyev Dağıstanda federal siyasətin simvolu olacaq. Lakin bir çox təhlilçilər, xüsusən də Şimali Qafqazla doğmalığı olanlar Vladimir Vasilyevin 68 yaşında olmasına xüsusi diqqət yetirir və onu müvəqqəti fiqur hesab edirlər.
Kremlyönlü Sosial Tədqiqatlar İnstitutunun eksperti Andrey Kolyadin düşünür ki, "bu seçim çox maraqlı ola bilər”. Onun fikrincə, Dağıstanda ağsaqqallara hörmət var və Vasilyev də ağsaqqaldır. "Znak” internet qəzeti də intriqalı başlıq seçib: "Dağıstana general-qubernator gedir”. "Znak” yazır ki, Vasilyevin təyinatı Moskvanın ağıllı gedişi sayıla bilər. Hələ sovet zamanlarından burada başçı əsas millətlər olan avar və ya dargin, bəzən isə qumıqlardan təyin edilərdi. Ləzgilər və başqa millətlər bundan narazı qalırdılar. İndi isə kənar adam hamını qane edə bilər. Məqalədə deyilir ki, Dağıstanda həm də separatizm meylləri güclənməkdədir. Məsələn, noqaylar Dağıstandan ayrılmaq və muxtar vilayət olmaq istəyirlər. Vasilyev bu kimi məsələləri həll etməli olacaq.
Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Kurbanov "Qovorit Moskva”radiosunadeyib ki, Vasilyevin təyinatı Dağıstanda bəzilərinin gözlədiyi kimi müqavimət doğurmayacaq. O bildirib ki, əksinə, orada liderin milli azlıqlardan təyin edilməsinin "işləmədiyini” başa düşüblər. 68 yaşlı Vladimir Vasilyev polis general-leytenantı və daxili işlər nazirinin keçmiş müavinidir. O, 2003-cü ildən bəri Dövlət Dumasının vitse-spikeri, hakim Vahid Rusiya Partiyası parlament fraksiyasının rəhbəri olub. Vasilyev 1970-ci illərdən sovet milisinin, sonralar isə Rusiya polisinin sıralarında xidmət edib.
Kamran
banner

Oxşar Xəbərlər