Dağıstanda nə baş verir?
Son günlər Rusiyanın ən narahat bölgələrindən hesab edilən Dağıstanda
müəyyən gərginlik yaşanır. Ramazan Abdulatipovun Dağıstan Respublikasının
başçısı vəzifəsindən istefasının ardınca bu posta milliyyətcə rus - Vladimir
Vasilyevin təyin edilməsi mediada əsl fırtına yaradıb. Media yazır ki, ilk dəfədir
ki, burada hansısa bir klanla əlaqəsi olmayan biri rəhbərliyə təyin edilib.
Düzdür, Abdulatipov özünün istefası barədə hələ sentyabrın 28-də məlumat
vermişdi. Lakin hamı gözləyirdi ki, bu posta Dağıstandan olan birisi təyin
ediləcək. Abdulatipov istefasında Moskvada olan insanları günahlandırıb. "Həmin
insanlardan biz 90-cı illərdə əziyyət çəkmişik. Ən pisi odur ki, onlar
prezidentə o qədər də düzgün olmayan qərarları çatdırırlar. Lakin prezidentin
qərarı bizim üçün qanundur”,- deyə o əlavə edib. Sabiq rəhbər bildirib ki,
Moskva universitetlərindən birində professor kimi təhsil layihələri ilə məşğul
olacaq. "Əslində, ideyalar çoxdur. Buna görə də işsiz qalmayacağam”, - deyə
Dağıstanın keçmiş rəhbəri RİA-ya açıqlamasında deyib. "Vladimir Vasilyevə
çatdırılası çox şey var, çünki 4 il ərzində respublikada çox işlər görülüb.
Federal səviyyədə çox təcrübəli bir insan olan Vladimir Vasilyev Dağıstanın
inkişafı üçün əlavə və perspektivli istiqamətləri müəyyən edə biləcək.
Düşünürəm ki, Vladimir Vasilyev hər şeyin öhdəsindən gələcək”, - deyə
Abdulatipov bildirib.
"Moskovski komsomolets” qəzeti hakim "Vahid Rusiya” Partiyası
parlament fraksiyasının sədri Vladimir Vasilyevin təyinatı ilə bağlı məqaləsinə
belə bir başlıq verib: "Vrangeldən sonra ilk rus: Dağıstan Moskvanın adamını
necə qarşılayacaq”. İnqilabdan sonra Rusiyanın ağqvardiyaçı hərəkatının
komandanlarından biri olan baron Pyotr Nikolayeviç Vrangel keçmiş imperiyanın
Şimali Qafqaz da daxil cənubuna hakim idi. Qəzet yazır ki, bir tərəfdən
Vasilyevin əlində Kremllə birbaşa əlaqə və güc nazirliklərinin dəstəyi olacaq,
digər tərəfdən isə o, qaçılmaz şəkildə yerli elitanın və əhalinin bir
hissəsinin müqaviməti ilə qarşılaşacaq. Ekspertlər bu təyinatı birmənalı
qiymətləndirmirlər. "Siyasi ekspert qrupunun” rəhbəri Konstantin Kalaçovun
fikrincə, Dağıstanda Vasilyevin gəlişinə şad olacaqlar. Politoloq deyir ki,
orada insanlar klanlardan və başçının müxtəlif milli azlıqlardan seçilməsindən
beziblər. Kalaçov bu təyinatı "tarixin yeni mərhələsində
general-qubernatorluğun davamı” adlandırıb. Lakin Siyasi Texnologiyalar
Mərkəzinin prezidenti İqor Bunin bu təyinatı general-qubernatorluğun davamı
yox, Putinin "tarixi ənənələrdən kənar eksperimenti” hesab edir. O bildirir ki,
Vasilyev yerli klanlardan heç biri üçün "uduş variantı” olmayacaq.
Başqa bir Rusiya politoloqu – Mixail Vinaqradovura.ru saytına
deyib ki, Vasilyev Dağıstanda federal siyasətin simvolu olacaq. Lakin bir çox
təhlilçilər, xüsusən də Şimali Qafqazla doğmalığı olanlar Vladimir Vasilyevin
68 yaşında olmasına xüsusi diqqət yetirir və onu müvəqqəti fiqur hesab edirlər.
Kremlyönlü Sosial Tədqiqatlar İnstitutunun eksperti Andrey Kolyadin
düşünür ki, "bu seçim çox maraqlı ola bilər”. Onun fikrincə, Dağıstanda
ağsaqqallara hörmət var və Vasilyev də ağsaqqaldır. "Znak” internet qəzeti də
intriqalı başlıq seçib: "Dağıstana general-qubernator gedir”. "Znak” yazır ki,
Vasilyevin təyinatı Moskvanın ağıllı gedişi sayıla bilər. Hələ sovet
zamanlarından burada başçı əsas millətlər olan avar və ya dargin, bəzən isə qumıqlardan
təyin edilərdi. Ləzgilər və başqa millətlər bundan narazı qalırdılar. İndi isə
kənar adam hamını qane edə bilər. Məqalədə deyilir ki, Dağıstanda həm də
separatizm meylləri güclənməkdədir. Məsələn, noqaylar Dağıstandan ayrılmaq və
muxtar vilayət olmaq istəyirlər. Vasilyev bu kimi məsələləri həll etməli
olacaq.
Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Kurbanov "Qovorit
Moskva”radiosunadeyib ki, Vasilyevin təyinatı Dağıstanda
bəzilərinin gözlədiyi kimi müqavimət doğurmayacaq. O bildirib ki, əksinə, orada
liderin milli azlıqlardan təyin edilməsinin "işləmədiyini” başa düşüblər. 68
yaşlı Vladimir Vasilyev polis general-leytenantı və daxili işlər nazirinin
keçmiş müavinidir. O, 2003-cü ildən bəri Dövlət Dumasının vitse-spikeri, hakim
Vahid Rusiya Partiyası parlament fraksiyasının rəhbəri olub. Vasilyev 1970-ci
illərdən sovet milisinin, sonralar isə Rusiya polisinin sıralarında xidmət
edib.
Kamran