• cümə, 29 Mart, 19:08
  • Baku Bakı 14°C

“Daim öyrənmək, təkmilləşmək lazımdır” - İşgüzar

19.10.18 09:30 1314
“Daim öyrənmək, təkmilləşmək lazımdır” - İşgüzar
Karyerasında bir neçə dəfə çalışdığı sektoru dəyişib. Bu, çoxları üçün riskli olsa da, o, belə fikirləşmir. Düşünür ki, insan bir çox sahədə çalışa bilər, amma öz təbiətinə uyğun sektoru tapdığı zaman axtarışları dayandırmalıdır. Özünü kouçinq sahəsinə tapıb. Bundan sonrakı ömrünü kouçinqə həsr etməyi düşünən müsahibimiz "BMG İnternational” şirkətinin həmtəsisçisi, "Beynəlxalq Erickson” kouçinq məktəbinin Azərbaycandakı nümayəndəsi, kouç Sənan Həsənovdur.
- "Uşağın etdiyi hər bir şey valideynlərinin onunla işinin nəticəsidir” - demisiniz. Ona görə ilk olaraq uşaqlıq illərinizdən, valideynlərinizin sizə yanaşmanızdan danışaq...
- Atam həmişə deyirdi ki, səhiyyə və təhsilə sərf olunan vəsait itmir. Bu, hər zaman bizim ailədə vacib prinsip olub. Səhiyyədən danışsaq, insan təkcə xəstələndiyi zaman deyil, həmişə sağlamlığını diqqətdə saxlamalı, müayinələrdən keçməli və s. mütəmadi olaraq fiziki sağlamlığı üçün tədbirlər görməlidir. Bu, geri dönüşü olan investisiyadır. Sağlam bədənə sahib olmaq bir üstünlükdür.

Təhsil də davamlı yatırım tələb edən istiqamətdir. Nəinki valideynlər uşağa, elə hər kəs öz təhsilinə investisiya yatırırsa, bu vəsait geri dönüşünü gətirir. Nə qədər çox investisiya edib dəyərli biliklər qazanırsansa, əldə etdiyin gəlirlər də daha yüksək olur. Valideynlərim hər zaman mənim və qardaşlarımın təhsilinə çox ciddi investisiya ediblər. Aldığımız təhsillə yanaşı, əlavə biliklər qazanmağımız üçün də pul xərcləməkdən çəkinməyiblər. Bu, artıq ailəmizdə bir ənənə kimi formalaşıb, qardaşlarım və mən davam etdirmişik. Hər zaman təhsilimə ciddi investisiyalar yatırıram. Daim öyrənmək, təkmilləşmək lazımdır. Çünki dünyada sürətli inkişaf gedir, öz təhsilinə investisiyanı dayandırsan, yeniliklərdən geri qalmış olarsan. Ona görə valideynlərin əvvəldən bünövrəni yaxşı qoymasının rolu böyükdür. Sonrası artıq özü gələcək.


- Ali təhsildə ixtisas seçimində əvvəllər bizdə əsasən valideynlər böyük rol oynayırdı. Sizdə necə oldu, seçiminizə qarışdılar?
- Bizdə yaxın illərə qədər gənclərin ixtisas seçimində 80-90 faiz rol valideynlərin olurdu. Düzdür, indi bu tendensiya dəyişməyə doğru gedir, orta yaşda olan valideynlərin övladlarına yanaşması artıq başqadır. Onlar övladlarının hansı istiqamətdə bacarıqlı olduqlarını müəyyənləşdirib, yönəltməyə çalışırlar. O vaxt isə daha çox valideyn yönəltməsi idi, bu da bizim üçün bir az zaman itkisinə gətirib çıxardı. Maliyyə sahəsinə yönəlməyim valideynlərimin istiqamətləndirməsi sayəsində oldu. İqtisad Universitetində oxumuşam, 12 ildən artıq bank sektorunda çalışmışam. Hardasa 2-3 il öncə 32 yaşımda anladım ki, bu əslində, mənim tam olaraq istədiyim sahə deyil, tamam fərqli maraqlarım var. Özümü inkişaf etdirdikcə, biliklərimi təkmilləşdirdikcə gördüm ki, daha çox sevdiyim bir sahə var ki, o istiqamətdə məşğul olsam, daha uğurlu olaram.

- Bu qədər gec... O hansı sahə oldu?
- Bir valideyn olaraq mən övladlarımla bağlı bu məsələdə daha diqqətli olmağa, onların maraqlarını, bacarıqlarını müəyyənləşdirib istiqamət verməyə çalışıram. Çünki nə qədər gec anlayırsansa, o qədər dəqiqləşməyə vaxtın çox gedir. Tutaq ki, 10-15 yaşında sən bir sahə seçirsən, özün üçün zamanla araşdırma aparırsan. Bəzən görürsən ki, o sahə sənə yaxındır, amma başqa bir sahə var ki, o sənə daha uyğundur. Amma elə bir sahə olur ki, sənin təbiətini əks etdirir, orda çalışmaqdan böyük zövq alırsan. Mən bu proseslərdən keçə-keçə kouçinq sahəsinə gəlib çıxdım. Hər kəsin bu dünyada bir missiyası var. Gördüm ki, mənim missiyam özümü təkmilləşdirmək və başqalarına təkmilləşmədə, daxili transformasiyalarında dəstək olmaqdır.

- Sevdiyin sahədə çalışarkən daha uğurlu olmaq məsələsinə toxundunuz. Bank özünüzün sevdiyiniz sahə olmayıb. Amma bank sektorunda karyerada müəyyən bir yerlərə gəlib çıxmısınız...
- "Bank işini sevmirəm” deyə bir şey yoxdur, sevərək çalışdığım sektor olub. Bankda çox ciddi yeniliklərə, uğurlara imza atmışam. Karyerama "Rabitəbank”da başlamışam, 7 il orda çalışmışam. O bankda nəinki Azərbaycan, hətta qonşu ölkələrin bazarları üçün yeni olan məhsullar formalaşdırıb bazara təqdim etmişəm. O məhsullar sahəsində həm bank daha çox qazanıb, həm də mən yeni biliklər, təcrübələr əldə etmişəm.

İnsan fərqli sahələrdə sevərək çalışa bilər, amma elə sektor var ki, sən həm də psixoloji olaraq özünü orda daha yaxşı hiss edirsən. Hər gün sevinərək gördüyün iş olur. Bank işi elədir ki, müəyyən müddət entuziazm olur, işi, yeni olan hər şeyi öyrənirsən. Amma 5-10 il keçəndən sonra gördüyün işlər standartlaşmağa başlayır. Mənim marketinqə yönəlməyimin səbəblərindən biri yenilik axtarmağım idi. Elə yeniliklər axtarırdım ki, hər gün eyni iş olmasın, kreativ nələrsə yaradım. Bu da mənim yaradıcı təbiətimlə əlaqəlidir. Nəticədə marketinqə gəlib çıxdım. Bu sahədə də çalışdıqca gördüm ki, bank sektoru və marketinq dünyası tam olaraq mənim istədiyim iş deyil. Bir az da araşdırdım və kouçinq sahəsinə gəlib çıxdım. Bu, Azərbaycan üçün yeni anlayışdır. İnkişaf etmiş ölkələrdə isə hər bir uğurlu şəxsin kouçu olur. Trenerdən fərqli olaraq kouç heç bir bilik ötürmür, sadəcə, qarşı tərəfi güzgü kimi əks etdirir.

- Sahə dəyişikliyi etmək müəyyən yaşdan sonra bir az risk tələb edir. Belə qərarlar vermək çətin olmur?
- Yox, çünki yaşadığımız dövrdə bizim müxtəlif təcrübələrimiz olur. Elə işlər olub ki, çox da həvəslə məşğul olmamışam, nəticə məni qane etməyib və s. Maraqlı bir fikir var ki, əgər sən çox sevdiyin işlə məşğul olursansa, orda sənin uğur qazanma müddətin daha qısa olur. Onun üçün düşünürəm ki, kouçinq sahəsində çox qısa zamanda ciddi uğurlar əldə edəcəyəm. Hər dəqiqə bu sahədə nə isə etməyi fikirləşirəm, gecə-gündüz çalışıram.
- Gecə-gündüz deyəndə nəyi nəzərdə tutursunuz?
- Səhər yuxudan oyananda artıq ağlımda bu iş olur. Kouçinqi insanlara necə çatdırmaqla bağlı fikirləşirəm. Bizdə özünə "kouç” deyən, amma bu işdən xəbərsiz adamlar çoxdur. İşi bilməyən adamı kouç kimi dəvət edəndə, xidməti isə yaxşı olmayanda da deyirlər ki, kouç bir işə yaramır, mənə heç bir köməyi dəymədi. İndi bazarda kouçinq sahəsində məlumatsızlıq, məlumatı olanlarda isə "kouçun heç bir xeyiri yoxdur” düşüncəsi var ki, biz bu neqativləri keçməliyik. Mən gedib 128 saat təlim almışam, beynəlxalq sertifikasiyanı keçmişəm, buna əziyyət sərf etmişəm. O əziyyətin nəticəsində göstərdiyim xidmət tamam fərqlidir.
- Kouçinqə keçdiyiniz 2-3 ildir, yenə dəyişiklik ola bilər?
- Yox, növbəti ən azı 10 ilimi, deyərdim ki qalan ömrümü kouçinq sahəsində təkmilləşmə ilə davam edəcəm. Bu, mənim prinsiplərimə uyğun sahədir. Kouçinqdə davamlı inkişaf var. Bu özünü tanımağa imkan verir. Beynəlxalq Erickson Məktəbi var. Öz sahəsində dünyada top 4 kouçinq məktəblərindən biridir. 2016-cı ildə gedib orda oxudum, beynəlxalq sertifikasiyadan keçdim. Orda oxuyarkən dəyərlərimi anladım. Həmin dövrdən də bank sektorundan uzaqlaşdım. Paralel olaraq mənim öz şirkətim də mövcud idi deyə, onun işləri ilə də məşğul olurdum.
- Öz şirkətinizi nə vaxt yaratmısız?
- 2013-cü ildə.

- Başqa yerdə çalışa-çalışa öz işini qurmaq, böyütmək nə dərəcədə mümkün olur?
- Bu, mümkündür, həm də mən şirkətdə tək deyildim, şərikim var idi. Mənim işim olurdusa, digər partnyorum prosesləri idarə edirdi, görüşlərə qatılırdı. O olmayanda mən. Birgə gücümüz var idi, onun hesabına edirdik. İndi də davam edir. Bir ay bundan öncə şirkətimiz "Erickson” kouçinq məktəbinin rəsmi tərəfdaşı oldu. Mən rəsmi olaraq Beynəlxalq Erickson Məktəbinin Azərbaycandakı nümayəndəsiyəm.

- Şirkətiniz hansı xidmətləri təklif edir?
- Təlimlərlə məşğuluq, treninqlər keçirik. Maliyyə və marketinq sahəsində kənardan xidmətlər göstəririk. Tutaq ki kimsə hansısa bir brendi formalaşdırmaq istəyir, onun adından tutmuş kommunikasiyasına qədər bütün prosesləri həyata keçiririk. Öz komandamız, bu işlərə məşğul olan şəxslər də var. İki nəfər şərikik, o, maliyyə xidmətlərini koordinasiya edir, mən də marketinq.
- Radiodan danışmadıq heç...
- Bu ilin may ayından "Antenn” 101 FM radiostansiyası ilə əməkdaşlığa başladıq. Radioda mənim hazırladığım "Rantye” adlı bir verilişimiz də mövcud idi. Əsasən insanların maliyyə savadlılığının artırılmasına yönəlik proqram idi. Bir müddət fəaliyyət göstərdik, ancaq ölkəmizdə şou xarakterli verilişlərə maraq daha çox olduğu üçün verilişi dayandırmalı olduq.

- Karyera yolunuzu uğurlu hesab edirsiniz?
- Bəli. Çünki karyerada uğur bir neçə prinsipə əsasən formalaşır. Onlardan biri daim inkişafda olmaq, özünü təkmilləşdirməkdir. İnsan özünü təkmilləşdirdikcə, işi də təkmilləşir. Öz növbəsində işin təkmilləşməsi də insanın karyerada irəliləməsinə səbəb olur və gəlirlər artır.
İkinci məsələ işə məsuliyyətli yanaşma olmalıdır. Məşğul olduğun işi sevmək, ona məsuliyyətlə yanaşmaq lazımdır.
Bir də kommunikasiya bacarıqları. Həm müştərilərlə, həm həmkarlarla doğru kommunikasiya qurmaq lazımdır.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər