• cümə axşamı, 25 aprel, 16:29
  • Baku Bakı 23°C

Daha yüksək səviyyəli xidmət üçün innovativ inkişaf əsas şərtdir

08.10.19 11:00 1028
Daha yüksək səviyyəli xidmət üçün innovativ inkişaf əsas şərtdir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Qlobal innovasiya indeksi 2019”da Azərbaycanın mövqeyi ilə bağlı müzakirələr aparılıb. Mərkəzdən bildirilib ki, müzakirələrdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyəti işçi qruplarının rəhbərləri və nümayəndələri iştirak edib. Qeyd olunan reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün görülən işlər barədə dolğun məlumatların toplanılması, innovasiyanın inkişafı prosesində iştirak edən qurumların lazımi səviyyədə əlaqələndirilməsi və gələcək islahat tədbirləri haqqında müzakirələr olub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi modelə keçid əsasında aparılan iqtisadi islahatlarda qlobal innovasiyalar trendinə uyğunlaşma prioritet təşkil edir. O, Strateji Yol xəritələrində də innovasiyayönümlü inkişafa xüsusi yer verildiyini, elektron hökumət və elektron məhkəmə, habelə təhsil və elm sahəsində görülən işlərdən danışıb: "Ölkə başçısının tapşırığına uyğun olaraq nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə innovasiya strategiyası hazırlanır, innovativ inkişaf sahəsində koordinasiya gücləndirilir, Dünya İqtisadi Formunun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq qurulub, İnnovasiyalar Agentliyi fəaliyyətə başlayıb, "EnterpriseAzerbaijan.com” portalı və digər inkubasiya və akselerasiya mərkəzləri innovativ startapları dəstəkləyir. Bütövlükdə innovasiya ekosisteminin inkişaf etdirilməsi "Qlobal İnnovasiyalar Hesabatı”nda Azərbaycanın mövqelərinin güclənməsinə zəmin yaradacaq. Bunun üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.
Maraqlıdır, innovasiyayönümlü iqtisadi inkişaf nədir və ölkəmizin müvafiq potensialı varmı?
İqtisadçı Ramin Rəhimov bildirir ki, qlobal innovasiyayönümlü iqtisadi islahatlar müasir iqtisadiyyata keçid deməkdir: "Burada rəqəmsal iqtisadiyyatdan, beynəlxalq rəqəmsal ticarət əməliyyatlarından, nağdsız hesablaşmalardan söhbət gedir. Həmçinin vətəndaşların vaxt itkisi olmadan qurumlara müraciəti, yəni məsafədən idarə olunma vasitəsi ilə bu kimi məsələlərin həll olunması, eyni zamanda müasir, son dərəcə inkişaf etmiş texnologiyalarla iqtisadi inkişafa nail olunma nəzərdə tutulur. İnnovativ trend - dünyada beynəlxalq qlobal iqtisadiyyatda hansı iqtisadi modellər tətbiq edilirsə, onların Azərbaycan iqtisadiyyatına inteqrasiya olunması deməkdir. Yəni Azərbaycanın da həmin modellərdən istifadə etməsi mümkündür.
İqtisadçı ölkəmizin bu potensiala malik olduğunu qeyd edir: "Əslində, Azərbaycan bu modelləri tətbiq etmək potensialına malikdir. Bu potensialın arxasında lazımı rəqəmsal texnologiyanın olması vacibdir. Hamımıza bəllidir ki, ölkəmizdə rəqəmsal texnologiya sahəsi yüksək səviyyədə inkişaf edib. Yəni ölkəmizdə qlobal innovativ iqtisadi islahatların aparılması üçün hər cür şərait var. Sadəcə, bunlar mərhələli şəkildə həyata keçirilməlidir. İlk olaraq dövlətin strateji əhəmiyyətli strukturlarından başlanmalı və özəl sektora qədər davam etdirilməlidir. Prezidentin tapşırığı ilə rəqəmsal iqtisadiyyat, bankçılıq və marketinq - bu 3 strategiya əsas götürülüb. Ölkəmizdə texnoloji baxımdan baza var, sadəcə bunların tətbiqi üçün hüquqi bazanın formalaşdırılması da əsasdır. Hüquqi bazanın tətbiqi isə vaxt tələb edən işdir. Bu işdə qabaqcıl ölkələrin təcrübələrindən istifadə etməliyik”.
İqtisadçı Pərviz Heydərov deyir ki, innovativ inkişafın əsas məqsədi daha yüksək xidmətin təqdimindən ibarətdir: "Hazırda bütün dünyada 4-cü sənaye inqilabı yaşanır. Təbii ki, Azərbaycan da bu dünyanın bir parçası olaraq sənaye inqilabında iştirak edir. Əgər biz müvafiq iqtisadi inkişafdan, tərəqqidən danışırıqsa, bunu innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, dövlətimiz son dövrlər bu sahəyə xüsusi diqqət yetirir və lazımı addımlar atır, iqtisadiyyatın innovasiyayönümlü inkişafının təmin olunması üçün hər cür dəstəyi göstərir. İnnovasiyayönümlü inkişaf müasir informasiya texnologiyalarının daha əyani şəkildə istifadə edilməsini nəzərdə tutur. Sosial-iqtisadi sahələrdə elektronlaşmanın olması əhalinin vaxt itkisinin qarşısını alır. İnnovativ inkişafın əsas məqsədi daha yüksək xidmətin təqdimindən ibarətdir. Günümüzdə bir çox ölkələrdə bu üsuldan istifadə edir. Azərbaycan da dünyanın bir parçası olduğu üçün bu inkişafa qoşulub və zəruri addımlar atır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər