AZE | RUS | ENG |

“Daha yazmasam da olar...”

“Daha yazmasam da olar...”
Tofiq Bakıxanov: «Televiziya kanallarını və radionun böyük günahı var. Mən bir sənətçi kimi bu günahı bağışlaya bilmərəm»

“Həyat çox qəribədir. Heç kim bilmir ki, onu sabah nə gözləyir. 82 yaşım var. Bu vaxta qədər heç xəstələnməmişdim. Nə dərman içmişəm, nə iynə vurdurmuşam. Amma bu xəstəlik məni birdən yaxaladı. Beynimə qan sızdı. Düz 7 ay yataq xəstəsi oldum. 80 illik yubileyim keçirilən vaxtlar oturmaq nə olduğunu bilmirdim. İndi isə xəstəlik məni geri saldı. Buna baxmayaraq yenə də işləyirəm...” Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun evində qonaq olarkən görkəmli bəstəkardan eşitdiyim bu sözlər həm də 82 illik qocaman ömür yoluna nəzər salmağa kömək etdi:

“İş çoxdur, ömür az”

- İki il bundan əvvəl 80 illik yubileyim keçirildi. Onda əsərlərimdən ibarət 7 günlük festival təşkil olundu. Festival yüksək səviyyədə keçdi. Bütün janrlar üzrə əsərlərim ifa olundu – musiqili komediyalar, mahnılar, simfonik və xalq çalğı alətləri üçün , baletlər və s. Həmçinin Musiqi Akademiyasında mahnı gecəm təşkil olundu. İndiyə qədər 22 sanballı mükafat almışam. Sonuncu dəfə Amerikanın «Fulbright-Hays” mükafatına və prezident İlham Əliyevin “Azərbaycan mədəniyyətinin inkişafında xidmətə görə” fəxri diplomuna layiq görülmüşəm. Naxçıvanda da yubileyim keçirildi. Naxçıvanın 85 illiyinə həsr olunan Qızıl mükafat laureatı oldum. Naxçıvanla əlaqədar yaradıcılığımda mövzular var. Eşitdiyimə görə, hazırda Naxçıvan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestri əsərlərimdən ibarət iki şöbəli konsert hazırlayır. Orada müəllif konsertim keçirilməlidir.
- Hər il sizin üçün nə deməkdir?
- Bu, mənim üçün hesabatdır. Bütün yaradıcılığıma, fəaliyyətimə baxışdır. Xalq qarşısında yaradıcılıq hesabatıdır.
Məncə bu hər bir yaradıcı adam üçün belə olmalıdır.

- Xəstələnmisiniz, işə də çıxa bilmirsiniz, bəs tələbələrinizi kimə tapşırırsınız?
- Dərslərimi evdə keçirəm. Artıq 8-ci ildir ki, Milli Konservatoriyada Dövlət imtahan komissiyasının sədriyəm. Xəstəliyimə baxmayaraq, bu il də gedib iştirak etdim. Ümumiyyətlə, yaradıcılığım son illər uğurlu olub. Yazdığım əsərlərin əksəriyyəti ifa olunur. Səhhətimin nasazlığına baxmayaraq, yazdığım əsərlərin nəşri ilə məşğulam. Klassik və müasir şairlərin sözlərinə 20-yə yaxın romansın çapını hazırlayıram. Abbasqulu ağa Bakıxanovun əsərlərinə yazdığım romans və mahnılarının hamısını kamera orkestri üçün hazırlamışam və o əsərləri Əlyazmalar Fonduna vermişəm. Həmin fondda 5 muğamımın əlyazması saxlanılır. İndi də çap olunan əsərlərimi fonda göndərirəm. Bu yaxınlarda “Dügah”simfonik əsərimin siqnal nüsxəsi çap olunaraq mənə təqdim olunub. «Nəva», «Humayun», «Şahnaz», “Rahab” artıq çapdan çıxıb. Bu əsərlər dünyanın hər yerinə yayılır. Aktual mövzular mənim üçün həmişə əsasdır.
- İndiyədək nə qədər əsər yazmısınız?
- Sayı-hesabı yoxdur. Arif Məlikov dəfələrlə deyib ki, Tofiq Bakıxanov yeganə bəstəkardır ki, kəmiyyət və keyfıiyyət etibarı ilə bu qədər əsərlər yazır. İndiyədək 8 simfoniya, 6 simfonik poema, müxtəlif alətlər üçün 26 konsert, romanslar, çoxlu sayda kamera-instrumental əsərlər, kamera-vokal əsərlər yazmışam. Sonatalar, triyolar müəllifiyəm, 120-dən də çox mahnı yazmışam. Musiqi ilə əlaqəli kitablar da yazmışam. Yaradıcılıq insanı həvəsləndirir. Bəzən məndən: “hansı əsərini daha çox sevirsən?” deyə soruşurlar. Bu adamdan: «Hansı övladını daha çox sevirsən» - soruşmağa bənzəyir. Əsərlərimə fərq qoymuram. Bütün əsərlərim mənim üçün doğmadır. Düzdür, «Xəzər baladdası» mənə şöhrət qazandırdı. «Tar konserti»ni bütün Şərq ölkələrində çalırlar. Böyük əsərlərim, mahnılarım ifa olunur. Bunlar hamısı mənim zəhmətimin, yuxusuz gecələrimin məhsuludur. Mən çox əsər yazmışam, bundan sonra yazmasam da olar.

Həyat tərzi

- Elə isə niyə yazırsınız?
- Artıq bu, mənim həyat tərzimə çevrilib. Yazmasam qala bilmərəm. Mən gözümü açandan musiqi səsi eşitmişəm. Bütün həyatımı da buna həsr etmişəm. Evimizdə həmişə görkəmli musiqiçiləri görmüşəm. Konservatoriyada da oxuduğum illərdə Üzeyir Hacıbəyli bizim rektorumuz olub. Mən bununla fəxr edirəm. Biz onda akademiyanın nəzdində onillik musiqi məktəbində oxuyurduq. Üzeyir bəy bütün konsertlərimizdə birinci sırada otururdu. Konserti qurtarandan sonra tövsiyələrini deyirdi. Onun dediyi sözlərin hamısı yadımdadır. Üzeyir bəyin 60 illiyində mən solist kimi skripkada onun «Arşın mal alan» musiqili komediyası üzərində yazılmış “Fantaziya”nı simfonik orkestrlə ifa etdim. Üzeyir bəyin qarşısına çıxmaq böyük məsuliyyət tələb edirdi. Dahi bəstəkar konsertdən sonra «Tofiq Bakıxanovun uğurlu gələcəyi var» - deyə bildirdi. Üzeyir bəy bizə qonşu idi. Atamla da işə bir gedib-gələrdi. Onların söhbətləri tuturdu. Bir gün atama: «Əhməd xan, gələcəyi fikirləşib mədəniyyətimizi inkişaf etdirməliyik. Bizdə Avropa alətləri çalan yoxdur. Sən üç övladının hərəsini bir alətə qoy ki, qoy gələcəkdə musiqimizə bizə lazım olsun». Atam da onun təşəbbüsü ilə bizi Konservatoriyanın nəzdində istedadlı tələbələr məktəbinə qoydu. Mən skripka sinfində oxudum. Bir ifaçı kimi Fikrət Əmirovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Rauf Hacıyevin əsərlərini də çalmışam. Sonradan isə ömrümü bəstəkarlığa həsr etdim.
- Bəs müəlliminiz Qara Qarayevdən nə öyrənmisiniz?
- Qara Qarayev gözəl müəllim və bəstəkar idi. O, bizə yol göstərəndə «Yüngül yoldan əl çəkin, axtarışlar lazımdır. Yalnız axtarışlar nəticəsində ortaya yaxşı əsər çıxarmaq olar» - deyirdi. Qara müəllim tələbələrinə qarşı çox tələbkar idi. Onun hər dərsinə gedəndə elə bilirdim ki, imtahana gedirəm. Bəstəkarlığın bütün incəliklərini, sirlərini ondan öyrənmişik. 1969-cu ildə SSRİ-yə ilk dəfə festivala iştirakçılar seçmək üçün Fransadan nümayəndələr gəlmişdi. Təşkilatçılar 14 respublikada heç kəsi seçməmişdilər. Ancaq mənim «Xəzər balladası” tamaşamı görən kimi onu festivalın proqramına daxil etdilər. Biz Fransaya gedəndə Qara Qarayev nümayəndə heyətinə rəhbərlik edirdi. Fransa qəzetlərində tamaşa haqqında yaxşı rəylər yazılmışdı. “Dünyada ilk dəfə olaraq neft haqqında mövzu baletə çevrilib” deyə yazılar vardı. Qara müəllim deyirdi ki, fransızların verdiyi qiyməti heç bir dövlət verə bilməz. Müəllimimin dilindən bu sözləri eşitmək mənim kimi gənc bəstəkar üçün böyük fərəh idi. Bundan ruhlanaraq sonrakı əsərlərim yarandı. «Şərq» poeması, «Xeyir və Şər» baletim yazıldı.
- Mahnılarınızı kimlər oxuyub?
- Mahnılarımı demək olar ki, əksər ifaçılar oxuyub. İlk mahnımın ifası Zeynəb Xanlarovadan başlayıb. Daha sonra Flora Kərimova, İlhamə Quliyeva, Elmira Rəhimova, Azər Zeynalov, Fidan Qasımova və başqaları oxuyub. Bütün janrlarda olan əsərlərim böyük müvəffəqiyyətlə ifa olunub. Radioda elə mahnım var ki, 15 müğənninin ifasında lentə yazılıb. Bu, bir bəstəkar kimi mənim xoşbəxtliyimdir. Bu gün də əsərlərim çap olunur, səhnəyə qoyulur, mahnılarım ifa edilir, haqqımda filmlər çəkilir, disklərim çıxır. Dünyanın bir çox ölkələrində əsərlərim ifa olunub. Həmçinin xaricdə çoxlu əsərlərim çap olunub. Təkcə cansağlığı qalır, bu da Allahdan asılıdır.

Efirin mənzərəsi

- Tələbələriniz sizinlə əlaqə saxlayırlarmı?
- Tələbələrim çoxdur. Bir neçəsi xarici ölkələrdə işləyir. Gəlib mənə çatıblar: Xalq artisti, professor olublar. Onlar mənimlə əlaqə saxlayırlar. Türkiyənin müxtəlif şəhərlərində mənim konsertlərim keçiriləndə keçmiş tələbələrim özləri çox vaxt həmin konsertləri hazırlayır. Mən tələbələrimə qarşı çox tələbkar olmuşam, bu gün də eləyəm. Hazırkı tələbələrimi hesabat konsertlərinə hazırlayıram. Bu, tələbəni səhnəyə çıxmağa yetişdirir. Tələbələr var ki, səhnə üzü görməyib. Ondan nə ifaçı ola bilər? Mən xəstə də olsam, bu istiqamətdə tələbələrim üçün çalışıram. Noyabr ayında onları hesabat konsertinə çıxaracağam.
- Musiqini özünə sənət yolu seçən gənclərin səviyyəsindən razısınızmı?
- Açığı gənclərin səviyyəsi məni qane etmir. İstedadlı gənc bəstəkarlar çox azdır. Üzeyir bəy həmişə deyirdi ki, «yazılan əsərin gərək ünvanı olsun». Çoxu xarici ölkə bəstəkarlarının əsərlərini götürüb öz adı ilə çap etdirir. Bu, bəstəkarlıq deyil. Ümumiyyətlə, bu gün musiqi aləmində çox xoşagəlməzliklər var. Efirin mənzərəsi ürəkaçan deyil. Ara mahnılarına, heç bir yerdə təsdiqini tapmayan mahnılara üstünlük verilir. Biz mahnı yazanda bütün Bəstəkarlar İttifaqı qarşısında onu nümayiş etdirirdik və hətta, bir kəlmə söz də müzakirə mövzusuna çevrilirdi. Böyük tələbkarlıq vardı. İndi nə mahnının sözlərini, nə də musiqisini başa düşmək olur. İndiyə qədər yazılan gözəl mahnıları – Cahangir Cahangirovun, Səid Rüstəmovun, Qəmbər Hüseynlinin, Tofiq Quliyevin mahnılarını az təbliğ edirlər. Televiziya kanallarını və radionun böyük günahı var. Mən bir sənətçi kimi bu günahı bağışlaya bilmərəm. Qoy məndən incisinlər. Mən onları bağışlaya bilmərəm ki, o cür gözəl mahnıları ortaya çıxarmırlar. Çox adam uşaq mahnılarının müəllifi Ağabacı Rzayevanı tanımır. Müasir gənclər bilmirlər ki, Tofiq Quliyev və ya Qəmbər Hüseynli kimdir. Bu baxımdan bizdə təbliğat çox zəifdir. Bu işə güclü nəzarət olmalıdır. Elə bəstəkarlar yaddan çıxmamalıdır. Bu fikirlər şairlərimizə də aiddir. Mən Məmməd Rahimin, Zeynal Xəlilin, Süleyman Rüstəmin adlını eşitmirəm. Onları yaddan çıxarmaq günahdır. Hətta iş o yerə gəlib çatıb ki, mahnılar ifa olunanda şeir müəllifinin adını demirlər. Əvvəllər isə musiqisi və bəstəkarının kimə aid olduğu deyilirdi. Bir dəfə bununla bağlı telekanallara müraciət də etmişəm. «Bizə deyiblər ki, adları demək lazım deyil» cavabını verdilər. Bu, biabırçılıqdır. Heç olmasa, ildə bir dəfə hər bəstəkarın mahnılarından ibarət konsert verilməlidir ki, böyüyən nəsil onları tanısın. Bu baxımdan, bir tərəfdən sənətdə inkişaf gedir, digər tərəfdən isə köhnələri yaddan çıxarırlar.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163