AZE | RUS | ENG |


Daha ucuz kreditlərin verilməsi üçün yeni model

Daha ucuz kreditlərin verilməsi üçün yeni model
Ekspert deyir ki, bu addım kiçik və orta sahibkarlığın inkişafı baxımından mühümdür

Bu günlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mikro-maliyyə təşkilatları üçün xərclərin aşağı salınmasının yollarını açıqlayıb. Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında çıxışı zamanı V.Qasımlı deyib ki, mikromaliyyə təşkilatları "Fintech" adlandırılan maliyyə texnologiyasına yaxınlaşdırılmalıdır: "Başqa yol yoxdur. Yaxınlaşma olmazsa, mikromaliyyədə "Fintech" tətbiq olunmazsa, biz mikromaliyyənin xərclərini aşağı sala bilməyəcəyik. Mikro-maliyyənin xərcləri aşağı düşməzsə, təklif etdiyi  xidmətlər nə biznes, nə də ev təsərrüfatları üçün əlverişli olmayacaq". 
 
İcraçı direktor əlavə edib ki, artıq Azərbaycanda bahalı kreditlər dövrü geridə qalıb: "Biz bu barədə dəfələrlə müzakirələr aparmışıq. Yəni, biz elə əlçatan kredit faizləri və maliyyə xidmətləri faizləri təklif etməliyik ki, həm biznes, həm də ev təsərrüfatları mikromaliyyədə maraqlı olsun. Bir daha təkrar edirəm ki, bunun yeganə yolu "Fintech"dir. Azərbaycan mikromaliyyəçiləri bunun mütləq nəzərə almalıdırlar". 
 
Millət vəkili Elmira Axundovada kredit məsələləri ilə bağlı  yerli mətbuata müsahibə verib. O bildirib ki, bu tendensiyadan qurtulmaq lazımdır: "Banklarla vətəndaşlar arasındakı münasibətlər məni də narahat edir. Doğrudan da bank sistemimiz ciddi böhran yaşayır, böhrandan hələ çıxmayıb. Bir aydan sonra - noyabrda Milli Məclisdə (MM) büdcə müzakirələri olacaq. Müzakirədə sözümü deyəcəyəm. Hazırda vəziyyətin analizini aparıram. Doğrudan da əhalinin bank sisteminə inamı çox aşağı düşüb. İnsanlar qazandığı pulları banka etibar etmək istəmirlər. Ya evində saxlayır, ya tikintiyə yatırır, ya da başqa ehtiyacı olan insanlara sələmə verir. İnsanlar şahidi olublar ki, bir neçə bankın çökməsi nəticəsində, banklara yatırılan vəsaitlər "batıb". Ona görə, öz vəsaitlərini bu sistemə etibar etməkdən çəkinirlər. Bəli, faizlər çox yüksəkdir. İnsanlar da bundan əziyyət çəkir. Mövcud xoşagəlməz tendensiyadan xilas olmaq lazımdır. Ona görə ki, bank sektoru tənəzzüldədirsə, iqtisadi inkişafdan söhbət gedə bilməz. Sağlam iqtisadi inkişaf üçün sağlam və etibarlı bank sistemi olmalıdır. Hər kəs banklara inanmalıdır, etimad göstərməlidir. Gərəkdir ki, hazırda dövlət nümayəndələrinin diqqəti bank sisteminin sağlamlaşdırılmasına yönəlsin. İddia etmirəm ki, bütün banklar böhran məngənəsində sıxılır. Doğrudur, sağlam və etibarlı banklarımız var. Lakin çox böyük problemlər hələ də qalmaqdadır”.

Bəs görəsən yeni kredit modelinin tətbiqi bank sektorundakı problemlərin həllinə yardımçı ola biləcək? Sözügedən modelin tətbiqi nə qədər vaxt aparacaq? 
 
İqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, bununla bağlı araşdırma aparılmalıdır: "Belə bir texnologiyanın tətbiqinin mümkünlüyünü əvvəlcədən öyrənmək lazımdır. Lakin istənilən halda mikromaliyyələşmə, xərclərin azaldılması və daha aşağı xərclərlə mikro kreditlərin təklif edilməsi çox vacibdir. İlk növbədə bu, kiçik və orta sahibkarlığın inkişafı baxımından mühümdür. Düşünürəm ki, belə bir modelin bizdə də tətbiqi mümkündür. Xərclərin azaldılması və planlaşdırılmanın aparılması üçün dəstəyə ehtiyac var. Bundan başqa, bank olmayan kredit təşkilatlarının arasında da rəqabətin gücləndirilməsi vacibdir. Hesab edirəm ki, daha aşağı faizlərlə daha ucuz kreditlərin verilməsi mümkündür. Kiçik və orta sahibkarların  kreditə  çıxış imkanlarını artırmaq üçün bu texnologiyanı tətbiq etmək lazımdır. Güman edirəm ki, Kredit Zəmanət Fondunun yaradılması da nəticə etibarı ilə imkan verəcək ki, mikromaliyyələşmə zamanı xərcləri aşağı salmaq mümkün olsun. Bu gün mikrokreditlərə əlçatanlıq ən ciddi problemlərdən biri hesab olunur. Həmin kredit riskləri banklar tərəfindən sığortalanmalıdır. Bu sığortalanma  Kredit Zəmanət Fondu tərəfindən təmin ediləcək. Belə bir modelin tətbiqi kreditə əlçatanlığı təmin edəcək. Düşünürəm ki, mikrokreditləşmə və daha ucuz kreditin verilməsi üçün yeni modelin tətbiqi biznesdə başlanğıc etmək istəyənlərin kreditə çıxış imkanlarını təmin edəcək”. 
 
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynovdeyir ki, yeni modeli tətbiq etməkdə başlıca məqsəd, kredit əlçatanlılığını təmin etməkdir: "Uzun müddətdir ki, kreditləşmə və kreditlərin qaytarılması ilə bağlı ciddi problemlər var. Məhz bu problemlər  yeni modelin tətbiqini çağırış olaraq ortaya qoyur. Ona görə hesab edirəm ki,  yeni modelin tətbiqi zəruridir. Bu, növbədə, kreditlərin verilməsi və mikromaliyyələşmənin həyata keçirilməsi üçün imkanları  asanlaşdıracaq. Təbii ki, başlıca məqsəd kredit əlçatanlığını təmin etməkdir. Həmçinin kreditlərin ödənişi yeni modellə daha da asanlaşdırılacaq. Düşünürəm ki, belə bir modelin tətbiqi qısa zaman ərzində öz müsbət təsirini göstərəcək. Hazırda bu məsələ konkret olaraq Milli Məclisin gündəmində olmasa da, müəyyən müddət sonra qanunvericilik çərçivəsində məsələyə baxılması məqsədəuyğundur. Bu gün ölkəmizdə iqtisadi islahatlar çox sürətlə həyata keçirilir. Həm Mərkəzi Bank, həm də digər aidiyyəti qurumlar öz səylərini ortaya qoyduqdan sonra qısa zaman ərzində bu modeli ölkəmizdə tətbiq etmək mümkün olacaq”. 
 
Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001