• cümə axşamı, 25 aprel, 14:41
  • Baku Bakı 23°C

Daha keyfiyyətli elektrik enerjisi təminatı istəyiriksə...

16.07.16 09:34 1766
Daha keyfiyyətli elektrik enerjisi təminatı istəyiriksə...
İyulun 14-də Tarif Şurasının növbəti iclası keçirilib və iclasda "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən,bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.Qərarda bildirilir ki, sonuncu dəfə elektrik enerjisinin tarifi 2007-ci ilin yanvar ayında dəyişdirilib. Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. İstehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilib ki, bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib. Həmçinin bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilib. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur. Buna görə də maliyyə asılılığının azaldılması və inkişaf məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılması ilə yanaşı, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına da imkan verəcək.
Xatırladaq ki, bu qərara qədər elektrik enerjisinin pərakəndə satış qiyməti hər kilovat-saat üçün 6 qəpik idi. Biz də kiçik bir araşdırma aparıb regionun və dünyanın bir neçə dövlətinin elektrik enerjisi qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, ölkədəki hazırkı qiymətlər qonşu dövlətlərdən aşağıdır. Məsələn, son 3 ildə Ermənistanda elektrik enerjisinin qiyməti 100-150% artıb. 2015-ci ilin statistikasına görə, elektrik enerjisinin tarifləri Ukraynada 48, Moldovada 34, Latviyada 20, Belarusda 16, Türkiyədə 14, Bolqarıstanda 13, Böyük Britaniyada 11, Rusiya və Qazaxıstanda isə 8% artıb. Onu da nəzərə çatdıraq ki, Ermənistanda istehlakçılar 1 kilovat-saat elektrik enerjisinə görə bizim pulla 12,7 qəpik, Gürcüstanda isə 11,2 qəpik ödəyirlər.
Dünya ölkələrinə gəldikdə isə elektrik enerjisinə görə ən yüksək tarif Solomon adalarındandır. Onları bu sahənin "çempion”ları da adlandırmaq olar. Belə ki, orada 1 kilovat-saata görə 95 sent pul ödənilir. Üstəlik işıq müntəzəm verilmir. Buna görə adamlar problemlərini özləri müstəqil şəkildə həll edirlər. Bunun üçün dizel və külək generatorlarından, həmçinin gün batareyalarından istifadə edirlər. Siyahıda ikinci yeri daha bir ada dövləti tutur. Onun adı Tonqa Krallığıdır. Burada bir kilovat-saat elektrik enerjisinin qiyməti təqribən 50 sentdir. Üçüncü yerdə adı məşhur mahnı ilə eyni olan Yamayka adasıdır. Bu kurortda hər şey əladır. İqlim, dəniz, quşlar, balıqqulaqları… Bircə işıq pulundan başqa. Çünki elektrikə görə gələn hesab heç kimi sevindirmir və qiymət hər kilovata görə təxminən 45 sent təşkil edir. Yeni Kaledoniya və Kuk adalarında da heç kim ehtiyac olmadan işıq yandırmır. Çünki geninə-boluna elektrik enerjisi sərf edənlərə elə bir çek gələ bilər ki... Qısası, burada işlətdiyiniz hər kilovat-saata görə 42-44 sent ödəyirsiniz.
Amerika Samoası dünyanın ən dolu bədənli sakinləri ilə məşhurdur. Buradakı enerji tarifləri də kifayət qədər "kök” hesab olunur və hər kilovat-saata görə qiymət 41 sentdir. Kifayət qədər inkişaf etmiş Danimarka və Almaniyada qiymətlər 40 və 36 sentdir. Doğrudur, burada yüksək olan qiymətlər kifayət qədər yüksək gəlirlə kompensasiya olunur. Lakin bu da yaxşı çıxış yolu deyil. Çünki hamı yüksək maaş almır. Yaponiyada da işıq pulunu ucuz adlandırmaq mümkün deyil. Qiymət təxminən bir kilovat-saat üçün 32 sentdir. İsveçrədə, Niderlanda, İspaniyada, Finlandiyada, Böyük Britaniyada isə tariflər 20-28 sent arasında dəyişir. Avropadakı "görünməyən əl” nədənsə enerji qiymətlərinin azalmasına yardım etmir və qiymətlər yüksək olaraq qalmaqdadır. İsraildə isə elektrik enerjisinin kilovat-saatı əhaliyə 18 sentə satılır. Türkiyədə, Monteneqroda, Bolqarıstanda bir kilovat-saatın qiyməti müvafiq olaraq 16, 15 və 11 sentdir. ABŞ-da da qiymət yüksək hesab olunur və 12-13 sent arasındadır.
İndi isə qiymətlərin normal hesab olunduğu ölkələr haqqında danışacağıq. Çində, Hindistanda, Misirdə qiymətlər 7,5-10 sent arasında dəyişir. Türkmənistan keçən il tarifi iki dəfə qaldırıb və hazırda qiymət 9 sentə bərabərdir. Paraqvay, Vyetnam və BƏƏ-də elektrik enerjisinin tarifləri eynidir və 8 sentdir. Laos və Özbəkistanda da qiymət bərabərdir – hər kilovat-saat üçün 5 sent təşkil edir. Tacikistan və Venesuellada isə qiymət 3 sentdir. Ukraynada devalvasiya nəticəsində qrivnanın iki dəfə dəyərdən düşməsi ilə kilovat-saatın dəyəri 2-3 sentə enib. Hakimiyyət bu xoşagəlməz halı düzəldəcəyinə söz verib və tarifləri 2017-ci ilə qədər 3,5 dəfə artıracağını elan edib.
Rusiyada 2015-ci ildə tariflər 7-8 faiz artıb. Buradakı qiymətlərdən danışarkən devalvasiyanın baş verməsini də unutmamalıyıq. Qazaxıstanla da ölkəmizdəki qiyməti müqayisə etdikdə xeyli fərq var və bizdəki tariflər kifayət qədər aşağıdır.
Ümumi götürdükdə elektrik enerjisinin dünya üzrə orta qiyməti 8-20 sent arasında dəyişir və bu, əhalinin gəlirlərindən asılı deyil. Sonda bir daha qeyd edək ki, kommunal xərclərin artması labüd hala çevrilməyə bilməzdi - əgər daha keyfiyyətli təminat istəyiriksə.
H.Əsgər
banner

Oxşar Xəbərlər