• çərşənbə, 24 Aprel, 00:31
  • Baku Bakı 14°C

“Daha çox özləri maliyyələşdirdikləri adamları müdafiə edirlər”

23.09.14 13:28 1271
“Daha çox özləri maliyyələşdirdikləri adamları müdafiə edirlər”
Son günlərin ən çox müzakirə olunan mövzusu Avropa Parlamentində ölkəmiz əleyhinə növbəti qərəzli qətnamənin qəbul olunmasıdır. Təbii ki, qətnamə ictimaiyyətin narazılığına səbəb olub və dövlət rəsmiləri də bunun ölkəmizə qarşı qərəzdən başqa bir şey olmadığını bildiriblər. Müxtəlif siyasi partiyaların rəhbərləri də qətnamənin qərəzli olduğu qənaətindədirlər.
Fikirlərini bizimlə bölüşən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev dedi ki, artıq avropalıların bu cür mövqe sərgiləməsinə təəccüblənmək lazım deyil. Bu hal onlarda ənənə xarakteri daşıyır: “Avropa Parlamentinin qərarları ədalətlilik prinsipinə söykənmir. Onları mövcud reallıq, əsl demokratiya deyil, özlərinə lazım olan “demokratiya” maraqlandırır. Hər zaman çalışırlar ki, bəzi dövlətləri təzyiq altında saxlasınlar və qərarlarına təsir etsinlər. Azərbaycanla da bu cür davranmağa meyllidirlər. Ölkəmiz beynəlxalq siyasətdə bunlardan başqa kiminsə marağına uyğun gələn addım atanda, dərhal haqqımızda bu cür mənfi fikirlər səsləndirir, neqativ hallardan danışırlar. Misal üçün, son zamanlar Rusiya ilə münasibətlərimiz daha da yaxşılaşıb. Əlbəttə ki, hər bir dövlətin müstəqil siyasəti, planlı yolu var. Biz heç kimdən asılı olmayan siyasət yürüdürük. Amma şimal qonşumuzla da əlaqələri irəli aparırıq. Təbii ki, bu durumla əlaqəli olaraq, müəyyən bəyanatların səsləndiriləcəyi gözlənilən idi. Dərhal hər hansı bir formada reaksiya verəcəkləri bilinirdi. Ya kiməsə siyasi dustaq deyir, ya bəyanat verir, ya da haqqımızda mənfi qərarlar verirlər. Bir məsələni də qeyd edim ki, sənədin mahiyyətində heç də radikal müxalifətin təqdim etdiyi kimi, sanksiyalardan söhbət getmir. Bu, sadəcə tövsiyə xarakteri daşıyan sənəddir”.
E.Musayevin fikrincə, qətnamədə sərt fikirlərin səsləndirilməsinə digər səbəb Türkiyə baş nazirinin Azərbaycana səfəri və müəyyən razılıqların əldə olunmasıdır: “Onlar sanki mənfi bəyanatlarla dolu sənəd hazırlamağı özlərinə borc bilirlər. Düşünürlər ki, bu cür diktə ilə danışmasalar, hörmətdən, nüfuzdan düşə bilərlər. Gərək süni şəkildə də olsa irad bildirsinlər, nəyisə təkid etsinlər. Onlar hələ də anlamırlar ki, Azərbaycan nə Ukraynadır, nə Gürcüstan, nə də Ermənistan. Bəyanatlarında daha çox özləri maliyyələşdirdikləri adamları müdafiə edir və bunu özlərinə borc sayırlar. Həmin şəxslərin kim olduğunu nəinki Avropa, bütün dünya bilir. Təəssüf ki, bilə-bilə yenə də onları müdafiə edirlər. Azərbaycanda belə bir prinsip yoxdur ki, siyasətlə məşğul olan və yaxud da siyasi prosesə qoşulanlar cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hər kəs qanun qarşısında bərabərdir və Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılır. Doğrudur, həbs olunan şəxslər haqda hələ məhkəmənin qərarı yoxdur. Ona görə də onları cinayətkar adlandırmaq olmaz. Amma proseslər göstərir ki, bu insanlar təqsirsiz deyillər. Bu və digər məqamlar bir daha təsdiqləyir ki, Avropa Parlamentinin qərarı ədalətsiz və qeyri-obyektivdir”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli də sənədin heç bir reallığı əks etdirmədiyini söylədi: “Avropa Parlamentində 750 deputat təmsil olunur. Bu qətnaməni isə 46 deputat qəbul edib. Bu isə heç 7 faiz demək deyil. Yəni, 7 faizdən aşağı sayda deputatın qəbul etdiyi qətnamə obyektiv ola bilməz. İkinci məsələ odur ki, iştirak edənlərin böyük əksəriyyəti Azərbaycan haqda geniş bilgilərə malik deyil və ölkəmizdə heç bir monitorinq keçirməyiblər. Təbii ki, ölkəmizə gəlməyən, buradakı prosesləri bilməyən şəxslər ancaq lobbilərin təsiri altında belə sənəd qəbul edə bilərlər. Diqqət çəkən məqam odur ki, Ermənistanın təcavüzü ilə yurd-yuvasından qaçqın düşmüş 100 minlərlə insan haqda heç nə demirlər. Onların pozulan haqları barədə danışmırlar. Məncə, Avropa Parlamentinin belə sənəd qəbul etməsi heç öz rəhbərlərinin də xoşuna gəlməyib. Sentyabrın 20-də Bakıda çıxış edən Avropa Parlamentinin baş komissarı Barozzonun çıxışını dinləyəndə də bunu hiss etmək olur. O, Azərbaycan haqda yüksək fikirlər səsləndirir, bizim ölkə ilə əməkdaşlığa can atdıqlarını deyirdi. Onu da deyim ki, Avropa Parlamentinin bu qərarı sadəcə, icra orqanlarına tövsiyə olunub. İcra orqanları isə müxtəlif dövlətlərin nümayəndələrindən ibarətdir. Ona görə də düşünürəm ki, ölkəmizlə Avropa Parlamenti arasındakı münasibətlər pozulmayacaq”.
Partiya sədri Avropa Parlamentinin özünü xristian qurumu kimi apardığını da nəzərə çatdırdı: “Uzun illərdir ki, Türkiyəni ora üzv qəbul etmirlər. Halbuki Türkiyə dünyəvi bir dövlətdir. Qərblilərin ermənilərə qarşı xüsusi münasibətləri var. Azərbaycana qarşı davranışları bunu deməyə əsas verir. Özlərindən bir nəfər şəhid olanda, kiminsə hüququ pozulanda dərhal məsələ qaldırırlar. Amma Azərbaycandan əsir düşən, ermənilər tərəfindən öldürülən, torpağını itirən şəxslərin hüquqları onları maraqlandırmır. Bütün bunlar onların bizə qarşı qərəzini təsdiqləyir. Ona görə də düşünürəm ki, Avropa Şurası Nazirlər Kabineti, icra orqanları bu tövsiyələri dinləməyəcək, obyektiv olduqlarını ortaya qoyacaqlar. Ukrayna ilə bağlı məsələlərdə də Azərbaycana qarşı başqa, onlara qarşı tam başqa mövqedə olduqlarını gördük. Ukraynaya böyük diqqət yetirirlər. Orada baş verənlərə görə Rusiyaya sanksiyalar tətbiq edilir. Amma Azərbaycana çatanda, bu cür addımlar yada düşmür. Onların ikili standartlardan çıxış etdikləri faktdır. Ölkəmizə qarşı qeyri-səmimi münasibətləri dərhal sezilir. Azərbaycan neftinin, qazının faydasını görürlər. Əfqanıstan, İran, Rusiya məsələsi ortaya çıxanda Azərbaycandan faydalanmağa çalışırlar. Amma bizim əhalinin mənafeyinin müdafiəsi lazım gələndə, bizə düşmən münasibəti göstərirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər