• cümə axşamı, 25 aprel, 09:21
  • Baku Bakı 14°C

Daha çox bölgələrdə rast gəlinən uşaq ölümləri

28.07.17 12:00 2781
Daha çox bölgələrdə rast gəlinən uşaq ölümləri
Azərbaycanda 5 yaşadək uşaqlar, eləcə də körpələr arasında ölüm göstəricisi azalıb. Trend-in statistik göstəricilərə istinadən apardığı araşdırmaya görə, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü (1 yaşadək) şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.
2016-cı ildə Azərbaycanda 1 yaşadək 1666 uşaq dünyasını dəyişib ki, onların 1380-i şəhər, 286-sı kənd yerlərində ölüb. 2015-ci ildə isə 1602-si şəhər, 431-i kənd yerlərində olmaqla, ümumilikdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1090 körpə dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri (bu səbəbdən 2016-cı ildə 173 körpə ölüb), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları (bu səbəbdən 2016-cı ildə 151 körpə ölüb) tutur.
2006-cı ildə dünyasını dəyişən 1882 nəfər 1 yaşadək uşağın 1082-si şəhər, 800-ü kənd yerlərində öldüyü halda, 2005-ci ildə ölən 1580 körpənin 780-i şəhər, 800-ü kənd yerlərində, 2004-cü ildə 1892 uşağın 889-u şəhər, 1003-ü kənd, 2003-cü ildə 1649 uşağın 719-u şəhər, 930-u kənd yerlərində, 2002-ci ildə 1815 uşağın 707-si şəhər, 1108-i kənd yerlərində, 2001-ci ildə 1886 uşağın 761-i şəhər, 1125-i kənd yerlərində ölüb.
2016-cı ildə ölkədə 5 yaşadək uşaqlar arasında da ölüm göstərici 2015-ci ildəki 2395 sayından 2092-yə enib. Ötən il hər 1000 nəfər diri doğulan uşağa düşən 5 yaşadək uşaq ölümü sayı 13,8 nəfər, 2015-ci ildə 13,3 nəfər, 2014-cü ildə 12,6 nəfər olub.
Statistik məlumatlardan aydın olur ki, körpə ölüm daha çox Bakı şəhərinin, daha sonra isə Aran iqtisadi rayonunun payına düşür.
2016-cı ildə Bakıda 517, Aran iqtisadi rayonunda (Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Biləsuvar, Salyan, Yevlax, Mingəçevir, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) 345, Lənkəran iqtisadi rayonunda ( Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad) 130, Gəncə-Qazax iqtisadi rayonunda (Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Naftalan) 129, Abşeron iqtisadi rayonunda (Xızı, Abşeron, Sumqayıt) 128, Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ) 126, Quba-Xaçmaz iqtisadi rayonunda (Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən) 114 nəfər 1 yaşadək uşaq ölümü baş verib.
Ümumilikdə, 5 yaşadək oğlan uşaqları arasında ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir. Ötən il ölən 2092 nəfər 5 yaşadək uşaqların 1259-u oğlan, 833-ü qız olub. Ötən il Bakıda 517 körpə ölümü baş verib ki, onların 299-u oğlan, 218-i qız olub.
Respublikanın baş pediatrı Nəsib Quliyev bildirir ki, əslində rayon yerlərində nə üçün uşaqların çox öldüyünü bilmək üçün həmin rayonların xəstəxanalarını araşdırıb öyrənmək lazımdır: "Bakıda uşaqlar ona görə çox ölür ki, vəziyyətində ciddi problem olan uşaqlar əvvəlki illərdən fərqli olaraq, rayonlarda qalmır. Yüksək ixtisaslı tibbi yardım üçün onu Bakıya gətirirlər. Bu zaman da ölüm halı Bakıda baş verir. Bu da ölü sayına təsir edir, Bakıdakı göstərici çox olur. Əslində isə məsələ belədir, tutaq ki, Ağcabədidən uşaq gətirirlər və o, Bakıda ölür. Onun Bakıda ölməsi haqqında məlumat verilir, amma həmin rayonun adında gedir. Yəni valideyn burdan ölüm haqqında sənədini alır, yaşadığı rayona vətəndaşlıq vəziyyətinin aktı şöbəsinə verir. Amma belə deyərdim ki, dağ rayonlarında ölüm aran rayonlarına nisbətən daha yüksəkdir. Səbəb isə mərkəzdən uzaqlaşdıqca, kommunikasiya xidmətlərində, tibbi yardımın səviyyəsində problemlərin yaranmasıdır. Yardımlıda, yaxud Lerikdə uşaqlara göstərilən tibbi yardımla paytaxtda göstərilən eyni ola bilməz. Düzdür, rayonlarda da xidmət sahələri yaradılıb, amma istənilən halda şəhərlə kəndin fərqi hiss olunur. Bundan başqa, burada iqtisadi, qidalanma faktoru da var”.
"Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Kərimova bildirir ki, rəhbərlik etdiyi birlik əsasən ürək qüsurlu uşaqların əməliyyatlarını həyata keçirdir: "Bu günə qədər 1000-dən çox uğurlu əməliyyat olub və uşaqlar sağlam həyata qovuşublar. Təbii ki, hələ bizə müraciət edən çoxlu sayda ürək qüsurlu uşaqlar var ki, onlar da sağlam həyata qovuşmaq istəyir. Qeyd edim ki, əməliyyatlarımız həm vətənimizdə, həm də Ukraynada, Türkiyədə olur. Amma ümumi olaraq onu deyə bilərəm ki, uşaq ölümləri müxtəlif səbəblərdən ola bilər. Bu irsi və ya yoluxucu xəstəliklər, vaxtında düzgün qoyulmayan diaqnoz və müalicələr, doğuş zamanı olan ölüm hadisələri və s. ola bilər. Bununla bağlı ciddi araşdırılma aparılıb, səbəblər öyrənilməlidir ki, gələcəyimiz olan körpələr tələf olmasınlar. Uşaq ana bətninə düşəndən doğulana qədər həkim nəzarəti altında olmalıdır. Amma çox təəssüflər olsun ki, rayonlarda qaydaya əməl olunmur. İndiki yaşlı xanımlar hamilə olarkən, həkimə müraciət etmədən, analiz vermədən dünyaya sağlam uşaq gətiriblər. Amma hazırda ekoloji vəziyyət çox dəyişib. Dünyada xeyli ekoloji problemlər var. Bunlar hamısı insan səhhətinə, xüsusilə də uşaqlara mənfi təsir göstərir”.
Məsələ ilə bağlı tibbi ekspert, professor Adil Qeybullanın da fikirlərini öyrəndik. Onun fikirlərinə görə, bölgələrdə uşaq ölümlərinin çox olması tibbi xidmətin təşkili ilə əlaqədardır: "Bu, həm hamiləliyin patoloji keçməsi və həmin bölgədə olan tibbi xidmətin səviyyəsindən asılıdır. Həmçinin uşağın ana bətnində olarkən keçirdiyi və ya doğuşdan sonra qazanılan hər hansı bir xəstəliklə də bağlı ola bilər. Bundan başqa, rayon yerlərində qohum evlilik çox olur. Bu səbəbdən də baş verə bilər. Yəni birmənalı şəkildə konkret bir səbəb demək çətindir. Bilirsiniz, məncə bu məsələ araşdırılmalıdır. Çünki statistikanı verirlər, amma səbəbini konkret olaraq açıqlamırlar. Belə olan halda, müxtəlif səbəblər irəli sürmək olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər