• şənbə, 20 Aprel, 18:26
  • Baku Bakı 24°C

Daha 103 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülür

30.07.18 14:45 648
Daha 103 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülür
Qəzalı binalarda və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi davam etdirilir. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış kompleksinə köçürülmə üçün növbəti püşkatma Binəqədi rayonunda baş tutub.

APA-nın məlumatına görə, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə məcburi köçkünlərin mənzil probleminin həlli istiqamətində dövlətimizin gördüyü işlərdən bəhs edilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində "Qobu Park” yaşayış kompleksinin təməl qoyma mərasimi keçirilib və burada tikinti işləri qısa müddətdə başa çatdırılıb. Bakıda qəzalı, ən ağır vəziyyətdə olan binalarda, xüsusən, zirzəmilərdə müvəqqəti məskunlaşan köçkün ailələrinin bu il iyulun 9-dan həmin kompleksdə yerləşdirilməsinə başlanılıb.

Püşkatmada Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsindəki, Səhiyyə Nazirliyinin təmir-tikinti idarəsinin balansında olan 7 saylı inzibati binada və "Səttar Bəhlulzadə küçəsi, 23” ünvanında yerləşən 3 saylı fəhlə yataqxanasında ağır şəraitdə yaşayan məcburi köçkünlər iştirak ediblər.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yeni salınmış "Qobu Park” yaşayış kompleksində, əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər. Ümumilikdə 103 ailəyə yeni mənzillərin orderləri təqdim edilib.
banner

Oxşar Xəbərlər