• cümə, 29 Mart, 19:57
  • Baku Bakı 14°C

Dadaş

11.11.19 14:00 17245
Dadaş
"Günəş" taksi maşınları parkında Dadaşı hamı tanıyır. Onu görənlər, istər-istəməz gülümsəyirlər. Bilirsiz niyə? O gün Dadaş işə vaxtından əvvəl gəlmişdi. Maşının ora-burasına baxıb, "smenşik"in qarasına deyindi: ‘Zalım oğlu maşına heç baxmır. Elə bil, anbara salıb, hər tərəfi palçıqdı. Heç olmasa qaraja girəndə uşaqlara üç manat ver, yusunlar. Bu gündə şəhərə çıxmaq olar?..” O, sonra maşının yağına və suyuna baxıb, narazı halda başını buladı: ‘Suyu da yoxmuş ki...". Dadaş maşını yuyucuların yanına sürdü.
Oğlan Dadaşı görən kimi gülümsədi: - Sabahın xeyir, Dadaş əmi, maşallah, lap tezdən gəlmisən. Sonra o rezin çəkməni geyinib maşına baxdı və dedi: - Bahoo, qaragün maşın nə gündədi! İncimə Dadaş əmi, sənin o "smenşik"in lap "krısadı" ha... Dadaş oğlana cavab vermədi. Bildi ki, ona cavab versə, iş uzanacaq, oğlan nədən oldu "üyüdüb" tökəcək. O, gödəkçəsinin düymələrini bağlayıb gəzişməyə başladı. Yadına düşdü ki, axşam arvadla toya getməlidi, Səidənin rəfiqəsinin toyudu, getməsə, olmaz. Toyun pulunu çıxara bilsə, yaxşı olar. Hələ bu toydan əlavə iki dəvətnamə də veriblər. Kişi balaca dilxor oldu: "Allah evini yıxmasın toyu bazara çevirənlərin. Qazandığımız toylardadı...". Yadına Anaxanımın toyla bağlı dedikləri düşdü: "A kişi, elə demə, təki şadlıq olsun. Maşallah, kiçik qız da böyüyüb. Bir də gördün elçilər girdi qapıdan. İndi sən gedirsən, sənin qızının toyu olanda da onlar gələcəklər. Hələ qabaqda nəvələrin var...". Dadaş kişinin çöhrəsi işqlandı, ürəyini sevinc hissi bürüdü: "Hə, Anaxanım düz deyir, təki toy olsun. Maşallah, Səidə də gözəl-göyçək qız olub..." Dadaş kişi Səidəni çox istəyir, çünki o, rəhmətlik anasına oxşayır. Buna görə də ona həmişə "anam" deyir, bir sözünü iki eləmir. Ürəyi istəyəni haradan olsa tapıb alır. Anaxanım da buna görə arabir deyinir ki, belə eləmə, qızı ərköyün öyrədirsən. Dadaş isə ona çox vaxt təbəssümlə cavab verir... Dadaş maşını minəndə dedi: "Bizdən hərəkət, Allahdan bərəkət! Yaxşı olar, inşallah". Bu vaxt sürücü yoldaşlarından biri onun yanından keçərkən zarafatla: - Yenə formadasan, ha, Dadaş, ceyran ovuna gedirsən? -dedi. Dadaş ona cavab vermədi. Baləmi sürüb getdi. Kişi onun dalınca: - Heyf deyildi köhnə vaxtlar. Gecə-gündüz yatdı yox idi, pul da ki, zibil kimi... Evə dönəndə cibindəkiləri tökürdün stolun üstünə, arvad-uşaq sayırdı. O yandan da dostlarla hər axşam ley-pey. Çexski pivənin tapılmayan vaxtında "Kubinka"dan yeşiknən alırdıq... Yoxsa indi, planı gücnən çıxarırıq. Arvad-uşaq yanında da üzqaraçılıqdı. "Atanşik"lər də o qədər çoxalıb ki. Götürürsən maşına lazımı yerə çatanda pul vermək istəmir, deyir bağışla, xəstəyəm, o biri deyir olanım budu. Hərəsi bir bəhanə ilə aradan çıxır...
O gün də "Beş mərtəbə"nin yanında bir qadını götürmüşəm. Deyib ki, Yasamal bazarına sür, oradan meyvə alıb xəstəxanaya gedəcəyəm. Mən də sürmüşəm. Düşüb girib bazara. Gözləmişəm. Xeyli keçib üstündən. Bir də görürəm şofer yoldaşlardan biri siqnallayır. Düşüb soruşur ki, Dadaş, bayaqdan iki dəfə oyan-bu yana keçmişəm, görmüşəm dayanmısan, nə məsələdi? Demişəm ki, bəs belə... Mənə gülüb deyir ki, a kişi, o qadın "atanşik"di. Bu qapıdan girir, o biri qapıdan çıxıb gedir... Əlim üzümdə qalıb. Dünya nə pis olub, qadına bax, əmələ bax... "Kömürçü meydanı"n yanından ötəndə bir qız əl qaldırdı və maşına minən kimi dedi ki, əmi, imtahana on dəqiqə qalıb, məni universitetə çatdır. Dadaş: - Çalışaram qızım, ancaq çox gec qalmısan. Gərək elə yolla gedək ki, "probka"ya düşməyək. Narahat olma, əmi səni imtahana çatdıracaq. O avtomobili ara küşələrlə sürüb Cavid prospektinə çıxardı və metronun yanından keçib universitetin böyük qapısı ağzında saxladı. Qız sevincək halda maşından düşdü və beşliyi ona uzadıb "sağ ol, əmi" deyib, tez uzaqlaşdı. Dadaş kişinin yadına yenə Səidə düşdü. Çünki Səidə də bu universitetdə oxuyurdu. Qızı axşamlar gec yatsa da, hər gün tezdən durur, çay qoyur, yemək yeyir və sakitcə universitetə yollanır. İmtahanlardan da, maşallah, çox vaxt "əla" alır. Bir dəfə də olsun kişiyə ata-anaya əziyyət verməyib... Cavid prospektinə yenicə çıxmışdı ki, supermarketin yaxınlığında Şamil müəllimi gördü. Yanında nəvəsi vardı. Deyəsən, uşağı dərsə aparırdı. Maşını düz onun qarşısında saxladı. Şamil müəllim Dadaşın köhnə qonşusuydu, dağlı məhəlləsində yaşayırdılar. Darvazaları bir-birinə qonşucanlı idi. Məhəllədə hər kəsin harada həll ediləsi vacib işi olurdu Şamil müəllimi axtarırdı. Böyük alim olsa da, çox sadə idi. Buna görə də məhəllədə xeyir-şər olanda Şamil müəllimi yuxarı başda oturdurdurlar.
Dadaş onunla iyirmi beş ildən çox qonşuluq eləmişdi, ancaq bir dəfə də olsun onun haqqında xoşagəlməz söz eşitməmişdi. Universitetdə dekan idi. Qonşuların oxuyan uşaqlarının çoxuna köməyi dəymişdi. Elə Dadaşın oğluna da bir neçə dəfə imtahandan qiymət yazdırmışdı. Sonra da yanına çağırıb demişdi ki, atan zəhmət-zillətlə çörək qazanır, yaxşı oxu... Ondan sonra oğlan Şamil müəllimdə söz vermişdi ki, daha yaxşı oxuyacaq. Bir də ancaq təyinat zamanı Şamil müəllimdən xahiş etmişdi ki, onun, cənub rayonların birinə göndərilməsinə kömək etsin. Şamil müəllim də nazirlikdə kiməsə ağız açmışdı, sözünü yerə salmamışdılar. Şamil müəllim rüşvət-zad alan deyildi. Buna görə də, universitetdə ona hörmət edirdilər, bir dəfə rektor qoymaq istəmişdilər, özü razılıq verməmişdi, demişdi ki, ora can atanların çoxunu tamah aldadır. Mən ildə bir kitab yazıram, mühazirələr oxuyuram, aldığım bəsimdi, vəzifə gəldi-gedərdi... Dadaş sükanın arxasından çıxıb Şamil müəllimlə görüşdü, sonra da nəvəsini öpdü: - Necəsiniz, Şamil müəllim, bacı necədi? Maşallah, nəvə də böyüyüb.
Şamil müəllim də Dadaşdan ailəsini, uşaqlarını soruşdu. Sonra da dedi ki məhəllədə nə var, nə yox? Dadaş məhəllə sözünü eşidən kimi köks ötürdü və dedi: - Daha məhlədə məhləlik qalmayıb, sakinlərin çoxu pulunu alıb köçüb gedib, beş-on ailə qalıb. Şamil müəllim dedi: - Tez, ya gec, o yerlər sökülməli idi. Bu gün şəhərin mərkəzində belə məhəllələrin olması xoşagələn deyil. Ancaq gərək əhalini razı salaydılar. Dadaş onun haqqında ürəyindən keçənləri Şamil müəllim maşından düşəndən sonra dedi: - Allah belə insanları saxlasın, kişi oğlu kişidi. Adam belələrindən ötrü canını verər. Birdən gözü yan oturacaqdakı pula sataşdı. Şamil müəllim Dadaşın ondan almayacağını bilib, pulu sakitcə ora qoymuşdu. Dadaş yenə yola çıxsa da, Şamil müəllim haqda fikirləşirdi. Birdən iki cavan oğlan ona əl qaldırdı. Maşın dayanandan sonra onlardan biri pəncərədən başını içəriyə salıb dedi: - "Aeroport"a gedəcəyik. Dadaş : - Əyləşin,- dedi. Cavanlar yolun kənarındakı korobkanı maşının baqajına qoyduqdan sonra hər ikisi arxada oturdu. Yol boyu astaca nəsə danışırdılar. "Aeroport"a dönən yolda qəza olmuşdu. Yol polisi hərəkəti nizamlamağa çalışırdı. Xeyli dayanmalı oldular... Maşın vağzalın qarşısında dayananda cavanlardan biri dedi: - Mümkünsə, üçcə dəqiqə gözləyin, saxlama kamerasındakı bağlamanı götürüm, qardaşım sizinlə şəhərə dönəcək.
Cavanlar getdilər, lakin dedikləri vaxtdan xeyli keçsə də qayıtmadılar. Dadaş kişi dilxor olmuşdu. Öz-özünə deyinirdi: "Korobkalarını götürsəydilər, heç gözləməzdim, rədd olub gedərdim..." O, daha on dəqiqə gözlədi, ancaq cavanlar qayıtmadılar. Dadaş məsələnin nə yerdə olduğunu başa düşdü. Maşını işə salıb geri dönmək istəyirdi ki, bir qadın əl qaldırdı. Əvvəl istədi maşını saxlamasın, amma yağış başlamışdı və qadın nazik paltarda və çətirsiz idi. Buna görə də maşını saxladı və qadının çemodanlarını baqaja qoydu. Qadın astaca dedi: - Yasamal tərəfə, "Olimp" mağazasının yerləşdiyi binanın həyətinə gedəcəyəm. Dadaş o dəqiqə başını qaldırıb güzgüdə qadına baxdı. Bu o idi- Flora müəllimənin qızı... Ancaq heç nə demədi, heç nə soruşmadı. Gözünü yola dikib məktəb illərini gözü önünə gətirdi. Səidə ilə bir məktəbdə oxuduğu illəri, günləri sıralamağa başladı. Səidənin qızılı saçları, qoşa hörükləri, yumru ala gözləri vardı. Kağız kimi ağ idi, buna görə də utandığından çox vaxt kapron corab geyinirdi. Dilli-dilavər qız idi. Məhəllə oğlanlarının çoxu ürəyində Səidəni sevirdi. Ancaq heç kəs ürək eləyib bu istəyi dilə gətirə bilmirdi. Dadaş da o qızı sevirdi. Bir dəfə bərk qar yağmışdı.
Oğlanlar məktəbdən çıxan qızları qartopu ilə vururdular. Dadaş onlardan bir qədər arxada dayanıb Səidənin nə vaxt çıxacağını gözləyirdi. Zəng çalındı. Məktəblilər həyətə töküldülər. Az keçmişdi ki, Səidə də Rayihə ilə qapıda göründü. Oğlanlar qartopu atmağa başladılar. Dadaş özünü saxlaya bilmədi, oğlanlardan birini yaxalayıb qarın üstünə yıxdı və yumruqlamağa başladı. Sonra hay-küy qopdu, məktəbin həyəti döyüş meydanına çevrildi. Dadaşın dostları ona köməyə gəlmişdilər. Səhəri gün direktor Dadaşı öz otağına çağırdı və məsələni öyrənməyə çalışdı. Ancaq o, dava-dalaşın niyə və kimə görə baş verdiyini demədi. Direktor Dadaşa yazılı töhmət verdi. Günlərin bir günü Səidə məktəbə gəlmədi və Dadaş hər gün onun yolunu gözlədi. Səidənin isə Dadaşın ona bəslədiyi məhəbbətdən xəbəri olmadı. Sən demə, Səidənin atasını hansı rayonasa işləməyə göndəriblərmiş... O vaxtdan illər ötsə də, Dadaşın ürəyində o qoşa hörüklü qızın surəti hələ də yaşayırdı. - Bağışlayın, siz Səidə xanım deyilsiz? - Nədən bildiz? - Biz sizinlə 175 saylı məktəbdə oxumuşuq, Əli müəllim direktor idi onda... - Hə, doğrudur, ancaq mən sizi xatırlamıram. Qadının son sözləri Dadaşın ürəyində tutuşan ilk sevgi qığılcımlarını yenidən söndürdü.
Şəhərə çatanda yağış daha da bərkimişdi. Bəzi küçələrdə gölməcə yaranmışdı. Ancaq onların evi dikdirdə olduğu üçün yağış, qar suları onlardan yan keçirdi. Ancaq indi Dadaş yağış barədə düşünmürdü, arxa oturacaqda oturmuş Səidə haqqında fikirləşirdi. O, bir azdan maşından düşəcəkdi... Səidə xanım maşından düşmüşdü ki, blokdan ucaboylu bir oğlan çıxdı. Yaxınlaşıb əvvəlcə Səidə xanımı öpdü və sonra: - Mama, niyə xəbər eləməmisən, özüm çıxardım qarşıma. - Eybi yoxdu, narahat eləmək istəmədim. Sağ olsun, bu qardaş, kömək elədi, gətirdi. Deyir ki, bir məktəbdə oxumuşuq... Oğlan çıxarıb Dadaşa pul vermək istədi. Amma Dadaş almadı: - Eyib deyil, bir məhlədə böyümüşük, bir məktəbdə oxumuşuq. Qadın dedi: - Xahiş edirəm götürün, yoxsa bir də sizi görsəm maşınınıza minmərəm... Dadaş Səidəyə baxdı. O, yaşa dolsa da yumru gözləri heç dəyişməmişdi. Ağappaq çöhrəsi necədə aydın və nurlu idi.
Qoşa hörüklərini isə şəlaləyə bənzər şabalıdı saçlar əvəzləmişdi.... Dadaş nə fikirləşdisə maşını öz evlərinə tərəf sürdü. Həyətə girdi və baqajdakı korobkanı götürüb pilləkənləri qalxdı. Anaxanım Dadaşın bu xəbərsiz gəlişinə təəccüblənsə də, onu əlidolu görüb sevinən kimi oldu. O aynabənddə oturub arvadından çay istədi. Sonra istədi başına gələnləri arvadına danışsın, amma bu fikirdən vaz keçdi. Anaxanım çayı gətirib onun qarşısına qoydu, sonra heç nə demədən gedib korobkanı açdı. Anaxanım gördüyünə heyrətləndi: - Dadaş, başuva daş, bu nədi? Lakin o, heç nə olmamış kimi pəncərəyə doğru getdi və yağan yağışa tamaşa eləməyə başladı. Fikri isə hələ də Səidənin yanında idi... Anaxanım isə dinməzcə oturub gah stolun üstündəki daşa, gah da özünü qəribə aparan ərinə baxırdı. Doğru deyiblər, yerin də qulağı var. Bir neçə gündən sonra qarajda çoxları bu məsələdən xəbərdar oldu. O vaxtdan, iş yerində onu, çoxları "Kubik Dadaş" deyə çağırır.

Səməd Məlikzadə
banner

Oxşar Xəbərlər