• cümə, 29 Mart, 06:37
  • Baku Bakı 5°C

Dağ basılmış sinəsindən Lenin ordeni asılan xanım

06.09.17 10:45 892
Dağ basılmış sinəsindən Lenin ordeni asılan xanım
İsti bir yay günündə bütün Gəncəyə səs düşdü ki, Xədicə xanım "Molla nənə”ni kinoya gətirəcək. Fayton dayandı. Qara çadraya bürünmüş, əlində ala-bəzək təsbeh olan bir qarı ağır-ağır aşağı düşdü. Bu, "Molla nənə” idi. O, kinoklubun qabağında toplaşmış qadınları görəndə yerində donub qaldı. Hamı ona baxırdı. "Molla nənə” çarşabın altından bu mənzərəni acı nəzərlərlə süzdü. O, bir faytona, bir də qadınlara baxdı. Geri qayıtmaq fikrinə düşdü. Elə bu zaman Xədicə xanım gülə-gülə onun qolundan tutub içəri apardı. "Molla nənə”nin qaşqabağı yerlə gedirdi. Təmiz və səliqəli geyimli məktəbli qızların tərbiyəsi və nəzakətini görəndə kefi duruldu...
Bu hadisə 20-ci yüzilliyin əvvəllərində Gəncədə baş verib. Xədicə xanımın təşəbbüsü ilə Gəncə qadınları Azərbaycanda ilk dəfə səssiz kinoya baxdılar və onun "Molla nənə”ni kinoya gətirməsi isə böyük bir sensasiyaya səbəb oldu. Kim idi Xədicə xanım ki, buna nail oldu.
Tağıyevə yazılan məktub
Sadıq Əbdürrəhmanov uzaq Urfa türklərindən idi. O, uzun illər çar ordusunda xidmət etmişdi. Ciddi nizam-intizama malik olan Sadıq bəyin iki qızı var idi. Zeynəb və Xədicə. Sadıq bəy aylarla, illərlə hərbi yürüşlərdə olsa da, qızlarının tərbiyəsinə, təhsilinə də vaxt ayıra bilmişdi. Baçılar ilk təhsillərini Dərbənddə gimnaziyada almışlar. Böyük bacı Zeynəb gimnaziyanı qızıl, kiçik bacı Xədicə isə gümüş medalla başa vurmuşdu. Onlar təhsillərini Peterburqda - Nəcib Qızlar İnstitutunda davam etdirmək fikrində olduqlarını ataları Sadıq bəyə bildirdikdə, o, şadyanalıqla qızlarına xeyir-dua verib onları Peterburqa yola salmışdı. Bir necə ildən sonra Zeynəb həkim, Xədicə müəllim diplomu ilə Peterburqdan Dərbəndə qayıdırlar.
Bu zaman Gimnaziyada dərslər başlamaq üzrə idi. Bir gün Sadıq bəy qızı Xədicə ilə birlikdə gimnaziyanın direktorunun qəbuluna gəlirlər. Sadıq bəy qızının gimnaziyada işləmək arzusunu direktora bildirdikdə o, kinayə ilə onları süzərək "Siz nə danışırsınız? Ali həzrət imperatorun gimnaziyasında dərs vermək üçün dəxi siz rus olmalısınız” cavabını vermişdi.
Direktorun cavabı Xədicə xanımı çox sarsıtsa da, özünü itirmir. Əksinə, müəllim işləmək üçün inadla mübarizəyə başlayır. Bu hadisə bütün ömrünü, sağlamlığını çar ordusuna qurban verən Sadıq bəyə çox pis təsir etsə də, qızının yanında bunu büruzə vermir. Onlar evə dönərkən Sadıq bəy bir necə qəzet alır. Evdə qəzetləri gözdən keçirərkən diqqətini "Kaspi” qəzetindəki elan cəlb edir. Elanda bildirilir ki, Bakıda Aleksandrinski rus-müsəlman ünas məktəbi açılmışdır. Bu xəbər ailəni çox sevindirir. Sadıq bəy Bakıya - Hacı Zeynalabdin Tağıyev ərizə yazaraq qızı Xədicəni bu məktəbə müəllim götürməsini xahiş edir.
Bir necə həftədən sonra Sadıq bəyə Bakıdan cavab gəlir. "Sizin qızınız Bakı Aleksandrinski rus-müsəlman ünas məktəbinə müəllimə qəbul olunur. Onu məktəbə dəvət edirik”. Məktəb işə dəvətlə yanaşı, Xədicə xanım üçün yol xərci də göndərir.
İlk dəfə ana dilində deyilən dərs
Beləliklə, cəmisi 17 yaşı olan Xədicə 1902-ci ildə Bakıda ilk qız məktəbində riyaziyyat muellimi kimi fəaliyyətə başlayır. Xədicə ədəb-ərkanı, təhsili ilə tez bir zamanda yalnız dərs dediyi məktəbdə yox, Hacının ailəsində də böyük hörmət-izzət sahibinə çevrilir. Odur ki, Hacı Zeynalabdin onun böyük bacısı Zeynəbi də Bakıya dəvət edir. Zeynəb Hacının toxuculuq fabrikində işləyən qadınların sağlamlığının keşiyində durur.
İllər keçir. Xədicə xanım üçün məktəbin müdiri Hənifə xanıma elçilər düşür. Onların arasında uzunboy, ağbəniz, iti və xoş baxışları ilə diqqəti tez cəlb edən Həsən bəy elə ilk görüşdən Xədicənin ürəyini "ovsunlayır”. Bu, Gəncəli Məşədi Hüseynin oğlu, Hacı Zeynalabdinin maddi köməyi ilə Moskva Universitetində tibb təhsili alıb yenicə Bakıya qayıdan gənc həkim Həsən bəy Ağayev idi. Gənc həkim sonralar dövrünün tanınmış publisisti, ictimai-siyasi xadimi kim məşhurlaşan, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sədrinin birinci müavini ( Parlamentin sədri seçilmiş Ə.M.Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy edib) tanınan Həsən bəy Ağayev idi.
Hacı Zeynalabdinin xeyir-duası ilə ailə quran cütlük 1909-cu ildə Gəncəyə, Həsən bəyin ata ocağına köçür. O zaman Bakıya nisbətən, Gəncədə maarifin təbliği çətin olsa da, Xədicə xanım ruhdan düşmür. Bu yolda gənc, sevimli, savadlı ömür yoldaşı Həsən bəy hər zaman ona dəstək olur. Xədicə xanım ilk olaraq Adıgözəlov adına şəhər rus-müsəlman qız məktəbində işə başlayır. Məktəbdə ilk dəfə ana dilində dərs keçən Xədicə xanım olur. Bu xəbər tez bir zamanda Şəhər Təhsil İdarəsinin "qulağına çatır”. Səhər Xədicə xanım sinif otağına girərkən inspektorla üz-üzə gəlir. Sinif otağını diqqətlə gözdən keçirən inspektor üzünü gənc müəlliməyə tutaraq rus dilində "Sizin sinifdə ali həzrət imperatorun, arvadının şəkil nə üçün yoxdur” deyərək, onu məzəmmət edir. Xədicə xanım cavab vermək istəsə də, tələbələrinin xətrinə susur. Çünki onun cavabı qəti və kəskin olacaqdı. Bu isə məktəbin bağlanmasına səbəb ola bilərdi. Əslində, Xədicə xanım imperatorun arvadının şəklini dərs dediyi sinif otağından özü götürmüşdü. Bir zaman Dərbənd gimnaziyasının direktorunun kinayə ilə dediyi "Ali həzrət imperatorunun gimnaziyasında dərs vermək üçün dəxi siz rus olmalısınız” cavabına görə.
Axşamdan keçmiş döyülən qapı...
Axşamdan xeyli keçmişdi. Xədicə xanım gilin qapısı döyüldü. Qapıya çıxan Həsən bəy, evə məktəbə gələn inspektorla daxil olanda Xədicə xanımı soyuq tər bürüdü. Təəccüb və heyrətlə gözlərini ərinin üzünə dikdi. Bu mənzərəni görən inspektor salamsız-kəlamsız üzünü Xədicə xanıma tutaraq təmiz azərbaycan dilində dedi: "Xədicə xanım, Sizə rəhmim gəlir, Siz cavan gəlinsiniz. Çarın arvadının şəklini divara vurun. Bunu idarədə şişirdirlər ki, məktəbdə imperatorun əleyhinə təbliğat aparılır. Mənim sizə və Həsən bəyə çox böyük hörmətim var. Odur ki, gecənin bu vədəsində bura gəldim” deyərək, günahkarcasına onların üzünə baxır. Xədicə xanım başını qaldırıb inspektorun üzünə baxarkən, onun nə simasında, nə də səsində məktəbdəki kinayəni hiss etmədi. Bu hadisədən bir müddət keçsə də, Xədicə xanım imperatorun arvadının şəklini dərs dediyi otağa vurmadı. Nədənsə inspektor da bunu görməməzliyə vurdu...
Gəncə qadınlarını məktəbə cəlb etmək üçün Xədicə xanım Həsən bəyin köməkliyi ilə Gəncədə Qadın Xeyriyyə Cəmiyyətini yaratdı. Xədicə xanımın bu hərəkəti də Gəncədə dedi-qoduya səbəb olsa da, onu inadından döndərə bilmədilər. Çünki arxasında ona hər işdə dəstək olan, onu bir baxışı ilə başa düşən ömür yoldaşı var idi. 1914-cü ildə Xədicə xanımın təşəbbüsü ilə Gəncədə ilk dəfə ata-anasını itirən yetim uşaqlar üçün uşaq evi-tərbiyə ocağı açıldı. Özü də burada pulsuz olaraq onların təlim-tərbiyəsi ilə məşğul olmağa başladı. Onun bu xeyirxahlığı Gəncədə məşhur olan "Molla nənə”ni də heyran etdi. O, Xədicə xanımla görüşmək qərarına gəldi. Bu görüşdə Xədicə xanımın "Molla nənə”yə ilk sualı bu oldu: "Yetimlərə, kimsəsizlərə, imkansızlara əl tutmağın nəyi pisdir? Bəyəm müqəddəs Quranımızda da belə yazılmayıbmı? Buna görə də mən o xeyriyyə işlərini görürəm. Gərək bu yolda siz hamıdan çox mənə kömək olasınız. Elə deyilmi? "Molla nənə” bu inadkar gəlinə lap məəttəl qalmışdır. Gördü ki, bu həna o hənadan deyil, Xədicə xanımın dedikləri ilə razılaşmalı oldu.
1917-ci ildə baş verən hadisələr Ağayevlər ailəsini yenidən Bakıya köçməyə vadar etdi. Həsən bəy və ömür yoldaşı Xədicə xanım baş verən ictimai-siyasi hadisələrin önündə gedən ziyalılardan idilər. Xədicə xanım "Müqəddəs Nina” qız məktəbində işə başladı. Məktəbin tezliklə milliləşdirilməsində onun da az əməyi olmadı. Xədicə xanımın iş qayğıları ilə yanaşı ailə qayğıları da var idi. O, Həsən bəylə yanaşı üç gözəl qız (Xurşud, Gülxar, Nəzakət) övladının qayğısına qalırdı. Övladların təlim-tərbiyəsi ilə məşğul olmaq demək olar ki, əsasən onun üzərinə düşürdü. Çünki Həsən bəy günün çox vaxtını Parlamentdə, onun toplantılarında, yığıncaqlarında keçirirdi. Ona görə də Xədicə xanım onun rahatlığı üçün hər çətinliyə qatlaşardı.
Gerçək olan qan qoxulu yuxu
1920-ci ilin aprel ayının əvvəlləri idi. Bakıda baş verən hadisələr Ağayevlər ailəsini də sarsıtmışdı. Vəziyyət çox çətin idi. Həsən bəy bəzən gecələr də evə gələ bilmirdi. Parlamentdə qalır, günlərlə keçirilən toplantılarda vəziyyətdən çıxış yolları axtarılırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bolşeviklər tərəfindən silah gücünə süquta yetirildi. Vəziyyət daha da gərginləşdi. Cümhuriyyət liderləri gizli yolla müvəqqəti olaraq Tiflisə üz tutdular. Xədicə xanım bəzən həftələrlə Həsən bəydən xəbər tuta bilmirdi. Yuxusu ərşə çəkilmişdi. Uşaqlara bildirməsə də, yaman narahat idi. İyul ayını 18-dən 19-na keçən gecə gördüyü yuxu təəssüf ki, gerçək oldu. Yuxuda sevimli ömür yoldaşını qan içində boğulan gördü. Bu qan selindən Həsəni nə qədər dartsa da, çıxarmağa nail olmadı. Qan seli Həsəni onun əlindən aldı. Xədicə xanım öz qışqırığına özü oyandı.
Səhər tezdən eşitdiyi xəbər Xədicə xanımın xoşbəxt günlərinə qara nöqtə qoydu. 1920-ci iyulun 19-da Tiflisdə Həsən bəy bir muzdlu erməni tərəfindən qətlə yetirilir. O gündən Xədicə xanım qara libasa büründü. Həsənin üç qız yadigarını böyütmək üçün yaşadı. Gündüzlər üç balası, gecələri isə Həsənli günlərinin xəyalları ilə "ömür sürdü” Xədicə xanım. Xoşbəxtlikdən hər üçünü də ailə, cəmiyyət üçün yaralı vətəndaş kimi yetişdirdi. Hər üçünə gözəl tərbiyə, ali təhsil versə də, xoşbəxtlik verə bilmədi. 1930-cu illərin odu-alovu Xədicə xanımın üç balasının ocağını söndürdü, sinəsinə dağ basdı. Sonra da o dağ basılmış sinədən Lenin ordeni asıldı.
Rəhmətlik Qulam Məmmədlidən və Qılman İlkindən dəfələrlə eşitmişdim ki, Xədicə xanım o ordeni yaxasına taxmırmış, yalnız ona təzyiq edəndə əlacsız qalaraq, tədbirlərdə asırmış.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər