• çərşənbə axşamı, 16 aprel, 16:42
  • Baku Bakı 19°C

“Cyclee” Azərbaycan məhsulu kimi dünya bazarına çıxacaq” – Uğur hekayəsi

10.07.15 11:33 3353
“Cyclee” Azərbaycan məhsulu kimi dünya bazarına çıxacaq” – Uğur hekayəsi
Elnur Babayev: “İşin alınmayanda hər şeyi buraxıb təslim olmaq lazım deyil”

İxtirası dünyaya səs salıb. Velosiped sürücülərinin təhlükəsizliyi üçün “Cyclee” cihazını icad edib. Məqsəd qaranlıq düşəndən sonra velosiped sürücüsünü arxadan gələn avtomobil sürücüsünə göstərməkdir. Sözügedən cihaz oturacaqdan arxa tərəfə montaj olunur və sürücünün hərəkətlərinə görə işarəni sürücünün belində əks etdirir. Müsahibəmiz “Cyclee”ni ixtira edən Elnur Babayevdir. O, hazırda xarici reklam agentliyində art direktor vəzifəsində çalışır. Həm qrafik, həm sənaye dizaynıyla məşğuldur. E.Babayevlə tanış olaq...
- 6-cı sinifə qədər Qaradağ rayonu Lökbatan qəsəbəsində orta məktəbdə, sonra türk liseyində oxumuşam. Liseyi bitirəndən sonra Türkiyənin Orta Doğu Texniki Universitetinin sənaye dizaynı fakültəsində təhsilimi davam etdirmişəm.
- Sənaye dizaynına maraq haradan yaranıb sizdə?

- Uşaqlıqdan marağım avtomobil dizaynına olub. Türkiyədə sırf avtomobil dizaynı üzrə fakültə olmadığına görə avtomobil dizaynını əhatə edən sənaye dizaynı fakültəsinə qəbul olmuşam. Universitet vaxtı avtomobil dizaynı ilə maraqlanmışam. Bir neçə türk şirkəti ilə işləmişəm. Hazırda da həm hobbi olaraq, həm də professional şəkildə bu işlə məşğulam. Bir müddət avtomobil dizaynı işindən uzaqlaşdım. Bu, mənim istəyim olmadan baş verdi. Belə ki, tələbə vaxtı Türkiyədə Otokar Şirkəti üçün mikroavtobus dizayn etmişdim. Türk şirkəti dizaynımı çox bəyəndi və məni dərhal işə götürdü. Universiteti bitirəndən sonra işə qəbul üçün rəsmi müraciət edəndə postsovet ölkəsindən olduğum aydınlaşdı. Otokar şirkəti eyni zamanda hərbi texnologiyalar da istehsal edirdi. İnformasiyanın kənara ötürülməsi riski olduğundan görə üstümdən xətt çəkdilər. Bu da məndə demotivasiya yaratdı və 3-4 il bu işlə deyil, pul qazanmaq məqsədilə qrafik dizaynla məşğul oldum.
- Bütün dünya yeni ixtiranızdan danışır. Sizin beyninizin məhsulunun bu qədər səs-küyə səbəb olmasını necə qarşıladınız, gözləyirdiniz?

- Açığı, bütün dünyanın bu ixtiradan danışması məndə təəccüb doğurur. Birdən-birə bu qədər reaksiya gözləmirdim. Amma bu səs-küydən belə başa düşürəm ki, doğurdan da uğurlu iş görmüşəm. Bu da məni sevindirməyə bilməz.
Ümumiyyətlə, sənaye dizaynıyla əlaqədar işlər görürəm. Bu da onlardan biridir. Beynimin bu tip məhsullarını satmaq üçün yer axtarmışam, amma alınmayıb. Bu dəfə özləri gəlib məni tapdılar. Artıq bundan sonrakı ixtiralarıma maliyyə dəstəyi tapmaq üçün təcrübəm var.
- Belə maraqlı və lazımlı ixtira etməyinizə nə səbəb oldu?

- İxtira deməyək, ideya deyək. Çünki ixtira deyəndə elmi bir ixtira kimi məna verir. Düşünürəm ki, bu, ixtira deyil, həll yoludur. Təhsil aldığım sənaye dizaynı sahəsi problemlərdə bir həll yolu təklif edir. Velosiped sürücüləri gecə görünmürlər, bu da onlar üçün təhlükə yaradır. təhlükəni aradan qaldırmaq üçün nə edə biləcəyimi düşündüm. Əslində təhlükəni aradan qaldırmaq üçün bir neçə həll yolu artıq kəşf edilib. Məsələn, gecə vaxtı velosiped asfaltda işıq əks etdirir. Amma bu işıq göz səviyyəsində olmadığı üçün maşın sürücüləri tərəfindən yaxşı görünmür. Digər həll yolu velosiped sürənlərin işıqlı jiletka geyinmələridir. Bu isə velosiped sürücülərinin geyiminə müdaxilədir. Yəni nə geyinirlərsə, üzərlərinə mütləq işıqlı jiletka geyinmək məcburiyyətindədirlər. Mən həm göz səviyyəsində görünmə problemini, həm də böyük bir işıq əks etdirmə problemini aradan qaldıraraq velosiped sürücülərini arxadan gələn avtomobilə maksimum dərəcədə göstərməyə çalışmışam.
- İdeyanız hazır olandan sonra maliyyələşdirilməsi üçün kimə müraciət etdiniz?

- İdeyamın maliyyələşdirilməsi üçün heç kimə müraciət etmədim. Sadəcə, saytların birində bu ideyamla bağlı məlumat getdiyinə görə investor özü məni tapdı. Hazırda bir çox yerdən “cyclee” cihazını hazırlamaq və hazırlayandan sonra dünya bazarına çıxarılması üçün təkliflər gəlir. Mən Azərbaycan şirkəti ilə anlaşmışam, “cyclee” Azərbaycan məhsulu olaraq dünya bazarına çıxacaq. İlk olaraq Avropada, xüsusilə Niderlandda satılması hədəflənib. Çünki orada insanların əksəriyyəti velosiped sürür və axşam saat 4-5-dən sonra bu ölkədə qaranlıq düşür. Yəni niderlandlıların sözügedən cihaza daha çox ehtiyacı var. Hazırda məhsulun prototipi test olaraq hazırlanır. İnşallah yayın sonuna doğru tam hazır olacaq.
- İdeyanızı xaricdə baha qiymətə sata bilməzdinizmi?

- Aşağı-yuxarı bütün investisiyaları eyni faizlə maliyyələşdirirlər. Buna görə də orta qiymətə Azərbaycan investoru ilə razılaşmışam və cihaz ölkəmizin məhsulu kimi dünya bazarına çıxacaq.
- Patentləşdirilməsi üçün yerli və beynəlxalq patent idarələrinə müraciət etmisiniz?

- Rəsmi prosedura görə patentləşdirmə il yarımdan çox çəkir. Artıq rəsmi prosedur başlayıb, nəticəni gözləyirik - həm xaricdə, həm Azərbaycanda.
- Layihənin satışı ilə kim məşğul olacaq?

- İnvestisiya qoyan şirkət satış məsələsini də həll edəcək. Doğrusu, heç bu işdən çox da anlayışım yoxdur.
- İxtiranızdan nə qədər qazanc götürəcəyinizi gözləyirsiniz?

- Hesab edirəm ki, bazara çıxsa, “cyclee”nin biri 30-40 dollar civarında satılacaq. Qazanc da satışdan asılı olacaq. Qazanc investorla bölüşdürüləcəyindən nə qədər olacağını indidən demək çətindir.
- Elnur bəy, indiyədək başqa ixtiralarınız olub?

- Çox olub, amma əsas ikisini önəmli sayıram. Bunlardan biri avtomobildə təhlükəsizlik üçündir. Digəri isə elektron kağız-xəritədir. İnvestor tapmağın yollarını bilmədiyimdən ideyalarım həyata keçməyib. İnşallah gələcəkdə bu ideyalarımı reallaşdırmaq üçün cəhd edəcəyəm.
- Növbəti hədəfiniz nədir? Yəni indi beyninizdən hansı problemin həlli yolunu tapmaq keçir?

- Avtomobillərin təhlükəsizlik sistemi üçün düşündüyüm ideyamı nəzərdən keçirib təkmilləşdirəcəyəm. Düşünürəm ki, bu, velosiped üçün tapdığım həll yolundan daha yaxşıdır. Sadəcə, imkan tapıb investorlara layihə olaraq göstərsəm, anlaşılacaq. Bunun üçün zamana ehtiyacım var. Bu ideyamı təkmilləşdirib bitirdikdən sonra media qarşısına çıxaracağam.
- Sözügedən ixtiranızdan sonra hansısa yerli, yaxud beynəlxalq şirkətdən iş təklifi almamısınız?

- İş təklifi deyil, investisiya təklifi almışam. İdeyam reallaşandan sonra Şimali və Cənubi Amerikada, Asiyada distribyütor kimi məhsulu bazara çıxarmağı təklif edirlər.
- 12 illik təcrübəniz boyunca avtomobil, qrafik və digər müxtəlif sahələrdə mükafatlar qazanmısınız. Bu uğurlar arasında ən səs-küylü, oxucularımız üçün maraqlı olacaq mükafatınız hansı olub?

- Uğurlarım çox olub. Son olaraq bu il dizayn sahəsində çox önəmli qurum olan RedDot məhsul dizaynı müsabiqəsində qısa siyahıya düşmüşəm. Bu müsabiqəyə dizaynın Oskarı demək olar. Keçən il Amerikada poster-qrafik dizaynında gümüş medal almışam. Ondan əvvəl Türkiyədə oxuyarkən avtomobil dizaynı sahəsində birinciliklərim olub. Qrafik dizaynda da bir sıra yarışmalarda birinci, ikinci yer tutmuşam. 5-6 il əvvəl Azərbaycanda poster yarışmasında birinci yeri tutmuşam.
- İxtiralar etmək üçün lazımı şəraitə, laboratoriyaya ehtiyacınız var?

- İxtira üçün hər hansı laboratoriyaya ehtiyac yoxdur. Çünki ideyalarımı beyində fikirləşirəm. Sonra bunu ya əllə, ya da kompyuter vasitəsilə vizuallaşdırıram. Amma bunu reallaşdırmaq, həyata keçirmək mənim deyil, mühəndislərin işidir.
- Elnur bəy, uğurunuzun sirrini nədə görürsünüz?

- Universitet vaxtından bu cür ideyalar üzərində işləyirəm. Hamıya tövsiyə edirəm ki, işləri bir dəfə, iki dəfə alınmasa da, nə vaxtsa alınacağına əmin olsunlar. Bu, prosesdir. Çoxlarında birinci dəfədən heç nə alınmır. Düzdür, insan olduğumuz üçün həvəsdən düşürük, hətta mən bəzən hansısa ideyam alınmayanda, aylarla işi buraxmalı olmuşam. Amma özümə gələndə yenidən başlayıram. Bir sözlə, alınmayanda hər şeyi buraxıb təslim olmaq lazım deyil.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər