• çərşənbə axşamı, 16 aprel, 15:59
  • Baku Bakı 19°C

CV-ni necə hazırlamalı? – Gənclərə məsləhət

27.11.17 09:00 4856
CV-ni necə hazırlamalı? – Gənclərə məsləhət
Təqdimat hər bir məsələdə çox önəmlidir. Təqdimatın necə olması bizə münasibətin müəyyənləşməsində vacib rol oynayır. CV - yəni işə müraciət forması da bizim iş həyatımızda böyük önəm kəsb edir. Bu forma işə götürəcək insana bizi təqdim edir, haqqımızda ilkin rəy formalaşdırır. Buna görə də CV iş həyatına yeni başlayan gənclər üçün daha çox vacibdir. Bəzən təkcə elə CV formasının hazırlanmasına baxıb işçini heç görüşə çağırmırlar.

Bəs effektiv CV necə hazırlanmalıdır? Bu mövzunu "PSG Management systems” şirkətinin İnsan Resurslarının İdarəedilməsi üzrə məsləhətçisi Taleh Qasımovla araşdırdıq.
T.Qasımov deyir ki, CV birmənalı olaraq səliqəli olmalı, orada qrammatik səhvlərə, uyğunsuzluqlara yol verilməməlidir: "İşə qəbul mütəxəssisi CV-ləri nəzərdən keçirərkən bir CV-yə çox vaxt sərf edə bilmir. Çünki onun əlində yüzlərlə CV olur. Qrammatik səhvlər olan, səliqəsiz düzəlmiş, həmçinin bütün məlumatların cədvəl şəklində verildiyi eyni tipli CV-lər elə də sanballı görünmür. Buna görə də CV, hər bir detala xüsusi diqqət yetirilərək hazırlanmalıdır. CV-yə şəxsi məlumatlarla başlamaq daha məqsədəuyğundur. Bir çox peşəkarlar hesab edir ki, bu məlumatlar içərisində ad, soyad, əlaqə məlumatlarının (telefon, e-mail) göstərilməsi kifayətdir. Əgər tələb olunmayıbsa, ünvan, cins, doğum tarixi kimi məlumatların göstərilməsi, xüsusən də xarici şirkətlər üçün çox da vacib deyil. Əksinə, daha çox yer tutur. Amma bir sıra şirkətlər bu məlumatları istəyə bilər, onda əlavə etməniz daha yaxşı olar. Xüsusən e-mail ünvanlarına fikir vermək lazımdır. Poçt ünvanınızın adınız və soyadınızdan ibarət olması sizin peşəkarlığınızdan xəbər verir. Yoxsa ki, [email protected] uğurlu CV üçün nümunə deyil”.

Müsahibimiz bildirir ki, şəxsi məlumatlardan sonra maksimum 4-6 cümlə ilə özünüz haqqında qısa xülasə yazın: "Misal üçün, "Gənc, enerjili və həvəsli bir məzun olaraq mühasibatlıq sahəsində baza biliklərinə yiyələnmişəm və mühasiblərə xas olan dəqiqlik, detallara diqqət kimi keyfiyyətlərə malikəm. Universitetdə öyrəndiyim baza biliklərini, həmçinin şəxsi keyfiyyətlərimi göstərmək istəyirəm”. Daha təcrübəli biridirsə, o təcrübəsi ilə bağlı məlumat yaza bilər. Bu sanki işə qəbula məsul olan şəxsə ilk və aydın mesajınız olacaq, onun diqqətini cəlb etməyə kömək edəcəkdir”.
Məsləhətçi deyir ki, keçmiş iş yerləriniz olubsa, oradakı vəzifənizin və ya işinizin adını qeyd etməkdən əlavə, mütləqdir ki, gördüyünüz konkret işləri yazasınız: "Misal üçün, "Kadrlar üzrə stajor” yazırsınızsa, gördüyünüz işləri lakonik, amma konkret şəkildə yazın: "Əmək kitabçalarının siyahısının tutulması”, "CV-lərin qovluqlara tikilməsi”, "Şəxsi işlərin tərkibinin müvafiq siyahıya uyğun olmasının yoxlanması və s.” Bu, bir neçə aspektdən faydalıdır. İlk növbədə, işə qəbula məsul olan şəxs biləcək ki, siz nə işlə məşğul olmusunuz. Həm də işə qəbul üzrə tanınmış mütəxəssislərdən olan Toğrul İsgəndərlinin bir məqaləsində yazdığına görə, bir sıra şirkətlər xüsusi proqram təminatından istifadə edirlər ki, minlərlə CV-nin arasında axtarış verərkən vakansiyanın xarakterinə uyğun olaraq müəyyən açar sözlər seçilir və CV-də sırf işlə bağlı belə sözlərin olması həmin CV-nin axtarış zamanı üzə çıxmasına səbəb olacaq”.
Taleh bəy qeyd edir ki, təhsil və sertifikat məsələləri ilə bağlı qeydlərə, işə qəbul formasının hansı dildə tələb olunduğuna xüsusi diqqət yetirilməlidir: "CV-də şəkil məsələsinə isə yanaşmalar müxtəlifdir, artıq bir sıra Qərb ölkələrində peşəkar CV-lərdə şəklin tələb olunması tendensiyası yox olmaqdadır. Ancaq müştərilərlə ünsiyyət, xoşsimalılıq tələb edən, yəni restoran və hotel biznesi, korporativ satışlar və s. kimi sahələrdə CV-lərdə şəkillərin qoyulması hələ də normal sayılır”.
Müsahibimiz bildirir ki, son dövrlərdə infoqrafik və hətta video görüntülü CV-lər populyarlaşmaqdadır. Lakin bu, işə qəbul üzrə icraçılar tərəfindən hələ də birmənalı qarşılanmır. T.Qasımov sonda qeyd etdi ki, yaxşı CV-nin olması sizə iş imkanını əldə etməyə yüz faiz təminat vermir, amma onun olmamağı iş tapmağı xeyli çətinləşdirir.
Günel Azadə
banner

Oxşar Xəbərlər