AZE | RUS | ENG |

Üçüncü sektorun zəif bəndi - region QHT-ləri ARAŞDIRMA

Üçüncü sektorun zəif bəndi - region QHT-ləri ARAŞDIRMA
Onların problemlərinin aradan qaldırılması üçün təkliflər hazırlanıb

Regionlarda yerləşən vətəndaş cəmiyyəti institutlarının ciddi problemləri var. İctimai Təşəbbüslər Mərkəzinin Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisi və Almaniyanın Marşall Fondunun birgə maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi(Yazı bu layihə çərçivəsində hazırlanıb –red.) çərçivəsində apardığı araşdırma göstərir ki, hazırda regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları həm maliyyə, həm qeydiyyat, həm də institutsional baxımdan böyük çətinliklərlə üzləşirlər. Mərkəzin Şimal bölgəsində keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyəti: dəyişikliklər üçün milli gündəlik” adlı dəyirmi masada verilən məlumata görə, Quba rayonunda 13, Xaçmaz rayoununda 4, Şabranda 1 və Siyəzəndə 1 QHT rəsmi dövlət qeydiyyatına alınsa da, onların yarısından çoxu fəaliyyət göstərmir. Şimal regionuna daxil olan Qusar və Xızı rayonlarında isə ümumiyyətlə, 1 QHT belə dövlət qeydiyyatına alınmayıb. Araşdırmalar göstərir ki, eyni vəziyyət ölkənin digər regionlarında da hökm sürür, hətta cənub bölgəsində daha kəskindir.

Rauf Əliyev: “Maliyyə çatışmazlığı aktiv olmağa imkan vermir”

Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin direktoru Rauf Əliyevin sözlərinə görə, başqa ölkələrlə müqayisə etdikdə, Azərbaycanda regional QHT-lər çox azdır: “Tutaq ki, Tərtər rayonunda, yaxud Bərdədə, Yevlaxda 1-2 QHT fəaliyyət göstərir. Yevlaxda, səhv etmirəmsə, ümumiyyətlə, yoxdur. Mövcud olanların ən başlıca problemi kadr çatışmazlığıdır. QHT üzrə ixtisaslaşmış mütəxəssislər hamısı paytaxta gedir. Digər bir problem, hansı ki, bütün QHT-ləri əhatə edir, maliyyə çətinliyidir. Bildiyiniz kimi, donor təşkilatların bir çoxu Azərbaycandan gedib və ya getmək üzrədir. Bu da təbii ki, QHT-lər üçün maliyyə çətinliyinin yaranmasına səbəb olub. Bir problem də bizim böyük tədbirlər keçirmək imkanlarımızın məhdudluğudur. Biz hansısa bir layihə çərçivəsində böyük tədbir keçirmək istəyiriksə, bunun üçün yuxarılardan icazə almaq lazımdır, bu isə bizim fəaliyyətimizin məhdudlaşmasına səbəb olur. QHT-lərin az olmasının özü də bir problemdir. Müəyyən məsələlərin həlli, problemlərin qabardılması, modelin qurulması bir-iki QHT-nin üzərinə düşür. Bu da koalisiyanın yaradılmasına, hər hansı bir məsələnin ictimai vəkilliyinin aparılmasına çətinlik yaradır.” R.Əliyev maliyyə çətinliyinin yaratdığı daha bir probelm kimi internet resurslarına əlçatanlığı önə çəkir: “Maliyyə varsa, sürətli internetə qoşulursan və bu da mənbələrə çıxışı təmin edir. Yoxdursa, belə bir çıxış da yoxdur ki, bu da maliyyə dayanıqlığının təmin olunmasında problem yaradır”.

Həsən Hüseynli: “Əsas problem qeydiyyatla bağlıdır”

Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin direktoru Həsən Hüseynli bildirir ki, regionlarda QHT-lərin ən ciddi problemi qeydiyyatla bağlıdır: “Bu sahədə qeyri-rəsmi baryerlər var. Digər tərəfdən, hər regionda daimi fəaliyyət göstərən QHT-lərin sayı barmaqla sayılacaq qədərdir. Hansı ki, onların verdiyi layihələr Bakıdakı peşəkar QHT-lərin layihələri ilə müqayisə oluna bilər. Məsələn, Qərb regionunda bu cür aktiv, peşəkar QHT-lərin sayı heç 10-a çatmaz. Digərlərinin maliyyə tapmaları, aktiv fəaliyyət göstərmələri çətin olur. Əvvəllər bir sıra donorlar qeydiyyatdan keçməmiş QHT-lərdən layihə qəbul edirdilər, bu da onların təcrübə toplamasına kömək edirdi. İndi əksər donorlar, o cümlədən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ancaq dövlət qeydiyyatından keçmiş QHT-lərdən layihə qəbul edirlər. Ona görə də qapalı bir çevrə yaranıb ki, QHT fəaliyyəti ilə məşğul olmaq istəyənlər təcrübə toplaya bilmirlər.”

Qeyd edək ki, İctimai Təşəbbüslər Mərkəzi Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün hazırladığı Tövsiyələr paketinə regionlarda bu institutun inkişafına nail olunması üçün bir sıra təkliflər daxil edib. Bunlar regionlarda QHT-lərin fəaliyyətinin gücləndirilməsi məqsədilə yerli resurs və konfrans mərkəzlərinin yaradılması; QHT-lərin ofis problemini həll etmək üçün ölkənin şəhərlərində və rayon mərkəzlərində “QHT evi”nin yaradılmasıdır. Bundan əlavə, regionlarda fəaliyyət göstərən QHT-lər Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını təqdim edərkən ciddi çətinliklərlə üzləşirlər. Milli Gündəlikdə maliyyə hesabatlarının təqdim olunması zamanı QHT-lərin illik maliyyə dövriyyəsinə görə təsnifatlaşdırılması, orta illik dövriyyəsi (12 min manata qədər olan QHT-lərin illik maliyyə hesabatı təqdim etməkdən azad olunması, illik dövriyyəsi 12 min manatdan çox olan QHT-lərin maliyyə hesabatlarının on-line tədqimatı üçün elektron xidmətlərin tətbiq olunması təklif edilir ki, bu da qeyd olunan problemin aradan qalxmasına gətirib çıxara bilər.

Fərasət Qurbanov: “Region QHT-ləri yaxşı layihə təklifləri hazırlaya bilmirlər”

Maraqlıdır ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının son 4 ildə maliyyələşdirdiyi mindən yuxarı layihənin yalnız 200-ə qədəri regionlarda fəaliyyət göstərən QHT-lərin payına düşür. Şura Katibliyinin rəhbəri Fərasət Qurbanov deyir ki, regional QHT-lər yaxşı layihə təklifləri hazırlaya bilmirlər: “Biz 2008-ci ildə ilk maliyyə yardımı həyata keçirərkən, təqdim olunan layihələri analiz etdik, ekspert rəylərini topladıq və zəif və normal layihələr arasında fərqin əsas səbəblərini araşdırmağa başladıq. Burada açıq görünürdü ki, zəif layihələrin əksəriyyəti məhz region QHT-lərinin layihələri idi. Bu problemi həll etmək, region QHT-lərinin rəqabətə davamlılığını artırmaq üçün növbəti ildən başlayaraq maliyyə yardımı müsabiqələrində region QHT-ləri üçün ayrıca “Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi” adlı bənd açdıq və region QHT-lərinə öz aralarında rəqabət aparmaq imkanı yaratdıq. Biz bilirdik ki, əsas informasiya paytaxtda və iri şəhərlərdə toplanıb, amma elə rayonlarımız var ki, orada vətəndaş cəmiyyəti təşkilatlarına xeyli vaxtdır təlimlər keçirilmir. Mən yaxşı xatırlayıram, 1999-2000-ci illərdə əksər şəhər və rayonlarda QHT-lər üçün sıx-sıx təlimlər keçirilirdi. Məhz bu təlimlərin nəticəsi idi ki, həm vətəndaş təşəbbüsləri çoxalırdı, yerli QHT-lərin beynəlxalq donorlara, xarici fondlara müraciətləri də çox olurdu. Amma Azərbaycanda xarici donorların sayının kəskin şəkildə azalması bütün QHT-lərə, xüsusilə də region QHT-lərinə, onların peşəkarlıqlarının zəifləməsinə ciddi təsir göstərdi. Son dövrlərdə isə bu sektora göstərilən dövlət qayğısı nəticəsində xeyli canlanma yaranıb. Amma QHT-lərlə aparılan təmaslarda çoxsaylı problemlərin hələ də qalmasını müşahidə edirik. Bunlar ilk növbədə QHT-lərin özünün idarə olunmasında, layihə təkliflərinin hazırlanması və layihələrin idarə olunmasında, mühasibat uçotunun hazırlanmasında, QHT-lərin ictimaiyyətlə, həmçinin öz tərəfdaşları ilə əlaqələrində özünü büruzə verir. Bundan əlavə, QHT kargüzarlığı, insan resurslarının cəlb olunması, könüllülərlə işin təşkili və s. kimi çatışmazlıqlar da region QHT-lərində özünü göstərməkdədir. 2003-cü ildə “Uşaqları sevin” beynəlxalq təşkilatının bir araşdırması vardı, orda göstərilirdi ki, həmin dövrdə ölkənin Bakı da daxil olmaqla 7 şəhər və rayonunda 40-dan çox QHT resurs mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzlərin sayının kəskin şəkildə azalması region QHT-lərinin zəifləməsinə səbəb olan əsas cəhətlərdən biridir.”

F.Qurbanovun sözlərinə görə, problemlərin həll olunması Şura özünün hər il tərtib etdiyi fəaliyyət planında təlimlər və tədbirlər planlaşdırır: “Təlimlərimiz ilk növbədə QHT-lərdə mühasibat uçotunun aparılmasına, Maliyyə Nazirliyinə illik maliyyə fəaliyyəti haqqında hesabatın verilməsinə həsr olunub. Bu təlimlər hələlik geniş coğrafiyanı əhatə etməyib, lakin onların sayının artırılması, genişləndirilməsi niyyətindəyik.”
Şura rəsmisi hesab edir ki, region QHT-ləri üçün xüsusi bir qeydiyyat problemi yoxdur: “Sadəcə olaraq, sənədləri düzgün tərtib etmək lazım gəlir, amma bəzən QHT-lər bu baxımdan əziyyət çəkirlər.”

Həbibə Abdulla

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056