• cümə axşamı, 25 aprel, 03:52
  • Baku Bakı 19°C

Üçüncü regional inkişaf proqramından gözləntilər

06.03.14 09:53 1574
Üçüncü regional inkişaf proqramından gözləntilər
Ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair” dövlət proqramı təsdiqlənib. Qeyd edək ki, bu, üçüncü regional inkişaf proqramıdır. Bundan öncə 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki dövlət proqramı reallaşdırılıb ki, nəticədə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı daha da sürətlənib. Proqramlar həmçinin qeyri-neft sektorunun vacib sahələrinin inkişafında ciddi rol oynayıb. Regionlardan olan deputatlardan bir neçəsi ilə söhbətimizdə məhz bu inkişafdan, üçüncü regional inkişaf proqramından gözləntilərindən, proqramda əksini tapmalı olan məsələlərdən danışdıq.
82 saylı Ağcabədi seçki dairəsinin deputatı Tahir Rzayev bildirdi ki, qəbul olunan hər üç proqram ölkənin sosial-iqtisadi inkişafı üçün çox vacib sənədlərdir: “Xüsusilə ötən iki proqram öz nəticəsini verib və biz onlar haqqında danışa bilərik. Nəinki böyük şəhərlər, rayonlar da sürətlə inkişaf etdi, regionlarda demək olar ki, bütün infrastruktur yenidən quruldu. Təmsil olunduğum rayondan daha əyani faktlar göstərə bilərəm. Proqramlar reallaşdırıldığı müddətdə Ağcabədidə 40-a yaxın məktəb, 205 çarpayılıq böyük bir xəstəxana tikilib, Gənclik Mərkəzi açılıb, Muğam Mərkəzi istifadəyə verilib, iki böyük süd emalı zavodu tikilib istifadəyə verilib. “Atena” süd emalı zavodu hətta xarici ölkələrə bir neçə adda məhsul ixrac edir. Ağcabədi şəhəri tamamilə müasirləşib, küçələrinin əksəriyyəti təmir edilib, abadlaşdırılıb. Rayonda yol problemi artıq tamamilə aradan qaldırılmaq üzrədir. Cənab prezidentin sərəncamı ilə 5 kəndi əhatə edən 24 kilometrlik Bəhramtəpə-Qaradolaq yolu əsaslı təmir edilib. 17 kəndi əhatə edən yollar ötən ildən çəkilməyə başlayıb. Ağcabədidə su təminatı yaxşılaşdırılıb, subartezian quyuları qazılıb, Qarabağ kanalı üzərində nasos stansiyaları təmir edilib, işlək hala gətirilib. Rayon 70 faizdən çox qazlaşdırılıb, enerji sahəsində xırda problem var ki, onlar da aradan qaldırılır. Əhalinin işlə təminatı sahəsində işlər görülüb, 20 minə yaxın daimi iş yeri açılıb. Yüzlərlə xırda sahibkarlıq obyektləri açılıb, bir çox binalar əsaslı təmir olunub, yenidən qurulub, tikilib. Ağcabədidə əlillər üçün iki, qaçqın və məcburi köçkünlər üçün 9 beşmərtəbəli bina tikilib. Rayonda Heydər parkı əsaslı təmir edilib, bir çox parklar və bağlar salınıb, təmir olunub. Ağcabədi demək olar ki, müasir bir şəhəri xatırladır”.
Millət vəkilinin sözlərinə görə, üçüncü regional inkişaf proqramı da bu işlərin davamı üçün çox vacibdir: “Əvvəlki proqramlarda bilavasitə şəhərlərin, rayon mərkəzlərinin abadlaşdırılması, perspektivləri nəzərdə tutulurdu, növbəti proqramda daha çox kənd təsərrüfatının, kəndin inkişafı prioritetdir. Bu proqram çox humanistdir, sosial məqsədlərə xidmət edir və əlbəttə ki, əhalinin rifahının yaxşılaşdırılması üçün vacibdir”.
83 saylı Ağcabədi-Ağdam seçki dairəsinin deputatı Aqil Abbas nəinki təmsil etdiyi region haqda, ümumilikdə Qarabağ zonası haqda danışaraq bildirdi ki, birinci və ikinci proqramlarda qarşıya qoyulan bütün məqsədlərə çatılıb: “Bütün məsuliyyətimlə deyirəm ki, nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib. O yerlərə demək olar ki, ayda iki dəfə gedirəm və görürəm ki, cənab prezidentin qarşıya qoyduğu bütün işlər reallaşdırılıb”. A.Abbas növbəti proqramın daha çox kəndləri əhatə etməsini arzuladığını dedi. Onun sözlərinə görə, elə tədbirlər reallaşdırılmalıdır ki, əhali şəhərdən kəndə axsın: “Ötən əsrin 70-80-ci illərində kəndin, torpağın hesabına azərbaycanlılar milyonçu idi. Torpaqda olan bərəkət heç nədə yoxdur. Kəndi su ilə, enerji ilə, texnika ilə təmin etsək, əhali şəhərdən kəndlərə axışacaq. Bəzən deyirlər ki, torpaqlar alınsa, qaçqınlar qayıtmayacaq. Ağdamın işğal olunmamış ərazisində 45 min əhali yaşayırdı. Orada qəsəbələr salınandan sonra indi 90 min əhali yaşayır. Yəni şərait olandan sonra kəndli öz torpağına qayıtmaq istəyir. Proqramda həmin qəsəbələrdə, kəndlərdə iş yerlərinin açılmasının prioritet təşkil etməsini istərdim. Əhali kənddə işləyib istehsalla məşğul olduqca dövlətə də dəstək olur. Yəni burada qarşılıqlı işdən söhbət gedir”.
93 saylı Bərdə şəhər seçki dairəsinin deputatı Zahid Orucun sözlərinə görə, ölkə başçısının ümumi siyasətini proqramlarla idarəçilik xarakterizə edir: “2004-cü ildən başlayaraq biz regionların mənzərəsinin həqiqətən dəyişdiyinin şahidi olduq. Bu, özlüyündə təkcə paytaxtın boğazından asılı qalmanın, disproporsional inkişafın ortadan götürülməsi deyildi, eyni dərəcədə ölkənin bütün miqyasda inkişafı üçün dövlətin tam baxışlarını ifadə etmək idi. Zənn edirəm ki, biz bölgələrdə iş yerlərinin yaradılması ilə, onların abadlıq və quruculuq tədbirləri ilə yanaşı, demoqrafik hərəkətliliyi, əhalinin daha çox iri meqapolislərə toplaşmasının qarşısını da almış olduq. Digər tərəfdən isə, sovetlər birliyinin dağılmasından sonra regionlarda keçmiş sovet mirasının yeniləşməsi üçün mühüm addımlar atıldı. Bərdə Qarabağın həm giriş, həm də çıxış qapısına çevrilib. Bilirsiniz ki, onun tarixi Qarabağ işğalının son dərəcə amansız həqiqətləri ilə üz-üzədir. 136 min əhaliyə 120 mindən artıq qaçqın, köçkün düşürdü. Bu isə humanitar gərginlik, iş yerləri, qaz, su, enerji sistemlərində çətinlik demək idi. Çox yaxşı xatırlayıram ki, 2000-ci ilin əvvəllərində biz enerjini 6 və 8 saatlıq qrafik əsasında verməyə məcbur idik, bu isə lokal etirazlar doğururdu. Eyni zamanda su sistemlərində də xaotik vəziyyət hökm sürürdü. Qazdan danışmağa dəyməzdi. İndi bu sahədə iki beşillik proqram çərçivəsində atılan addımlar Bərdənin real həyatını büsbütün dəyişib. 64-dən artıq kənd qazlaşıb. Bu, mühüm bir rəqəmdir, külli miqdarda vəsait deməkdir. O cümlədən, ən önəmli məsələ dövlətin vətəndaş qarşısında funksiyasının yerinə yetirilməsidir. Məktəblər yeniləşdi, diaqnostik mərkəzlər tikildi, xəstəxanalar yenidən quruldu, təxminən 758 artezian quyusunun azı 200-ə qədəri yenidən vurulub, yaxud da 300-dən çoxu əsaslı şəkildə bərpa edilib. Bunlar iritutumlu işlərdir. Bəzən inkişaf gedir, infrastruktur dəyişir və biz reallığı qiymətləndirə bilmirik. Amma reallıq bundan ibarətdir ki, bir rayonun timsalında dövlətin yürütdüyü siyasətin real nəticələri var. Zənn edirəm ki, növbəti proqram kəndin qalxınması üçün önəmli olmalıdır, yerli sahibkarlığın inkişafına xidmət etməlidir. Düşünürəm ki, sərhəd bölgələrinin inkişafı haqqında xüsusi dövlət proqramı olmalıdır. O cümlədən kənd təsərrüfatı nazirinin dəyişməsi bu sahədə yeni milli proqramın qəbul olunmasına səbəb olacaq, bu barədə artıq məlumatlar var. Əsas vəsaitlər kəndə qoyulmalıdır, çünki biz aqrar ölkəyik, məşğul əhalinin 45 faizi kənddə yerləşir. Bölgələrdə real iş yerlərinin açılması ilə bağlı addımlar atılmalıdır. Bütövlükdə götürəndə, bu proqramlar dövlətimiz və xalqımız üçün çox faydalıdır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər