Üçüncü “qırğız inqilabı” baş verəcək?
Postsovet məkanının ən qeyri-sabit ölkələri sırasında olan
Qırğızıstanda vəziyyət n gərginləşib. Uzun illərdir ki, ölkədə gedən siyasi
mübarizə yenidən silahlı qarşıdurmaya çevrilib. Bu dəfə onun mərkəzində keçmiş
prezident Almazbek Atambayev dayanır. Ötən gün Atambayevin tərəfdarları ilə onu
həbs etməyə çalışan xüsusi təyinatlılar arasında baş vermiş qarşıdurmada bir
polis zabitinin öldürüldüyü xəbər verilir. Milli Təhlükəsizlik Xidmətinin
xüsusi qüvvələri Atambayevin iqamətgahına hücum əməliyyatı keçirib.
Paytaxt
Bişkekdəki xəstəxanalardan biri Atamabayevi həbs etməyə çalışan polislərdən
birinin öldüyünü təsdiq edib. Səhiyyə Nazirliyi bildirib ki, 14 polis də daxil
olmaqla, son toqquşmada 36 nəfər xəsarət alıb. Atambayevin tərəfdarları onun
iqamətgahına hücum edən xüsusi təyinatlılardan 6-nı girov götürüblər və
əməliyyatın dayandırılacağı halda onları buraxa biləcəklərini deyirlər. Yerli
sakinlər habelə kəndə elektrik enerjisinin verilməsinin, telefon və internet
rabitəsinin bərpasını tələb edirlər. Lakin girovların azad edilməsinə dair
danışıqlar nəticəsiz qalıb. Bəlli olduğu
kimi, keçmiş prezident, Qırğızıstan Daxili İşlər Nazirliyinin çağırışlarını
qəbul etmədiyindən, onun yaşadığı binaya hücum edilib. O, bundan əvvəl həbsinin
gözlənildiyi vaxt Rusiya hərbi bazasından xüsusi təyyarə ilə Moskvaya uçmuş,
orada yaxşı münasibətlərdə olduğu Vladimir Putinlə görüşmüşdü. Lakin bu da ona
kömək etməyib. "Kommersant” yazır ki, Putin Atambayevi indiki prezident
Sooronbek Jeenbekovla barışığa çağırsa da, görünür, onun sözü yerə salınıb. 62
yaşlı Atambayevin iqamətgahı paytaxt Bişkekin yaxınlığındakı Köy Daş məntəqəsində
yerləşir. Gecə yarısından sonra Köy Daşda internetin və mobil rabitənin
söndürüldüyü xəbər verilir. Bəzi məlumatlara görə, hökumət Köy Daşa üç
avtobusda əlavə olaraq xüsusi təyinatlılar göndərib. Öz növbəsində Atambayev
videomüraciətlə çıxış edib və güc strukturlarını "özbaşınalıqları dayandırmağa”
çağırıb. Eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O,
hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki,
əks halda bunun axırı pis qurtaracaq.
"Atambayevi tutmaq, həbs etmək, öldürmək üçün hakimiyyət artıq dinc
vətəndaşları güllələməyə, öz xalqına atəş açmağa da hazırdır. Bu, özbaşınalıqdır!
Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klana
qul olmayacaqlar. Mən hakimiyyəti bir daha düşünməyə çağırıram”, - keçmiş
prezident bildirib. Onun baş tutmayan həbs xəbərləri ilə yanaşı,
eks-prezidentin bəstələdiyi mahnılar da gündəmdədir. Onlardan "Mən ölümdən qorxmuram” mahnısı bu
məqamda daha çox diqqət çəkir və xeyli insan tərəfindən paylaşılıb. Qeyd edək
ki, prezident olduğu müddətdə Atambayevin yeni mahnı və ya klip təqdim etməsi,
ölkə KİV-inin əsas xəbərlərindən olub.
Atambayevə qarşı 5 ittiham irəli sürülüb. O, səlahiyyətlərindən
sui-istifadədə, korrupsiyada və qanunsuz varlanmaqda ittiham olunur.
Eks-prezidenti eyni zamanda Köy Daşda qanunsuz ev tikməkdə, eləcə də, kriminal
avtoritet Aziz Batukayevi qanunsuz azad etməkdə ittiham edirlər. Atambayev
özünə qarşı irəli sürülən bütün ittihamları rədd edir və bildirir ki, onlar
siyasi motivlidir. Qırğızıstan qanunlarına görə, hüquq-mühafizə orqanlarının
iki çağırışına cavab verməyən şəxs dindirmə üçün məcburi qaydada saxlana bilər.
Atambayevin vəkili Sergey Slesarev deyib ki, Qırğızıstan qanunvericiliyinə,
keçmiş prezidentlərin statusu barədə ötən mayda edilmiş düzəliş qanunsuzdur.
Ötən may ayında Qırğızıstan qanunlarına edilən dəyişikliklər Atambayevi
toxunulmazlıqdan məhrum edib. Bu qanun dəyişikliyinə Qırğızıstan millət
vəkillərinin əksəriyyəti səs verib.
"Kommersant” yazır ki, hakimiyyətin Atambayevə qarşı hücuma start
verməsinə səbəb, heç də ona qarşı irəli sürülən ittihamlar olmayıb, əsas səbəb
Bişkekin mərkəzində sentyabrın 3-nə təyin etdiyi müxalifətin mitinqidir.
Təşkilatçılar gizlətmirlər ki, onların məqsədi, sadəcə, dinc etiraz aksiyası
yox, üçüncü inqilabı həyata keçirmək və hazırkı hakimiyyəti devirməkdir.
Atambayev də bir neçə dəfə bildirib ki, yeni hakimiyyət nə onu, nə də
tərəfdarlarını qane edir.
"Pikir” regional ekspertlər klubunun həmsədri İqor Şestakov bildirir
ki, bu hadisələr gözlənilən idi. Onun qənaətincə, Atambayev üç dəfə
dindirilməyə gəlmək tələbini yerinə yetirməkdən imtina edərək, hüququ
çərçivədən kənara çıxıb. Hətta xəbərdar etmişdi ki, silahı var və həbs
edilməsinə yol verməyəcək. "Eks-prezident məqsədli şəkildə öz ətrafında radikal
kütləni toplayırdı. Hətta onun doğma kəndini Köy Daş Xalq Respublikası
adlandırırdılar. Belə vəziyyətdə hakimiyyətdə
mövqe formalaşıb ki, Atambayev silahlı gizli dəstə formalaşdırır”, -
deyə ekspert bildirib. Başqa bir ekspert, Mərkəz Asiya üzrə ixtisaslaşmış politoloq Arkadi
Dubnov hesab edir ki, qarşıdurma, vəziyyətin ciddi şəkildə gərginləşməsinə
gətirib çıxara bilər. Məsuliyyət də hər iki tərəfin üzərinə düşür. Onun sözlərinə
görə, Atambayevin toxunulmazlıq hüququnu sürətlə, bütün prosedurlar pozulmaqla
həyata keçirdilər. Və indi nəticələri heç kim proqnoz edə bilməz. Proses,
klanların irimiqyaslı qarşıdurmasına gətirib çıxara bilər. Əlavə edib ki,
Qırğızıstanda vəziyyət 2005-2011-ci illərdə baş verən inqilablar dövrünə
qayıdır. MDB ölkələri İnstitutunun Mərkəzi Asiya bölümünün rəhbəri Andrey
Qrozin hesab edir ki, faktiki olaraq Atambayev indiki hakimiyyət üçün ən qıcıq
yaradan faktora çevrilib. Onun qənaətincə, Qırğızıstan gələcəyi proqnoz edilə
bilməyən bir ölkədir – burada hər şey baş verə bilər: "Bir tərəfdən, əhali
mitinqlərdən bezib və iri kütləvi aksiyalarda iştirak etmək istəmir. Digər
tərəfdən, Atambayev kasıb da deyil və onun üçün aksiya keçirmək çətin iş deyil.
Məsələn, adi mitinq - 1500, bir qədər irisi - 3000, küçələrin bağlanması
mitinqinə isə 5 min dollar tələb olunur. Yəni vəziyyəti istənilən an
gərginləşdirmək, dəyişmək mümkündür”. Ekspert onu da bildirir ki, Atambayevin
tərəfdarları elə də çox deyil. Prezidentlik müddətində özünə xeyli düşmən
qazanmağa müvəffəq olub. Onun dövründə xeyli insan siyasi motivlərə görə həbs
edilib. Elit və əks elita anlayır ki, Atambayev özünəməxsus bir insandır və
yaxşısı odur ki, ona baş qoşmayasan”.
Son məlumatlara görə,
Qırğızıstanda sabiq prezident Almazbek Atambayevin iqamətgahına hücumdan sonra
Təhlükəsizlik Şurasının iclası keçirilib. Mətbuatın iştirakı olmadan baş tutan
iclasın gündəliyində "7 Avqust 2019-cu il tarixli vəziyyətlə əlaqədar
təhlükəsizlik və qanunun aliliyinin təmin edilməsi haqqında” məsələyə baxılıb.
Prezident məzuniyyətini yarımçıq saxlayaraq, Bişkekə qayıdıb. Bu barədə
Qırğızıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
"Keçmiş dövlət başçısı Almazbek Atambayev güc strukturlarına
müqavimət göstərməklə konstitusiyanı kobud şəkildə pozub”. Bu sözləri Jeenbekov
Təhlükəsizlik Şurasının iclasında deyib. Qırğızıstanın hüquqi dövlət olduğunu
xatırladan prezident, Təhlükəsizlik Şurası üzvlərinə ölkədə qanunun aliliyinin
qorunması və təhlükəsizliyin təmin olunması üçün təcili təxirəsalınmaz
tədbirlər görmək barədə göstəriş verib.
O da bildirilir ki, Atambayevin iqamətgahına iki hücum cəhdindən sonra
onun tərəfdarlarına qarşı cinayət işi qaldırılıb. "24 kg” portalı xəbər verir
ki, həmin şəxslərə qarşı bir neçə maddə - kütləvi etiraz aksiyaları keçirmək,
xuliqanıq, qətl, həyata qəsd, zorakılıq, eləcə də girov götürülməsi maddələri
üzrə cinayət işləri qaldırılıb. Bütövlükdə 47 nəfər xəstəxanalıq olub, onların
22-si təhlükəsizlik xidməti əməkdaşı, qalanı mülki şəxslərdir.
Azər NURİYEV