AZE | RUS | ENG |

Üçüncü “qırğız inqilabı” baş verəcək?

Üçüncü “qırğız inqilabı” baş verəcək?
Ekspertlərin fikrincə, Qırğızıstandakı proses klanların irimiqyaslı qarşıdurmasına gətirib çıxara bilər

Postsovet məkanının ən qeyri-sabit ölkələri sırasında olan Qırğızıstanda vəziyyət n gərginləşib. Uzun illərdir ki, ölkədə gedən siyasi mübarizə yenidən silahlı qarşıdurmaya çevrilib. Bu dəfə onun mərkəzində keçmiş prezident Almazbek Atambayev dayanır. Ötən gün Atambayevin tərəfdarları ilə onu həbs etməyə çalışan xüsusi təyinatlılar arasında baş vermiş qarşıdurmada bir polis zabitinin öldürüldüyü xəbər verilir. Milli Təhlükəsizlik Xidmətinin xüsusi qüvvələri Atambayevin iqamətgahına hücum əməliyyatı keçirib.
 
Paytaxt Bişkekdəki xəstəxanalardan biri Atamabayevi həbs etməyə çalışan polislərdən birinin öldüyünü təsdiq edib. Səhiyyə Nazirliyi bildirib ki, 14 polis də daxil olmaqla, son toqquşmada 36 nəfər xəsarət alıb. Atambayevin tərəfdarları onun iqamətgahına hücum edən xüsusi təyinatlılardan 6-nı girov götürüblər və əməliyyatın dayandırılacağı halda onları buraxa biləcəklərini deyirlər. Yerli sakinlər habelə kəndə elektrik enerjisinin verilməsinin, telefon və internet rabitəsinin bərpasını tələb edirlər. Lakin girovların azad edilməsinə dair danışıqlar nəticəsiz qalıb.  Bəlli olduğu kimi, keçmiş prezident, Qırğızıstan Daxili İşlər Nazirliyinin çağırışlarını qəbul etmədiyindən, onun yaşadığı binaya hücum edilib. O, bundan əvvəl həbsinin gözlənildiyi vaxt Rusiya hərbi bazasından xüsusi təyyarə ilə Moskvaya uçmuş, orada yaxşı münasibətlərdə olduğu Vladimir Putinlə görüşmüşdü. Lakin bu da ona kömək etməyib. "Kommersant” yazır ki, Putin Atambayevi indiki prezident Sooronbek Jeenbekovla barışığa çağırsa da, görünür, onun sözü yerə salınıb. 62 yaşlı Atambayevin iqamətgahı paytaxt Bişkekin yaxınlığındakı Köy Daş məntəqəsində yerləşir. Gecə yarısından sonra Köy Daşda internetin və mobil rabitənin söndürüldüyü xəbər verilir. Bəzi məlumatlara görə, hökumət Köy Daşa üç avtobusda əlavə olaraq xüsusi təyinatlılar göndərib. Öz növbəsində Atambayev videomüraciətlə çıxış edib və güc strukturlarını "özbaşınalıqları dayandırmağa” çağırıb. Eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq. 
 
"Atambayevi tutmaq, həbs etmək, öldürmək üçün hakimiyyət artıq dinc vətəndaşları güllələməyə, öz xalqına atəş açmağa da hazırdır. Bu, özbaşınalıqdır! Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klana qul olmayacaqlar. Mən hakimiyyəti bir daha düşünməyə çağırıram”, - keçmiş prezident bildirib. Onun baş tutmayan həbs xəbərləri ilə yanaşı, eks-prezidentin bəstələdiyi mahnılar da gündəmdədir.  Onlardan "Mən ölümdən qorxmuram” mahnısı bu məqamda daha çox diqqət çəkir və xeyli insan tərəfindən paylaşılıb. Qeyd edək ki, prezident olduğu müddətdə Atambayevin yeni mahnı və ya klip təqdim etməsi, ölkə KİV-inin əsas xəbərlərindən olub.
 
Atambayevə qarşı 5 ittiham irəli sürülüb. O, səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada və qanunsuz varlanmaqda ittiham olunur. Eks-prezidenti eyni zamanda Köy Daşda qanunsuz ev tikməkdə, eləcə də, kriminal avtoritet Aziz Batukayevi qanunsuz azad etməkdə ittiham edirlər. Atambayev özünə qarşı irəli sürülən bütün ittihamları rədd edir və bildirir ki, onlar siyasi motivlidir. Qırğızıstan qanunlarına görə, hüquq-mühafizə orqanlarının iki çağırışına cavab verməyən şəxs dindirmə üçün məcburi qaydada saxlana bilər. Atambayevin vəkili Sergey Slesarev deyib ki, Qırğızıstan qanunvericiliyinə, keçmiş prezidentlərin statusu barədə ötən mayda edilmiş düzəliş qanunsuzdur. Ötən may ayında Qırğızıstan qanunlarına edilən dəyişikliklər Atambayevi toxunulmazlıqdan məhrum edib. Bu qanun dəyişikliyinə Qırğızıstan millət vəkillərinin əksəriyyəti səs verib.
 
"Kommersant” yazır ki, hakimiyyətin Atambayevə qarşı hücuma start verməsinə səbəb, heç də ona qarşı irəli sürülən ittihamlar olmayıb, əsas səbəb Bişkekin mərkəzində sentyabrın 3-nə təyin etdiyi müxalifətin mitinqidir. Təşkilatçılar gizlətmirlər ki, onların məqsədi, sadəcə, dinc etiraz aksiyası yox, üçüncü inqilabı həyata keçirmək və hazırkı hakimiyyəti devirməkdir. Atambayev də bir neçə dəfə bildirib ki, yeni hakimiyyət nə onu, nə də tərəfdarlarını qane edir.
"Pikir” regional ekspertlər klubunun həmsədri İqor Şestakov bildirir ki, bu hadisələr gözlənilən idi. Onun qənaətincə, Atambayev üç dəfə dindirilməyə gəlmək tələbini yerinə yetirməkdən imtina edərək, hüququ çərçivədən kənara çıxıb. Hətta xəbərdar etmişdi ki, silahı var və həbs edilməsinə yol verməyəcək. "Eks-prezident məqsədli şəkildə öz ətrafında radikal kütləni toplayırdı. Hətta onun doğma kəndini Köy Daş Xalq Respublikası adlandırırdılar. Belə vəziyyətdə hakimiyyətdə  mövqe formalaşıb ki, Atambayev silahlı gizli dəstə formalaşdırır”, - deyə ekspert bildirib.
 
Başqa bir ekspert, Mərkəz Asiya üzrə ixtisaslaşmış politoloq Arkadi Dubnov hesab edir ki, qarşıdurma, vəziyyətin ciddi şəkildə gərginləşməsinə gətirib çıxara bilər. Məsuliyyət də hər iki tərəfin üzərinə düşür. Onun sözlərinə görə, Atambayevin toxunulmazlıq hüququnu sürətlə, bütün prosedurlar pozulmaqla həyata keçirdilər. Və indi nəticələri heç kim proqnoz edə bilməz. Proses, klanların irimiqyaslı qarşıdurmasına gətirib çıxara bilər. Əlavə edib ki, Qırğızıstanda vəziyyət 2005-2011-ci illərdə baş verən inqilablar dövrünə qayıdır. MDB ölkələri İnstitutunun Mərkəzi Asiya bölümünün rəhbəri Andrey Qrozin hesab edir ki, faktiki olaraq Atambayev indiki hakimiyyət üçün ən qıcıq yaradan faktora çevrilib. Onun qənaətincə, Qırğızıstan gələcəyi proqnoz edilə bilməyən bir ölkədir – burada hər şey baş verə bilər: "Bir tərəfdən, əhali mitinqlərdən bezib və iri kütləvi aksiyalarda iştirak etmək istəmir. Digər tərəfdən, Atambayev kasıb da deyil və onun üçün aksiya keçirmək çətin iş deyil. Məsələn, adi mitinq - 1500, bir qədər irisi - 3000, küçələrin bağlanması mitinqinə isə 5 min dollar tələb olunur. Yəni vəziyyəti istənilən an gərginləşdirmək, dəyişmək mümkündür”. Ekspert onu da bildirir ki, Atambayevin tərəfdarları elə də çox deyil. Prezidentlik müddətində özünə xeyli düşmən qazanmağa müvəffəq olub. Onun dövründə xeyli insan siyasi motivlərə görə həbs edilib. Elit və əks elita anlayır ki, Atambayev özünəməxsus bir insandır və yaxşısı odur ki, ona baş qoşmayasan”.
 
Son məlumatlara görə, Qırğızıstanda sabiq prezident Almazbek Atambayevin iqamətgahına hücumdan sonra Təhlükəsizlik Şurasının iclası keçirilib. Mətbuatın iştirakı olmadan baş tutan iclasın gündəliyində "7 Avqust 2019-cu il tarixli vəziyyətlə əlaqədar təhlükəsizlik və qanunun aliliyinin təmin edilməsi haqqında” məsələyə baxılıb. Prezident məzuniyyətini yarımçıq saxlayaraq, Bişkekə qayıdıb. Bu barədə Qırğızıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
 
"Keçmiş dövlət başçısı Almazbek Atambayev güc strukturlarına müqavimət göstərməklə konstitusiyanı kobud şəkildə pozub”. Bu sözləri Jeenbekov Təhlükəsizlik Şurasının iclasında deyib. Qırğızıstanın hüquqi dövlət olduğunu xatırladan prezident, Təhlükəsizlik Şurası üzvlərinə ölkədə qanunun aliliyinin qorunması və təhlükəsizliyin təmin olunması üçün təcili təxirəsalınmaz tədbirlər görmək barədə göstəriş verib.  O da bildirilir ki, Atambayevin iqamətgahına iki hücum cəhdindən sonra onun tərəfdarlarına qarşı cinayət işi qaldırılıb. "24 kg” portalı xəbər verir ki, həmin şəxslərə qarşı bir neçə maddə - kütləvi etiraz aksiyaları keçirmək, xuliqanıq, qətl, həyata qəsd, zorakılıq, eləcə də girov götürülməsi maddələri üzrə cinayət işləri qaldırılıb. Bütövlükdə 47 nəfər xəstəxanalıq olub, onların 22-si təhlükəsizlik xidməti əməkdaşı, qalanı mülki şəxslərdir.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965