Cümhuriyyətin ən gənc naziri - Cümhuriyyət-100
"Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti
sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel
ayındakı bolşevik işğalından sonra ölkənin bir dövlət kimi dünyanın siyasi
xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə
məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta
uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyaları unudulmadı”. Nə
yaxşı ki, unudulmadı, Azərbaycan xalqı 20-ci yüzilliyin sonunda yenidən öz
müstəqilliyinə qovuşdu!
Cəmo bəy Hacınski 1888-ci ildə Qubada Süleyman kişinin ailəsində
anadan olub. Qardaşı Mehdi bəy onu kiçik yaşlarında Bakıya gətirir və
gimnaziyada oxudur (Mehdi bəy dövrünün tanınmış teatr xadimi, aktyoru,
publisisti və ictimai-siyasi xadimi idi. O, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Parlamentin katibi olmuşdur). Bakıda gimnaziyada oxuyarkən "Kaspi”
qəzeti ilə əməkdaşlıq edən Cəmo bəy, Peterburq Universitetinin hüquq
fakültəsində təhsilini davam etdirərkən "Qubalı” imzası altında bir çox qəzet
və jurnallarda maraqlı məqalələrlə çıxış edib. 1914-cü ildə təhsilini bitirib
vətənə qayıdan Cəmo bəy 1915-17-ci illər ərzində Batum vilayətində və
Dənizkənarı rayonda Birinci dünya müharibəsi dövründə zərər çəkənlərə yardım
edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. Ölkədə baş verən bütün
xeyriyyə işlərində yaxından iştirak edən Cəmo bəy "Nicat” mədəni-maarif cəmiyyətinin
ən fəal üzvülərindən biri olub. Teatra, şeyriyyətə bağlı olan gənc hüquqşünas,
Müsəlman Dram Cəmiyyətinin (1916) və Azərbaycan Arxeoloji Cəmiyyətinin (1917)
yaradılmasında yaxşıdan iştirak edib.
1917-ci ildə Rusiyada, daha sonra Azərbaycanda baş verən siyasi
hadisələr dövrün digər ziyalıları kimi onun da diqqətini cəlb edir və
hadisələrin iştirakçısına çevrilir. Belə ki, 1917-ci ilin iyulunda Cənubi
Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilən
Cəmo bəy Hacınski bir necə ay sonra Rusiya Müəssislər Məclisinə seçkilər üzrə
Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Milli Şurasının üzvü olan C.Hacınski Mili Şuranın
Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. 1918-ci
ilin 28 mayda Azərbaycan Milli Şurasının tapşırığı ilə F.X.Xoyski Azərbaycan
Cümhuriyyətinin birinci müvəqqəti Hökumətini təşkil etdi və Cəmo bəy Hacınski
dövlət nəzarətçisi vəzifəsini yerinə yetirməyə başladı. Cəmo bəy belə
məsuliyyətli vəzifə ilə yanaşı, yenə də mətbuatda, cəmiyyətlərdə çıxışlarını
davam etdirdi. 1918-ci ilin ilk aylarından Hacınski "Türk yurdu” cəmiyyətində
Azərbaycan incəsənətindən mühazirələr oxuyur, tamaşalar haqqında dövrü
mətbuatda resenziyalar yazırdı.
1918-ci ildə Azərbaycan Parlamentinin üzvü seçilən C.Hacınski N.Yusifbəylinin
yaratdığı dördüncü Hökumətdə poçt və teleqraf naziri vəzifəsini icra etməli
oldu. 1919-cu ilin martın 14-dən 1920-ci ilin 1 aprelinə kimi bu vəzifəni
yerinə yetirən gənc nazirin xidmətləri sayəsində, artıq 1919-cu ilin sonlarında
Azərbaycanda 54 poçt-teleqraf xətti və bir şəhərlərarası telefon stansiyası
yaradılmışdı. Bu sahədə savadlı kadrların hazırlanması üçün də işlər görüldü.
Məsələn, Azərbaycanda teleqraf stansiyası, radiostansiya və poçt-teleqraf
məktəbi açıldı və 1920-ci ilin martın 1-də Azərbaycan hökumətinin qərarı ilə
Poçt və Teleqraf Nazirliyi nəzdində Azərbaycan Teleqraf Agentliyi - AzərTAc yaradıldı.
Hətta Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən arxiv
sənədlərindən belə bəlli olur ki, 1919-cu ildə Paris sülh konfransına yola
düşən nümayəndə heyəti Fransanın poçt və teleqraf şirkətləri ilə Azərbaycan
Cümhuriyyətində dünya standartlarına uyğun poçt-teleqraf işlərinin aparılması
və Gəncə radiostansiyasının Efel qülləsindəki ötürücü vasitəsi ilə Avropa
radiostansiyalarına qoşulmasının təmini haqqında razılaşma əldə etmişdi.
Razılaşmaya uyğun olaraq, Azərbaycana lazımi avadanlıqlar və mütəxəssislər
göndəriləcəkdi.
Bəzi cümhuriyyətçilərdən fərqli olaraq Cəmo bəy 1920-ci ilin aprel
işğalından sonra bir müddət həbs edilmədi. Çünki yeni "hökumət”in belə savadlı
kadrlara ehtiyacı var idi. Ona görə də Cəmo bəyi sovetlər Ədliyyə
Komissarlığında inzibati-maliyyə şöbəsinə rəis təyin etdilər. Bu məsul vəzifə
ilə yanaşı, Cəmo bəy Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində də
yaxından iştirak edir. Bu cəmiyyət "Kommunist” qəzetinin redaktoru Həbib
Cəbiyevin təşəbbüsü ilə 1923-cü ilin 2 noyabrında yaradılmışdı. Cəmiyyətin
fəaliyyəti haqqında tədqiqatçı alim Aypara Rüstəmova yazır: "20-ci illərin
əvvəllərində fəaliyyət göstərən elmi təşkilatlar içərisində ən görkəmli yer
tutan, elmin inkişafında əvəzsiz xidmət və çəkisi olan elmi təşkilatlardan biri
şübhəsiz bu cəmiyyətdir”. Cəmiyyət yeni yarananda onun işində fəallıq göstərən
ziyalılardan bir də Cəmo bəy olub...
Bolşeviklər ilk gündən Azərbaycan Cümhuriyyətinin keçmiş nazirinə
inanmadılar. Odur ki, Cəmo bəy gizli olaraq nəzarətə götürüldü. İşinə
məsuliyyətlə yanaşan Cəmo bəyin fəaliyyətində nöqsan tapa bilməyən hökumət, onu
Sovet hakimiyyətinə qarşı əksinqilabi fəaliyyətdə günahlandırdı. Xüsusən də
Azərbaycanda Eser (Sosialist İnqilabçılar) Partiyasının Zaqatala təşkilatının
liderlərindən biri kimi ittiham edilərək, 1922-ci ilin 27 aprelində həbs
edildi. Sorğu-sual zamanı Cəmo bəyə nə qədər ağır işgəncələr verilsə də,
müstəntiq istədiyi cavabları ala bilmədi. Belə olduqda, digər günahsız
"müttəhim”lər kimi Cəmo bəy üçün də lazımı "sənədlər” düzəldilərək, üç il
azadlıqdan məhrum edildi. Cəzasını isə vətəndən uzaqda çəkməli oldu. 1923-cü
ilin aprelin 11-də C.Hacınskinin də daxil olduğu 12 nəfərlik dustaq qrupu
Moskvaya - Butırsk həbsxanasına göndərildi. Cəmo bəyin Butırsk həbsxanasında
qarşılaşdığı çətinliklər Bakıda Bayıl həbsxanasında gördüklərinin yanında yalan
oldu. Butırsk həbsxanasında Azərbaycandan gələn bu on iki "dustağa”, xüsusən də
Azərbaycan Cümhuriyyətinin iki naziri - Cəmo Hacınskiyə və Aslan bəy
Səfikürdskiyə cəhənnəm əzabı yaşatdılar. Həbsxanada onlara qarşı çox sərt rejim
yaradıldı. Xüsusi hazırlanmış nəm və qaranlıq kameralarda saxlanılan
Azərbaycanlı "dustaq”ların zəruri ehtiyaclarının ödənilməsinə belə
məhdudiyyətlər qoyuldu. Bu cəhənnəm əzabının ömrü Cəmo bəy (elə A.Səfikürdski)
üçün 1925-ci ilin 11 aprelində sona çatmalı olsa da, belə olmadı. Cümhuriyyət
qurucularına əzab verməkdən ləzzət alan Sovet hökuməti onlara Zaqafqaziyada,
Şimali Qafqazda, sərhədyanı ərazilərdə, Moskva və Leninqrad quberniyalarında
yaşamağı qadağan etdi. Ona görə də, Cəmo bəy yenidən üç il Arxangelsk
vilayətindəki Solovki həbsxanasında cəhənnəm əzabını "yaşamalı” oldu.
1928-ci ilin iyununda həbsxanadan buraxılan Cəmo bəy elə düşünürdü
ki, bu əzablı günlərə son qoyuldu. Amma elə həmin il qardaşı Əhməd bəyin RSFSR
CM-nin 58-1, 58-2, 58-10 maddələri ilə ittiham olunaraq 10 il müddətinə
azadlıqdan məhrum edilməsi” bu arzularını puç etdi. Hökumət onu həbsxanadan
buraxsa da, nəzarətdə saxladı. Hətta bir müddət Azərbaycanda və Tiflisdə məsul
vəzifələrdə işləməyə "şərait” də yaratdı. 1928-ci ilin iyulundan Bakıda Respublika
Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında, 1930-31-ci illərdə Tiflisdə
Zaqafqaziya Kənd Təsərrüfatı İdarəsində, 1933-cü ilin noyabrından 1934-cü ilin
noyabrına kimi "Azərittifaq” sistemində, 1934-cü ilin sonlarından 1937-ci ilin
yanvarına kimi Sənaye Kooperasiyasında müxtəlif vəzifələrdə çalışmışdır.
1937-ci ilin yanvarında hökumət Sənaye Kooperasiyasında Cəmo bəyin işlədiyi baş
məsləhətçi vəzifəsini ləğv edir və bir daha ona heç bir yerdə iş tapılmır.
1937-ci ilin oktyabrına kimi işsiz qalan Cəmo bəyi elə həmin ərəfədə yenidən
həbs edirlər. Budəfəki həbs onu daha çox incitdi. Çünki 11 yaşlı oğlu Camalın
və iki aylıq qızı Nellinin həyatından çox nigaran idi. "Xalq düşməni”nin ailəsi
kimi onları necə əzablı günlər gözlədiyini yaxşı bilirdi.
C.Hacınskini ikinci dəfə, Azərbaycan SSR Cinayət Məcəlləsinin 72,
73-cü maddələri əsasında, 4-cü şöbə, 2-ci bölmənin rəisi leytenant Qalstyan və
4-cü şöbənin rəisi Sinmanın "xeyir-duası” ilə həbs edilir. Cəmo bəy hələ yarası
sağalmayan əzabları yenidən yaşamalı olur. Yenə də eser təşkilatının üzvü
olmaqda təqsirləndirilən cümhuriyyətçi, silahlı üsyan yolu ilə Sovet
hakimiyyətini devirməkdə təqsirləndirilirdi. İstintaq 1937-ci ilin oktyabrından
1938-ci ilin dekabrına qədər çəkdi. 1938-ci ilin 2-3 dekabrında Zaqafqaziya
Hərbi Dairəsi Hərbi Tribunalının səyyar qapalı məhkəmə iclası dövlət
ittihamçısı və müdafiə olmadan işə baxdı. C.Hacınski Azərbaycan CM-nin 21,
64-cü maddələri ilə günahkar sayılaraq 8 il müddətinə ciddi rejimli islah əmək
düşərgəsində saxlanılmaqla və 4 il siyasi hüquqlardan məhrum edilməklə,
əmlakının yarısı müsadirə olunmaqla azadlıqdan məhrum edilir.
Yenidən Cəmo bəyin sürgün həyatı başlayır. 1938-ci ilin şaxtalı,
boranlı bir qış axşamı onu, cəzasını çəkmək üçün Kirov vilayətinin Vyatka 3-cü
həbs düşərgəsinə yola salırlar. Bu, onun vətəndən son gediş oldu. Əslində Cəmo
bəyin "ölü çanı” sürgünə aparılırdı. Onun ruhu, fikri-zikri burda başsız qalan
ailəsinin və istiqlalını itirən vətəninin yanında qalırdı. Bu gedişin son
olacağı sanki ona agah olmuşdu. Daha nə işgəncələrə dözürdü, nə də özündə güc
tapa bilirdi. "Ölü” ikən "diri” olan Cəmo bəy, 1942-ci ili başa vura bilmədi.
Qərib diyarda, soyuq həbsxana divarları arasında, vətənindən, əzizlərindən
nigaran dünyasını dəyişdi.
Azərbaycana "xoşbəxtlik” gətirən Sovetlər Hacınskilər ailəsinin
məhvinə çalışsa da, buna nail ola bilmədi. Həm atasız, həm də anasız böyüyən
Camo (Cəmo bəy oğluna öz adını qoymuşdur və ikinci dəfə 1937-ci ildə həbs
edilib 1938-ci ildə sürgünə göndəriləndə onun ömür-gün yoldaşı Mariya vəfat
etmişdir, iki uşaq tək-tənha qalmışdır) bu dünyanın hər çətin üzünü görsə də,
xoşbəxtlikdən, pis əməllərdən uzaq olur. Əksinə, məktəbdə nizam-intizamı, yaxşı
oxuması ilə çoxlarına nümunə göstərilir. Sonra ali təhsil alan Camo tarix
elmləri doktoru, professor adına layiq görülür. Uzun illər Bakı Ali Partiya
Məktəbində prorektor və tarixi kafedrasının müdiri vəzifələrində çalışıb.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist