• çərşənbə axşamı, 23 aprel, 18:27
  • Baku Bakı 20°C

Cümhuriyyətin dörd əsas sütunundan biri - Cümhuriyyət - 100

08.03.18 10:30 1258
Cümhuriyyətin dörd əsas sütunundan biri - Cümhuriyyət - 100
"Azərbaycan xalqının ən dəyərli oğullarından” adlandırılan Nəsib bəy Yusifbəyli elə dəyərli, nəcabətli bir nəslin övladı idi. Nəsib bəy ata tərəfdən Cavad xan (babası Həşim bəy Cavad xanın vəziri Usubbəyin nəvəsi), ana tərəfdən isə Üzeyir bəy (nənəsi Bəşirət xanım Üzeyir bəyin atası Əbdülhüseyn bəyin bibisi) nəslindən idi. 1881-ci ildə Gəncədə anadan olan Nəsib ilk təhsilini evdə atası Yusif bəydən alıb (Yusif bəy Peterburq Universitetində hüquq fakültəsini bitirmişdi və Gəncədə xeyirxahlığı, maarifpərvərliyi ilə sayılıb-seçilən bir ziyalı olub). Nəsib bəy Gəncə klassik gimnaziyasını bitirərək 1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olur. Lakin universitet tələbələri mütəmadi olaraq inqilabi dərnəklərdə, ixtişaşlarda yaxından iştirak etdiyinə görə, çar hökuməti universiteti müvəqqəti olaraq bağlayır. Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirməli olur. O, bu illərdə tez-tez Krımın Bağçasaray şəhərinə gələrək burada yaşayan İsmayıl bəy Qaspralı ailəsinin qonağı olur və onun redaktorluğu ilə çap olunan "Tərcüman” qəzeti ilə əməkdaşlıq edir. Nəsib bəylə İsmayıl bəy arasında yaranan bu dostluq tez bir zamanda qohumluğa çevrilir. Nəsib bəy İsmayıl bəyin qızı Şəfiqə xanımla 1906-cı ildə ailə qurur.
Bəzi mənbələrdə qeyd edilir ki, Nəsib bəy ehtiyac üzündən təhsilini başa çatdıra bilmir və çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1908-ci ildə Türkiyəyə mühacirət edir. Mirzə Bala Məmmədzadənin yazılarında bu fakt belə vurğulanır: "Nəsib bəy 1908-ci ildə İstanbulda təşəkkül edən "Türk dərnəyi” cəmiyyətinin ilk üzvləri arasında bulunmuş bir şəxsiyyət idi”. Bəzi mənbələr isə təhsilini başa vuraraq, 1909-cu ildə ailəsilə birlikdə Gəncəyə qayıtdığını qeyd edir. Nəsib bəy Gəncədə olarkən şəhər bələdiyyəsində çalışıb. Bələdiyyədə işlərin çox olmasına baxmayaraq, o, tez-tez Bakıya - "Açıq söz” qəzetinin redaksiyasına gəlir və M.Ə.Rəsulzadə ilə tanış olur. Bu tanışlıq sonralar əqidə, amal dostluğuna çevrilir.
Siyasi mücadiləyə "Difai”nin tərkibində başlayan Nəsib bəy 1917-ci ilin mart ayında Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradır. Həmin ilin iyun ayında Türk Ədəmi-Mərkəziyyət partiyasını M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat” partiyası ilə birləşdirir və yeni partiya "Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat” adlandırılır. Partiyanın Gəncə şöbəsinə rəhbərlik edən Nəsib bəy onun proqramının hazırlanmasında və 1-ci qurultayın keçirilməsində yaxından iştirak edib. Nəsib bəy bu qurultaydan sonra Rusiya Müəssislər məclisinə nümayəndə seçilir, lakin 1917-ci ildə baş verən oktyabr çevrilişi onun Peterburqa getməsinə mane olur. Zaqafqaziya seyminin yaradılmasında yaxından iştirak edən Nəsib bəy, 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini icra edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də N.Yusifbəyli bir çox məsul vəzifələrdə çalışıb. O, F.Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdur. Nəsib bəy xalq maarifinin başında duran məsul şəxs kimi 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına məktub göndərərək, bütün quberniya və qəzalarda xalq maarif işinə ciddi fikir verilməsini xahiş edir. Məhz Nəsib bəy maarif naziri olarkən nazirliyin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu. Bu qanunun qəbulu təhsilin milliləşdirilməsinə yol açdı. Elə buna görə də N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etdi və Nəsib bəyin səyi nəticəsində 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəb fəaliyyət göstərirdi.
1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırıldı. Nəsib bəy 1919-cu ilin 14 aprelində elan olunan tərkibdə baş nazir vəzifəsi ilə yanaşı, daxili işlər naziri vəzifəsini də tutdu. N.Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920-ci ilin martına kimi fəaliyyət göstərib. Bu zaman Parlamentdə çox mühüm məsələlər müzakirə edilmiş, qanunlar qəbul olunmuşdur. Məsələn, Azərbaycanda Avropa tipli ilk Universitetin açılması, Parlamentin xüsusi qərarı ilə 99 nəfər Azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması və s. Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən Nəsibbəyli bildirmişdi: "Hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat, yığıncaq və s. azadlıqları təmin etməkdir”.
N.Yusifbəyli baş nazir olduğu dövrdə çox mühüm hadisə - 1920-ci il yanvarın 11-də Azərbaycan istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması baş verdi. Bu şad xəbəri Nəsib bəy Parlamentin 14 yanvarda keçirilən iclasda xalqa çatdırdı: "Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür”.
Təəssüf ki, bu işıqlı günün ömrü çox az oldu. Müstəqil Azərbaycanımızın 11-ci Qırmızı ordu tərəfindən işğal edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoydu. Bolşeviklər Azərbaycanı "müstəqil respublika” elan etsələr də, onun taleyini tərkibi tamamilə düşmənlərdən ibarət olan AK (b) P MK-nin A.M.Kirov, S.Orconikidze, A.Mikoyan, L.Mirzoyan kimi Azərbaycan xalqına dəhşətli nifrət edən rəhbərlər həll edirdi. Bunu o dövrün mətbu orqanlarında çap edilən məqalələr də təsdiq edir. Tiflisdə çap olunan "Qruziya” qəzeti 11 may 1920-ci il tarixli sayında yazırdı: "Yeni Azərbaycan hökuməti formal baxımdan mövcud olsa da, onu sayan yoxdur, hər şeyi şimaldan gəlmiş komissarlar həll edir”.
"Cümhuriyyətin əsas sütunlarında dayanan dörd şəxsiyyətdən biri” adlandırılan Nəsib bəy Yusifbəyli bolşeviklərin təqiblərdən yaxa qurtarmaq məqsədilə Vətəni tərk etmək qərarına gəldi. Amma edə bilmədi. Onu 1920-ci ilin mayında faciəli şəkildə qətlə yetirdilər. Çox sadə həyat tərzi keçirən baş nazirin müəmmalı ölümü ilə bağlı müxtəlif fikirlər söylənilir, iddialar irəli sürülür. Məsələn, araşdırmaçı alim Ədalət Tahirzadənin fikrincə, Nəsib bəy, Nəriman Nərimanovun göstərişilə Parlamentin Müsavat fraksiyasından olan üzvü Qarxunli Əşrəf bəy tərəfindən qətlə yetirilib. Guya aralarında keçmişdə duel məsələsi olduğuna görə.
Əvvəla, qeyd edim ki, bu versiyanı bir çox tədqiqatçılarımız inkar edir. Məsələn Şəmistan Nəzərli uzun tədqiqatdan sonra qətlin Əşrəf bəy tərəfindən törədilmədiyini bildirir. Qaldı ki, "duel məsələsinə”, bunun haqqında bir az geniş məlumat vermək yerinə düşür. Yuxarıda qeyd etdik ki, Nəsib bəy Novorossiysk Universitetində təhsil alarkən bir necə azərbaycanlı tələbə yoldaşları ilə birlikdə (Nəriman Nərimanov da olub) yay tətillərində Baxçasarayda yaşayan İsmayıl bəy Qaspiralının qonağı olublar. İsmayıl bəydən isti münasibət, dəyərli məsləhətlər alan gənclər, bu ocağa tez-tez gəlirmişlər. Nəsib bəylə Nəriman Nərimanovu bu ocağa daha çox bağlayan Qaspiralı qayğısı ilə yanaşı İsmayıl bəyin qızı Şəfiqə xanıma olan pak sevgiləri imiş. Şəfiqə xanım isə bu sevginin birini qəlbinə yaxın bilərək, Nəsib bəyi seçir. Bir necə il nişanlı qalan cütlük 1906-cı ildə ailə qurur. Bu izdivacdan iki övladları, Zöhrə və Niyazi dünyaya gəlir və 1910-cu ildə (bəzi mənbələrdə 1909-cu il qeyd edilir) Nəsib bəy ailəsi ilə birlikdə ata ocağına - Gəncəyə gəlir. Bu gəliş ömürlük olaraq onun ailə həyatının uğursuzluğuna səbəb olur. Bunun səbəblərini tədqiqatçı alim Vilayət Quliyev "Baş nazirin xanımı” sərlövhəli məqaləsində geniş açıqlayır. V.Quliyevin məqaləsindən belə aydın olur ki, Nəsib bəy Gəncədə olarkən başqa bir qadınla da dini nikah bağlayıb. Bunu bilən Şəfiqə xanım ayrılmağa qərar verir və övladları ilə birlikdə atasının yanına, Krıma qayıdır. Lakin Nəsib bəy nəinki ailəsi ilə, hətta İsmayıl bəylə də münasibətlərini kəsmir. İsmayıl bəy dünyasını dəyişərkən, Nəsib bəy onun yanında olur. Qaspiralının dəfn mərasimi zamanı çəkilən şəkillərdən birində iki nəfər qəbri üstə diz çökərək onu yad edir. Onlardan biri Qaspiralının böyük oğlu, ikincisi isə Nəsib bəydir. Mərasimdən sonra da Nəsib bəy Şəfiqə xanımdan dəfələrlə onu bağışlamasını xahiş etsə də, o, bu təklifi qəbul etmir (Amma Şəfiqə xanım Nəsib bəydən başqa heç kimlə ailə də qurmur, ömrünün sonuna kimi bu sevgiyə sadiq qalır və onun sonrakı məktublarından (bu zaman Nəsib bəyi qətlə yetirmişdilər) peşmançılıq hissi keçirdiyi və Nəsib bəyi çox sevdiyi hiss olunur).
Bəzi mənbələr də qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra Nəsib bəy məktub yazaraq Şəfiqə xanımı övladları ilə birlikdə Bakıya dəvət edir . Dəvəti qəbul edən Şəfiqə xanım övladları ilə birlikdə Azərbaycana gəlir. Bu gəlişi 1918-ci ilin son aylarına, ya da 1919-cu ilin əvvəllərinə təsadüf edir. Ailənin Azərbaycana gəlişi onların arasındakı münasibətləri istiləşdirə bilməsə də, (yenə də Şəfiqə xanım inadkarlıq edir) Nəsib bəy ailənin bütün ağırlığını öz üzərinə götürür.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yenidən ailəni başsız qoyur. Bolşeviklər ailəni yaşadığı mənzildən çıxararaq küçəyə atır. Ailənin gələcək taleyindən narahat olan o zaman Bakıda işləyən türk diplomatı (deyilənə görə o, İsmayıl bəy Qaspiralının yaxın dostu olub) məhz Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməkliyi ilə Şəfiqə xanıma və övladlarına saxta sənəd düzəldərək, türk hərbiçiləri ilə birlikdə əvvəl Batuma, sonra Trabzona, oradan da çox çətinliklə İstanbula yola salır.
Bəzi tədqiqatlarda isə Nəsib bəyin qətlinin Əliheydər Qarayev tərəfindən həyata keçirildiyi qeyd edilir və bu ağlabatan versiyadır. Çünki Əliheydər Qarayevin cümhuriyyətçilərə qarşı çox amansız olduğunu sübut edəcək onlarla faktlar var. Məsələn, sonralar Əliheydər Qarayevi çox yaxşı tanıyan və onun əməllərindən xəbərdar olan Mirzə Cəlilin ömür yoldaşı Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də yazırdı: "Əliheydər Qarayev - kommunist partiyasının Azərbaycan xalqının mənafeyinə zidd olan bütün tapşırıqlarını danışıqsız yerinə yetirməsi, milli duyğulara nifrət bəsləməsi, Azərbaycanda rus və erməni nüfuzunun möhkəmlənməsinə əlindən gələni edərək, bu yolda ən şərəfsiz işlərdən belə çəkinməməyi ilə seçilən nümayəndəsi”. Və yaxud qocaman yazıçı Manaf Süleymanovun "Son bahara çatdıq...” əsərindəki kiçik bir epizodu xatırlatmaq yerinə düşərdi: "Əliheydər Qarayev yeganə adam idi ki, bolşeviklər ona ən yüksək hərbi rütbə və səlahiyyət vermişdilər. 1920-ci il aprelin 27-də hökuməti təslim etmək barədə Həmid Sultanovun ultimatumu Parlamentdə müzakirə olunanda mübahisə düşür. Əliheydər Qarayev acıqla Məmmədəmin Rəsulzadəyə təpinir: "Gözlərini çıxardaram”.
"İnsan var ki, ölər, yox olar və bunun yoxluğunu ancaq yaxın qohum-əqrəbası hiss edər. İnsan var ki, ölər və yoxluğu bir milləti heyfsləndirər. Amma nə yaxşı bu faciələr sabaha olan ümidimizi əlimizdən ala bilmədi. Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir. O, bu yolçuluğa çıxarkən həm qəlbi, həm əqli, həm də duyğuları saflaşdırır”. Odur ki, 20-ci yüzilliyin sonu yenidən hürriyyət savaşına qatıldı oğullarımız və bu gün o oğullarımızın qanı, canı bahasına apardıqları mücadilənin nəticəsi olaraq, qürurla deyə bilərik ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisləriyik!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər