AZE | RUS | ENG |

Cümhuriyyətin 100 illiyinə həsr olunan sərgi - Fotolar

Cümhuriyyətin 100 illiyinə həsr olunan sərgi - Fotolar
«Kaspi» və “Gənc istedadlar” liseyləri birgə layihələrin icrasına start verdi

Azərbaycan Xalq Cümhuriyyətinin və Bakı Dövlət Universitetinin yubileyləri münasibətilə «Kaspi» Liseyi ilə BDU nəzdindəki "Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərginin açılışı prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə gününə təsadüf etdi. «Kaspi» Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbir iştirakçılarının diqqətini ölkədə keçirilən mühüm hadisəyə yönəltdi: «Bu gün Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilir. Biz dövlət başçısına ölkəmizin çiçəklənməsi və inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayırıq”. 

«Kaspi» Liseyinin yaranma tarixindən, missiyasından və gələcək hədəflərindən danışan Sona Vəliyeva Bakı Dövlət Universiteti ilə «Kaspi» Təhsil Şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində yaranan əlaqələri yüksək qiymətləndirdi. "Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq yüksək dəyərləndirirdi. Dahi rəhbər deyirdi: "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndərin bu fikirlərini əldə rəhbər tutaraq "Kaspi” Təhsil Şirkəti kimi təhsilimizə töhfə verməyə çalışırıq. Elə Bakı Dövlət Universitetinin "Gənc istedadlar” Liseyi ilə birgə təşkil olunan rəsm sərgisi də bu qəbil tədbirlərdəndir”. "Kaspi” TŞ-nin təsisçisi iki lisey arasında keçirilən sərginin Cümhuriyyətin 100 illiyinə həsr olunmasından qürur duyduğunu bildirdi: "Müsəlman şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. Tariximizin ən şərəfli və şanlı səhifəsi olan cümhuriyyət uzunömürlü ola bilməsə də, Azərbaycan xalqının şüuruna müstəqillik anlayışını, qəlbinə isə müstəqillik sevgisini həkk etdi. «Kaspi» Təhsil Şirkəti də öz növbəsində AXC tarixini şagirdlərə sevdirmək, bu tarixin əhəmiyyətini onlara fərqli formalarla çatdırmaq, həmçinin özünün kiçik fəaliyyət miqyasında bu şanlı tarixə və onun iştirakçılarına simvolik olaraq öz təşəkkürünü bildirmək üçün seçilən layihələr həyata keçirməkdədir. Vaxtilə Bakıda «Kaspi» adında qəzet nəşr olunurdu. O milli şüurun oyanması və azadlıq hərəkatında, sonralar Xalq Cümhuriyyətinin qələbəsinə qədər olan bir mərhələdə beyin mərkəzi rolunu oynadı. Xaricdə təhsil alıb gələn ziyalılar bir yerə toplaşaraq Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Cümhuriyyət yarananda, onun uzunömürlü olması üçün hansı amillərin vacib olması sualı ortaya çıxanda bir elm məbədinin də yaranması gündəmə gəldi. Beləcə, universiteti təsis etdilər. Az sonra bu universitetin 100 illiyi qeyd olunacaq. Hər iki liseydə təhsil alan şagirdlərin işlərindən görünür ki, bu uşaqlar azərbaycançılıq ruhunda tərbiyə alır, dövlətçilik təfəkkürü ruhunda böyüyürlər”. S.Vəliyeva ölkə başçısı İlham Əliyevin yenidən prezident seçiləndən sonra xalqla görüşündə söylədiyi fikirləri xatırladı: «Azərbaycanın gələcəyi gənclərin əlindədir. Gələcəyin bütün istiqamətləri onların elmi – intellektual səviyyəsinin inkişafından asılı olacaq. Bu mənada çox ümidverici gəncliyin yetişməsinin şahidiyik». "Kaspi”nin təsisçisi milli ruhda böyüyən gənclərlə yalnız qürur duyula biləcəyini söylədi. S.Vəliyeva BDU ilə əməkdaşlığın daha da genişlənməsi təklifini irəli sürdü: "Liseylər arasında əməkdaşlıq təhsilimizin inkişafına yeni töhfələr verə bilər”.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə «Xüsusi istedada malik olan şagirdlərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı»nın qəbulundan sonra həmin proqrama uyğun olaraq liseyin 2007-ci ildən fəaliyyətə başladığını qeyd etdi: «İndiyə qədər 9 buraxılışı olan liseyin 340-dan çox məzununun hamısı ali məktəblərə qəbul olunub. Liseyin müxtəlif elm və təhsil müəssisələri, o cümlədən «Kaspi» Təhsil Şirkəti ilə əməkdaşlıq əlaqələri var”. BDU rektoru rəsm sərgisinin şagirdlərin gələcək fəaliyyətləri üçün böyük stimul olacağını qeyd etdi: "Xalq Cümhuriyyəti fəaliyyəti dövründə mühüm işlərə imza atdı. İlk növbədə Bakı Dövlət Universiteti yaradıldı. Bu universitet Xalq Cümhuriyyətinin müdrik insanları tərəfindən yaradılanda bir arzu olub – Azərbaycanda savadsızlıq aradan qalxsın”. A.Məhərrəmov bu gün Bakı Dövlət Universitetinin təhsil və elm mərkəzi olduğunu, dünyada qəbul olunan universitetlər sırasında yer aldığını diqqətə çatdırdı: "Universitetin uğurlarına görə biz o nurlu insanları bu gün də xoşluqla yad edirik. Şagirdlər öz əsərlərində o nurlu insanların xidmətlərini yada salıblar. Hesab edirəm ki, liseylər arasında əlaqələrimiz ümumi təhsilin inkişafına dəstək verəcək. Şagirdlərin bir-birlərinin əl işləri ilə tanış olmaları Azərbaycanın gələcək elm və təhsil uğurlarından xəbər verir. Şagirdlər bu yolla bir-birləri ilə dostluq əlaqələri quracaq. Bu da elm və təhsilin inkişafı deməkdir. Mən bu ideyaya yüksək qiymət verirəm. Gələcəkdə əməkdaşlığın genişləndirilməsini arzulayıram. İntellektual səviyyəni yüksəltmək baxımından belə tədbirləri yüksək qiymətləndirirəm”.  

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Cümhuriyyət dəyərləri ilə bağlı vahid mövqe nümayiş etdirən liseylərin işini təqdir etdi: "Təhsil ocaqları "Cümhuriyyət İli”nə həsr etdikləri tədbirləri ilə Azərbaycan balalarının könüllərinə, qan yaddaşlarına bayrağımızdan süzülən müqəddəs xətti aşılayırlar. Ümid edirəm ki, Azərbaycan Cümhuriyyəti məhz bizim təhsil sisteminin timsalında daim yaşayacaq”. 

«İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında hər iki təhsil ocağında müasirliyi və gələcəyi, milli dəyərləri özündə ehtiva edən uşaqların formalaşdığını qeyd etdi: "Sərgidəki rəsm əsərləri böyük bir tarixi özündə əks etdirir. Bu isə bizim təhsilin və uşaqların parlaq gələcəyindən xəbər verir”.    

Tədbir çərçivəsində sərgiyə baxış keçirildi. «Kaspi» və «Gənc istedadlar» liseylərinin hər birindən 25 şagirdin 30 rəsm əsərinin nümayiş etdirildiyi sərgidə hər liseydən 5 nəfər olmaqla on şagird 1-ci, 2-ci və 3-cü yerlərin qalibi kimi mükafatlandırıldı. Digər şagirdlərə isə fəxri fərmanlar təqdim edildi.

Yaxın günlərdə liseylər arasında əməkdaşlıq çərçivəsində ı stolüstü tennis, şahmat, futbol və intellekt yarışlarının keçirilməsi nəzərdə tutulur.
 
Sərgidə iştirak etdi
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000