• çərşənbə axşamı, 19 mart, 15:08
  • Baku Bakı 8°C

Cümhuriyyəti şeirlərində quran şair...

29.05.18 14:30 6778
Cümhuriyyəti şeirlərində quran şair...
Əhməd Cavad dedikdə, ilk növbədə, bir misra keçir ağlımdan, sonra da nakam şair obrazına, incinmiş şair ruhuna çevrilərək gözlərim önündə boy verir: "Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz!..” Əhməd Cavad yaradıcılığı üçün də, şəxsiyyəti üçün də, azadlıq haqqında düşüncələri üçün də onun bu misrasından daha uğurlu və daha poetik bir ifadə ola bilməz... Bu şairin ruhunda yaşatdığı azadlıq nə dərəcədə "sevməyənlərin anlamayacağı” bir duyğu idisə (azadlığı arzulamaq üçün ona aşiq olmaq lazım!), onun şəxsiyyəti də öz yanğısı, sevdası ilə anlayış üçün bir o qədər böyük sevgi tələb edir. İnsanı təmənnasız fədakarlığa ruhlandıran, içdən gələn və böyük olan Azadlıq sevgisi... Vətən sevgisi!
Əhməd Cavad məhz belə şair idi...
Aydın məsələdir ki, azadlıq, müstəqillik, hür dövlət quruculuğu... əvvəlcə ideyalarda, düşüncələrdə meydana çıxan, daha sonra ruhları, ürəkləri fəth edən və yalnız bu "qələbə” əldə edildikdə reallaşması mümkün olan ideallardır. Düşüncədə yaranmamış, ruhlarda əldə edilməmiş azadlıq həyatda heç vaxt qazanıla bilməz! Azərbaycan ruhu, Azərbaycan düşüncəsi isə hər şeydən əvvəl ədəbiyyatda, xüsusilə də şeirdə ifadə olunduğundan ən böyük ideyaların, ən ali düşüncələrin izlərini də məhz bu ünvanda aramaq lazımdır. Bu baxımdan Cümhuriyyət dövrünün, azadlıq mücadiləsinin, ictimai-siyasi proseslərin ən bariz, ən dolğun və ən dəqiq izlərini Əhməd Cavad yaradıcılığında görmək mümkündür. Çünki Azərbaycan Demokratik Cümhuriyyətinin var olduğu çox qısa, ideya və ali məram kimi isə yaşadığı çox uzun illərin "Cümhuriyyət deyəndə adı hamıdan əvvəl yada düşən şairi” (Yaşar Qarayev) məhz Əhməd Cavaddır... Onu çox rahatlıqla ilk müstəqil dövlətimizin ideoloqlarından biri adlandıra bilərik. Çünki bir dövlət olaraq, cümhuriyyət olaraq yaratmaq, qurmaq istədiklərimiz də, ideoloji baxımdan cümhuriyyətin bütün ruhu da onun yaradıcılığında öz əksini tapıb. Bu şeirlərdə azadlıq yanğısı da var, müstəqillik istəyi də, türk birliyi ideyası da, "türkün türkdən başqa dostu, dayağı yoxdur” düşüncəsi də...
Şair zamanın istənilən anında özünün çağırış dolu sözləri ilə yatmış beyinləri oyatmağı, coşdurmağı bacarmalıdır. Əhməd Cavad da bu istəklə oxucusunu "silkələməyə”, oyatmağa çalışıb... Zamana və əldə edilənlərə nəzər salınarsa, bacarıb da:
Oldun yadlar oyuncağı,
Yurdun arsızlar ocağı.
Tapınma azğın şeytana,
Yüksəldi "birlik” sancağı!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Bu yaradıcılığa nəzər salanda təkcə elə dövlətimizin, müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımıza böyük bir sevgi və yanğı ilə yazılmış altı nəğməyə rast gəlirik. Bu misralar təkcə sevgili bayrağımızı gözlərimiz önündə dalğalandırmır, eyni zamanda da onun elə bir poetik obrazını yaradır ki, sevməmək, vurulmamaq, ruhən coşmamaq mümkün deyil. Bayrağa ünvanlanmış bu sözlər "bir Vətən sevdalısının bayraq eşqi ancaq belə ola bilərdi” dedirdir oxucusuna:
Hakim olub bir torpağa
Ona etmək böylə naz?
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?
Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?
Uğrunda can verənlər
Neyçün qıyar canına?
Bu sevgi təkcə bayrağa deyil, onun köksündə dalğalanan aya, ulduza da ünvanlanır. Bu məqamda da Əhməd Cavadın bir şair kimi poetik gücü meydana çıxır. O təkcə şair ruhunun bayrağa olan sevgisini deyil, Ayın ulduza olan sevgisini də poetik ifadəyə gətirir və çox uğurlu bir mənzərə canlandırır:
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, о gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
"Bayrağın qoynunda Aya sığınmış ulduz” adlandırılan "gözəl pəri” bir ifadə tapıntısı kimi də, obraz kimi də çox dolğun, maraqlı və əsaslandırılmışdır.
Cümhuriyyət ideoloqlarının ən başlıca ideyalarından biri - türkçülük ideyası və türk sevgisi onun şeirlərində diqqəti ən çox cəlb edən xüsusiyyətlərdən biridir. Məsələn, bu şeirlər arasında Bakının müdafiəsində iştirak edərək həlak olmuş türk əsgərinə ağı da var, birliyə və birlikdə oyanışa çağırış da... 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinə yardıma gəlmiş və şəhid olmuş türk əsgərlərinə abidə qoyulduğu zaman təməlqoyma mərasimində oxuduğu "Qalx" şeiri tək şəhid türklərə deyil, vətən yolunda, hürriyyət yolunda şəhid olmuş bütün ruhlara ünvanlanmışdır sanki:
Qalx, qalx sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə,
Hər gələn yolçuya yol soran əsgər.
Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.
Yaxud bircə elə bu gün dinlədikdə nəinki bizim, bütün dünyanın türklərinin qanını coşduran, musiqisi ilə birlikdə (bəstəkarı böyük Üzeyir Hacıbəylidir) çox böyük emosional təsir gücünə malik "Çırpınırdı Qara dəniz” şeiri Əhməd Cavadı təqdim etməyə, tanıtmağa, ruhunda qaynayan, coşan, sakitləşmək bilməyən türkçülük yanğısını, bayraq sevdasını, birlik eşiqini çatdırmağa yetərdi. 1914-cü ildə yazılmış bu əsər üzərindən yüz illər keçdikdə belə öz təsirini itirməyəcəkdir:
İncilər tök gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
Beləcə, mən deyərdim ki, Əhməd Cavad Cümhuriyyətimizi yaradıcılığında yaşadan və ilk növbədə, yaradıcılığında quran bir şairdir. Amma o təkcə şeirlərində deyil, müəllim kimi gördüyü işlərdə, eyni zamanda da ictimai fəaliyyətində Cümhuriyyətin fədakar əsgəri olub. Bioqrafiyasının ən əhəmiyyətli faktlarından olan iki fakt – türklərlə birlikdə Bakının hərbində iştirak etməsi, Birinci dünya müharibəsinin şərq cəbhəsində ermənilərə qarşı vuruşması bunu təsdiqləmək üçün yetərlidir. 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşınalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti” yaratması, bu yolla türk xalqına kömək göstərməsi onun ideyasını və vətəndaş mövqeyini ifadə edirdi.
Əhməd Cavadın azadlıq sevgisi o qədər böyük və gözəl idi ki, romantik ruhlu şair onu da gözələ, pəriyə bənzədirdi:
Qaranlıqda boğularkən ümidim,
Dan ulduzu yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin
Dan yeriylə görüşündən yarandın!
Gözəllikçin təbiətlə qüdrətin
Yavaşca bir sovuşundan yarandın!
Qələm əldə ilhamını dinlərkən
Sen qəlbimin vuruşundan yarandın!
Azərbaycan Demokratik Cümhuriyyətinin ideoloqlarından biri və milli azadlığımızın təbliğatçısı olmuş gözəl şairin bu şeiri haqqında M.Ə.Rəsulzadə yazırdı: "Milli qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 May İstiqlal günü münasibətilə hürriyyət pərisinə müraciət etdiyi "Nədən yarandın” parçası son dərəcə lirikdir”.
Ümumiyyətlə, ADC dövründə yazdığı şeirlər Əhməd Cavad yaradıcılığının ən dəyərli nümunələridir. Elə bu nümunələr, bu ideologiya, Müsavat Partiyası ilə əlaqəsi ADC-nin süqutundan sonra Əhməd Cavadın bir insan və bir şair kimi məhvinə səbəb oldu. Halbuki onun bütün xəyalları, arzuları bu cümhuriyyət ilə bağlı idi. Qurulan dövlət də, təbliğ edilən ideallar da onun həyatının, yaradıcılığının mənasına çevrilmişdi. Çünki müstəqil Cümhuriyyətimiz Əhməd Cavadın bu dünyada olan cənnəti idi:
Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada bulmuşam.
Aramaqdan bezdiyiniz yolları
Axtarmadan mən sevdada bulmuşam.
Bu cənnətindən məhrum olması səbəb oldu ki, müstəqillik carçısı olan Əhməd Cavadın o müstəqillik əldən getdikdən sonra - 1920-1925-ci illər arasında cəmi 4-5 şeiri çap olundu. Bircə 1928-ci ildə Türkiyədə "İstiqlal” məcmuəsində dərc edilmiş şeirləri istisna olmaqla. Amma onlar da öz məzmunu ilə (faktın özü belə bunun üçün yetərli idi) Əhməd Cavadın ölüm fərmanını imzalanmasını sürətləndirdi.
Bu gün mübariz İstiqlal şairinin taleyi, baş vermiş məntiqi və ya qeyri-məntiqi sonluğu, Cümhuriyyətin quruculuğunda fəaliyyəti, süqutundan sonra apardığı mübarizə və "təslimiyyəti” haqqında o dövrün psixoloji yaşantıların dərinliyinə varmadan, "qorxmaz”, "çəkinməz” kimi adi sözlərlə dəyər verənlər var... Amma Əhməd Cavadın faciəsini anlamaq, onun Böyük Sevgisini və Mübarizəsini dərk etmək üçün O Zamana getməli, O "qələm dostları”nın mühitində nəfəs almalı, o Zamanı qanınla, canınla duymalısan. Bunsuz heç bir duyum və obyektiv dəyərləndirmə ola bilməz... Onu anlamaq üçün, ən azı, onun qədər Azadlıq aşiqi olmalısan... Cümhuriyyət sevdalısı olmalısan... Və ən azı, onun kimi sevməyi bacarmalısan Sevgili Vətəni... Həm də, özü demişkən: "şeir kimi” sevməlisən...
Nərgiz CABBARLI
banner

Oxşar Xəbərlər