• cümə, 26 Aprel, 13:38
  • Baku Bakı 23°C

Cümhuriyyətə gedən yolu əks etdirən nəşr

24.10.18 09:15 1324
Cümhuriyyətə gedən yolu əks etdirən nəşr
Gənc tədqiqatçı Samir Xalidoğlunun "I Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı (1914 may-1918)” adlı monoqrafiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Azərbaycan mətbuat tarixinin görkəmli tədqiqatçısı, professor Şirməmməd Hüseynovun elmi redaktorluğu ilə "Qanun” nəşriyyatında işıq üzü görən kitabın rəyçiləri professor Şamil Vəliyev və professor Nəsiman Yaqubludur. Zəngin arxiv sənədləri və dövrü mətbuat materialları ilə əhatə olunan monoqrafiyada, I Dünya müharibəsi illərində çap olan milli mətbuatımızdan, onun mövzu dairəsindən, aparıcı jurnalistlərin, publisistlərin fəaliyyətindən və. s. məsələlərdən bəhs edilir. Tədqiqata əsasən 1914-cü ilin iyunundan - müharibənin başlanmasından 1918-ci ilin mayına - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə qədər olan cəlb edilmişdir.
"Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol məhz bu dövrdən (1914-1918-ci illər) keçir. Çünki Cümhuriyyətimizin elmi, nəzəri və ideoloji konsepsiyası bu zaman kəsiyində həm yaranmış, həm də formalaşmışdır. Bu proses əsasən mətbuat səhifələrində özünü büruzə vermişdir” - söyləyən müəllif, haqlı olaraq qeyd edir ki, müharibə dövrü jurnalistikası Azərbaycan xalqının milli şüurunun formalaşmasında, milli özünüdərkin meydana gəlməsində misilsiz rola malikdir. Ona görə də, müəllif əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər (xüsusən 1914-1918) Azərbaycan mətbuatının keçdiyi tarixi, sosial, siyasi inkişaf yoluna nəzər salır və bu dövrün məhrumiyyətləri, mübarizələri haqqında geniş məlumat verir.
Məhz bu dövrü "həm Azərbaycan milli hərəkatında, həm də mətbuat tarixində xüsusi çəkisi olan dövr” adlandıran müəllif, milli mətbuatımızın fəaliyyətinə yonəldilən süni maneələrdən, çətinliklərdən, cərimələrdən geniş şəkildə söhbət açır. Həmin maneələri sadalayarkən "ən dözülməzi”nin senzura olduğunu bildirərək "mətbuatın həm mülki, həm də hərbi senzorlarla çəkişmək məcburiyyətində qaldığını” qeyd edir. Hökumət dairələrinin azad sözə qarşı dözümsüzlüyü pik həddə çatsa da, dövrün görkəmli jurnalist və publisistləri milli ruhlu mətbuatımızın fəaliyyətini davam etdirməkdə idi. "Yerli-yersiz, təqiblər, cərimələr, həbslər, mühakimələr, sürgünlər” onları milli istiqlal uğrunda mübarizədən döndərə bilmədi və bütün bu çətinliklərə baxmayaraq jurnalist və publisistlərimiz də qəzet və jurnal çapında nə qədər israrlı, istəkli, inadkar olduqlarını aşkar etdilər.
Müntəzəm olaraq senzuranın nəzarətində olan "Açıq söz”, "İqbal”, "Yeni iqbal”, "Sədayi-həqq”, "Sədayi-Qafqaz”, "Bəsirət”, "Doğru söz”, "Dirilik”, "Tutu”, "Babayi-Əmir” kimi mətbu orqanları çətin də olsa, qarşılarına qoyduqları məqsədləri oxucularına çatdıra bildilər. Xüsusən də "Açıq söz” və "İqbal” qəzetləri Azərbaycan siyasi şüurunda istiqlal düşüncələrinin möhkəmləndirilməsində xüsusi rol oynadılar. Onlar Azərbaycan milli istiqlal hərəkatının təkanverici, ideyalarını təbliğ və tərənnüm edərək, xalqı milli şüura, milli siyasi birliyə istiqamətləndirdilər.
Arxiv sənədlərindən və dövrü mətbuatda çap olunan materiallardan aydın olur ki, müharibə dövründə (1914-1918) Azərbaycan milli mətbuatı tarixinin ən ağır və kəşməkəşli dövrünü yaşasa da, fəaliyyətindən də qalmayıb. Əksinə, S.Xalidoğlunun yazdığı kimi, bu mətbuat həm kəmiyyət, həm keyfiyyət göstəriciləri ilə özündən qabaqkı dövrləri üstələməyi bacararaq, geniş xalq kütlələrini öz milli-demokratik ideyaları ətrafında birləşdirərək, ilk milli Cümhuriyyətimizin yaranması üçün ideoloji baza rolunu oynaya bilmişdir. Məhz bu dövrdə mətbuatda millilik, millətçilik, türkçülük məsələləri çox ciddi şəkildə qoyulduğu üçün milli dövlətçiliyin bərpasına yol açıldı. Bu da Azərbaycan Xalq Cümhuriyyətinə gedən yolda ilk addım kimi dəyərləndirilir.
Monoqrafiyada həmin dövrdə anadilli mətbuatın tərəqqisinə səbəb olan mətbəə və nəşriyyatların iş prosesi də geniş təhlil olunur. Müəllif yazır: "Müharibə illərində mətbəə və nəşriyyat işi özünəqədərki dövrlərlə müqayisədə xeyli dərəcədə təkamül prosesi keçmişdir”. Müəllif əsərində bütövlükdə o dövrün mətbuat problemlərini hərtərəfli şəkildə işıqlandırmağa çalışmış və buna nail də olmuşdur. Bunun üçün o, ilk olaraq diqqəti, dövrün sosial-siyasi, mənəvi-psixoloji hadisələrinə yönəldərək, onların mətbuat səhifələrindəki əks-sədasının mənzərəsini açıqlaya bilmişdir. Nəticədə oxucunun gözü qarşısında müharibə dövrünün mətbuatı ilə birlikdə sosial-siyasi qüvvələri və onların fəaliyyətlərinin istiqamətlərini, xarakterini canlandırmışdır. Müəllif araşdırmasında təkcə ictimai-siyasi yönümlü mətbu orqanlarını deyil, satirik xarakterli nəşrləri də nəzərdən keçirib.
Öz fikir və mülahizələrini irəli sürərkən konkret faktlara, arxiv sənədlərinə, dövrü mətbuat nümunələrinə və özündən əvvəl bu məsələlərə müraciət edən tədqiqatçıların elmi-nəzəri mülahizələrinə istinad edən gənc tədqiqatçının əsəri, bütövlükdə dolğun təsir bağışlayır. Təqdirəlayiqdir ki, o, müraciət etdiyi dövr haqqında maraqlı, dolğun, sanballı və diqqətçəkən mülahizələr söyləyir. Bütün bunlar S.Xalidoğlunun işgüzarlığını, tədqiqatçılıq məharətini əks etdirir. 2005-ci ildə BDU-nun jurnalistika fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirən S.Xalidoğlu, müntəzəm olaraq Azərbaycan mətbuat tarixinin tədqiqi ilə məşğuldur. 15-dən çox kitabın transliterasiya redaktoru olan gənc tədqiqatçı, həm də iki biblioqrafiyanın həmtərtibçisidir. Onlarla elmi məqalənin müəllifi, Azərbaycan mətbuatının həm çətin, həm də şərəfli dövrlərindən birini əks etdirən bu əsərini ərsəyə gətirmək üçün illərlə arxivlərdə, kitabxanalarda gərgin axtarışlar aparmış, aydın elmi-nəzəri fikirlər söyləmiş və nəticədə belə sanballı əsər ərsəyə çıxmışdır. Odur ki, əsərin oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq və müəllifə bu yolda daha böyük uğurlar arzulayırıq!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər