• cümə axşamı, 18 aprel, 09:03
  • Baku Bakı 12°C

Cümhuriyyətə gedən yolda mətbuatın rolu

18.10.18 10:00 2182
Cümhuriyyətə gedən yolda mətbuatın rolu
Gənc tədqiqatçı Samir Xalıqoğlu (Mirzəyev) yazır: "Jurnalistika tariximizdə Birinci Dünya müharibəsi illərinin mətbuatı xüsusi çəkiyə malikdir. Çünki bu zaman kəsiyi Azərbaycan milli hərəkatında mühüm dövrlərindən birini təşkil edir və milli müstəqilliyə, Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol, məhz bu illərdən keçir. Cümhuriyyətimizin elmi konsepsiyası əsasən, sözügedən dövrdə meydana gəlmişdir”.
Mətbuat səhifələrində siyasi maarifçiliklə başlanan bu mübarizə birinci Rusiya inqilabı dövründə açıq müstəviyə keçdi. Eyni zamanda Azərbaycanın öndə gedən aydınları, fikir adamları milli oyanış və ictimai fəallıq baxımından Krım, Volqaboyu tatarları ilə ittifaqa girərək, güclü blok yaratmağa nail oldular. Tezliklə, siyasi partiyaya çevrilən bu bloku, tatarlar tərəfindən İ.Qaspıralı, Azərbaycan türkləri tərəfindən isə Ə.Topçubaşov təmsil edirdi.
Odur ki, Azərbaycan milli ruhlu mətbuatının tarixi, xalqımızın azadlıq, müstəqillik hərəkatı tarixi ilə qırılmaz sürətdə bağlıdır. Bu hərəkatın yaranması, inkişaf yolu, xüsusiyyətləri milli ruhlu mətbuatımızın da inkişaf yolunu müəyyən etmiş, ona təkan vermişdir. Müxtəlif dövrlərdə intibah və tənəzzül halları keçirən Azərbaycan mətbuatı, Azərbaycan xalqının və Azərbaycan mədəniyyətinin məruz qaldığı bütün siyasi, ictimai, ideoloji təbəddülatları bilavasitə öz üzərində hiss etmişdir.
20-ci yüzilliyin ikinci on illiyində Azərbaycanda ədəbi-bədii düşüncənin daha uğurlu axtarışlar aparmasınd, milli ictimai şüuru tənzimləyən mətbuat, güclü təsir göstərir, ədəbi prosesin cəmiyyət həyatına müdaxiləsinə meydan açırdı. Bu zaman mətbuatın ictimai fikir institutuna çevrilməsi, azad söz, haqq-ədalət uğrunda mübarizə yolunda əvəzsiz vasitə rolunu oynaması, onun, cəmiyyətdə nüfuzunun artmasına, dəyərinin yüksəldilməsinə səbəb oldu və Azərbaycanda mükəmməl mətbuat sisteminin yaranması prosesi başladı. Doğrudur, bu çox çətin oldu. Çətinliklərlə inkişaf yolu keçən Azərbaycan milli hərəkatı ana dilli mətbuatın nəşri uğrunda mübarizədən başlamış söz, mətbuat, şəxsiyyət azadlığı, sosial demokratiya, milli ərazi muxtariyyəti və nəhayət, müstəqil dövlətçilik səviyyəsinə qədər yüksələn bir inkişaf mərhələsi keçdi.
Tədqiqatçı alim Xəqani Məmmədov "Azərbaycan milli hərəkatı (1875-1918-ci illər)” adlı monoqrafiyasında yazır: "Azərbaycan milli hərəkatının 1875-1918-ci illəri əhatə edən dövrü başlıca olaraq 3 mərhələni əhatə edir:
1.Milli hərəkatın oyanış dövrü (1875-1905)
2.Milli hərəkatın yüksəliş dövrü (1905-1914)
3.Milli hərəkatın təkamül dövrü (1914-1918)
Sözsüz ki, bu mərhələlər şərti səciyyə daşıyır və "Azərbaycan milli hərəkatı ötən əsrin son rübündən başlayan bir prosesdir. Amma bu da danılmaz faktdır ki, hər üç dövrdə milli hərəkatın yüksəlişində və istiqlal məfkurəsinin təbliğində mətbuat çox böyük rol oynayıb. Və heç də təsadüfü deyil ki, 1917-1920-ci illər Azərbaycan mətbuatında "milli-azadlıq hərəkatı dövrü” kimi səciyyələndirilir.
Dövrü materiallarla tanış olarkən bəlli olur ki, ictimai-siyasi hadisələrlə zəngin olan bu dövrdə milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoyur və müxtəlif siyasi partiyaların, cəmiyyətlərin mətbu orqanları açıq fəaliyyətə başlayır. Çünki Azərbaycan Xalq Cümhuriyyəti hökuməti jurnalistikasının inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, ölkənin ictimai, siyasi, mədəni, iqtisadi inkişafını təmin etmək üçün mətbuatın fəaliyyəti ilə bağlı bir çox demokratik islahatlar aparmış, mühüm işlər görmüşdür.
Mətbuatla bağlı qanunvericilik aktları: sərəncamlar, qərarlar, hüquqi aktlar hazırlanmışdır. Məhz ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan mətbuatı Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə senzuradan azad oldu. Azərbaycan oxucusu azad sözün, azad mətbuatın nəfəsini duydu. Cəmiyyətdə mətbuatın yerini və rolunu gözəl dərk edən Cümhuriyyət liderləri, Azərbaycan mətbuatının inkişafı üçün hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atdı. Bunların arasında özünün siyasi-hüquqi və sosial mədəni əhəmiyyətinə görə, xüsusi diqqət çəkən "Mətbuat haqqında nizamnamə”dir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən 1919-cu ilin 30 oktyabrında qəbul olunan "Mətbuat Haqqında Nizamnamə” milli demokratik mətbuatımıza dair ilk rəsmi hüquqi sənəd olmaqla yanaşı, həm də kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən ilk qanunverici akt oldu. Avropa ölkələrinin hüquqi standartlarına uyğun olan bu Nizamnamə informasiya məkanının yad təsirlərdən qorunmasına, ölkədə normal KİV sisteminin yaradılmasına, onun formalaşmasına yol açdı.
Ölkədə mətbuatın azad və sərbəst fəaliyyəti üçün şəraitin yaranması, Azərbaycan mətbuatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə, cəmiyyətdə fikir plüralizminin formalaşmasına və mətbuatın böyük bir hissəsinin demokratik xarakter daşımasına səbəb oldu.
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri M.Ə.Rəsulzadə yazırdı: "Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Birlik və istiqlaliyyətimizin işarəsi olaraq əlimizdə türklüyümüzü, müsəlmançılığımızı, çağdaş bir xalq olduğumuzu göstərən istiqlal bayrağı vardır. Yazıqlar olsun ki, ...canımız və malımız qorxusundan bu istiqlal bayrağımızı bir bezə dəyişdik”.
1918-ci il mayın 28-də Azərbaycanın öz müstəqilliyini qazanmasında, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olan milli mətbuatın çox böyük rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın böyük xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan” qəzetinin Ceyhun və Üzeyir Hacıbəylilər tərəfindən nəşr edilməsi, ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində, Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi” prinsiplərinin həyata keçirilməsinin yeni və mühüm mərhələsi idi. Çox təəssüf ki, bu mərhələnin ömrü az oldu.
Müxalif ideya-siyasi istiqamətə malik olan bu mətbuatın arasında daha çox oxucu auditoriyasına malik olan, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən milli mətbuat olub. Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası 1918-1920-ci illər üçün səciyyəvi olan bütün xüsusiyyətləri, demək olar ki, özündə əks etdirib. Ona görə də, haqqında qeyd olunan dövrün mətbuatının, tarixinin əhatəli öyrənilməsi, ən kiçik detallarına qədər təhlil olunması üçün ilk növbədə bu dövrün ayrı-ayrı jurnalistlərinin, mətbu orqanlarının fəaliyyəti müstəqil şəkildə tədqiqata cəlb edilməli və öyrənilməlidir.
Bu dövrün mətbuat aləmində formalaşmış tanınmış insanların əksəriyyəti həm də dövrün siyasi xadimləri idi: M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.M. Topçubaşov, X.İbrahim, H.Ağayev, C.Hacıbəyli, Ü.Hacıbəyli, F.Ağazadə və başqalarının müstəqillik, dövlətçilik tariximizə dair onlarla publisistik, ədəbi-tənqidi məqalələri, elmi-nəzəri fikirləri mühüm əhəmiyyət kəsb edir. Onların bu əsərlərində dövrün tarixinə milli mənafe baxımından yanaşılmış və düzgün konsepsiya müəyyənləşmişdir.
Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni fikir tarixində mühüm rol oynayan, görkəmli nümayəndələrindən biri M.Ə.Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyətinin qələbə çalmasında mətbuatın oynadığı rolu məqalələrində, çıxışlarında dönə-dönə qeyd edirdi. 1903-cü ildən Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər olan dövrdə, ədib, daha çox ədəbi-tənqidi və siyasi-publisistik məqalələrə üstünlük verib. Belə məqalələrin əksəriyyəti ölkəmizdə milli mətbuatın fəaliyyətinə, azad və müstəqil mətbuatın nəyə qadir olmasına və s. məsələlərə həsr edilib. "Mətbuat azadlığı insan azadlığının əsas sütunudur” söyləyən ədib, xalqın azadlığı üçün mətbuatın azadlığını ən böyük qüvvə hesab edirdi. Ədəbiyyatın, mətbuatın inkişafını "milli qüvvə” adlandıran M.Ə.Rəsulzadə "Azərbaycan istiqlal məfkurəsinin yayılması və təbliğində Cümhuriyyət dövründə çap olunan milli mətbuatın fəaliyyətini xüsusi qiymətləndirirdi.
Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixi ilə milli mətbuatının tarixini bir-birinə sıx bağlayan tellər var. Çünki Azərbaycan mətbuatı öz inkişafında mədəni maarifçilikdən milli-mədəni dirçəlişə, milli oyanışdan milli azadlıq hərəkatına doğru zəngin bir yol keçmişdir. Bu mənada Azərbaycan demokratik dövlətinin qurulmasında mətbuatın xidmətləri böyükdür və bu dövr mətbuatının tarixini düzgün, ətraflı, sistemli şəkildə öyrənmək, aparılan tədqiqatları araşdırmaq, dəqiqləşdirmək çox vacibdir. Məhz bu yolla Azərbaycan xalqının ictimai, siyasi, mədəni inkişafının hansı mərhələlərdən keçdiyini və bu hadisələrdə mətbuatın rolunu aydınlaşdırmaqla, bu gün müstəqil dövlətimizin qorunmasına, yaşamasına dəstək olmaq, dünənin müsbət təcrübəsindən bəhrələnmək çox vacib amillərdəndir.
Professor Şirməmməd Hüseynov qeyd edir: "Bu bir həqiqətdir ki, müstəqil Azərbaycan Demokratik Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan da yaranmazdı”. "Mətbuat və jurnalistika tariximizin qızıl dövrü” adlandırılan bu dövr, xalqın ictimai, siyasi, mədəni, iqtisadi, ədəbi, azadlığı tarixində çox mühüm işlər görən, milli arzuların, istəklərin ifadəçisi olan nüfuzlu ziyalıları öz ətrafında sıx birləşdirə bilmiş və nəticədə Cümhuriyyətə gedən yolda qələbə əldə edilmişdir. Bu qələbəni daima yaşatmaq naminə bu gün də ziyalılarımız müstəqil və azad dövlətimizə hər sahədə dəstək olmalıdırlar.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər