Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq
Cümhuriyyətinin (AXC) 102 illiyinə həsr edilmiş beynəlxalq videokonfrans
keçirilib.
AzərTACın müxbiri xəbər verir ki, Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı,
akademik Rafael Hüseynovun moderatorluğu ilə baş tutan tədbirdə Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan
mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Azərbaycan Xalq Cümhuriyyətinin
varisləri – AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun
nəvəsi, Türkiyədə yaşayıb fəaliyyət göstərən Xalq artisti, dirijor Ramiz Məlikaslanov,
AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi,
ABŞ-dakı Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri, Gəncə Şəhər
Dumasının üzvü olmuş Ələkbər Rəfibəylinin və AXC-nin ilk səhiyyə naziri və Gəncə
valisi Xudadat bəy Rəfibəylinin qohumu, Bursada yaşayan İlhami Əsgəran, Azərbaycanın
dövlət himninin sözlərinin müəllifi, istiqlal şairi Əhməd Cavadın nəvəsi,
İsraildə yaşayan Yaqut Abdullayeva, Gürcüstandakı Mirzə Fətəli Axundov adına Mədəniyyət
Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentinin deputatı Ruslan
Hacıyev, ABŞ-dan yayımlanan GünAZ TV-nin prezidenti Əhməd Obalı, Almaniya Azərbaycanlıları
Koordinasiya Şurasının sədri Yaşar Musayev, Rusiya Vəkillər Kollegiyasının üzvü
Ələkbər Qarayev, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi
Qasım Nəsirov, Azərbaycan Diaspor Gənclərinin Türkiyə üzrə koordinatoru İlteriş
Taşkınsu iştirak ediblər.
Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Fuad Muradov açaraq 102 il əvvəl xalqımızın tarixində baş vermiş bu böyük hadisə
münasibətilə hər bir azərbaycanlını təbrik edib. Şərqdə ilk dünyəvi və demokratik
dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən, 1991-ci ildə bərqərar
etdiyimiz dövlət müstəqilliyimizin dönməz və əbədi olmasından danışan Dövlət
Komitəsinin sədri qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar,
o cümlədən cümhuriyyət varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Görkəmli dövlət xadimi Heydər Əliyevin daim
cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə böyük önəm verdiyini
xatırladan komitə sədri bildirib ki, Prezident İlham Əliyev bu gün bu siyasəti
uğurla davam etdirir. Dövlət başçımızın sərəncamı əsasında Bakı şəhərinin mərkəzində
abidənin ucaldılması ilə cümhuriyyət qurucularının adlarının əbədiləşdirildiyi,
AXC-nin 100 illiyi münasibətilə ölkədə "Cümhuriyyət ili" elan edilməsi,
bu yubileylə bağlı təsis edilən medalın cümhuriyyət varislərinə təqdim
olunması, 2018-ci ildə ölkəmizdə və xaricdə AXC-nin yubileyinin təntənəli şəkildə
qeyd olunması bir daha yada salınıb. Bütün bunların dövlətçilik tariximizə
verilən yüksək dəyərin göstəricisi olduğu nəzərə çatdırılıb.
Sonra tədbirin moderatoru, AXC-nin tədqiqatçılarından
biri, həmin tarixi dövrlə bağlı dərin biliyə malik olan, cümhuriyyət
qurucularının onlarla varisi ilə şəxsi ünsiyyətdə olmuş Rafael Hüseynov
1918-1920-ci illərə tarixi ekskurs edib. O bildirib ki, AXC zəngin dövlət
quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub,
xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək
müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. R.Hüseynov cümhuriyyət qurucuları,
onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət
ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət
quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyətləri
barədə ətraflı məlumat verib.
Moderator qeyd edib ki, cümhuriyyət qurucuları elə
böyük şəxsiyyətlərdir ki, onları bu gün bizim hər birimiz, eləcə də gələcək nəsillər
həmişə minnətdarlıqla, dərin sevgi hissi ilə yada salmalıyıq: "Onların yox
yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu
millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir".
R.Hüseynov onu da diqqətə çatdırıb ki, 1918-ci ildə
Bakının azad edilməsindən sonra Gəncədən buraya köçən Azərbaycan hökumətinin iş
və yaşama yeri ovaxtkı "Metropol” mehmanxanası, indiki Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olub. Elə buna görə də qurucu babaların şərəfinə
indi muzeyin böyük zalı "İstiqlal zalı” adlandırılır, ilk parlamentimizin sədri
olmuş Əlimərdan bəy Topçubaşovun Parisdən gətirilmiş məzar daşı burada
saxlanılır və onların xatirəsi muzeydə hər gün canlıdır.
Moderator vurğulayıb ki, bu gün biz cümhuriyyət
quruculuğunda qəhrəmanlıqlar göstərən hər bir insanın – siyasətçinin də, sıravi
əsgərin də, adi vətəndaşımızın da xidmətlərini məhəbbət və ehtiramla yad
edirik. İnanırıq ki, gələcək nəsillər də bu şanlı tariximizi həmişə hörmətlə
anacaq.
Sonra R.Hüseynov Şeyxzamanlılar nəslinin nümayəndəsi
Tomriz Azəriyə söz verib. T.Azəri AXC-nin əhəmiyyətindən danışmaqla yanaşı,
atası və əmisi ilə bağlı xatirələrini bölüşüb, valideynlərinin onları uşaqlıq
çağlarından azərbaycançı ruhda tərbiyə etdiklərini vurğulayıb.
Müzakirələr zamanı Azərbaycan diasporunun milli
düşüncədən uzaq olmaması, azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, əqidə
ortaqlığı, Vətənə gözəl münasibəti barədə fikir mübadiləsi aparılıb. Qeyd
edilib ki, azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq, məhz
ortaq düşüncə ətrafında birləşmələri, taleyüklü məsələlərdə eyni fikrə sahib
olmaları Azərbaycan dövlətinin dayaqlarını daha da gücləndirə bilər.
Tədbir iştirakçıları Cümhuriyyət qurucularının fəaliyyəti,
Azərbaycanın dünyadakı mövqeyi, Qarabağ uğrunda aparılan mübarizə, ərazi
bütövlüyümüzün təmin olunması, dünya azərbaycanlılarının birləşməsində,
diasporun təşkilatlanmasında, Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident İlham
Əliyevin rəhbərliyi ilə aparılan yüksək səviyyəli diaspor siyasətinin dünya azərbaycanlılarının
yekdilliyinə və birliyinə gətirib çıxarmasından, Birinci vitse-prezident
Mehriban Əliyevanın diaspor fəaliyyətinin yeni müstəvidə inkişaf etməsi istiqamətindəki
fəaliyyətindən danışıblar.
Fuad Muradov əlavə edib ki, COVID-19 pandemiyası
dönəmində məhz Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən,
xaricdə yaşayan və müvəqqəti çətinliklə üzləşən azərbaycanlılar dövlətimizin
diqqət və qayğısını hiss ediblər.
Müzakirələri yekunlaşdıran akademik Rafael Hüseynov
101 il öncə, Azərbaycan Xalq Cümhuriyyətinin 1 yaşı qeyd olunarkən, 1919-cu
ilin 28 mayında baş nazir Nəsib bəy Yusifbəylinin söylədiyi "Biz cümhuriyyətimizin
ikinci ilinə millətimizin ittihad və ittifaqı ümidi ilə qədəm basırıq” sözlərini
xatırlayaraq dünya boyu səpələnmiş həmvətənlərimizi istiqlalımız və müstəqilliyimizin
daha da sarsılmaz olması naminə bu gün əvvəlki zamanlardan da daha artıq birliyə,
həmrəyliyə çağırıb.
Müstəqilliyə, dövlətimizin möhkəmlənməsinə xidmət
edən bütün görkəmli şəxsiyyətlərin böyük sevgi, hörmət və ehtiramla
xatırlandığı videokonfrans cümhuriyyətin 100 illiyi ilə bağlı AXC varislərinə
yubiley medallarının təqdim olunmasını əks etdirən videoçarxın nümayişi ilə
yekunlaşıb.