• çərşənbə, 24 Aprel, 20:27
  • Baku Bakı 23°C

Cümhuriyyət parlamentinin üzvü olan müəllim - CÜMHURİYYƏT - 100

14.03.18 11:30 1268
Cümhuriyyət parlamentinin üzvü olan müəllim - CÜMHURİYYƏT - 100
Millət yükü - bu yükü daşımaq böyük cəsarət və qeyrət tələb edir. Bu yükü daşıyanlar Azərbaycan milli qurtuluş hərəkatının liderləri kimi adlarını silinməz bir tarixə həkk etdilər.
Xalqımız, tariximiz və milli varlığımız qarşısında haqq-səyi hədsiz dərəcədə böyük olan aydınlarımız Azərbaycançılıqməfkurəsini milli dövlətçilik səviyyəsinə yüksəltməyi bacardılar. Xalqın milli varlığının, yetkinlik və yaşamaq iqtidarının meyarı olan milli dövlətimizin ilk təməl daşlarını qoyan bu fədailər bütün varlığı ilə xalqına, torpağına bağlı idi. İftixar mənbəyimiz, nümunə məktəbimiz, hətta səcdəgahımız olan, vətəni, milləti, torpağı hifz edib bizə miras qoyan bu öndərlərin əziz xatirəsini qəlbimizdə, ruhumuzda, əməllərimizdə daim yaşatmalıyıq ki, Müstəqil Azərbaycanımızı yaşadaq! Azərbaycan Xalq Cümhuriyyəti elan edilməklə "Azərbaycan” kəlməsi sadə coğrafi, etnoqrafik və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm oldu. Bunun üçün yüzlərlə istiqlal fədailərimiz yalnız öz canlarından, qanlarından keçmədi. Əzizlərini, arzularını, xoşbəxtliklərini belə istiqlal məfkurəsi yolunda qurban verdilər və bizə böyük milli məfkurə miras qoyub getdilər...
Mustafa Hacımusa oğlu Mahmudov 1878-ci ildə Kürdəmir rayonunda anadan olub. Mədrəsə təhsili alan Mustafa sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib. Gənc müəllimin ilk iş yeri Bakıda 1-ci rus-müsəlman məktəbi olub. Bacarığı, müəllim yoldaşları və şagirdləri ilə mehriban ünsiyyəti onu az vaxtda kollektivin sevimlisinə çevirib. 1910-cu ildə Mustafa müəllimi həmin məktəbə müdir təyin edirlər və o, bu vəzifəni 1920-ci ilin aprel işğalına kimi şərəflə yerinə yetirib.
Düşdüyü mühit, ətrafındakı vətənpərvər ziyalılar onun dünya görüşünü dəyişdirir. O, yalnız pedaqoji fəaliyyətlə kifayətlənmir. Ölkədə yaranan Xeyriyyə Cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak edir, xalqın maariflənməsi, öz hüquqlarını bilməsi üçün qızğın mübarizə aparır. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilməsi, onun Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi xalq arasında böyük nüfuz sahibi olan ziyalılarla daha yaxından ünsiyyətdə olmasına səbəb olur. II Dövlət Dumasına Bakıda və Bakı quberniyasında seçkilər 1907-ci ilin fevral ayının 6-da keçirildi. Azərbaycandan seçilən vəkillər arasında 29 yaşlı kadet partiyasının üzvü Mustafa Mahmudovda var idi. II Dövlət Duması 1907-ci ilin fevral ayının 20-də fəaliyyətə başladı və xoşbəxtlikdən millət vəkillərimiz Dumada "əli qoynunda” oturmadılar. Dumada fəaliyyət göstərən Müsəlman fraksiyası 1907-ci ilin mart ayının 17-də yenidən təsis edildi və I Dumada olduğu kimi, fraksiyaya 22 müsəlman vəkil daxil oldu. Onların arasında müsəlman fraksiyasının, 9-cu şöbənin və dörd komissiyanın üzvü olan Mustafa müəllim, xalq təhsil komissiyasının üzvü kimi, hökumətin müsəlman əhalinin maariflənməsinə laqeyd münasibətini dəfələrlə tənqid edərək müsəlman müəllimlərinə qarşı qərəzli münasibəti bildirdi.
Müsəlmanların əksəriyyəti öz hüquqlarını bilmədiklərinə görə, hökumət idarələrində, xüsusən də məhkəmələrdə süründürməçiliyə, təhqirlərə məruz qaldığını dəfələrlə Dumadakı çıxışlarında qeyd edən Müstafa müəllim, hərbi-səhra məhkəmələrinin ləğvinə tərəfdar çıxmış, F.Xoyski və X.Xasməmmədovla birlikdə hərbi nazirə müraciət edərək, Qafqaz hərbi-səhra məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunanların cəzasını yüngülləşdirmək barədə vəsatət qaldırmışlar. Mustafa müəllim Dumada həm də işsizlərə yardım komissiyasının üzvü idi və onu daha çox narahat edən məsələ də bu idi. Ona görə də bu sahəyə çox diqqət yetirirdi. O, tez-tez "Proqres” qəzetində işsizlər və onlara lazımi yardımın həcmi barədə məlumatlar verirdi.
Cəmi 103 gün fəaliyyət göstərən II Dumanın da ömrü uzun olmur. Lakin bu, müsəlman ziyalılarını ruhdan salmır. Əksinə, onlar milli kültür hərəkatını daha əzmlə davam etdirməyə başladılar. Və nəhayət Türk-müsəlman Şərqində ilk parlamentli respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsi Mustafa müəllim kimi yüzlərlə azərbaycanlı ziyalıların uzun illər apardığı gərgin mücadilənin nəticəsi idi.
M.Mahmudov da Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı seçilmişdir. "Müsavat” fraksiyasının, parlamentin aqrar komissiyasının üzvü olmuşdur. Parlamentin əksər iclaslarında yaxından iştirak edən Mustafa müəllim yenə də təhsillə bağlı məsələlərin həlinə önəm vermişdir.
27 aprel 1920-ci il saat 20.45. Azərbaycan Parlamentinin fövqəladə axşam iclasının toplandığı gün. Bu iclasda Mustafa müəllim də çıxış edib. O, ürək ağrısı ilə demişdi: "Cənablar, biz bilirik ki, Parlamentin bugünkü qərarı Şimaldan olan qüvvələrin təsiri ilə çıxarılır. Gənc Azərbaycan təəssüf ki, Şimaldan gələn qüvvələrə qarşı durmaq iqtidarında deyildi. Parlamentin buraxılması ilə əlaqədar olaraq xüsusi müşavirə keçirilməlidir. Səs-küylə heç bir məsələni həll etmək mümkün deyil. Millətin taleyini həll etmək üçün buraya yığışanlar belə səviyyədə olmamalıdır”. Amma Mustafa müəllim unudurdu ki, qurulacaq bu yeni "hökumət”ə intellektual səviyyəsi olan savadlı, istedadlı, vətənpərvərlər deyil, "səs-küylü” ilə özünü idarə edə bilməyənlər, Mirzə Cəlil demiş "hurreyə” gedənlər, yazıb-oxumağı bacarmayan, "ziyalı”lar lazım idi...
28 aprel 1920-ci il. Azərbaycanın çiçəklənməsi naminə işləyə biləcək kəslərin hamısının məhvinə Mərkəzin "xeyir-dua” verdiyi ilk gün. Tarix kitablarımızda millətin xilas günü kimi təqdim edilən gün. "Böyük aprel günəşi Azərbaycana xoşbəxtlik gətirdi” yazdı tarixçilərimiz! O, "xoşbəxtliyi” Ziya Bünyadov belə xarakterizə etmişdi: "Minlərlə vətənpərvərlərimizin həyatını buğda dəni kimi üyütdü”. Onların arasında Mustafa müəllim də var idi. Mustafa müəllim işğaldan sonra Bakını tərk etmir. "Mən müəllim babayam, bu millətə təhsil verməliyəm” deyib, yenə də işinə davam etdi. 1924-1929-cu illərdə Bakıdakı 132 saylı məktəbdə işləyən Mustafa müəllim işdən azad edilir. Səbəbi elə onun üzünə duran bəzi "müəllim” yoldaşlarının ifadələrində əks edilib. "Şagirdlərlə kobud rəftar edir”, "Şagirdlərin tərbiyəsini pozur”, "Sovet məktəblərində millətçilik toxumları səpir” və s. ağlagəlməz ittihamlar, böhtanlar, yalanlar...
Amma dünya yaxşılardan da xali deyil. Mustafa müəllimi bu böhtanlardan qurtarmağı bacaran müəllim yoldaşları da oldu. Pənah Qasımovun rəhbərlik etdiyi müəllimlər ittifaqı Mustafa müəllimin yenidən işinə bərpa edilməsinə nail olur (Mustafa bəylə bağlı sənədlərdən belə aydın olur ki, onu iki dəfə - birinci dəfə 1924-cü ildə, ikinci dəfə 1929-cu ildə işdən azad edərkən müəllim yoldaşı Pənah Qasımovun böyük cəsarəti nəticəsində yenidən işinə bərpa edilib. Pənah Qasımov da Qori Müəllimlər Seminariyasını bitirmiş və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub. Dövrünün tanınmış və savadlı pedaqoqlarından olan Pənah müəllim Üzeyir bəyin bacanağı idi. Onun belə cəsarətli addımları və xeyirxahlıqları haqqında Hüseyn Cavidin ömür yoldaşı Müşgünaz xanımın xatirələrində də yetərincə məlumat var. Pənah müəllimin ailəsi ilə Cavid əfəndinin ailəsi çox mehriban qonşu olublar. Elə bu xeyirxahlıqların nəticəsi idi ki, o da repressiya qurbanı oldu).
Üçüncü dəfə həbs edilən Mustafa müəllim təkcə işini deyil həyatını da itirdi. Onu 23 noyabr 1937-ci ildə 2868 saylı orderə əsasən həbs edirlər. İlk dindirilmə prosesi 27 noyabr 1937-ci ildə XDİK DSİ-nin 4-cü şöbəsinin əməliyyat müvəkkili Məmmədov tərəfindən aparılır və Mustafa müəllim "əks-inqilabi fəaliyyətdə” ittiham olunur. 30 noyabr 1937-ci ildə yenidən dindirilən Mustafa müəllimdən istədiklərini ala bilməyən müstəntiqlər "köhnə üsul”larına əl atsalar da, heç nəyə nail olmurlar. Mustafa müəllim özünü heç nədə günahkar bilmir. Belə olduqda, 5 dekabr 1937-ci ildə XDİK-çilər üzləşmə prosesi keçirirlər. Əvvəlcədən hazırlanmış şahidlər, ittihamlar... Bu da nəticə vermədikdə, 11 dekabr 1937-ci ildə yekun ittihamnaməsi hazırlanır və orada qeyd edilir: "Mustafa Hacımusa oğlu Mahmudov sovet hakimiyyətinə qarşı düşmən münasibət bəsləmiş və əksinqilabi fəaliyyətlə məşğul olmuşdur. Keçmiş müsavatçılarla, o cümlədən müsavat rejimində böyük rol oynayan mühacirlərlə maraqlanmışdır”.
Və nəhayət, 1937-ci il dekabrın 19-dan 20-nə keçən gecə. Ağır və təhqiramiz işgəncələrlə dolu olan bu gecə Mustafa müəllim ömrünün ahıl çağında (59 yaşında) Keşlə həbsxanasında güllələnmək üçün xüsusi otağa aparıldı (işgəncələrdən ayaqları yer tutmadığı üçün sürüdülər) və "Azərbaycan SSR XDİK-in 8783 saylı orderinə əsasən, şəxsi əmlakı müsadirə edilməklə güllələndi. Bu da Azərbaycana "Aprel günəşi”nin gətirdiyi "xoşbəxtliyin” növbəti günahsız bir qurbanı... Təəssüf ki, bu qurban sonuncu deyildi. Ölüm və cəza maşını dayanacaqsız və fasiləsiz düşünən beyinlərimizi, millət yükünü çəkənlərimizi məhv edirdi.
Akademik Z.Bünyadov təkcə 1936-37-ci illərdə nə qədər zəka sahibimizin "qırmızı terror”un qurbanı olduğunu təxmini olaraq belə hesablayırdı: "Bir gündə 24 saat (96 nəfər), ayda 30 gün (2880 nəfər), 2 il yarımda isə 80 mindən çox”. Hələ "xalq düşməni”nin ailəsi kimi sürgünlərə göndərilən minlərlə ailə üzvlərini demirik. Görən, tarixin unuda bilməyəcəyi böyük faciəni bizlər necə, ömürlük yaddaşımıza həkk edə biləcəyikmi? Axı biz elə unutqanlığımıza görə bu faciələrin qurbanı deyilikmi?!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər