• cümə, 29 Mart, 00:59
  • Baku Bakı 7°C

Cümhuriyyət - Milli sərvətimiz!

26.05.18 12:15 863
Cümhuriyyət - Milli sərvətimiz!
Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Dövlət başçısı 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Başqa sözlə, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi həmin sərəncamın məntiqi və siyasi davamı sayıla bilər. Sərəncamın siyasi əhəmiyyəti isə doğrudan da çox böyükdür. İlk növbədə ona görə ki, Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin - Müsəlman Şərqinin ilk demokratik və parlamentli respublikasının siyasi və hüquqi varisidir. Xalqımızın min illərə söykənən çoxəsrlik tarixi boyu inzibati ərazi vahidi kimi işlədilən "Azərbaycan" sözü məhz Cümhuriyyət liderlərinin misilsiz fədakarlığı sayəsində dövlət adı kimi özünə vəsiqə qazanıb.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması milli- mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə olan münasibətdir
2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında prezident sərəncamının ictimai-mənəvi əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Çünki dövlət səviyyəsində qeyd olunacaq bu yubiley gənc nəsildə Cümhuriyyət ideyalarına və Cümhuriyyət liderlərinin istiqlalımız uğrunda mübarizə dolu keşməkeşli həyatına marağı daha da artıracaq, bu isə onların vətənpərvər ruhda tərbiyəsi işinə öz töhfəsini verəcək. Digər tərəfdən, tarix elmimizdə Cümhuriyyət dövrünün araşdırılmasında da yeni səhifə açılacaq.
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı.
Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, N. Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq, milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər. Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla
dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı.
Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dovlət təsisatlarının yaradılmasına nail olmuşdu.
90 il əvvəl, parlamentarizm, özünüidarəetmənin ən vacib aləti kimi şərq dünyasında ilk dəfə məhz Azərbaycanda tətbiq olundu. Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman şərqində avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu və bu prosesdə o, Türkiyə Gümhuriyyətini bir neçə il qabaqladı.
İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş, ümummilli vicdanı oyatmaya bilməzdi. Göründüyü kimi, ADR-in Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu. ADR hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi - bu günümüz üçün çox əhəmiyyətlidir.
M.Ə.Rəsulzadənin Azərbaycan xalq cümhuriyyətinin Qızıl Ordu tərəfindən isğala uğramasının 32-ci ildönümü münasibətilə 1952-ci ildə yayınlanan xitabındakı incə ümidverici məqami diqqətinizə catdirmaq istərdim;
"Səsimizi məzlum Azərbaycan xalqına duyurmaq məqsədilə, bugünkü qanlı Aprel istilası matəmini yaşayanlara deyirik ki, bolşeviklər, Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklərinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya - ağ, zülmə - ədalət, yoxsulluğa - varlıq, əsirliyə - azadlıq, istilaya - istiqlal dedikləri aşikar olar! Onlar, bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nəhayi qələbə həqqin və doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!”.
Prezident İlham Əliyevin bu qərarı Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir. Cümhuriyyətin qurucuları olan insanların mütləq əksəriyyəti vətən. millət yolunda şəhid oldular. Bu qərar həm cümhuriyyət uğrunda şəhid olanların, həm də müasir müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna böyük ehtiramdır. Ona görə də bu fün ölkəmizdə siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq hər kəs bu qərarı yüksək qiymətləndirir
Xalq Cümhuriyyəti 23 il yaşasa da, onun tarixi tükənməzdir, bundan sonra da uzun illər öyrəniləsi tarixdir

Rövşən Əvəzoğlu
Müstəqil araşdırmaçı

banner

Oxşar Xəbərlər