Cümhuriyyət dövründə Bakı şəhər ali-ibtidai məktəblərinin əsas problemləri
Xalq maarif naziri N.Yusifbəyli Maliyyə Nazirliyinə yazdığı məktubda nə tələb edirdi?
Azərbaycan
xalqı 1918-ci il mayın 28-də
öz müstəqilliyini elan edərək
yüzilliklər boyu arzusunda
olduğu istiqlal nemətinə qovuşdu. Daha sonra ölkədə ümumtəhsil
hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ölkədə çar imperiyasından
miras qalmış savadsızlığın ləğvi istiqamətində Milli Hökumət və Parlament tərəfindən
mühüm qanun və qərarlar qəbul edildi. Ölkəmizdə təhsilin geniş
yayılmasına nail olmaqdan ötrü, ilk növbədə
təhsilin xalq kütlələri arasında geniş
geniş yayılmasına nail olmaq istiqamətində tədbirlər görülməli idi.
Qarşıda duran vəzifələri həll etməkdən ötrü, ilk növbədə
Azərbaycan Xalq Cümhuriyyəti
Hökumətinin 27 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan dili dövlət
dili elan edildi . Bununla yanaşı hökumət
idarələrində müvəqqəti olaraq rus dilinin də istifadə edilməsinə icazə
verilirdi. 1918-ci il avqustun 28-də aşağı, ali-ibtidai və orta məktəblərin
milliləşdirilməsi haqqında Hökumət tərəfindən qərar qəbul edildi.
Bununla da insanlar məktəblərdə öz ana dilində
təhsil almaq imkanını əldə etdilər. 1918-ci il avqustun 24-də Hökumətin qərarı
ilə xalq məktəblərinin müəllimləri üçün
kurslar təsis edildi. Yeni məktəb
quruculuğu istiqamətində lazımı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Təhsilin
və məktəblərin milli köklər üzrə yenidən qurulmasına böyük ehtiyac
duyulurdu. Azərbaycan dilinin təhsil-tədris
və təlim-tərbiyə dilinə
çevrilməsi, anadilli məktəblər şəbəkəsinin
yaradılması, mövcud məktəblərin normal fəaliyyətinin təmin edilməsi,
çoxsaylı pedaqoji kursların
və müəllim seminariyalarının açılması və təhsillə bağlı digər məsələlərin
həlli, bir vəzifə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Xalq Maarif Nazirliyinin
qarşısında dayanırdı. Bu vəzifələrin həllli mürəkkəb tipli problemlərlə də
müşayiət edilirdi. Həmin dövrdə Azərbaycanda müxtəlif -"zemski”, "normal”, "proxodski”
adlanan aşağı və ali-ibtidai məktəblər fəaliyyət göstərirdi. Həmin məktəblərin
eynitiplilik məsələsi xalq və
ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının
1918-ci il dekabrın 13-28-də
keçirilmiş ilk qurultayında geniş
müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdi. Xatırladırıq ki, Cümhuriyyət
dövründə Bakıda təhsili məsələləri ilə Xalq Maarif Nazirliyi və xalq məktəbləri
müfəttişlikləri ilə yanaşı, tanınmış müəllim Əlicabbar Orucəliyevin rəhbərlik
etdiyi Bakı şəhər muxtariyyətinin təhsil şöbəsi də məşğul olurdu. Bakı şəhər
muxtariyyətinin təhsil şöbəsinə kifayət qədər ali-ibtidai məktəblər daxil idi və
şəhər idarəsinin böyük xərci məhz həmin məktəblərə sərf edilirdi. Lakin həmin məktəblərin
normal fəaliyyətini təmin etmək üçün bir sıra problemlərinin həll edilməsi tələb
olunurdu. Məhz həmin problemlərdən biri Bakı şəhər muxtariyyətinin nəzdindəki məktəb
şöbəsinin müdiri Əlicabbar Orucəliyevin
iştirakı ilə 1919-cu il fevralın 17-də Bakı şəhəri ali-ibtidai məktəb
müfəttişləri və müdirlərinin keçirilmiş
müşavirəsində müzakirə edildi.
1919-cu
il fevralın 17-də keçirilmiş həmin müşavirədə ali-ibtidai məktəb müəllimlərinin hüquqlarının hökumət məktəblərində
çalışan müəllimlərin hüquqlarına bərabər tutulması məsələsi müzakirə edilmişdi.
Müşavirədə bildirilmişdi ki, Hökumətin
28 dekabr 1918-ci il tarixli qərarına əsasən,
hökumət idarələrində çalışan
qulluqçulara birdəfəlik maddi yardım verildiyi
halda, Bakı şəhər muxtariyyətinin
vəsaiti hesabına saxlanılan ali-ibtidai məktəblərdə çalışan qulluqçulara həmin
yardım verilməmişdir. Ali-ibtidai məktəblərin müfəttişləri və müdirləri bu məsələni vaxtında Xalq Maarif Nazirliyinin
qarşısında qaldırmasına baxmayaraq, hələlik
bu məsələnin həllinə nail ola bilməmişdilər. Həmin müşavirədə belə bir ehtimal
irəli sürüldü ki, çox güman, hökumət tərəfindən Bakı səhər muxtariyyəti hesabına saxlanılan ali-ibtidai məktəblər özəl məktəb hesab edilir və ona görə
də, həmin məktəblərdə çalışan müəllimlərə
birdəfəlik müavinətlərin ödənilməsi üçün kredit ayrılmamışdır. Bununla yanaşı,
qeyd edilirdi ki, 1918-ci ilə qədər olan müddətdə Bakı muxtariyyəti hesabına
saxlanılan ali-ibtidai məktəblərdə
çalışan müəllimlər digər hökumət məktəblərində çalışan müəllimlərin istifadə
etdikləri bütün hüquqlardan istifadə edə bilirdilər. İstər qadın, istərsə də
kişi - bütün ali-ibtidai məktəblər dövlət möhürü ilə təmin edilmişdi. Həmin
mülahizələr nəzərə alınaraq, müşavirədə qərara alındı ki, Bakı ali-ibtidai məktəbləri
dövlət məktəblərinə aid edilsin və dövlət təşkilatlarında çalışan qulluqçuların istifadə etdikləri bütün hüquqlar onlara da şamil
olunsun. Bakı ali-ibtidai məktəblərdə çalışan müəllimlərə də 25 iyun 1912-ci il
tarixli qanuna uyğun olaraq, 5 illik
xidmətə görə əlavələr, həmçinin Azərbaycan Hökumətinin 28 dekabr 1918-ci il tarixli qərarına əsasən birdəfəlik müavinətlər
verilsin. Əks halda, eynitipli məktəblərdə
çalışan müəllimlərin müxtəlif maddi şərtlər çərçivəsində fəaliyyət göstərəcəyi və bununla da ədalətin pozulacağı
qeyd edilirdi.
1919-cu
il aprelin 23-də Nasvalovun sədrliyi və N.Nussun katibliyi ilə Bakı şəhər ali-ibtidai məktəblərdə çalışan müəllimlərin
də iclası keçirilmişdir. İclasın müzakirəsinə
yalnız bir məsələ-şəhər ali-ibtidai məktəb
müəllimlərinin vəziyyəti haqqında məsələ
çıxarılmışdır. İclasda Nasvalovun ali-ibtidai məktəb müfəttişlərinin topladıqları materiallar əsasında
hazırlanmış məruzəsi dinlənildi. Nasvalovun məruzəsi müzakirə
olunan məsələni tamamilə əhatə etdiyinə görə, həmin məruzəni mümkün qədər ən
qısa müddətdə baxılması və şəhər ali-ibtidai məktəb müəllimlərinin hüquqlarının
hökumət məktəblərində çalışan müəllimlərin
hüquqlarına bərabər tutulması məqsədilə Xalq Maarif Nazirinə təqdim
edilməsi qərara alındı. Xalq Maarif Nazirindən xahiş edilirdi ki, şəhər ali-ibtidai məktəblərində çalışan müəllimlərin
hüquqlarının hökumət məktəblərində çalışan
müəllimlərin hüquqlarına bərabər tutulması məsələsinə tezliklə baxılsın
və həll edilsin. Beləliklə, Bakı şəhəri
ali-ibtidai müfəttişlərinin 17 fevral 1919-cu il tarixli müşavirəsinin, həmçinin
həmin məktəblərdə çalışan müəllimlərin fevralın 23-də keçirilmiş ümumi iclasının protokolları baxılmaq üçün
Xalq Maarif Nazirliyinə təqdim
edilmişdir. Bakı ali-ibtidai məktəb müəllimlərinin müşavirə və ümumi iclasında
müzakirə edilmiş məsələlər haqqında materiallar Xalq Maarif
Nazirliyinə təqdim edildikdən sonra bu məsələ ciddi araşdırılmışdır.
Xalq maarif naziri N.Yusifbəyli müşavirə və
ümumi iclasda qaldırılan məsələləri həll
etməkdən ötrü 1919-cu il martın 25-də 3089 №-li məktubla Maliyyə Nazirliyinə müraciət edərək xahiş etmişdi ki,
Bakı şəhərinin ali-ibtidai məktəblərində çalışan qulluqçuların maaşlarına 25
iyun 1912-ci il tarixli qanunla beşillik xidmətdən sonra təyin edilmiş əlavələrin,
habelə Azərbaycan Hökumətinin 28 dekabr 1918-ci il tarixli qərarı ilə müəyyən edilmiş birdəfəlik müavinətlərin ödənilməsi
üçün Xalq Maarif Nazirliyinin sərəncamına
1918-ci ilin smetasına uyğun olaraq 5844 rubl 73 qəp. məbləğində kreditin
ayrılması haqqında təcili sərəncam versin. Həmin
məktuba müşavirə və
iclasın protokolları, habelə
beşillik xidmətdən sonra qanunla nəzərdə
tutulmuş əlavələri ala bilməyən Bakı şəhəri ali-ibtidai məktəblərdə çalışan qulluqçuların siyahısı
da əlavə edilmişdir.
Bu vəsaitin
ayrılması məsələsi xeyli
vaxt aparsa da, öz həllini tapmışdır. Bakı şəhər muxtariyyəti hesabına
saxlanan məktəblərin, o cümlədən orada çalışan müəllimlərin və oxuyan şagirdlərin
maddi vəziyyətlərinin həqiqətən ağır olduğu bəzi arxiv sənədlərində öz əksini
tapmışdır. Məsələn, Bakı şəhəri və onun ətraf
rayonları üzrə xalq məktəbləri müəllimlərinin həmkarlar ittifaqının sədrinin,
xalq məktəbləri şagirdlərinin ağır vəziyyəti
haqqında Xalq Maarif Nazirliyinə göndərdiyi
7 noyabr 1919-cu il tarixli 56№-li məlumatda qeyd edilirdi: "Ali-ibtidai məktəb şagirdlərinin dəftərə və digər tədris
vəsaitlərinə son dərəcə böyük ehtiyacı
vardır. Lakin həmin şagirdlərin
valideynləri aztəminatlı olduğu üçün
vaxtlı-vaxtında öz uşaqlarını
lazımi tədris vəsaitləri ilə təmin edə bilmirlər ki, bu da
onların təhsil alması
işini ləngidir. Bakı şəhəri müəllimlər
ittifaqının idarə heyəti xalq məktəb
şagirdlərinin ağır vəziyyətini nəzərə alaraq onların ehtiyaclarını ödəməkdən
ötru idarə heyətinə kağız buraxılmasını
xahiş edirdi. Xalq məktəbləri müəllimlərinin
həmkarlar ittifaqının sədri bildirirdi ki, əgər kağız buraxılarsa,
ucuz qiymətə dəftərlərin buraxılması
üçün tədbirlər görəcəkdir. İdarə heyəti, eyni
zamanda Nazirliyin təyin
etdiyi qiymətlərlə pero və qələmlərin buraxılmasını
da xahiş edirdi.”
Bakı şəhər muxtariyyətinin maliyyə vəziyyəti böhranlı olduğuna görə, məktəbləri
saxlamaq üçün tələb olunan vəsaitin ödənilməsində çətinlik çəkirdi. Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin 26 may
1919-cu il tarixli 41-ci iclasında müzakirəyə
çıxarılmış məsələlərdən biri də məhz Bakı
bələdiyyə idarəsinə beş
faizlə 10 milyon
rubl borc verilməsi
barədə qanun layihəsi olmuşdur. Qanun layihəsi üzrə məruzəçi
Musa bəy Rəfiyev təyin edilmişdi. O, məruzə ilə çıxış edərək bildirmişdi ki,
Bakı bələdiyyə idarəsinin mədaxili məxaricdən az olduğundan, hökumətdən
borc istəməyə məcburdur. Öhdəsində olan vəzifələri icra etmək üçün Bələdiyyə
idarəsinin pulu olmayanda, hökumətin
borcudur ki, ona kömək etsin. Bələdiyyə İdarəsi 35 milyon istəyir. Ancaq hökumət və komissiya 35 milyonu artıq bilib 10 milyon
verilməsini təklif edir.” Parlamentin iclasında Maliyyə naziri Əliağa
Həsənov çıxış edərək qeyd etmişdi: " Mən
onu demək istəyirəm ki, şəhər idarəsinin böyük xərci məktəblərdir. Məsrəfin 25
faizdən artığı məktəblərə xərc olunur. Əvvəlki statistikaya görə, Moskvadan sonra Bakı
ikinci şəhərdir ki, lazım olandan artıq məktəblər açıb, 10 uşaq üçün bir məktəb
saxlayıb və heç kəs bu xərci qaytarmayıb. Əvvəl
norma 40-50 şagird idi. Bu axırıncı hadisələrə görə məktəblərdə
uşaqların sayı azalıb. Lakin şəhər idarəsi
deyir ki, mən bu xərci üzərimə götürəcəyəm, tainki uşaqlar boş qalmasınlar. Bakı şəhəri ilk şəhər
idarəsidir ki, bütün məktəblərin xərcini boynuna götürmüşdür. Şəhər məktəblərində oxuyan
uşaqların çoxu, bəlkə hamısı, camaatın ən kasıbının və zəhmətkeşlərinin demokratiyasının uşaqlarıdır. Burjua uşaqları
orada oxumurlar. Bunu da nəzərə tutmaq gərək ki, şəhər əhalisinin 10 faizi
burjuaziya və orta sinif, 90 faizi fəhlə,
əmələ və qulluqçudur. Onu yaddan çıxarmamalı
və etiraz etməməlidir”.
Hökumət başçısı N.Yusifbəyli çıxışında qeyd etdi ki, şəhərə pul
ayrılmalıdır və qanun
layihəsinin təsdiq ediləcəyinə
ümid etdiyini bildirdi. Müzakirələr bitdikdən
sonra məruzəçi M.Rəfiyev
yekun çıxışında qanun
layihəsinin tamamən qəbulunu
təklif etdi. Qanun layihəsi
səsə qoyularaq əksəriyyət
səslə qəbul olundu.
Azərbaycan Respublikası
Hökumətinin 25 yanvar
1920-ci il tarixli
iclasında ali-ibtidai məktəblərin
saxlanılması üçün Bakı şəhər muxtariyyətinə 4.708.306 rubl 50 qəp. məbləğində maliyyə
yardımının ayrılması haqqında Xalq maarif
nazirinin məruzəsi dinlənildi. Qərara alındı ki, Xalq Maarif Nazirliyinin şəxsi heyətinin saxlanması üzrə 1919-cu ilin
smetasında nəzərdə tutulmuş kreditin qalığından ali-ibtidai məktəblərin 1918-ci
ilin üç ay yarımı, 1918-ci il sentyabrın 15-dən dekabrın 31-dək, eləcə də
1919-cu ildə saxlanmasına görə Bakı şəhər muxtariyyətinə dörd milyon yeddi yüz
səkkiz min üç yüz altı rubl əlli qəpik (4.708.306
rubl.50 qəp.) məbləğində vəsait
ayırmasına Xalq Maarif Nazirliyinə icazə
verilsin. Hökumətin iclasında qəbul edilmiş bu qərar olduqca əhəmiyyətli idi. Həmin
qərarla Hökumət Bakı səhər ali-ibtidai məktəblərinin maliyyə problemlərinin həll edilməsinə və
bununla da ölkədəki təhsil işinin inkişafına kömək etmiş
oldu. Yeri gəlmişkən, qeyd edirik ki, artıq 1919-cu ili əvvəllərində
Respublikamızın hüdudlarında 23 hökumət tədris ocaqları, o cümlədən 6 kişi və 4
qadın gimnaziyası, 5 real məktəb, 3 müəllim seminariyası, 3 Müqəddəs Nina qadın
məktəbi, Politexnik və Ticarət məktəbləri fəaliyyət göstərirdi. Müəllim
seminariyaları istisna olmaqla, bütün orta məktəblərdə 1919/20 tədris ilində
9611 şagird oxuyurdu ki, bunun da 3115-i müsəlman, 6496-sı isə qeyri müsəlman
idi.
Tarixi
mənbələr, o cümlədən arxiv materialları təsdiq edir ki, Azərbaycanın təhsil
tarixi olduqca zəngindir. Hazırkı dövrdə, müstəqil dövlət quruculuğu şəraitində Azərbaycan Xalq Cümhuriyyətinin təhsil
siyasətinin tarixi mənbələr əsasında dərindən tədqiq edilərək
öyrənilməsi və ondan lazımı nəticələr
çıxarılması olduqca əhəmiyyətli və aktualdır.
Rafiq
Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsininBaş məsləhətçisi