AZE | RUS | ENG |

Cümhuriyyət-100: Xüsusi missiya

Cümhuriyyət-100: Xüsusi missiya
Yaxud yerli bolşeviklərin satqınlığı nəticəsində baş tutmayan plan

Xalq Cümhuriyyətinin süqutunun qarşısını almaq üçün xüsusi missiya ilə Qroznı şəhərinə yola düşən Əhməd bəy Pepinov hər cür vəchlə bolşevik Rusiyasının işğal planını ləngitməli idi. Əsas məqsəd vaxt qazanmaqla Azərbaycan ordusunun Qarabağ, Gəncə və Lənkəranda olan əsgərlərini müdafiə məqsədilə ölkənin şimalına və paytaxta cəlb etmək idi. Lakin Cümhuriyyət hökumətində təmsil olunan bolşeviklərin satqınlığı nəticəsində bu plan baş tutmadı.

Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Əhməd bəy Pepinovun həyatına dair apardığı tədqiqatlarında maraqlı faktlar üzə çıxarıb. AZƏRTAC yazıçı-tədqiqatçının qeydlərini təqdim edir.

Azərbaycanın ictimai və siyasi tarixində yeri olan Əhməd Ömər oğlu Pepinov 1893–cü ildə Gürcüstanın Axalkalaki mahalının Bolazur kəndində anadan olub. "Molla Nəsrəddin” jurnalının məşhur yazıçısı, ictimai xadim Ömər Faiq Nemanzadənin bacısı oğludur. Pepinov ərəb və fars dillərində yazıb-oxumağı da dayısından öyrənib.
Əhməd bəy 1913–cü ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olub və eyni vaxtda həmin ali məktəbdə iqtisadiyyat fakültəsində də oxuyub. O, Moskvada azərbaycanlı tələbələr tərəfindən qurulan Azərbaycan Həmyerlilər Təşkilatının rəhbərlərindən idi. Tələbə olduğu dövrdə Azərbaycanda nəşr edilən, Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadənin də yazıları yayımlanan "Açıq söz” qəzetində məqalələr yazıb. Moskvadan göndərdiyi məqalələr qəzetdə "Axalkalakili Əhməd Cövdət” imzası ilə çap edilib. Əhməd bəyin rəhbərliyi və təşkilatçılığı ilə qurduqları təşkilat Moskvada Azərbaycanın siyasi və mədəni həyatını tanıdan bir çox tədbirlər keçirib.

Moskvada təhsilini başa vuran Əhməd bəy Pepinov 1918–ci ildə Bakıya gəlib, Zaqafqaziya və Azərbaycanda baş verən siyasi-ictimai hadisələrin təsiri ilə siyasi hadisələrdə yaxından iştirak etməyə başlayıb. Pepinov 1918-ci il fevralın 28-də Seymdə qeydiyyatdan keçən Müsəlman Sosialist Blokunun tərkibindəki Azərbaycan heyətinə daxil olub.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra Pepinovun da daxil olduğu nümayəndə heyəti Milli Şuranın rəisi Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Türkiyəyə yola düşüb. Bu, Azərbaycan nümayəndə heyətinin ilk səfəri idi.

Əhməd bəy Pepinov 1918-ci il dekabrın 7-də Bakıda açılan Azərbaycan parlamentinə üzv seçilib, bir müddət sonra isə parlamentin katibi vəzifəsini icra etməyə başlayıb. Pepinov həmin dövrdə Azərbaycan parlamentinin sədri vəzifəsini icra edən Həsən bəy Ağayevin qızı, sonralar ilk azərbaycanlı qadın musiqişünas Xurşid xanım Ağayeva (1906–1953) ilə ailə həyatı qurub.

Pepinov Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə 1919-cu il dekabrın 22-də qurulan ikinci hökumətdə əmək və torpaq naziri vəzifəsinə təyin edilib. Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin qurulmasında Pepinovun mühüm xidmətləri olub. Universitet üçün ərazi və pul ayrılması ilə əlaqəli təşkilati məsələlərin parlamentdə müzakirəsinin sürətləndirilməsini təmin edərək, qərarın qısa zamanda icrası üçün bütün imkanları səfərbər edib. 1918–1920–ci illərdə Azərbaycanda keçirilən ictimai və mədəni tədbirlərin təşkilatçısı və rəhbəri olub. O dövrdə Bakıda keçirilən "Azərbaycan gecələri” adlı məşhur konsert tədbirləri və mədəni–maarif tədbirləri onun adı ilə bağlı idi.

Əhməd bəy 1920-ci il martın 30-da Yusifbəylinin qurduğu hökumətdən istefa verməklə tutduğu vəzifəni tərk edib. Həmin il ölkəyə bolşevik ordusunun təhdidlərinin artması ilə əlaqədar olaraq Rəhim bəy Vəkilovla birlikdə bolşevik Rusiyası ilə danışıqlar aparmaq üçün aprelin əvvəllərində Qroznı şəhərinə yola düşüb. Danışıqların fayda verməyəcəyini bilsələr də, məqsəd bolşeviklərin başını qatıb, Samur körpüsünün şimalında gözləyən XI Qızıl ordunun Azərbaycana hücumunu ləngitməklə vaxt qazanmaq idi. Qazanılan vaxt ərzində isə Qarabağ, Gəncə və Lənkərandan gəlməli olan Cümhuriyyət əsgərləri paytaxt və ölkəni işğaldan müdafiə etməli idi. O vaxt Bakıda mövcud olan əsgər və jandarmanın sayı 2000-ə çatırdı. Hökumətdə təmsil olunan yerli bolşevik satqınların sayəsində plandan xəbərdar olan bolşevik Rusiyası bunun diplomatik bir plan olduğunu bilərək onları həbs edib.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra Pepinov və Vəkilov həbsdən azad edilərək Bakıya gəliblər. Pepinov Bakıda mədəni–maarif işləri ilə məşğul olub, nəşriyyat işinə rəhbərlik edib. 1920-ci ildə onun "Maarif və Mədəniyyət”, "Bakinski raboçi” və digər mətbuat orqanlarında məqalələri nəşr olunub. Yerli idarə orqan rəhbərləri ilə yaşadığı problemlərə görə Azərbaycanı tərk edib, 1930–cu ildə Rusiyanın Ulyanovsk şəhərinə köçüb, orada yaşayıb. Pepinov 1934–cü ildə Qazaxıstan SSR təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Cümhuriyyət və sovet hakimiyyəti dövründə xidmətləri olan Əhməd bəy Pepinov 1938–ci ildə Stalin repressiyası nəticəsində həlak olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112