Üçtərəfli görüş hər üç ölkə üçün faydalıdır
Azərbaycan son illər regionda təhlükəsizliyi təmin etmək, böyük
iqtisadi layihələri həyata keçirmək məqsədilə qonşu, eləcə də regional
dövlətlərlə üçtərəfli görüşlər təşəbbüsü ilə çıxış edir. Artıq uzun illərdir
ki, belə görüşlərdən biri - Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər
nazirlərinin görüşü keçirilir. Ötən gün növbəti dəfə Azərbaycan, Gürcüstan və
Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü keçirilib.
Üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən
keçirilib, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunub
və "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb. Nazirlər
görüşün yekununa dair birgə Bəyannamə də imzalayıblar.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər
nazirlərinin uzun illərdir keçirilən görüşlərinin məqsədi, əhəmiyyəti və
nəticələrinin nədən ibarət olacağı maraq doğurur. Nazirlərin bu dəfəki görüşü
Cənubi Qafqaz regionuna nə vəd edir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasındaMilli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, son dövrlər
Azərbaycanın təşəbbüsü ilə yaxın qoşunların xarici işlər nazirlərinin qrup
halda görüşlərinin keçirilməsi artıq bir ənənə halını alıb:
"Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Türkmənistan
və sair görüşlər keçirilir. Belə görüşlərin keçirilməsində məqsəd regional
əməkdaşlıq və mehriban qonşuluq mühitinin formalaşdırılmasıdır. Bu gün dünyada
gedən proseslər göstərir ki, ilk növbədə qonşu dövlətlərlə münasibətlərin
yüksək səviyyədə qurulması ölkələrin həm daxili, həm də xarici problemlərinin
həll edilməsində böyük rol oynayır. Azərbaycan-Gürcüstan-Türkiyə sərhəd
qonşularıdır, tarixdən irəli gələn çox yaxşı münasibətləri var. Bu
münasibətləri indiki dövrdə daha da yaxşılaşdırmaq üçün böyük imkanlar
mövcuddur. Burada, birincisi, beynəlxalq aləmdə birgə hərəkət etmək, eyni olan
problemlərin həllinə dair fikir mübadiləsi aparmaq, beynəlxalq aləmdə
stabilliyin pozulmasına gətirib çıxaran təhdidlərə qarşı birgə hərəkət və sair
məsələlər dayanır. Belə görüşlərin keçirilməsi sonradan iki, üç və çoxtərəfli
digər sahələr üzrə görüşlərin keçirilməsinə, birgə layihələrin hazırlanmasına
gətirib çıxara bilər. Belə görüşlərin çox böyük perspektivi var və Bakıda
keçirilən görüş üç ölkənin dostluq əlaqələrini daha da möhkəmləndirməyə xidmət
edəcək”.
A.Mizəzadə üçtərəfli görüşlərin regiondakı digər dövlətləri qıcıqlandırmasına
və bu səbəbdən onların buna mane olmaq imkanlarına toxunaraq dedi ki, Ermənistan
bu gün apardığı siyasətə görə sıfra bərabərdir: "Süni şəkildə yaradılmış bu
dövlət kənardan müəyyən irticaçı qüvvələrin regionda planlarını həyata keçirməyə
çalışır. Ermənistanın qonşu dövlətlərə qarşı torpaq iddiası, mehriban qonşuluq
siyasətindən imtina etməsi özünütəcrid vəziyyətinə salıb. Baxmayaraq ki,
Ermənistan Azərbaycanın bir sıra regional iqtisadi layihələrində böyük imkanlar
qazana bilərdi, lakin bizimlə olan münasibətləri onları bu imkanlardan kənarda
qoydu. Bakı-Ceyhan, digər tərəfdən Azərbaycandan keçən neft-qaz kəmərləri,
dəmiryol, avtomobil yolunun Ermənistandan keçməsi mümkün idi. Məhz bu
layihələrdən Ermənistan iqtisadiyyatı hər il yüz milyonlarla dollar sərbəst
vəsait əldə edə bilərdi. Göründüyü kimi, Ermənistanın apardığı siyasət onu bu
regional əməkdaşlıqdan kənarda qoyur. Özü isə nə belə layihələr irəli sürməyə,
nə də ki, hər hansı bir regional birlik yaratmağa qadirdir. Ermənistanın nə
düşünməsindən asılı olmayaraq, digər dövlətlər mehriban qonşuluq siyasəti
yürüdəcəklər və bunun həm siyasi, həm iqtisadi nəticələri olacaq”.
Politoloq Fikrət Sadıxov bildirdi ki,
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü ilk dəfədir baş tutmur: "Xarici
işlər nazirlərinin görüşü 2000-ci illərin ortalarından başlayıb. Faktiki
olaraq, bu görüşlərin formatı hər bir dövlətin maraqlarına cavab verən bir
alyansa çevrilib. Demək olar ki, stabil alyans kimi fəaliyyət göstərir. Bunları
bir-birinə bağlayan həm ikitərəfli münasibətlərdir, həm də üçtərəfli
irimiqyaslı layihələr həyata keçirilir. Elə bircə Bakı-Tbilisi-Qars layihəsini
götürək və bu artıq həyata keçirilən böyük layihələrdən xəbər verir”.
F.Sadıxov vurğuladı ki, bu görüşlər regional təhlükəsizliyə, siyasi
həmrəyliyə, iqtisadi layihələrin həyata keçirilməsinə bir təkandır: "Çünki bir
çox mövqelərimiz həm beynəlxalq arenada, həm də elə üçtərəfli formatda üst-üstə
düşür. Biz bir çox məsələlərdə vahid mövqedən çıxış edirik. Hər üç dövlət
separatçılıqdan əziyyət çəkir və təbii ki, terrorçuluğa qarşı bu ölkələr birgə
mübarizə aparacaq. Düşünürəm ki, bu üçtərəfli formatın gələcəyi çox
perspektivlidir və uzun illər ərzində bu alyans siyasi, iqtisadi, regional
təhlükəsizlik istiqamətində müxtəlif tədbirlərin müəllifi olacaq, layihələr
həyata keçiriləcək”.
Bəxtiyar MƏMMƏDLİ