• çərşənbə axşamı, 16 aprel, 11:22
  • Baku Bakı 14°C

Üçtərəfli görüş hər üç ölkə üçün faydalıdır

07.09.17 11:30 981
Üçtərəfli görüş hər üç ölkə üçün faydalıdır
Azərbaycan son illər regionda təhlükəsizliyi təmin etmək, böyük iqtisadi layihələri həyata keçirmək məqsədilə qonşu, eləcə də regional dövlətlərlə üçtərəfli görüşlər təşəbbüsü ilə çıxış edir. Artıq uzun illərdir ki, belə görüşlərdən biri - Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilir. Ötən gün növbəti dəfə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü keçirilib.

Üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçirilib, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunub və "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb. Nazirlər görüşün yekununa dair birgə Bəyannamə də imzalayıblar.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin uzun illərdir keçirilən görüşlərinin məqsədi, əhəmiyyəti və nəticələrinin nədən ibarət olacağı maraq doğurur. Nazirlərin bu dəfəki görüşü Cənubi Qafqaz regionuna nə vəd edir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasındaMilli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, son dövrlər Azərbaycanın təşəbbüsü ilə yaxın qoşunların xarici işlər nazirlərinin qrup halda görüşlərinin keçirilməsi artıq bir ənənə halını alıb: "Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Türkmənistan və sair görüşlər keçirilir. Belə görüşlərin keçirilməsində məqsəd regional əməkdaşlıq və mehriban qonşuluq mühitinin formalaşdırılmasıdır. Bu gün dünyada gedən proseslər göstərir ki, ilk növbədə qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulması ölkələrin həm daxili, həm də xarici problemlərinin həll edilməsində böyük rol oynayır. Azərbaycan-Gürcüstan-Türkiyə sərhəd qonşularıdır, tarixdən irəli gələn çox yaxşı münasibətləri var. Bu münasibətləri indiki dövrdə daha da yaxşılaşdırmaq üçün böyük imkanlar mövcuddur. Burada, birincisi, beynəlxalq aləmdə birgə hərəkət etmək, eyni olan problemlərin həllinə dair fikir mübadiləsi aparmaq, beynəlxalq aləmdə stabilliyin pozulmasına gətirib çıxaran təhdidlərə qarşı birgə hərəkət və sair məsələlər dayanır. Belə görüşlərin keçirilməsi sonradan iki, üç və çoxtərəfli digər sahələr üzrə görüşlərin keçirilməsinə, birgə layihələrin hazırlanmasına gətirib çıxara bilər. Belə görüşlərin çox böyük perspektivi var və Bakıda keçirilən görüş üç ölkənin dostluq əlaqələrini daha da möhkəmləndirməyə xidmət edəcək”.

A.Mizəzadə üçtərəfli görüşlərin regiondakı digər dövlətləri qıcıqlandırmasına və bu səbəbdən onların buna mane olmaq imkanlarına toxunaraq dedi ki, Ermənistan bu gün apardığı siyasətə görə sıfra bərabərdir: "Süni şəkildə yaradılmış bu dövlət kənardan müəyyən irticaçı qüvvələrin regionda planlarını həyata keçirməyə çalışır. Ermənistanın qonşu dövlətlərə qarşı torpaq iddiası, mehriban qonşuluq siyasətindən imtina etməsi özünütəcrid vəziyyətinə salıb. Baxmayaraq ki, Ermənistan Azərbaycanın bir sıra regional iqtisadi layihələrində böyük imkanlar qazana bilərdi, lakin bizimlə olan münasibətləri onları bu imkanlardan kənarda qoydu. Bakı-Ceyhan, digər tərəfdən Azərbaycandan keçən neft-qaz kəmərləri, dəmiryol, avtomobil yolunun Ermənistandan keçməsi mümkün idi. Məhz bu layihələrdən Ermənistan iqtisadiyyatı hər il yüz milyonlarla dollar sərbəst vəsait əldə edə bilərdi. Göründüyü kimi, Ermənistanın apardığı siyasət onu bu regional əməkdaşlıqdan kənarda qoyur. Özü isə nə belə layihələr irəli sürməyə, nə də ki, hər hansı bir regional birlik yaratmağa qadirdir. Ermənistanın nə düşünməsindən asılı olmayaraq, digər dövlətlər mehriban qonşuluq siyasəti yürüdəcəklər və bunun həm siyasi, həm iqtisadi nəticələri olacaq”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü ilk dəfədir baş tutmur: "Xarici işlər nazirlərinin görüşü 2000-ci illərin ortalarından başlayıb. Faktiki olaraq, bu görüşlərin formatı hər bir dövlətin maraqlarına cavab verən bir alyansa çevrilib. Demək olar ki, stabil alyans kimi fəaliyyət göstərir. Bunları bir-birinə bağlayan həm ikitərəfli münasibətlərdir, həm də üçtərəfli irimiqyaslı layihələr həyata keçirilir. Elə bircə Bakı-Tbilisi-Qars layihəsini götürək və bu artıq həyata keçirilən böyük layihələrdən xəbər verir”.

F.Sadıxov vurğuladı ki, bu görüşlər regional təhlükəsizliyə, siyasi həmrəyliyə, iqtisadi layihələrin həyata keçirilməsinə bir təkandır: "Çünki bir çox mövqelərimiz həm beynəlxalq arenada, həm də elə üçtərəfli formatda üst-üstə düşür. Biz bir çox məsələlərdə vahid mövqedən çıxış edirik. Hər üç dövlət separatçılıqdan əziyyət çəkir və təbii ki, terrorçuluğa qarşı bu ölkələr birgə mübarizə aparacaq. Düşünürəm ki, bu üçtərəfli formatın gələcəyi çox perspektivlidir və uzun illər ərzində bu alyans siyasi, iqtisadi, regional təhlükəsizlik istiqamətində müxtəlif tədbirlərin müəllifi olacaq, layihələr həyata keçiriləcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər