“Üçrəngli bayrağımızın əbədi qayıdış günü” adlı tədbir keçirilib
AMEA Naxçıvan Bölməsində "Üçrəngli
bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Kaspi”yə
bildirilib ki, tədbiri AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev
açaraq əlamətdar tarixi gün - 17 noyabr
Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün yaranmasından ətraflı
danışıb. Akademik qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr
1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə 17 noyabr 1990-cı ildə Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli
dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü
və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən
sessiyada məsələ qaldırılıb. 1991-ci il fevral
ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı
kimi qəbul edilməsi haqqında qərar verib.
Diqqətə çatdırılıb ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca
tutulmuş, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar
verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan
Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”
sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından
mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə 8 iyun 2004-cü ildə "Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları haqqında” qanun imzalanmış, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
17 noyabr 2007-ci ildə Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildə isə
Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam verib.
Tədbirdə o da qeyd olunub ki, müstəqil
Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına
münasibət yüksək səviyyədədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
"Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında”
22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət
Bayrağı Meydanı və Muzeyi yaradılıb. Dövlət Bayrağı meydanı bu gün şəhərimizin
füsünkar guşələrindən birinə çevrilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir
üzvü Vəli Baxşəliyev "Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda geniş
məruzəsi dinlənilib.
AMEA Naxçıvan Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin
Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Əbülfəz Quliyev mövzu
ilə bağlı çıxış ediblər. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü
və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks
etdirən Dövlət Bayrağımızın, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni
birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar. Qeyd
ediblər ki, millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin,
sarsılmazlıq və yenilməzliyinin rəmzi olan Bayrağımız gənclərimizə əmanətdi. Böyüməkdə olan gənc nəsil inanırıq ki, bu əmanəti də gözbəbəkləri
kimi qoruyacaqlar.