• çərşənbə axşamı, 19 mart, 10:17
  • Baku Bakı 8°C

COVID-19 virusunun müalicəsində ümidləri doğrulda biləcək dərman

07.04.20 16:07 639
COVID-19 virusunun müalicəsində ümidləri doğrulda biləcək dərman
Almaniyada çalışan azərbaycanlı elmi işçi qrup COVID-19 virusunun müalicəsi ilə bağlı son elmi yenilikləri özündə əks etdirən təhlil yazısıhazırlayıb.
"Report"Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev,Wiesbaden klinikasının həkim radioloqu Orxan Səfərov vəSiegburg klinikasının Ağciyər xəstəlikləri və süni tənəffüs şöbəsinin həkim mütəxəssisi Elvin Hüseynovunhazırladığı yazını təqdim edir:
Hər kəsə məlumdur ki, COVID-19 virusu yeni bir virus növüdür və bu virusa yoluxmamaq üçün təəssüf ki, hələ xüsusi bir peyvənd yoxdur. Eyni zamanda, bu günə qədər bu virusa yoluxmuş insanlarda virusa qarşı tam elmi əsaslı spesifik müalicənin olmaması ümumi vəziyyəti çətinləşdirir. Peyvəndin tapılması və tətbiqi prosesinin uzun olmasını bilən elm adamları bundan daha tez başa gələ biləcək virusa qarşı dərman preparatının kəşfi və ya tapılması məsələsinə də ciddi yer ayırırlar. Belə ki, bu istiqamətdə dünyanın dörd bir tərəfindən fərqli elmi kliniki tədqiqatlar artıq başlamışdır və bunlar insanlar üzərində müxtəlif sınaq mərhələlərindədir.
Bunlardan ən böyük elmi kliniki araşdırma sıralarına SOLIDARITY fərqli qitələrdən olan xəstələrlə, DISCOVERY Avropadan və Böyük Britaniyadan olan 3 200 xəstə ilə, Oksford Universitetinin RECOVERY və Amerikanın Adaptive COVID-19 Treatment Trial (ACTT) kliniki tədqiqatı aiddir. Bu tədqiqatlara fərqli dərman preparatları fərqli kombinasiyalarla daxildir ki, bu preparatlar da əsasən Remdesivir, Chloroquin, Nitazoxanid, Beta-Interferon, Ribavirin və Ritonavir/Lopinavirdən ibarətdir.
Bu dərman preparatlarından bu günə qədər preklinik mərhələdə özünü hələ ki, tam doğruldan Remdesivir preparatıdır. Belə ki, bunun laboratoriyada SARS və MERS Koronavirusuna qarşı siçanlar üzərində nəinki profilaktik təsiri, hətta virusun öldürülməsinə də müsbət təsiri öyrənilmişdir. Bundan başqa, meymunlar üzərində aparılan tədqiqata görə Remdesivir MERS-Koronavirusunun virus yükünü də azaldır və daha effektli profilaktik təsir göstərir. Dərman preparatının yan təsirləri - qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər - də bu tədqiqatlar nəticəsində artıq öyrənilmişdir. Belə ki, meymunlar üzərində aparılan tədqiqatda meymunların böyrək funksiyasında geriləmə müşahidə edilmişdir.
Bu dərman preparatı Ebola virusuna qarşı PALM tədqiqatı zamanı da tətbiq edilmişdir və nəticə o qədər də pozitiv olmadığına görə (xəstələrin yarısı sağalmışdır) və eləcə də bəzi yan təsirlərinə görə tam istifadəsinə icazə verilməmişdir. Bundan fərqli olaraq COVID-19-a qarşı tətbiqində artıq bəzi insanlar üzərində çox böyük pozitiv müalicəvi effektlərinə rast gəlinib və ona görə də bir çox alimlər hazırkı dövr üçün çox şey vəd edəcək bir dərman kimi qiymətləndirirlər.
Bununla yanaşı, artıq rəsmi olaraq European Medicines Agency (Avropa Dərman Agentliyi) tərəfindən Remdesivir süni tənəffüs cihazlarına qoşulan xəstələr üçün qaraciyər və böyrək göstəriciləri nəzərə alınmaqla ciddi məsləhət görülür. Buna görə də artıq dərman istehsalçısı da rəsmi olaraq bildirib ki, 1,5 milyon tək dozalı dərman preparatları istifadəyə hazırdır.
Bu istiqamətdə aparılan kliniki tədqiqatlarda xəstələri ağırlıq dərəcələrinə görə qruplara bölüblər və bu ağırlıq dərəcəsindən asılı olaraq dərman preparatının təsiri may ayının sonuna qədər rəsmi bəlli olmalıdır.
banner

Oxşar Xəbərlər