AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

COVID-19 infeksiyasına yoluxma halı çox olan ərazi qapalı zonaya çevrilə bilər

COVID-19 infeksiyasına yoluxma halı çox olan ərazi qapalı zonaya çevrilə bilər

Cəmiyyət
29 May 2020, 19:05 277
Koronavirusla əlaqədar ölkə üzrə selektiv yanaşma metodu tətbiq edilə bilər. Hansı zonada COVID-19-a yoluxma halı çox olarsa, həmin ərazi qapalı zonaya çevrilə və orada karantin rejiminin qaydaları gücləndirilə bilər.
 
AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
 
"Ölkədaxili uçuşlarla bağlı növbəti həftə ərzində qərar qəbul edilə bilər. Uçuşlar bərpa ediləcəyi təqdirdə xüsusi qaydalara ciddi əməl olunmasına baxılır. Yəni burada qaydalar müəyyənləşdiriləcək və ona riayət edilməsi əsas şərt olaraq götürüləcək.
 
Dövlət sərhədinə giriş-çıxışa qoyulan məhdudiyyət iyunun 15-dək uzadılır. Beynəlxalq uçuşların həyata keçirilməsi təkcə bizdən asılı deyil. Bu, həmçinin uçuşların həyata keçiriləcəyi ölkələrdə rejimin nə qədər yumşaldılmasından və hansı qərarlar qəbul edilməsindən asılıdır.
 
Beynəlxalq uçuşlarla bağlı hazırda bir məqam müzakirə olunur. Belə ki, beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrlə koronavirus testindən keçmə haqqında sənədləri qarşılıqlı tanımamıza ehtiyac var. Məsələn, Azərbaycandan Türkiyəyə uçan vətəndaş Azərbaycanda koronavirus testindən keçibsə və ona neqativ nəticə haqqında sənəd verilibsə, onun bu sənədi Türkiyədə tanınacaq və o, həmin ölkədə karantinə götürülməyəcək. Eləcə də Türkiyədən Azərbaycana gələnlərin həmin ölkədə verdikləri testlərinin sənədləri Azərbaycanda tanınacaq", - deyə İ.Məmmədov qeyd edib.