• cümə axşamı, 28 mart, 13:28
  • Baku Bakı 16°C

COVID-19-dan qurtuluş yolu

16.01.21 16:00 1378
COVID-19-dan qurtuluş yolu
Peyvənddən sonra normal həyatımıza qayıda biləcəyikmi?
Artıq peyvənd qapıdadır. Pandemiya ilə vidalaşmaq üçün gün sayır, peyvəndlər sayəsində normal həyatımıza qayıtmağı ümid edirik. Maskasız, sosial məsafəsiz, karantinsiz həyat... Bu həqiqətən mümkündürmü? 2021-ci ildə koronovirusu tarixin ağrılı səhifəsində saxlaya biləcəyikmi?
Peyvəndləri sürətlə təsdiqləyən və kütləvi peyvənd proqramlarını həyata keçirməyi planlayan ABŞ və İngiltərədə, bəziləri hətta 2021-ci ilin yazına qədər həyatın normala dönə biləcəyini düşünürlər. Lakin bir çox alim peyvənd olsa belə, yaxın gələcəkdə maskalarla vidalaşa biləcəyimizə inanmır. Alimlər peyvəndlərin qısa müddətdə bizi normal vəziyyətə gətirməyəcəyi barədə xəbərdarlıq edirlər: "İlkin tədarüklər çox məhduddur və əsasən koronovirusla mübarizənin ön xəttindəki həssas əhali və tibb işçilərinə tətbiq ediləcək”.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır: "Hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Bu ölkələr ABŞ, Avropa Birliyi dövlətləri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif kliniki tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilib. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcək. Eyni zamanda, müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək. Vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən, istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa, epidemik proses sönəcək. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da, hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, yayda ölkədə COVID-19-a yoluxmanın sayında artım olan zaman bu xəstəliyi keçirənlər arasında təkrar yoluxma halları müşahidə edilib: "Yoluxub, heç bir immuniteti yaranmayan insanlar oldu. Buna görə koronavirusa qalib gəlmək üçün vaksin mütləqdir. Biz Türkiyəyə səfər etdikdə, peyvənd vurduran insanlarla görüşdük və ümidlərimiz artdı. Bu gün koronavirusla mübarizədə bütün ümidimiz vaksinasiya ilə əlaqəlidir. Artıq bir ildir ki, bu xəstəliklə yaşayırıq”.
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov da deyir ki, vaksinasiya COVID-19-dan qurtuluş yoludur: "Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası hələlik mümkün deyil. Bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir. Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil – çiçək, difteriya və s.
Onun sözlərinə görə, vaksinasiya bizim süni yolla immunitet əmələ gətirməyimizə xidmət edən tətbiqdir: "İmmunitet iki yolla yarana bilər - ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır. Peyvəndlər tərkibcə və təsir mexanizmlərinə görə fərqlidir. Əsas təsir mexanizmi insanın antitel yaratma qabiliyyətini aktiv etməkdir. Məsələn, Çinin istehsal etdiyi "Sinovac” inaktiv bir peyvənddir. Yəni öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir və hüceyrələrimiz o virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır. Ümumiyyətlə, hazırlanan vaksinlərdə 90-95 faiz, hətta ondan çox effektivlik təqdim edilir”.
COVID-19-a qarşı Çində hazırlanmış "Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.
Həkim-infeksionist Nicat Əzimli bildirib ki, digər vaksinlərlə müqayisədə "Sinovac” ilk üç mərhələdən uğurla keçib: "Ümumiyyətlə, vaksinlər dörd mərhələdən keçirilir. Üç mərhələdən uğurla keçən vaksinlər nisbətən geniş əhali qruplarında istifadə olunur. Dördüncü mərhələdə isə artıq milyonları əhatə edən əhali qruplarında vaksinlərin tətbiqi aparılır. "Sinovac” vaksini üçüncü mərhələdə uğurlu olduğu üçün minlərlə əhali qrupu üzərində sınaqdan keçirilib. Fikrimcə, digərləri ilə müqayisədə üçüncü mərhələdən uğurla keçdiyinə görə "Sinovac” vaksini daha effektli olacaq”.
Alimlər "dünyanı normal vəziyyətə gətirmək” üçün daha iki il vaxt lazım olacağını düşünür, lakin böyük ehtimalla, yüksək gəlirli ölkələrdə bu müddət daha sürətli gedəcək. COVİD-19 ilə mübarizədə yeni "peyvənd” dövrü başlayır və bu mübarizə 2021-ci ildə bir neçə ay, bəlkə də daha uzun müddət davam edəcək.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər