• çərşənbə axşamı, 19 mart, 11:48
  • Baku Bakı 8°C

“Costa” kitab mükafatının qalibi açıqlandı

06.02.17 13:30 3522
“Costa” kitab mükafatının qalibi açıqlandı
Dünya ədəbiyyatının nüfuzlu ədəbi mükafatlarından "Costa” kitab mükafatının 2017-ci il qalibinin adı açıqlanıb. "Guardian”ın xəbərində qeyd olunur ki, yanvarın 31-də açıqlanan nəticələrə görə irlandiyalı yazıçı Sebastian Barri "Sonu gəlməyən günlər” ("Days without end”) əsəri ilə mükafatın builki qalibidir. ABŞ-da yaşanan gizli bir münasibətdən bəhs edən hekayənin müəllifi bu il "Costa” mükafatının qalibi olmaqla, adını mükafat tarixinə yazdırıb. Belə ki, Sebastian Barri bu mükafata ikinci dəfə layiq görülən ilk yazıçıdır.
Barrinin əsəri bu mükafata "hekayədəki duyğuların qüsursuz təsvirinə görə” layiq görülüb. Müəllifin 2008-ci ildə yazdığı "Gizli müqəddəs yazı” ("The secret scripture”) romanı da, bu dəfəki kimi ona həm "Costa” diplomu, həm də 30000 funt sterlinq (75000 manat – red.) məbləğində pul mükafatı qazandırmışdı.
Londonda keçirilən təntənəli təqdimetmə mərasimində çıxış edən müəllif duyğularını dilə gətirməkdə çətinlik çəkib: "61 yaşında bir adam üçün bu sevinc, bu həyəcan təhlükəlidir. İkinci dəfə belə bir mükafata layiq görülmək, fərqləndirilmək, bu qədər şərəflə qarşılanmaq insanı təpədən-dırnağa kimi silkələyir. Sevincdən insan dəli də ola bilər, mən belə bir təhlükə ilə qarşı-qarşıyayam. Səkkiz il əvvəl mənə mükafatla birgə verilən pulu hələ də xərcləməmişəm. Yazıçıların iqtisadi vəziyyətləri çox qarışıq olur. İlk 10-15 ili heç nə qazanmadan yazırıq, çətinlik çəkirik. Mən mükafat alanda dedilər ki, bu mükafatı bir də almayacaqsan. Mən də kitabdan, dərc olunan yazılardan gələn pullarla yaşadım ki, birdən bu pul çox vacib bir şey üçün lazım olar. Bəlkə də, bu sözlərlə sizi təəccübləndirəcəyəm, amma bu mükafatlar insanın sadəcə mənəvi yox, elə maddi vəziyyətini də yaxşılaşırır. İndi bütün təəccüb və həyəcandan ayrılmadan, evimə gedib, xanımımla sevimli divanımıza uzanıb, bu sevincin və rahatlığın sevincini yaşama istəyirəm. Mən bu gün çox xoşbəxtəm”.
banner

Oxşar Xəbərlər