• cümə axşamı, 28 mart, 22:39
  • Baku Bakı 13°C

Corc Sorosa Avstriya qadağası

24.10.17 09:15 2494
Corc Sorosa Avstriya qadağası
Sebastian Kurz dünyanın və Avstriyanın ən gənc siyasi lideri sayılır. Bir zamanlar media onun haqqında "Avstriyanın dahi cocuğu" deyə, yazırdı. 27 yaşında ölkəsinin xarici işlər naziri olan bu şəxsin hazırda 31 yaşı var. Seçkilərdə qalib gəlmiş Avstriyanın Xalq Partiyasının gənc lideri S.Kurz bu günlərdə sensasiya sayıla biləcək addım atıb. Gənc və qalib lider milyarder iş adamı Corc Sorosa Açıq Cəmiyyət Fondunun fəaliyyətini Avstriya ərazisində 28 gün ərzində dayandırmaq barədə ultimatum verib. Əks təqdirdə hüquqi yola əl atacağına dair xəbərdarlıq edib. Yournewsire.com saytı yazır ki, S.Kurz fondun Avstriyadakı fəaliyyətini dayandırmadığı təqdirdə "Millətin demokratiyasına hücum" maddəsi ilə hüquqi işlər başladacağını qeyd edib (http://yournewswire.com/youngest-leader-george-soros/amp/).Gənc lider Corc Sorosun 24 milyardlıq sərvətinin 18 milyardını fonda bağışladıqdan sonra dərhal fəaliyyətə keçməyin vacib olduğunu bildirib. S.Kurz "Vəziyyət kritikləşib. Soros qlobal idaerəetməni əldə saxlamaq üçün bütün fürsətləri ortaya qoyur. Yanlış məlumat və medianın manipulyasiyası bir gecədə daha da artdı. Biz narahatıq",- deyə vurğulayıb. "Açıq Cəmiyyət İnstitutu"nu nə üçün qadağan etmək istəyirsiz?" sualına Kurz belə cavab verib:"Çünki 2017-ci ildir". "Soros əlindəki pulu siyasətçiləri, jurnalistləri, ictimai sektoru ələ almaq və dünyada özünə imic yaratmaq üçün istifadə edir", deyə Kurz əlavə edib.
Xatırladaq ki, Soros Fondu biznesdən tutmuş missionerliyə qədər müxtəlif sahələri əhatə edir. Fondun başında maliyyə möhtəkiri, xaosun memarı kimi ad çıxaran, dünyaca məşhur fırıldaqçı Corc Soros dayanır. Milyardlarla dollar sərvətə sahib olan və dünyanın ən varlıları sırasında yer alan C.Sorosun "xeyriyyəçilik” missiyası 1979-cu ildə təsis edilmiş Açıq Cəmiyyət İnstitutu ilə başlayıb. Hazırda bu qurum dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. 2009-cu ildə Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu dünya üzrə bütün proqramlara 683 milyon dollar (OSİ Report 2009) xərcləyib. C.Sorosun yaratdığı bu qurumlar "demokratiya və insan haqları”nı əldə bayraq tutan onlarla təşkilatı maliyyələşdirir. Xüsusən Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra bütün inqilab və çevrilişlərdə Sorosun adı hallanır. "Gül inqilabları”nda Soros əsas aktorlardan biridir. ABŞ-ın hökumət olaraq nüfuzunun zəif olduğu əksər regionlarda, o cümlədən İslam, post-sovet, sosialist, Cənub-Şərqi Asiya ölkələrində bu fond ən aktiv rol oynayır.
Sorosun maliyyə möhtəkirliyi bütün dünyaya məlumdur. 1997-ci ildə o, birja spekulyantları vasitəsi ilə başda Malayziya və Sinqapur olmaqla, bəzi Asiya-Sakit okean bölgəsinə aid olan ölkələrin valyutalarının dəyərini da aşağı salıb. Bundan sonra onun növbəti hədəfi Çin olub. Lakin Pekində onun cəhdlərinin qarşısı alınıb. ABŞ-da da Sorosun maliyyə imperiyası daim tənqid hədəfindədir. Belə ki, bu məşhur "xeyriyyəçi” ölkədə varlılar üçün daha ağır vergi yükü və fəaliyyətlərinə ciddi nəzarət mexanizmi tələb etdiyi halda, özü daim nəzarətdən yayınmağa çalışıb. Onun əsas qazancını təşkil edən şirkətlər ofşorlardır. C.Soros maliyyə əməliyyatlarını 1969-cu ildə yaratdığı "Quantum Fund NV” vasitəsilə həyata keçirir. Rəsmi olaraq bu şirkət Holland Antil adalarında qeydiyyatdadır və C.Soros idarə heyətində təmsil olunmur, yalnız investisiya məsləhətçisidir. Bu tip fondlarda səhmdarlar açıqlanmır. "Quantum Fund”un adı dünyanın bütün yerlərində qaranlıq maliyyə əməliyyatlarında hallanır. Qeyd edilən faktlardan da göründüyü kimi, ABŞ-da varlılar üçün daha ağır şərtlər tələb edən birisi müxtəlif yollarla vergidən yayınır və hətta ölkədə vergi qeydiyyatında deyil. Ümumiyyətlə, Sorosun maliyyə imperiyası fəaliyyətinə nəzarət güclü olmayan investisiya bankları, ofşor investisiya fondları, hedge fondlar və bu kimi qurumlar üzərində qurulub.
Məhz bu kimi amillər nəzərə alınaraq, dünyanın bir sıra ölkələrində Soros fondlarının fəaliyyəti dayandırılıb və ya məhkəməyə verilib. 2002-ci ildə Paris məhkəməsi C.Sorosu "Societe Generale” bankı haqqında məxfi məlumatları bilməsindən sui-istifadə edərək onun səhmlərinin alqı-satqısından böyük qazanc götürdüyü üçün 2,2 mln. avro məbləğində cərimələyib. 2009-cu ildə Macarıstanın ən böyük bankı "OTP Bank Nyrt”-ın səhmlərinin məqsədli şəkildə dəyərdən düşməsi haqqında spekulyasiya yaradaraq bundan faydalandığı üçün "Soros Fund Management” 2,2 mln. dollar cərimələnib. Rusiyada da birjada Sorosun möhtəkirliyi ilə bağlı bir neçə il bundan öncə məsələ qalxıb. Rus kəşfiyyatı müəyyən edib ki, Soros İsveç və Danimarka derivativləri vasitəsilə Rusiya Fond bazarına hücum etmək niyyətindədir. Məhz bundan sonra Rusiyada qeyri hökumət təşkilatlarının xaricdən maliyyələşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul olunub və Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti məhdudlaşdırılıb. Sözügedən səbəbdən, Belarusda, Özbəkistanda, Türkmənistanda da Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti qadağan olunub.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər