• cümə, 29 Mart, 14:00
  • Baku Bakı 14°C

Con Kerri – ermənipərəstliyin məğlub siması

06.10.16 09:02 1761
Con Kerri – ermənipərəstliyin məğlub siması
Bir çox politoloqun, siyasi şərhçilərin rəyinə əsasən, 2009-cu ildə Barak Obama ABŞ Prezidenti seçildikdən sonra Amerikanın xarici siyasətində baş verən dəyişikliklər beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmadı və ciddi suallar doğurmağa başladı. Bu, ilk növbədə ABŞ-ın öz liderliyini təsdiq etmək və məqsədlərini həyata keçirmək üçün ayrı-ayrı ölkələrə qarşı təzyiq və güc mexanizmlərdən istifadə etməsinin ardıcıl xarakter alması, dominantlıq ritorikasının güclənməsi, ənənəvi müttəfiq və tərəfdaşlarla əlaqələrin və əməkdaşlıq prinsiplərinin yenidən nəzərdən keçirilməsi, bir sıra hallarda isə, anlaşılmaz, ikili standartlara əsaslanan qərarların qəbul olunması kimi halları əhatə edir. Belə demək mümkündürsə, Vaşinqtonun nəyin bahasına olursa olsun öz liderliyini, hegemonluğunu tətbiq etmək siyasəti açıq göründü. "Demokratiyanın irəliləməsi” adı altında ayrı-ayrı dövlətlərin daxili işlərinə kobud müdaxilələr, hakimiyyət çevrilişləri, hərbi təcavüz və bunun nəticəsi olaraq Əfqanıstan, İraq, Misir, Liviya, Suriya, Ukrayna və digər dövlətlərdə sabitliyin pozulması, qanlı hadisələrin, vətəndaş qarşıdurmasının alovlanması mövcud beynəlxalq təhlükəsizlik sistemini sarsıtdı, terrorla mübarizə adı altında aparılan siyasət terror dalğasını daha da genişləndirdi.
ABŞ-ın ayrı-ayrı ölkələrdə baş verən, ancaq xarakter və məzmunca eynilik təşkil edən hadisələrə fərqli münasibəti Vaşinqtonun xarici siyasətində ikili standartların geniş vüsət aldığını deməyə tam əsas yaratdı. "Forbes”in şərhçisi Mark Adomanis "Bəhreyn, Suriya və Amerikanın ikiüzlülüyü” adlı məqaləsində yazır: "Bəhreyn təcrübəsi Birləşmiş Ştatların həqiqətən "demokratiyanı yaymaq” ideyasına sadiq olduğuna inanan azsaylı insanları da əksinə düşünməyə vadar etməlidir. Bəhreyn və Suriyaya münasibətdəki fərq Amerikanın təsəvvür oluna biləcək qədər görünməmiş ikili standartlarının nümunəsidir. Bu, mütləq şəkildə iki identik böhrana tam fərqli yanaşmanı ehtiva edən, qeyri-ardıcıl və ikiüzlü məntiqin klassik nümayişidir... ABŞ daha çox ikiüzlü, şöhrətpərəst və mənfəətpərəst görünür. Amerika xalq üsyanını sərt şəkildə yatıran bir ölkəyə qarşı (Suriya) müharibəni təbliğ etməklə və elə o cür də sərt şəkildə xalq üsyanını yatıran digər ölkə (Bəhreyn) haqqında heç bir söz deməməklə tragikomik vəziyyətə düşüb”. (inosmi.ru/world/20121101/201657583.html).
Əslində, M.Adomanis bu fikirləri ilə ABŞ Prezidenti Administrasiyasının, xüsusilə də Barak Obamanın siyasətində açıq müşahidə olunan qeyri-ardıcıllığı, ikiüzlü məntiqi ifşa edir. Bu məntiqlə həyata keçirilən siyasi kurs 2012-ci ildən sonrakı dövrdə, yəni cənab Obama ikinci dəfə prezident seçildikdən sonra dünya ictimaiyyətinin gözündə daha kəskin və gülünc forma aldı. Ekspertlərin rəyinə əsasən, bu tragikomediyanın başlıca səbəblərindən biri də ABŞ Prezidentinin yaxın ətrafının, yəni Amerikanın dövlət siyasətini müəyyənləşdirən şəxslərin şəxsi keyfiyyətləri və mənafeləri, ayrı-ayrı lobbilərin onlara ciddi təsiri və ABŞ tarixində ilk dəfə olaraq, lobbi maraqlarının bu ölkənin strateji dövlət maraqlarını üstələməsi ilə birbaşa bağlıdır. M.Adomanis həmin məqaləsində yazır: "Amerikalıların nə edəcəyi tamamilə anlaşılmazdır: bəzən onlar dəyərləri qoruyur (Misir), bəzən öz maraqlarını müdafiə edir (Bəhreyn), bəzən isə hansısa müəmmalı və daha çox mənasız şəkildə bu dəyərləri və maraqları irəli aparmağa çalışırlar (İran). Bundan başqa Birləşmiş Ştatların hakimiyyəti hər addımda yalan danışır. Bu yalanın miqyası isə ölçüyəgəlməzdir”. İngilis yazıçısı və publisisti Corc Oruellin fikirlərini dəyişərək ifadə etsək, demək olar ki, ABŞ-ın siyasətində "bütün demokratik inqilablar eyni dərəcədə qiymətlidir, amma bəzi demokratik üsyanlar başqalarından daha çox eyni dərəcədə qiymətlidir”.
Bu müəmma və mənasızlığın, ikili standartların konturları yaxın keçmişdə ABŞ-ın Azərbaycana münasibətində daha aydın görünməyə başladı. Burada söhbət təkcə Obama Administrasiyasının və Dövlət Departamentinin, Amerika mediasının və QHT-lərinin Azərbaycanı hədəfə götürməsindən getmir. Problem odur ki, ABŞ-ın 1990-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin abı-havası yenidən hiss olunmaqdadır. Bu abı-havanın formalaşmasında Dövlət katibi Con Kerrinin Amerikanın dövlət maraqları ilə uzlaşmayan şəxsi mövqeyi, erməni lobbisi ilə sıx əlaqələri az rol oynamır.
Cənab Kerri bu yaxınlarda verdiyi açıqlamasında bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün görünmür və buna səbəb münaqişənin həlli üçün zəruri şərtlərin olmamasıdır: "Bugünkü dünyada bəzi dondurulmuş münaqişələr var ki, - məsələn, Azərbaycanla Ermənistan arasında münaqişə - hazırkı dövrdə onların həlli mümkün görünmür, öncə ona görə ki, liderlər buna hazır deyillər”. Elə buradaca C.Kerri əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, İsrail-Fələstin münaqişəsi həll oluna bilər.
Təbii ki, Kerrinin iddiası bilavasitə Ermənistanın və erməni lobbisinin qeyri-konstruktiv mövqeyinin daha da möhkəmləndirilməsinə, əsaslandırılmasına yönələn və münaqişənin həllini arxa plana keçirmək məqsədi güdən növbəti təxribatdır. Əgər BMT Təhlükəsizlik Şurası üzvü, ATƏT Minsk Qrupu həmsədri olan və dünyanın aparıcı dövləti olan ABŞ-ın ikinci şəxsi az qala 25 illik tarixçəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini hətta 1948-ci ildən bu günə kimi sürən İsrail-Fələstin probleminin həllindən də ağır məsələ kimi qələmə verirsə, bunu başqa yöndə başa düşmək mümkün deyil. Kerri bu açıqlaması ilə ABŞ-ın bütün statuslarının üzərindən xətt çəkir və rəsmi Vaşinqtonun həyata keçirdiyi siyasətin ikili standartların bariz nümunəsi olduğunu açıq bəyan edir. O, ölkəsinin bütün titul və reqaliyalarını bir tərəfə atmaqla yanaşı, beynəlxalq hüququn, o cümlədən Ermənistan silahlı birləşmələrinin işğal altında olan Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslan Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və dünyanın digər nüfuzlu qurumlarının sənədlərini qulaq ardına vuraraq Ermənistan prezidenti Serj Sarkisyanın yanında olduğunu heç gizlətməyə də çalışmır.
Ehtimal etmək olar ki, cənab Kerrinin son bəyanatı iki səbəblə izah oluna bilər. Birincisi, son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın təşəbbüsə ələ alması və problemin aradan qaldırılması üçün ciddi iradə nümayiş etdirməsi amilidir. Məlumdur ki, 2016-cı il aprel hadisələri Azərbaycanın hərbi qüdrətini və istənilən anda problemi öz gücünə həll etməyə qadir olduğunu göstərdi. Məhz bundan sonra illərlə fəaliyyətsiz qalmış ATƏT-in Minsk qrupu həmsədrləri hərəkətə keçərək konkret təkliflər əsasında hər iki ölkənin liderlərinin iştirakı ilə görüşlər təşkil etdilər. Həmçinin, o da aydın oldu ki, hazırda həmsədrlər münaqişənin "mərhələli həll” variantı üzərində dayanıblar ki, bu da tənzimlənmə prosesinin beynəlxalq hüququn norma və prinsipləri əsasında aparılacağına zəmin yaradır. Erməni lobbisinin təsiri altında olan və onun maraqlarını ifadə edən C.Kerri son bəyanatı ilə ölü nöqtədən tərpənmiş prosesi durdurmağa və öz liderinin bəyanatının əksinə olaraq, əvvəlki status-kvonu bərpa etməyə çalışır. İkincisi, artıq bir müddət sonra Amerikada prezident seçkisi keçiriləcək və bununla da C.Kerrinin siyasi olimpdə mövcudluğuna son qoyacaq. Dövlət katibi erməni lobbisinə doğru reveranslarını daha gözəgəlimli etməklə ona bəslənilən ümidləri doğrultmaq üçün dəridən-qabıqdan çıxdığını göstərir və qarşıdan gələn dövrdə lobbinin təsir dairəsində ciddi mövqe əldə etməyə çalışır.
Əslində, C.Kerrinin erməni lobbisi ilə sıx bağlılığı və erməni təəssübkeşliyi çox zəngin tarixçəyə malikdir. 2004-cü ildə bir çox analitiklər hesab edirdilər ki, Corc Buşla prezident postu uğrunda mübarizədə erməni lobbisinin də dəstəklədiyi Con Kerri daha şanslı görünür. Həmin dövrdə "Daşnaksütun” partiyasının müxtəlif ölkələrdəki strukturları ilə paralel şəkildə fəaliyyət göstərən "Ay Data” təşkilatı bəyanat yayaraq Amerika ermənilərini Kerrini dəstəkləməyə çağırmışdı. 2004-cü ilin avqustunda Ermənipərəst "Reqnum” agentliyinə müsahibəsində təşkilatın rəhbəri Kiro Manoyan ermənilərin nəyə görə C.Buşdan narazı olduqlarını və hansı səbəbdən C.Kerriyə rəğbət bəslədiklərini əsaslandırmışdı (http://www.regnum.ru/news/polit/305294.html). Onun sözlərinə görə, 2004-cü il iyulun 26-da "Ay Data”nın yaydığı bəyanatda C.Buşdan narazılığın 14 səbəbi açıq göstəririr: "erməni soyqırımı”nın tanınmaması; hökumətlərarası komissiyanın fəaliyyət göstərməsinə baxmayaraq ABŞ-Ermənistan ikitərəfli münasibətlərinin qənaətbəxş olmaması; ABŞ ermənilərinin sosial məsələlərinə diqqətsizlik; Ermənistana və Azərbaycana hərbi yardım məsələsində paritetin təmin edilməsi və "907-ci düzəliş”in dondurulması; Ermənistan prezidentinin Vaşinqtona dəvət olunmaması; C.Buş Administrasiyasının Azərbaycan hakimiyyəti ilə sıx əlaqələri; onun ABŞ-dakı erməni diasporunu qəbul etməməsi; Amerikanın Türkiyəyə hərbi yardımı artırması; ABŞ Administrasiyası rəsmilərinin Türkiyə və Azərbaycan haqqında pozitiv rəyləri və s. Digər namizəd C.Kerriyə gəldikdə, K.Minoyan deyir: " Kerri 20 ildir ki erməni diasporu ilə əlaqə saxlayır. "Soyqırımı” və Ermənistanın "blokadası”, ABŞ-Ermənistan iqtisadi-ticarət əlaqələri və digər məsələlərlə, o, hələ Konqresin və Senatın üzvü olanda məşğul olub. Bu reallıqları diqqətə alaraq, "Ay Data” komitəsi onun namizədliyini dəstəkləməyi qərara alıb”.
Bir neçə il əvvəl Ermənistanın panorama.am və Karabakhrecords.info saytları Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olan və ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini ifşa edən sənəd yaymışdılar. Hazırda ABŞ Dövlət katibi olan, həmin dövrdə isə senator kimi fəaliyyət göstərən C.Kerrinin və digər dörd senatorun (Pit Uilson, Pol Seymak, Lerri Breksler, Kleyborn Pell) 1990-cı il yanvarın 18-də SSRİ rəhbəri M.Qorbaçova ünvanladıqları məktubda "erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün bütün zəruri tədbirlərin görülməsi” xahiş olunur. Məktubda daha sonra bildirilir: "Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdiklərizəlzələzonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 minDağlıq Qarabağermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-ni təşkil edənDağlıq Qarabağermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”. Deməli, hələ 1990-cı ildə C.Kerri sadəcə erməni təəssübkeşi olmayıb, həm də M.Qorbaçovun anti-Azərbaycan siyasətini stimullaşdırıb, ona dəstək verib. C.Kerri Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsi ideyasının təşəbbüskarlarından biri olub.
1990-cı il yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşü keçirilib. O, deyib ki, Sovet rəhbərliyi Azərbaycana "erməni Qarabağı” üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir: "Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti, həmçinin, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır.Dağlıq Qarabağüzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”. Bu fakt belə deməyə əsas verir ki, 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ probleminin Ermənistanın xeyrinə həlli ABŞ-ın dövlət siyasətinin tərkib hissəsi olub. Təbii ki, burada Azərbaycanın informasiya blokadası, erməni lobbisinin fəaliyyəti və Con Kerri kimi erməni təəssübkeşlərinin məqsədyönlü fəaliyyəti də öz işini görmüşdür. Digər tərəfdən, bəzi ekspertlər bir qrup senatorun 1990-cı il yanvarın 18-də M.Qorbaçova məlum müraciəti, yanvarın 19-da isə K.Pellinin E.Şevardnadzeylə görüşü ilə yanvarın 20-də Bakıda baş vermiş qırğın arasında paralellər aparır və bu faciənin törədilməsində ABŞ-ın da əlinin olduğunu bildirirlər.
Konkret olaraq cənab Kerriyə gəldikdə, onun erməni lobbisi ilə sıx əlaqələrini təsdiq edən digər çoxsaylı faktlar da var. "Hayazq” Fondunun ensiklopediyasında (http://ru.hayazg.info) bildirilir ki, Kerri erməni icması ilə hələ universitetdə təhsil aldığı dövrdən tanışdır: "Sonra Massaçusets ştatının erməni təşkilatları ilə möhkəm əlaqələr saxlayıb. Həmin dövrdən senator Kerri həmişə ermənipərəst qətnamələri dəstəkləyib”. Qeyd olunur ki, Kerrinin ABŞ-da ikinci şəxs statusu əldə etməsində erməni və yunan lobbisinin birgə koalisiyasının göstərdiyi hərtərəfli dəstəyin böyük rolu olub. "Hayazq” Fondunun və bəzi digər mənbələrin təqdim etdiyi aşağıdakı faktlara diqqət yetirək.
Hələ 1983-cü ildə C.Kerri anti-türk baxışları ilə tanınan və 1988-ci il prezident seçkilərində ata Corc Buşa məğlub olan Massaçusets ştatının qubernatoru Maykl Dukakisin köməkçisi olmuşdu. Senator olduğu dövrdə Con Kerri ermənilərin iddia etdiyi "soyqırımın” tanınmasına dəstək vermiş, həmçinin bununla bağlı qətnamələrin hazırlanmasında iştirak etmişdi. Qeyd edək ki, Amerikada ən böyük erməni icmalarından biri Con Kerrinin vaxtilə təmsil etdiyi Massaçusets ştatındadır.
C.Kerri Senatda dəfələrlə "erməni soyqırımı”nın tanınması ilə bağlı təkliflər vermiş, Türkiyə və Azərbaycandan "Ermənistanın blokadasını” aradan qaldırmağı "tələb” etmiş və müvafiq qətnamə layihələri irəli sürmüşdür. 2004-cü ildə ABŞ Demokratlar Partiyasının prezidentliyə namizədi olanda, o, seçiləcəyi halda qondarma "erməni soyqırımı"nı tanıyacağına söz vermişdi. 2005-ci il aprelin 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni C.Buşdan aprelin 24-də "erməni soyqırımı"nın tanımasını tələb etmişdilər. Həmin senatorlardan biri də son Con Kerri olmuşdu.
2004-cü il aprelin 23-də Con Kerri "erməni soyqırımının” 89-cu ildönümü ilə əlaqədar bəyan etmişdi ki, "erməni soyqırımın”ı anmaq üçün erməni icmasına qoşulur və bütün dövlətləri və hakimiyyətləri bu "soyqırımı” tanımağa çağırır: "Tarixin bu qara dövrü”nü öyrənməklə və soyqırımların gələcəkdə təkrar olunmasının qarşısını almaq üçün, günahsız qətlə yetirilənlərin xatirəsini, həqiqətən də, yad etmək olar. Soyqırımı qurbanlarını anmaqla, ABŞ-ın erməni icması bu kimi faciələrin qarşısının alınmasında bizim ümumi məsuliyyətimizi xatırladır. Mən ABŞ erməniləri ilə əməkdaşlığımla fəxr edirəm”.
2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və Con Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb etmişdilər. Qeyd edək ki, bu senatorlar həmin vaxt ABŞ Konqresinin Xarici məsələlər üzrə senat komissiyasının üzvləri kimi veto hüququna malik olublar. R.Menendez bu hüquqdan Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyinin əleyhinə istifadə etmişdi. Buna səbəb isə Hoqlandın qondarma "erməni soyqırımı”nı qəbul etməməsi olmuşdu. Eynilə Menendez Kaliforniyadan olan Senator Barbara Bokserlə birlikdə Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını əngəlləmişdilər. C.Kerri isə Senatın beynəlxalq məsələlər komitəsinin üzvü olanda Türkiyəyə səfir göndərilməsi nəzərdə tutulan Fransis Rikardonun təyinatının qarşısını almışdı. Maraqlıdır ki, Rikardonun xanımı Türkiyədə təhsil alıb, diplomat özü də əvvəllər Türkiyədə işləyib.
C.Kerri ABŞ-Ermənistan iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, Ermənistana yardımın artırılması ilə bağlı Senatın qəbul etdiyi 1557 saylı qanun layihəsinin müəlliflərindən və dəstəkləyicilərindən biri olub. Qanuna əsasən, Ermənistan ABŞ-ın daimi ticarət tərəfdaşlarından birinə çevrilib.
1992-ci ildə məhz Kerrinin və Yuta ştatından olan konqresmen Ueyn Qunsun təklifi ilə ABŞ Konqresi məlum "907-ci düzəlişi” qəbul edib və bununla da ABŞ-ın Azərbaycana hərbi-texniki və maliyyə yardımı qadağan olunub. Onu da deyək ki, məlum aktın ilk təşəbbüskarı senator Con Makkeyn olmuşdu, lakin həmin vaxt məsələ Konqresin müzakirəsinə çıxarılmamışdı.
Kerrinin ermənipərəstlik arsenalına həm də Amerikanın separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərilməsi təşəbbüsü daxildir. 1997-ci ilin noyabrında Dağlıq Qarabağ rejiminə "bərpa və yenidənqurma” işləri üçün ildə 12 milyon dollar ayrılmasını nəzərdə tutan qanunvericilik aktının qəbul olunmasının ideya müəlliflərindən və lobbistlərindən biri də məhz cənab Kerridir.
O, dövlət katibi seçilərkən Amerika Erməni Milli Komitəsi tərəfindən yayılan bəyanatda vurğulanmışdı ki, Kerri "erməni soyqırımı"nın Amerika tərəfindən tanınmasına, Ermənistanın Türkiyənin "təzyiqlərindən” xilas olmasına və ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə, Dağlıq Qarabağın təhlükəsizliyini təmin edən və onun "azadlığına” söykənən həll variantına kömək edəcək.
2012-ci ilin sentyabrında Kerrinin erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə münasibəti də onun ermənipərəstliyinin bariz nümunəsi kimi səciyyələndirilə bilər: "Mən Azərbaycanın Ramil Səfərovu qaytarmasından, onu əfv etməsindən, hərbi rütbəsini yüksəltməsindən və qəhrəmana çevirməsindən şokdayam. Bu, iki ölkə arasında gərginliyin artmasına xidmət edən təxribatçı addımdır və Azərbaycan hakimiyyətinə olan etimada xələl gətirir”.
"Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik”. Bunu isə Kerri 2013-cü il mayın 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanala görüşü zamanı bildirmişdi.
Maraqlıdır ki, C.Kerri bir dəfə də olsun Ermənistandan 300 minə yaxın insanın deportasiyasını, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini, Dağlıq Qarabağdan başqa Azərbaycanın 7 rayonunun işğal olunmasını, Xocalı soyqırımını, azərbaycanlılara qarşı qətliam və etnik təmizləmə siyasəti həyata keçirildiyini, milli mədəni sərvətlərinin talan olunduğunu dilinə gətirməyib.
C.Kerrinin siyasi fəaliyyətinin təhlili onu deməyə əsas verir ki, 1990-cı ildə Bakıda "erməni qətliamından” və 2012-ci ildə Ramil Səfərovun azadlığa buraxılmasından "şoka düşən”, ermənilərlə əməkdaşlığı ilə fəxr edən və beləliklə də erməni məsələsində sabit-qədəm şəxs təəssüratı bağışlayan ABŞ Dövlət katibi, əslində, öz ölkəsində qeyri-ardıcıl və prinsipsiz insan adı qazanıb. Analitiklər hesab edir ki, uzunillik siyasi fəaliyyətində Con Kerri heç bir məsələ ilə bağlı prinsipial fikir bildirməyib. 2004-cü ildə respublikaçılar Kerri haqqında 11 dəqiqəlik rolik hazırlayaraq İraq məsələsində onun fikirlərinin dəfələrlə 180 dərəcə dəyişdiyini cəmiyyətə nümayiş etdiriblər. Onun "mən müharibənin əleyhinə səs verməmişdən əvvəl onun lehinə səs vermişəm” ifadəsi isə Amerikada dillər əzbəridir. C.Kerri Vyetnam müharibəsinin iştirakçısı kimi üç "Purpur ürək”, "Gümüş Ulduz” və "Bürünc Ulduz” medalları ilə təltif olunub. Amma müharibədən qayıtdıqdan sonra pasifist hərəkatına qoşulub, hətta senatda ifadə verərək ABŞ ordusunun Vyetnamda qəddarlığını və zorakılığını ifşa edən ifadə verib. 2004-cü ildə isə cənab Kerri Vyetnam müharibəsindəki "qəhrəmanlıqlarını” təbliğat strategiyasının əsas istiqamətlərindən birinə çevirib. Ron Pol İnstitutunun icraçı direktoru Deniel Makadams C.Kerrini ikili standartlarda ittiham edərək bildirib ki, Kiyevdə Maydanda aqressiv etirazçılara qarşı güc tətbiqinin ikrahdoğurucu olduğunu bildirən Dövlət katibi, bəzi hallarda dinc vətəndaşlara qarşı hərbi güc tətbiq etməsinə bəraət qazandırır. Təsadüfi deyil ki, Foreign Policy jurnalının 2015-ci ildə apardığı sorğuya əsasən, respondentlər C.Kerrini son 50 ildə ABŞ-ın ən pis dövlət katibi olduğunu bildiriblər.
Göründüyü kimi, ABŞ-ın bugünkü siyasi elitasında vaxtilə M.Qorbaçovla eyni mövqedə olanlar, hətta SSRİ rəhbərini Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsinə təhrik edənlər, ona siyasi cəhətdən himayədarlıq göstərənlər təmsil olunursa, bu, Azərbaycan ictimaiyyətində narahatlıq doğurmaya bilməz.
Bununla yanaşı, C.Kerrinin bir sıra açıqlamaları ABŞ-ın Azərbaycanla bağlı siyasətində yaşanmış mürəkkəb məqamlara da aydınlıq gətirir. Bəzi iddialara görə, dövlət katibi hətta Azərbaycana qarşı fəaliyyət göstərən xüsusi qərargah da yaradıbmış. Bu məqam, Ermənistan KİV-ləri və siyasətçilərinin, erməni lobbisi fəallarının, ABŞ-dakı R.Kozlariç və D.Kramer kimi "azərbaycansevərlərin”, çoxsaylı transmilli media və QHT-lərin, habelə ABŞ-ın Azərbaycandakı "5-ci kolonunun”, xaricdəki bəzi azərbaycanlıların sinxron şəkildə Azərbaycana qarşı fəallığının haradan və necə qaynaqlandığına aydınlıq gətirir. Görünür ki, referendum ərəfəsində radikal müxalifət başçılarının ABŞ səfirliyinə növbəyə düzülməsi, ayrı-ayrı beynəlxalq tədbirlərdə Azərbaycanı sərt tənqid edən "5-ci kolon” nümayəndələrinə Qarabağ tabusu və digər bu kimi məsələlər cənab Kerri və onun yaxın ətrafının Azərbaycana qarşı məqsədyönlü fəaliyyətinin ayrı-ayrı elementləridir.
O da bəllidir ki, bütün bu anti-Azərbaycan fəallığının arxasında da məhz bir məqsəd dayanırdı – Azərbaycan hakimiyyətinə təzyiq göstərməklə onu Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi güzəştlərə məcbur etmək. Ancaq Prezident İlham Əliyevin əyilməzliyi, prinsipial mövqeyi və mövcud vəziyyətlə barışmazlığı C.Kerri kimilərinin məqsədlərini puç etdi.
Yaxın zamanlarda C.Kerri öz postu ilə vidalaşacaq. Amma qalib kimi yox, erməni lobbisinin ona bəslədiyi ümidləri doğrultmayan məğlub qismində.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər