• çərşənbə axşamı, 19 mart, 18:05
  • Baku Bakı 8°C

CÜMHURİYYƏTƏ MƏHƏBBƏTLƏ

28.05.18 11:45 1902
CÜMHURİYYƏTƏ MƏHƏBBƏTLƏ
Bu gün xəyalən hamımızın qürurla xatırladığı 1918-ci ilə qayıtmalı olsaq, onda öncə o vaxt müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin gələcəkdə mövcudluğunun Bakının erməni-bolşevik qoşunları tərəfindən işğalı nəticəsində sual altına alındığını, belə ağır günlərdə Türkiyədən Azərbaycana qardaş köməyinin gəldiyini söyləməliyik. Görkəmli sərkərdə Nuru Paşanın başçılığı altında xilaskar Qafqaz İslam Ordusu çox qısa müddətdə düşmənlərin məkrli niyyətlərini alt-üst etdi və yeni hökumət üzvlərinin Gəncədən Bakıya köçməsi ilə onun fəaliyyəti bərpa olundu.
Çox təəssüf ki, bu hökumətin 23 aylıq mövcudluğu və çox qısa bir zaman kəsiyində gördüyü müsbət işlər sovet dönəmində qadağalı mövzuya çevrildi və baş verənlər cəmiyyətdən gizlədildiyindən demək olar ki, unuduldu. Yalnız ölkəmizin ikinci dəfə müstəqillik qazanması 1918-ci il hadisələrinin üzərindən sirr qatını götürdü və bir qədər gec olsa da kimin kim olduğu hamıya məlum oldu. Bu ilin ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cümhuriyyət ili” elan olunması da keçmiş tariximizi şərəfləndirənlərin xatirəsinə ehtiramın ifadəsi oldu. Türkiyədə yaşayan təsviri və tətbiqi sənət ustalarımızın Azərbaycan Xalq Cümhuriyyətinin 100, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sərgisi də bu günlər qeyd etdiyimiz yubileylərə ehtiramın yeni ifadəsi oldu. Yeri gəlmişkən deyək ki, bu sərginin təqdimatı günü Maltəpə bələdiyyəsində "Azərbaycan Xalq Cümhuriyyətini 100 illiyi” parkının açılışı baş tutdu, Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə elmi konfrans keçirildi.
İstanbulun Maltəpə bələdiyyəsinin Professor Türkan Saylan adına Mədəniyyət Mərkəzinin iri salonunda təşkil olunan sərgidə qırxa yaxın Azərbaycan təsviri sənət ustasının müxtəlif mövzulu əsərləri göstərilir. Onlarda çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan milli incəsənətimizin ənənə və müasirlik probleminin həlli kontekstində inkişafının müasir durumunu qabarıq əks olunur. Əminliklə demək olar ki, bu gün müxtəlif mövzulu və janrlı əsərlərinin bədii-estetik tutumunu dünyaya özünəməxsus mənəvi dəyər kimi təqdim edən çağdaş Azərbaycan təsviri sənət ustalarının sələflərinin onlara yadigar qoyub getdikləri zəngin bədii ənənələri uğurla davam etdirdiklərini söyləməyə tam haqları çatır.
Hazırda Türkiyənin müxtəlif şəhərlərində tədrislə məşğul olan bu rəssamların əsərlərində xalqımızın uzaq-yaxın keçmişinə qiyabi səyahətin bədii ifadəsini görmək mümkündür. Yubiley tədbirlərinin Türkiyədə keçirilməsində böyük əməyi olan Əməkdar rəssam Teymur Rzayevin çəkdiyi "Xudadat bəy Məlik-Aslanovun portreti” əsərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə naziri təsvir olunmuşdur. Duyulası reallıqla ifadə olunmuş bu portretdə Xudadat bəyə məxsus cizgilərin inandırıcılıqla ifadə olumasının nəticəsidir ki, portret təzadlarla dolu zamana tutulmuş "bədii güzgü”nün yaddaqalan əksi kimi qəbul olunur. Yeri gəlmişkən qeyd edək ki, sərginin açılışı günü bu portretin ilk tamaşaçıları sırasında Cümhuriyyət nazirinin nəvəsi – Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov da var idi...
Tanınmış fırça ustası Sərhəd Rzayevin əsərləri də bizi xəyalən ötən günlərə qaytarır. Onun yağlı boya ilə çəkdiyi "Xatirə” əsəri tamaşaçısını bu gün fəxrlə xatırlanan Xalq Cümhuriyyətinin hakimiyyəti illərinə şahidlik etmiş nənəsi ilə tanış edir. Tünd boyalarla işlənmiş portretin cəlbediciliyini obrazın işıqlandırılmış çöhrəsinə yönəldən rəssam, kommunist rejimi dönəmini əsl müstəqillikdən fərqləndirməyi bacaran insanın yaşantılarını psixoloji çalarlarının qabardılması ilə vəhdətdə göstərməyə nail olmuşdur.
Gənc rəssam Elçin Mustafayevin "Cümhuriyyət gülləri” əsərində də tamaşaçını nostalji hisslərinə toxuna biləcək lirik məqamlar duyulandır. Şaquli kompozisiyada "salxımlanan” qızılgüllərin yaratdığı duyğulandırıcılıq kifayət qədər cəlbedici və yaddaqalandır.
Sənətsevərlərə daha çox qrafik əsərləri ilə tanış olan Rasim Nəzirovun yağlı boya ilə çəkdiyi "Hayqırtı” tablosunda azadlıq uğrunda aparılan mübarizənin gərginliyini duymaq mümkündür. Ərlərini itirmiş qadınların onları mübarizə meydanında əvəzləmələrini əks etdirən kompozisiyada arzulanan əzmkarlıq və dinamika forma-biçim ekspressiya ilə ifadə olunmuşdur.
İstedadlı rəngkar kimi tanınan Əfülfəz Fərəcoğlunun "Faytonda söhbət”, Ədalət Qaranın "Qarabağ maralı”, Faiq Ağayevin "Orta Mahur”, Fikrət Haşımovun "Unudulmuş”, İlham Ənvəroğlunun "Dədəmin dəvəsi”, Məhəmməd Yüzbaşyevin "Qaçqınlar”, Məmməd Şirzadovun "Novruz bayramı”, Rəhim Məmmədovun "Məhəmməd Füzuli” və Pərvanə Əlizadənin "Pəncərə” əsərlərində xalqımızın şərəfli tarixinə göstərilən bədii münasibət kifayət qədər çoxçalarlıdır. Burada sevinc də var, kədər də... vBelə ki, görünənlər – müxtəlif ölçülü və janrlı əsərlərin məna-məzmun daşıyıcıları elə müəlliflərin məlum hadisələrə, insanlara və motivlərə fərqli yanaşmalarının nəticəsidir...
Rəsul Rzayevin "Avtoportret”ində, Rasim Nəzirovun "Qətliam”ında, Sadıq Babayevin "Barış”ında, Sabir Mehdiyevin "Ordubad”ında, Tariyel Əlizadənin "Kədər”ində, Şahin Məmmədovun "Barış baş tutdu” və Sərhəd Rzayevin "Bayrama hazırlıq” tablolarında yaşanan həyat hadisələrinə özünəməxsus müəllif yanaşması mövcud olduğundan, onlar tamaşaçını duyğulandıran estetik qaynaq kimi qəbul olunurlar.
Vahid Novruzovun "Folklor”, Ziyad Sultanovun "Gecəqondu”, Yusif Əlizadənin "Gəlin”, Məhər Bayramovun "Müdaxilə” və s. əsərlərdə isə görünənlərin bədii-fəlsəfi tutumda təqdimatına üstünlük verildiyini görmək mümkündür...
Azərbaycanlı rəssamların İstanbul sərgisinin tarixiliyini şərtləndirən amillərdən biri də ekspozisiyada keçmiş və indiki nəsilləri mənən qovuşdurulmasıdır. Sərginin ekspozisiyasında Azərbaycan bayrağının ideya müəllifi olan Əli bəy Hüseynzadənin (Turan) və onun rəssam övladlarının – Məhəmmədsəlim və Feyzavər xanımın (o, sağdır) əsərlərinin yanaşı nümayişi, qənaətimizcə, sərgi təşkilatçılarının yubileyə özünəməxsus rəng qatmaq istəklərinin əyani təsdiqidir. Zamanında Avropanın ən məşhur sərgi salonlarının tamaşaçılarını heyrətləndirən Məhəmmədsəlim Turanın və İstanbulda yaşamaqla tez-tez fərdi sərgiləri ilə sənətsevərlərin görüşünə gələn Feyzavər Alpsarın bu sərgidə çox maraqlı əsərləri nümayiş olunur. 1910-cu ildən Azərbaycanı tərk edən atanın və ata yurdunu bir dəfə də olsa görməyən oğul-qızının bir sərgidə mənəvi "görüşü”, doğrudan da, çox yaddaqalan hadisə oldu. Düşünürük ki, artıq tarixiləşən bu ekspozisiyanı bir qədər də genişləndirilmiş şəkildə Hüseynzadələrin və digər sərgi iştirakçılarının vətənində – Azərbaycanda nümayişi çox yerinə düşərdi...
Ziyadxan Əliyev

banner

Oxşar Xəbərlər