• çərşənbə, 17 Aprel, 03:37
  • Baku Bakı 14°C

Cırıq butsla kasıb kənddən İngiltərənin möhtəşəm arenalarına - Portret

19.01.18 15:00 2211
Cırıq butsla kasıb kənddən İngiltərənin möhtəşəm arenalarına - Portret
Dünya çempionatlarının bəzəyi gözlənilməz nəticələrdir. Mundiallarda hətta ən nəhəng milli belə, özündən qat-qat aşağı reytinqə malik komanda qarşısında aciz qala bilər. Yaponiya və Cənubi Koreyanın müştərək təşkil etdiyi DÇ-2002 futbol azarkeşləri üçün məhz bu cür şokla başladı. Mundialın açılış oyununda Tyerri Anrili, David Trezeqeli, Patrik Vieyralı son dünya çempionu Fransa millisi dördilliyin ən nəhəng futbol turnirinin debütantı olan Seneqal yığmasına məğlub oldu - 0:1. Sonradan qrup mərhələsini də adlayan afrikalılar 1/4 finala kimi irəliləsə də, Türkiyə millisinə əlavə vaxtda, qızıl qolla uduzaraq mübarizəni dayandırdı. İlk dəfə mundialın iştirakçısı olan millinin açılış oyununda son dünya çempionunu məğlub etməsi, turnirdə 1/4 finala kimi irəliləməsi möhtəşəm nəticə idi. Elə məhz bu uğur Seneqalda bir çox kasıb uşağın ürəyində ümid çırağı yandırdı. Nə vaxtsa, dünyanın möhtəşəm arenalarında top qovub, El Haci Diuf, Papa Buba Diop kimi ulduz olmaq ümidi. Bu uşaqlardan biri də hazırda Seneqal millisinin və İngiltərə nəhəngi "Liverpul”un əsas üzvlərindən biri olan Sadio Mane idi.
Futbolçu olacağam!
Sadio Mane 1992-ci il aprelin 10-da, Seneqalın Sedhiou şəhərində, kasıb ailədə dünyaya gəlib. Onun uşaqlığının böyük hissəsi kiçik Bambali kəndində keçib. Sadionun ailəsi çoxuşaqlı idi. Ailənin qazancı çox az olduğundan, onu əmisinə verirlər. Sadionun uşaqlığı kasıblıq içində keçib. Hətta imkansızlıqdan dərsə də getmirdi. Bütün gününü isə məhəllədə top dalınca qaçmaqla keçirirdi. Onda top oyununa həvəs nə vaxtdan yaranıb? Özünün sözlərinə görə, 2-3 yaşından. O, "özümü tanıyandan futbolu sevir, daim bu oyunla məşğul olmuşam” deyir.

Yuxarıda vurğuladığımız kimi, DÇ-2002-də Seneqal millisinin uğurlu çıxışı bir çox seneqallı uşaq kimi, Maneni də bu oyuna bağlayır. Məhz bu mundialdan sonra 10 yaşlı Sadio gələcək həyatı ilə bağlı qərar verir - futbolçu olacağam! Ancaq Manenin ailəsi onun futbolçu olmasını istəmirdilər. Onlar Sadiodan güclü futbolçu çıxacağına inanmırdılar. Yanında böyüdüyü əmisi də həmçinin. Lakin Mane fikrində qərarlı idi. O, yaxşı futbolçu olmaq üçün paytaxta - Dakara getmək istəyirdi. Lakin bu şəhərdə onun heç kimi yox idi. Özü də, paytaxta yollanmaq, orda məskunlaşmaq müəyyən vəsait tələb edirdi ki, Manenin ailəsində isə bu qədər pul yox idi. Ancaq valideynləri və əmisi nəhayət, Sadionun israrları qarşısında təslim olurlar. Kənd təsərrüfatı ilə məşğul olan Manenin valideynləri və əmisi onu Dakara göndərmək üçün becərdikləri bütün məhsulu satırlar. Lakin təkcə valideynləri və əmisi yox, bütün kənd onun Dakara yollanması üçün səfərbər olur. Özünün sözlərinə görə, demək olar, bütün kənd onun paytaxta yollanması üçün yardım etmişdi. Kənddə yığılmış pulun hesabına Sadionu paytaxtda bir ailənin yanına yerləşdirirlər. Manenin sözlərinə görə, bu ailə ona doğma övladı kimi baxır.

Cırıq butsla qazanılan seçim

Sadio paytaxtda qərarlaşdıqdan sonra şəhərin əsas futbol klubunu barədə məlumat toplayır. Ertəsi gün isə həmin kluba - "Cenereyşn Fut”a baxışa yollanır. Demə, Mane bu klubun düşərgəsinə getdiyi gün, akademiyaya seçimlər edilirmiş. Sadio həmin anları belə xatırlayır: "Ertəsi gün ora getdikdə, bir çox oğlanın kluba seçilmək üçün test edildiyini gördüm. Orda yaşlı bir adamla qarşılaşdım. Adam mənə sanki yanlış yerə gəlmişəm kimi baxırdı. Məndən "seçim üçün gəlmisən” soruşdu. Mən təsdiq etdikdən sonra "bu ayaqqabılarla” sualını verdi. O, ayaqqabılarıma nifrətlə baxırdı. Ayaqqabılarım çox köhnə və cırıq idi. Daha sonra isə tumanıma baxaraq, "bu tumanla oynayacaqsan, hətta geyinməyə normal tumanın da yoxdur” sualını verdi. Mən isə ona gəldiyim yerdə bunların ən yaxşı olduğunu, sadəcə, oynayıb özümü göstərmək istədiyimi dedim. Meydana çıxdıqdan sonra isə üzündəki ifadəni görə bilirdim. Dərhal yanıma gəldi və "səni komandaya götürəcəyəm” dedi. Tezliklə də, şəhərin əsas komandalarından birinin akademiyasının üzvü oldum”.

Çox keçmədi ki, akademiyanın seçmələrinə cırıq buts, qəribə tumanla qatılmış bu uşaq, məşqçilərin sevimlisinə çevrildi. O, hər keçən il bir az da artırırdı. Bir müddət sonra gənc istedad Afrikada futbolçu ovuna çıxmış fransalı skautların diqqətini cəlb edir. Maneni "kəşf edən” isə "Mets” olur. Hansı ki, daha öncə dünya futboluna Emmanuel Adebayor, Luis Saha, Papiss Sisse kimi oyunçuları bəxş etmişdi. Fransızların istədikləri bütün xüsusiyyətlər Manedə var idi - kasıb seneqallı uşaq həm də istedadlı idi. Bu amil "Mets”ə futbolçunu rahatlıqla heyətinə cəlb etməyə imkan verdi. Beləliklə, Mane 19 yaşında bu klubun üzvü oldu.
Fransaya "gizli səfər”
Maraqlıdır ki, Sadio Fransaya yollanacağını ailəsinə xəbər vermədi. Peşəkar futbolçu olacağına inanmayan ailəsinə sürpriz etmək istəyirdi. Manenin Fransaya yollanacağından yalnız əmisinin xəbəri var idi. Sadio Metsə çatdıqdan sonra anasına zəng edərək, "ana, mən Fransadayam” dedi. Futbolçunun anası şoka düşmüşdü, "Nə Fransa? Sən Dakardasan” deyirdi. Ailəsi onun arzusuna bu qədər yaxınlaşdığına inana bilmirdi. Bəlkə də, vaxtilə onun peşəkar futbolçu olacağına inanmadıqlarına görə xəcalət çəkirdilər. Manenin ailəsi onun Fransada olduğuna yalnız televiziyada "Mets”in oyununa baxdıqdan sonra inandılar.

Sadio istedadlı, həvəsli idi. Ancaq ən istedadlılar belə uyğunlaşma problemi keçirə bilər. Mane Fransanın iqliminə, ordakı mədəniyyətə uyğunlaşmaqda çətinlik çəkirdi. Ancaq peşəkar futbolçu olmaq istəyi, ailəsini səfalətdən xilas etmək arzusu hər bir çətinliyi üstələyirdi. Mane "Mets”də 2 mövsüm çıxış etdi. Burda yüksək məhsuldarlıq nümayiş etdirməsə də, özünü bir xeyli inkişaf etdirdi.

2012-ci ildə isə Seneqal millisinin heyətində Londonda keçirilən Olimpiadaya qatılır. Milli həmin turnirdə 1/4 finala adlasa da, gələcək çempion Meksika yığmasına əlavə vaxtda buraxdığı qollarla uduzaraq, mübarizəni dayandırır. Manenin mübarizəsi isə hələ təzə başlayırdı. Avstriya "Zalsburq”u Londondakı olimpiadadan sonra bu istedadlı futbolçunun izinə düşdü. Onun istedadına inanaraq Dakardan Fransaya gətirən "Mets”, 20 yaşlı futbolçunu cəmi 4 milyon avroya satmağa razılıq verir.
Mane "Zalsburq”da özünü tapır. Məhz Avstriya təmsilçisində seneqallı hücumçunun "ayağı açılır”. O, burda çıxış etdiyi zaman avrokuboklarda da debüt edir. Yeri gəlmişkən, Manenin ölkəmizə də yolu düşüb. O, Çempionlar Liqasının 2014/15 mövsümünün 3-cü təsnifat mərhələsində "Zalsburq”un heyətində "Qarabağ”a qarşı hər iki oyunda (2:0, 1:2) 90 dəqiqə meydanda olub.

"Müqəddəslər”in reallaşdırdığı arzu
Manenin "Zalsburq”dakı işgüzarlığı İngiltərədə gənc futbolçuların ovçusu kimi tanınan "Sautqempton”un diqqətini cəlb edir. "Müqəddəslər” ona görə 23 milyon avro ödəyirlər. Beləliklə, Mane Avropaya yollandıqdan cəmi 3 il sonra əsas arzusuna çatır. İndi o, Premyer Liqanın möhtəşəm meydanlarında dünya futbolunun nəhənglərinə qarşı oynamaq fürsəti əldə etmişdi.

Sadio Avstriyadakı kimi İngiltərədə də özünü "suda balıq” kimi hiss edir. Cəmi iki il "müqəddsələr”in üzvü olan Mane, Premyer Liqa nəhənglərinin diqqətini çəkməyi bacarır. Onun uğrunda mübarizəni isə "Liverpul” qazanır. "Qırmızılar” Sadionun keçidi üçün "Sautqempton”a 41,2 milyon avro ödəyirlər. 2016-cı ildən "Liverpul”un üzvü olan seneqallı qolçu baş məşqçi Yurgen Kloppun sevimlisinə çevrilib. Mane hazırda "qırmızılar”ın irəli xəttində Roberto Firmino və Məhəmməd Salahla birgə rəqib müdafiəçilər üçün əsl başağrısına çevrilib. O, "Liverpul”un rəngarəng, azarkeşlərin könlünü oxşayan futboluna öz oyunu ilə töhfə verir. Mane İngiltərə Premyer Liqasının 2016/17 mövsümünün simvolik komandasında yer alır. Elə həmin mövsümdə də "Liverpul”un ən yaxşı futbolçusu seçilir.
"Anam heç vaxt oyunuma baxmır, çünki...”
O, demək olar, hər müsahibəsində kiçik yaşlarından yanında böyüdüyü əmisinin onun inkişafındakı rolunu xüsusi vurğulayır. Mane ailədə ən çox anasına bağlıdır. Lakin Sadionun anası onun oyunlarını izləmir. Səbəb isə oğlunun zədə aldığı zaman çox həyəcan keçirməsidir. Mane İngiltərə mətbuatına müsahibələrindən birində "Anam heç vaxt oyunuma baxmır, çünki çox həssasdır. O, həmişə oyun zamanı kiminsə zədələnməsindən qorxur” demişdi.

Manenin ailəsi müsəlmandır. O, həyatında həmişə dini qaydalara riayət edib, ailəsinin verdiyi tərbiyədən kənara çıxmamağa çalışıb. Elə yəqin ki, məhz buna görə, onun adına qalmaqallarda, kef məclislərində demək olar, rast gəlinmir.

Bir penalti ilə dəyişən münasibət
Mane Seneqal millisində 2012-ci ildə debüt edib. Bu illər ərzində yığmada 48 oyun keçirən hücumçu, 14 qol vurub. Ancaq onun milli ilə bağlı heç də xoş xatirələri yoxdur. Belə ki, ötən ilin Afrika Millətlər Kubokunun 1/4 finalında Kamerunla qarşılaşan Seneqal millisi penaltilər seriyasında uduzaraq, mübarizəni dayandırır. "Teranqa şirlər”inin mübarizəni dayandırmasında əsas günahkar isə Mane elan olunur. Məhz "Liverpul”lunun oyunsonrası penaltilər zərbəsində qeyri-dəqiq olması Seneqal millisinin mübarizəni dayandırmasına səbəb olur. Uğursuz penaltidən sonra meydanda göz yaşlarına əngəl ola bilməyən Maneni, komanda yoldaşları çətinliklə sakitləşdirir. Ancaq onun göz yaşları seneqallı fanatları sakitləşdirmir. Onlar Sadionun maşınına zərər yetirir, futbolçunun Seneqaldakı qohumlarına hücumlar edirlər. Onun ailəsini qorumaq üçün polis xüsusi dəstə də ayırır. Hətta azarkeşlərin bu cür davranışından sonra da Sadio millidə karyerasını davam etdirir. Afrika Millətlər Liqasından fərqli olaraq, DÇ-2018-in seçmə mərhələsində uğurlu çıxış edən Seneqal millisi 16 illik fasilədən sonra, tarixi ərzində ikinci dəfə mundiala vəsiqə qazanır.
Portret

Mane daim öz arzularının ardınca gedib. O, artıq Premyer Liqada çıxış etmək arzusunu reallaşdırıb. İndi qarşıda başqa uşaqlıq arzusu var - Seneqal millisinin heyətində dünya çempionatında çıxış etmək. Mane bu "yuxu”nu da çin etməyə yaxındır. Qazandığı uğurlara rəğmən, öz sadəliyini itirməyən, "ulduz xəstəliyi”nə tutulmayan Sadio, cırıq butsla başladığı yolda böyük məsafə qət edib. Seneqalın kasıb kəndində qurduğu xəyalları, İngiltərədə reallaşdıran Mane, bu əzmkarlıq, sadəlik və ən əsası istedadla daha böyük uğurlara imza atacaq.
Elnur

banner

Oxşar Xəbərlər