Cırıq butsla kasıb kənddən İngiltərənin möhtəşəm arenalarına - Portret
Dünya çempionatlarının bəzəyi gözlənilməz nəticələrdir. Mundiallarda
hətta ən nəhəng milli belə, özündən qat-qat aşağı reytinqə malik komanda
qarşısında aciz qala bilər. Yaponiya və Cənubi Koreyanın müştərək təşkil etdiyi
DÇ-2002 futbol azarkeşləri üçün məhz bu cür şokla başladı. Mundialın açılış
oyununda Tyerri Anrili, David Trezeqeli, Patrik Vieyralı son dünya çempionu
Fransa millisi dördilliyin ən nəhəng futbol turnirinin debütantı olan Seneqal
yığmasına məğlub oldu - 0:1. Sonradan qrup mərhələsini də adlayan afrikalılar
1/4 finala kimi irəliləsə də, Türkiyə millisinə əlavə vaxtda, qızıl qolla
uduzaraq mübarizəni dayandırdı. İlk dəfə mundialın iştirakçısı olan millinin
açılış oyununda son dünya çempionunu məğlub etməsi, turnirdə 1/4 finala kimi
irəliləməsi möhtəşəm nəticə idi. Elə məhz bu uğur Seneqalda bir çox kasıb
uşağın ürəyində ümid çırağı yandırdı. Nə vaxtsa, dünyanın möhtəşəm arenalarında
top qovub, El Haci Diuf, Papa Buba Diop kimi ulduz olmaq ümidi. Bu uşaqlardan
biri də hazırda Seneqal millisinin və İngiltərə nəhəngi "Liverpul”un əsas
üzvlərindən biri olan Sadio Mane idi.
Futbolçu olacağam!
Sadio Mane 1992-ci il aprelin 10-da, Seneqalın Sedhiou şəhərində,
kasıb ailədə dünyaya gəlib. Onun uşaqlığının böyük hissəsi kiçik Bambali
kəndində keçib. Sadionun ailəsi çoxuşaqlı idi. Ailənin qazancı çox az
olduğundan, onu əmisinə verirlər. Sadionun uşaqlığı kasıblıq içində keçib.
Hətta imkansızlıqdan dərsə də getmirdi. Bütün gününü isə məhəllədə top dalınca
qaçmaqla keçirirdi. Onda top oyununa həvəs nə vaxtdan yaranıb? Özünün sözlərinə
görə, 2-3 yaşından. O, "özümü tanıyandan futbolu sevir, daim bu oyunla məşğul
olmuşam” deyir.
Yuxarıda vurğuladığımız kimi, DÇ-2002-də Seneqal millisinin uğurlu
çıxışı bir çox seneqallı uşaq kimi, Maneni də bu oyuna bağlayır. Məhz bu
mundialdan sonra 10 yaşlı Sadio gələcək həyatı ilə bağlı qərar verir - futbolçu
olacağam! Ancaq Manenin ailəsi onun futbolçu olmasını istəmirdilər. Onlar
Sadiodan güclü futbolçu çıxacağına inanmırdılar. Yanında böyüdüyü əmisi də
həmçinin. Lakin Mane fikrində qərarlı idi. O, yaxşı futbolçu olmaq üçün
paytaxta - Dakara getmək istəyirdi. Lakin bu şəhərdə onun heç kimi yox idi. Özü
də, paytaxta yollanmaq, orda məskunlaşmaq müəyyən vəsait tələb edirdi ki,
Manenin ailəsində isə bu qədər pul yox idi. Ancaq valideynləri və əmisi
nəhayət, Sadionun israrları qarşısında təslim olurlar. Kənd təsərrüfatı ilə
məşğul olan Manenin valideynləri və əmisi onu Dakara göndərmək üçün
becərdikləri bütün məhsulu satırlar. Lakin təkcə valideynləri və əmisi yox,
bütün kənd onun Dakara yollanması üçün səfərbər olur. Özünün sözlərinə görə,
demək olar, bütün kənd onun paytaxta yollanması üçün yardım etmişdi. Kənddə
yığılmış pulun hesabına Sadionu paytaxtda bir ailənin yanına yerləşdirirlər.
Manenin sözlərinə görə, bu ailə ona doğma övladı kimi baxır.
Cırıq butsla qazanılan
seçim
Sadio paytaxtda qərarlaşdıqdan sonra şəhərin əsas futbol klubunu
barədə məlumat toplayır. Ertəsi gün isə həmin kluba - "Cenereyşn Fut”a baxışa
yollanır. Demə, Mane bu klubun düşərgəsinə getdiyi gün, akademiyaya seçimlər
edilirmiş. Sadio həmin anları belə xatırlayır: "Ertəsi gün ora getdikdə, bir
çox oğlanın kluba seçilmək üçün test edildiyini gördüm. Orda yaşlı bir adamla
qarşılaşdım. Adam mənə sanki yanlış yerə gəlmişəm kimi baxırdı. Məndən "seçim
üçün gəlmisən” soruşdu. Mən təsdiq etdikdən sonra "bu ayaqqabılarla” sualını
verdi. O, ayaqqabılarıma nifrətlə baxırdı. Ayaqqabılarım çox köhnə və cırıq
idi. Daha sonra isə tumanıma baxaraq, "bu tumanla oynayacaqsan, hətta geyinməyə
normal tumanın da yoxdur” sualını verdi. Mən isə ona gəldiyim yerdə bunların ən
yaxşı olduğunu, sadəcə, oynayıb özümü göstərmək istədiyimi dedim. Meydana çıxdıqdan
sonra isə üzündəki ifadəni görə bilirdim. Dərhal yanıma gəldi və "səni
komandaya götürəcəyəm” dedi. Tezliklə də, şəhərin əsas komandalarından birinin
akademiyasının üzvü oldum”.
Çox keçmədi ki, akademiyanın seçmələrinə cırıq buts, qəribə tumanla
qatılmış bu uşaq, məşqçilərin sevimlisinə çevrildi. O, hər keçən il bir az da
artırırdı. Bir müddət sonra gənc istedad Afrikada futbolçu ovuna çıxmış
fransalı skautların diqqətini cəlb edir. Maneni "kəşf edən” isə "Mets” olur.
Hansı ki, daha öncə dünya futboluna Emmanuel Adebayor, Luis Saha, Papiss Sisse
kimi oyunçuları bəxş etmişdi. Fransızların istədikləri bütün xüsusiyyətlər
Manedə var idi - kasıb seneqallı uşaq həm də istedadlı idi. Bu amil "Mets”ə
futbolçunu rahatlıqla heyətinə cəlb etməyə imkan verdi. Beləliklə, Mane 19
yaşında bu klubun üzvü oldu.
Fransaya "gizli səfər”
Maraqlıdır ki, Sadio Fransaya yollanacağını ailəsinə xəbər vermədi.
Peşəkar futbolçu olacağına inanmayan ailəsinə sürpriz etmək istəyirdi. Manenin
Fransaya yollanacağından yalnız əmisinin xəbəri var idi. Sadio Metsə çatdıqdan
sonra anasına zəng edərək, "ana, mən Fransadayam” dedi. Futbolçunun anası şoka
düşmüşdü, "Nə Fransa? Sən Dakardasan” deyirdi. Ailəsi onun arzusuna bu qədər
yaxınlaşdığına inana bilmirdi. Bəlkə də, vaxtilə onun peşəkar futbolçu
olacağına inanmadıqlarına görə xəcalət çəkirdilər. Manenin ailəsi onun Fransada
olduğuna yalnız televiziyada "Mets”in
oyununa baxdıqdan sonra inandılar.
Sadio istedadlı, həvəsli idi. Ancaq ən istedadlılar belə uyğunlaşma
problemi keçirə bilər. Mane Fransanın iqliminə, ordakı mədəniyyətə
uyğunlaşmaqda çətinlik çəkirdi. Ancaq peşəkar futbolçu olmaq istəyi, ailəsini
səfalətdən xilas etmək arzusu hər bir çətinliyi üstələyirdi. Mane "Mets”də 2
mövsüm çıxış etdi. Burda yüksək məhsuldarlıq nümayiş etdirməsə də, özünü bir
xeyli inkişaf etdirdi.
2012-ci ildə isə Seneqal millisinin heyətində Londonda keçirilən Olimpiadaya
qatılır. Milli həmin turnirdə 1/4 finala adlasa da, gələcək çempion Meksika
yığmasına əlavə vaxtda buraxdığı qollarla uduzaraq, mübarizəni dayandırır.
Manenin mübarizəsi isə hələ təzə başlayırdı. Avstriya "Zalsburq”u Londondakı
olimpiadadan sonra bu istedadlı futbolçunun izinə düşdü. Onun istedadına
inanaraq Dakardan Fransaya gətirən "Mets”, 20 yaşlı futbolçunu cəmi 4 milyon
avroya satmağa razılıq verir.
Mane "Zalsburq”da özünü tapır. Məhz Avstriya təmsilçisində seneqallı
hücumçunun "ayağı açılır”. O, burda çıxış etdiyi zaman avrokuboklarda da debüt
edir. Yeri gəlmişkən, Manenin ölkəmizə də yolu düşüb. O, Çempionlar Liqasının
2014/15 mövsümünün 3-cü təsnifat mərhələsində "Zalsburq”un heyətində "Qarabağ”a
qarşı hər iki oyunda (2:0, 1:2) 90 dəqiqə meydanda olub.
"Müqəddəslər”in
reallaşdırdığı arzu
Manenin "Zalsburq”dakı işgüzarlığı İngiltərədə gənc futbolçuların
ovçusu kimi tanınan "Sautqempton”un diqqətini cəlb edir. "Müqəddəslər” ona görə
23 milyon avro ödəyirlər. Beləliklə, Mane Avropaya yollandıqdan cəmi 3 il sonra
əsas arzusuna çatır. İndi o, Premyer Liqanın möhtəşəm meydanlarında dünya
futbolunun nəhənglərinə qarşı oynamaq fürsəti əldə etmişdi.
Sadio Avstriyadakı kimi İngiltərədə də özünü "suda balıq” kimi hiss
edir. Cəmi iki il "müqəddsələr”in üzvü olan Mane, Premyer Liqa nəhənglərinin
diqqətini çəkməyi bacarır. Onun uğrunda mübarizəni isə "Liverpul” qazanır.
"Qırmızılar” Sadionun keçidi üçün "Sautqempton”a 41,2 milyon avro ödəyirlər.
2016-cı ildən "Liverpul”un üzvü olan seneqallı qolçu baş məşqçi Yurgen Kloppun
sevimlisinə çevrilib. Mane hazırda "qırmızılar”ın irəli xəttində Roberto
Firmino və Məhəmməd Salahla birgə rəqib müdafiəçilər üçün əsl başağrısına
çevrilib. O, "Liverpul”un rəngarəng, azarkeşlərin könlünü oxşayan futboluna öz
oyunu ilə töhfə verir. Mane İngiltərə Premyer Liqasının 2016/17 mövsümünün
simvolik komandasında yer alır. Elə həmin mövsümdə də "Liverpul”un ən yaxşı
futbolçusu seçilir.
"Anam heç vaxt oyunuma
baxmır, çünki...”
O, demək olar, hər müsahibəsində kiçik yaşlarından yanında böyüdüyü
əmisinin onun inkişafındakı rolunu xüsusi vurğulayır. Mane ailədə ən çox
anasına bağlıdır. Lakin Sadionun anası onun oyunlarını izləmir. Səbəb isə
oğlunun zədə aldığı zaman çox həyəcan keçirməsidir. Mane İngiltərə mətbuatına
müsahibələrindən birində "Anam heç vaxt oyunuma baxmır, çünki çox həssasdır. O,
həmişə oyun zamanı kiminsə zədələnməsindən qorxur” demişdi.
Manenin ailəsi müsəlmandır. O, həyatında həmişə dini qaydalara riayət
edib, ailəsinin verdiyi tərbiyədən kənara çıxmamağa çalışıb. Elə yəqin ki, məhz
buna görə, onun adına qalmaqallarda, kef məclislərində demək olar, rast
gəlinmir.
Bir penalti ilə dəyişən
münasibət
Mane Seneqal millisində 2012-ci ildə debüt edib. Bu illər ərzində
yığmada 48 oyun keçirən hücumçu, 14 qol vurub. Ancaq onun milli ilə bağlı heç
də xoş xatirələri yoxdur. Belə ki, ötən ilin Afrika Millətlər Kubokunun 1/4
finalında Kamerunla qarşılaşan Seneqal millisi penaltilər seriyasında uduzaraq,
mübarizəni dayandırır. "Teranqa şirlər”inin mübarizəni dayandırmasında əsas
günahkar isə Mane elan olunur. Məhz "Liverpul”lunun oyunsonrası penaltilər
zərbəsində qeyri-dəqiq olması Seneqal millisinin mübarizəni dayandırmasına
səbəb olur. Uğursuz penaltidən sonra meydanda göz yaşlarına əngəl ola bilməyən
Maneni, komanda yoldaşları çətinliklə sakitləşdirir. Ancaq onun göz yaşları
seneqallı fanatları sakitləşdirmir. Onlar Sadionun maşınına zərər yetirir,
futbolçunun Seneqaldakı qohumlarına hücumlar edirlər. Onun ailəsini qorumaq
üçün polis xüsusi dəstə də ayırır. Hətta azarkeşlərin bu cür davranışından
sonra da Sadio millidə karyerasını davam etdirir. Afrika Millətlər Liqasından
fərqli olaraq, DÇ-2018-in seçmə mərhələsində uğurlu çıxış edən Seneqal millisi
16 illik fasilədən sonra, tarixi ərzində ikinci dəfə mundiala vəsiqə qazanır.
Portret
Mane daim öz arzularının ardınca gedib. O, artıq Premyer Liqada çıxış
etmək arzusunu reallaşdırıb. İndi qarşıda başqa uşaqlıq arzusu var - Seneqal
millisinin heyətində dünya çempionatında çıxış etmək. Mane bu "yuxu”nu da çin
etməyə yaxındır. Qazandığı uğurlara rəğmən, öz sadəliyini itirməyən, "ulduz
xəstəliyi”nə tutulmayan Sadio, cırıq butsla başladığı yolda böyük məsafə qət
edib. Seneqalın kasıb kəndində qurduğu xəyalları, İngiltərədə reallaşdıran
Mane, bu əzmkarlıq, sadəlik və ən əsası istedadla daha böyük uğurlara imza
atacaq.
Elnur