• cümə axşamı, 28 mart, 14:01
  • Baku Bakı 16°C

Cinsi azlıqlar Ermənistan parlamentində

09.04.19 18:29 579
Cinsi azlıqlar Ermənistan parlamentində
Bəlli olduğu kimi, Ermənistanın inqilabçı rəhbərliyinin cəmiyyətə gətirdiyi "yeniliklər”indən biri də cinsi azlıqlara olan münasibətidir. Artıq iş o yerə çatıb ki, cinsi azlıqlar Ermənistan parlamentinə yol açmağa müvəffəq olublar. Hakimiyyətinin ilk vaxtlarında baş nazir Nikol Paşinyanın parlamentdə keçirilən mətbuat konfransında LGBT-cəmiyyəti mövzusunu xüsusi qabartması bu kateqoriyadan olan insanları, onlara dəstək verənləri xeyli ruhlandırıb. Bu dəfə parlamentin tribunasından qadın-transgender Lilit Martirosyanın çıxışı ölkə ictimaiyyəti, parlamentarilər arasında birmənalı qarşılanmayıb. "Xahiş edirəm məni əzablara, zorlanmaya, fiziki təzyiqlərə məruz qalmış, yandırılmış, bıçaqlanmış, öldürülmüş, miqrasiya etmiş, ayrı-seçkiliyə məruz qalmış, işsiz və yoxsul transgenderlərin ümumiləşdirilmiş obrazı kimi qəbul edəsiniz”, -deyə Martirosyan bəyan edib. Onun sözlərinə görə, inqilaba qədər parlamentdə transgenderin çıxış edə bilməsini təsəvvür etmək olmazdı. Və ardınca da qanunvericilikdə gender bərabərliyini təmin edən dəyişikliklər edilməsini tələb edib. Maraqlıdır ki, onun çıxışı alqışlarla qarşılanıb.
Öz növbəsində parlamentin insan haqları komitəsinin rəhbəri Naira Zohrabyan transgenderin çıxışından narazılığını ifadə edib. Deputat Martirosyanın çıxışını bütövlükdə parlamentə hörmətsizlik kimi qəbul edib. Əlavə edib ki, heç kim onun hüquqlarını pozmur: "Lakin bizim dəqiq qaydalar var ki, siz onları pozursunuz. Bu, insan haqlarına və komissiyaya hörmətsizlikdir”.
Cavabında transgender bildirib ki, bu cavabı da növbəti diskriminasiya hesab edir. Deputat da əvəzində səsini ucaldaraq onun zalı tərk etməsini tələb edib. Bu insidentdən sonra xəbər saytlarında belə bir məlumat yayıldı ki, transgenderi parlamentə Paşinyanın "Mənim addımım” fraksiyasından olan deputat Marina Karapetyan dəvət edib. Öz növbəsində "Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Gevork Petrosyan Karapetyanı kəskin tənqid edib. "Demək siz seçkiqabağı çıxışlarınızda xalqla səmimi olmamısınız. Siz onlara deməliydiniz ki, parlamentə transgenderlərə tribuna vermək üçün gəlirsiniz”, - deyə deputat bildirib.
Yeri gəlmişkən, transgenderin parlamentdə çıxışı geniş ictimai rezonans doğurub. Sosial şəbəkələrdə və mediada bununla bağlı geniş müzakirələr başlayıb. Cəmiyyət bu məsələdə ikiyə bölünüb - bir qrup parlamentdəki çıxışı pisləyib, digər qrup isə əks mövqe nümayiş etdirib. Parlament qarşısında isə milli dəyərlərin qorunması adı altında aksiya keçirilib. Aksiyanın təşkilatçılarından biri, "Kamk” təşəbbüs qrupunun koorinatoru Vaaqn Çaxalyan bildirib ki, mitinq iştirakçıları transgenderin parlamentdəki çıxışından hiddətə gəliblər. O bildirib ki, aksiya iştirakçıları anlamaq istəyirlər ki, transgender hansı əsasda və necə parlamentə düşə bilib. Aksiyada din xadimi Qazar Petrosyan da iştirak edib və bildirib ki, parlament binasına daxil olub orada dini təmizləmə ayini – tüstü çıxarmaq istəyir. Lakin bu ideya etirazçıların qarşısına çıxan parlamentin vitse-spikeri Alen Simonyana xoş gəlməyib. O bildirib ki, belə olan halda parlamentin yanğından mühafizə sistemi işə düşə, nəticədə su deputatların üstünə ələnə bilər. Keşiş Lazar isə bildirib ki, Alen Simonyan onu qane edən cavab verməyib. Bu səbəbdən də parlamentin spikeri Ararat Mirzoyanla görüş tələb edib, vitse-spikerin istefasını, baş nazir Nikol Paşinyanla görüş tələb edib. Əks təqdirdə aksiya iştirakçılarının zorla parlament binasına soxulacaqlarını bəyan edib. Buna icazə vermədikdə isə küçələri bağlayacaqlarını bildirib. Hətta din xadimi Qazar Petrosyan müvafiq icazəni ala bilməməsinə etiraz olaraq parlament qarşısındakı yola çıxıb. Aksiya iştirakçıları əllərində "Mənəviyyatsızlığa yox”, "Özünüzü gözləyin, xalq gəlir”, "Sorossuz Ermənistan” şüarları səsləndiriblər.
Az sonra etirazçılara yeni bir qrup qoşulub. "Milli dəyərlərin qorunub saxlanılması” təşəbbüs qrupunun rəhbəri Qrayr Kostanyanın sözlərinə görə, transgenderin parlament tribunasından çıxışının qarşısı məqsədli şəkildə alınmayıb. O, əlavə edib ki, müəyyən qrup insanların bu çıxışın qarşısını almaq imkanları olub. Ancaq onlar bunu etməyiblər. Q.Kostanyan vurğulayıb ki, transgenderin çıxışı xüsusi olaraq Analıq və gözəllik günü ərəfəsində hazırlanıb: "Əgər 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinə qarşı fiziki terror həyata keçirilmişdisə, 2019-cu il aprelin 5-də dəyərlərin terroru baş verib”.
V.Çaxalyan bildirib ki, Ermənistan hakimiyyət orqanları antimilli dəyərlərin təbliğatını aparan təşkilatları üzə çıxarmalıdır. "Bizim aksiya hansısa bir siyasi qüvvəyə qarşı yönəlməyib. Əgər hansısa bir siyasi qüvvə anti-erməni layihə və islahatlar təşəbbüsü ilə çıxış edirsə, biz ona qarşı çıxırıq”, -deyə bəyan edib. Əlavə edib ki, Ermənistanda tez-tez selektiv abortlar həyata keçirilir, bu da insan hüquq və azadlıqlarının pozulmasıdır: "Milyonlarla körpə cinsi əlamətə görə məhv edilir - çünki qız doğulublar. Cəmiyyətin diqqətini bu məsələyə yönəltmək gərəkdir”.
Daha sonra etirazçılara Qarabaş müharibəsi veteranları təşkilatı, "Arçiv-30” və "İradə” ictimai təşkilatı da qoşulub. Nəticədə parlament önünə əlavə polis qüvvələri cəlb edilib. Aksiya iştirakçıları hakim "Mənim addımım” fraksiyasından olan deputatları onların qarşısına çıxıb transgenderi parlamentin iclasına kimin çağırdığına aydınlıq gətirməsini tələb ediblər. "Hər birimizin addımı millət naminə olmalıdır” vətəndaş təşəbbüsü də tələb edib ki, transgenderin çıxışını təşkil edənlərin kimliyi açıqlansın.
Polisin yaydığı məlumata görə, aksiyada 200-dən artıq insan iştirak edib. Onu da qeyd edək ki, seksual azlıqların hüquqlarının qorunması sahəsində Ermənistan ILGA-Europe təşkilatı (Cinsi azlıqların, lezbiyanların, bioseksual, transgender, intersuksualın qurumu)nın hesabatında 47-ci yerdə qərarlaşıb. Yeri gəlmişkən, "Kafkazskiy uzel” Ermənistan paytaxtının sakinləri arasında bu məsələ ilə bağlı sorğu keçirib. Əksəriyyət aksiya iştirakçılarını dəstəklədiklərini bildiriblər. Bu da erməni cəmiyyətində ikitirəliyin yarandığının göstərici hesab edilib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər