Cins ayrı-seçkiliyinə qarşı Milli Fəaliyyət Planı
Azərbaycan Hökuməti və
BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin
pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanması
nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynovanın sözlərinə
görə, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına
dair Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar olaraq 2017-ci ilin
dekabr ayında BMT Əhali Fondu tərəfindən ABŞ-ın Merilend Universitetinin
professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta dəvət edilib: "O,
bir sıra dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər
keçirib. 2018-ci ilin birinci yarısında ilkin sənəd hazırlanaraq dövlət
qurumlarına göndərilib. 2018-ci ilin oktyabr ayında isə həmin sənəd müəllifin
iştirakı ilə aidiyyatı dövlət qurumlarının məsul şəxslərinin, millət
vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı
ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Hazırda sənəd üzrə son
işlər görülür və bu il Milli Fəaliyyət Planının qəbulu nəzərdə tutulur".
Komitə sədri əlavə edib ki,
hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan
uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Təəssüf ki, Azərbaycan da bu
problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali
arasında cins nisbəti demək olar ki bərabərləşib: "Belə ki, hazırda
əhalinin 49.9%-ni kişilər, 50.1%-ni qadınlar təşkil edir. Problemin aradan
qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və
səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində
qadınlar arasında bir çox məsələlərlə (ailə planlaması, hamiləlikdən qorunma,
süni mayalanma, reproduktiv sağlamlığın qorunması, doğulan uşaqların cinsə görə
nisbətinin pozulması və s.) bağlı maarifləndirmə kampaniyalarının aparılması
zəruridir".
Cins nisbətinin pozulma
səbəbləri və fəaliyyət planında hansı işlərin görülməli olduğuna dair
mütəxəssislərlə söhbətləşdik.Sosioloq Cavid İmamoğlu son dövrlər
nəsilvermə əmsalının aşağı düşdüyünü bildirir: "Azərbaycan reallığında cins
nisbətinin pozulmasına səbəb olan hallardan biri də selektiv abortlardır.
1961-ci illə müqayisədə 2010-cu ildən sonrakı dövrdə qadınların dünyaya uşaq
gətirmə əmsalı 5.6-dan 2.1-ə düşüb. 2018-ci ildə isə bu göstərici 1.9 olub. Nəsilvermə
əmsalının aşağı düşməsi və digər tərəfdən ailələrin hamiləliyin
planlaşdırılması ilə bağlı məlumatsız olmaları, arzuolunmaz hamiləliklərin
abortla nəticələnməsinə gətirib çıxarır. Həmçinin günümüzdə ailələr 2 uşaqla kifayətlənirlər.
Belə olan halda, əgər ilk uşaq qızdırsa, ikincini oğlan istəyirlər. Oğlan
arzusunda olan ailələr ikinci övladın da qız olduğunu bildikdə, onu abort
edirlər. Beləcə, ümumi nəsilvermə əmsalının aşağı düşməsi cinsi nisbətin
pozulması prosesini bir az sürətləndirib”.
C.
İmamoğlu cəmiyyətdə oğlan övladına üstünlük verilməsi ilə bağlı bir sıra
miflərin olduğunu deyir: "Cəmiyyətdə qadınlara qarşı ikili münasibətin,
ailələrin oğlan övladları ilə bağlı arzularının, nəslin, soyadın davamında
oğlan övladının rolunun böyük olması, qız övladının böyüdülməsində maddi
çətinliyin yaşanması kimi məsələlər uşaqlar arasında cins ayrı seçkiliyinə
səbəb olur. Sadalanan səbəblər arasında ən əsası, nəslin davam etdirilməsi düşüncəsidir. İnsanlar
düşünür ki, oğlan övladları olmasa, nəsilləri davam etməyəcək. Dövrümüzdə də
texnika və texnologiyanın inkişaf etməsi ilə dölün cinsinin daha erkən bilinməsi
uşaqların abort edilməsinə səbəb olur. Nəticə etibarı ilə də cinslər arasında
balans pozulur”.
Sosioloq
cinslər arasında nisbətin pozulması nəticəsində yaranan problemlərdən də
danışdı: "Cins nisbətinin pozulması nəticəsində erkən nikah, cəmiyyətdə gender
bərabərsizliyi, qız qaçırmaq və insan alveri kimi fəsadlar yarana bilər.
Bunların qarşısını almaq üçün isə bir sıra addımlar atılır. Belə ki, dölün
cinsinin öyrənilməsi ilə bağlı qanuna dəyişikliklər hazırlanır. 2019-cu ildə
reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi gözlənilir ki, orada da dölün
cinsinin öyrənilməsi, ümumiyyətlə, selektiv abort qadağan edilir. Abort yalnız
hansısa xəstəlik müəyyən edildiyi təqdirdə mümkün olacaq. Həmçinin təşviqedici
proqramlar hazırlanmalıdır ki, uşaqların dünyaya gətirilməsində ailələr
tərəddüd etməsinlər. Digər tərəfdən, qız uşaqları ilə bağlı cəmiyyətdə mövcud
olan stereotiplərin aradan qaldırılması üçün təbliğat, təşviqat işləri
aparılmalıdır”.
Milli QHT Fondunun Gender Mərkəzinin rəhbəri, Qadın
və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə
Cavadovaqeyd etdi
ki, cins nisbətinin pozulması hazırda dünyanın bir sıra ölkələrinin aktual
problemdir: "Cinslər arasında nisbətin pozulduğunu təhsil müəssisələrində də
müşahidə edirik. Bu mövzu ilə bağlı təhsil ocaqlarında maarifləndirmə işi aparanda
da, bunun şahidi oluruq ki, oğlan uşaqları qızlara nisbətən daha çoxdur.
Məsələn, sinifdə 30 şagird varsa, onlardan 21-i oğlan, 9-u qız olur. Yəni bu
problem tam nəzərəçarpacaq dərəcədə hiss olunur. Cins nisbətinin pozulması ilə
bağlı fəaliyyət planı hazırlayarkən ilk növbədə pozulmanın səbəblərini
aydınlaşdırmaq lazımdır. Nisbətin pozulması gələcəkdə kişilərin ailə qurmaq
üçün xanım tapa bilməməyinə, zorakılığın, gender bərabərliyinin artmasına səbəb
ola bilər. Bu kimi problemlərin aradan qaldırılması istiqamətində görüləcək
işlərdən ən mühümü, maarifləndirmə və səhiyyə xidmətlərinin inkişaf
etdirilməsidir. Bundan başqa cəmiyyətin müxtəlif sahələrində qadınların
iştirakı üçün geniş imkanlar yaradılmalıdır. Oğlan uşaqlarına üstünlük
verilməsinə səbəb olan stereotiplər aradan qaldırılmalıdır. Ən əsası, qadının
iqtisadi asılılığı azaldılmalı, qadınlara daha yüksək məvacibli işlərdə yer
ayrılmalıdır. Bu kimi məsələlər öz həllini taparsa, cinslər arasındakı nisbət
pozulması da aradan qalxar. Xüsusilə, ucqar bölgələrdə reproduktiv sağlamlığın
qorunması, gender bərabərliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması çox
vacibdir. Qeyd edim ki, hazırda dövlət səviyyəsində də gender bərabərliyinin
təmin olunması istiqamətində işlər görülür. Bu gün əmək bazarında qadınların
getdikcə artan rolu göz qabağındadır”.
Günel
Azadə